Mehdiyev R.

 

Xəzri sərtliyi, gilavar mehliyi

 

Ömrünün 65-ci ilini yaşayan, ölkəmizdə və xaricdə yüzə yaxın sərginin iştirakçısı olmuş, əsərləri dünyanın neçə-neçə muzey və qalereyalarında saxlanılan əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tətbiqi sənət kafedrasının müdiri, professor Arif Əziz milli rəssamlıq sənətimizin ənənələrini şərəflə davam etdirənlərdən biridir. Qırx ildən artıqdır ki, onu tanıyıram. Son dərəcə həssas ürəkli, gərgin əməyindən, forma janr axtarışlarından, yaradıcılığından mənəvi zövq alan insandır.
İctimaiyyət arasında, yaradıcı mühitdə hörmət qazanan Arif Əziz İkinci Dünya müharibəsinin ən dəhşətli günlərində - 1943-cü ild
ə Bakının Qala kəndində dünyaya göz açıb. Fikrimcə, onun gələcəkdə fırça-qələm ustası kimi tanınmasına da məhz həmin dövrün qanlı olayları səbəb olmuşdur. Onun uşaqlıq illəri çətinliklə keçib. Amma sənət yolu ilə irəlilədikcə çiynində daşıdığı ağırlığa dözmüş, rastlaşdığı əzab-əziyyətləri heç zaman dilinə gətirməmişdir. Əksinə, gələcəyə ümidlə baxmış, inamla addımlamışdır. Orta rəssamlıq təhsili alması, Qraf Stroqonov adına Moskva Ali Bədii Sənaye məktəbində oxuması da onun arzusunun nəticəsindən yaranmışdı. Təhsilini başa vurub vətənə qayıdanda Azərbaycan yeni dövrünü yaşayırdı.
Gənc rəssam dəzgah qrafikası, kitab, reklam tərtibatları, plakat yaradıcılığı sahələrində məhsuldar işləməyə başladı. Təsviri sənəti sevənlərin yaxşı yadındadır ki, həmin dövrdə plakat janrının həm yaradıcı üslubu, həm mövzu baxımından əhatə dairəsi günün tələbinə cavab verməli idi. Arif Əziz istedadlı qrafika yaradıcılarından olmuş sənətin bu janrına yeni nəfəs gətirmişdir. Onun əl işləri istər ittifaq daxilində, istərsə xarici ölkələrdə təşkil edilən sərgilərdə maraqla qarşılanmış, uğurla nümayiş olunmuş, diplomlara, mükafat medallara layiq görülmüşdür. 1978-ci ildə o, Azərbaycan Gənclər İttifaqının mükafatını Zaqafqaziya gənc rəssamları sərgisinin gümüş medalını, bir çox diplomlar almışdır. Həmin vaxt onu qrafika sənəti ustası kimi İncəsənət İnstitutunda dərs deməyə dəvət etmişlər. Neçə illərdir ki, hazırkı Mədəniyyət İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərir. Dərs dediyi tələbələrin xoş soraqları Türkiyədən, Fransadan, Amerikadan, Polşadan, Çexiyadan, Almaniyadan başqa ölkələrdən eşidilir. Onlar həm xalqımızı təmsil edir, həm müəllimlərinin etimadını doğruldurlar.
A.Əzizin yaradıcılığında Azərbaycan təbiəti, milli adət-ənənəmiz əsas yer tutur. O, ağ-qara rənglə ürəyindən keçən mövzunu inandırıcı şəkildə, canlıymış kimi seyrçilərə çatdırmaq məharətinə qadirdir. Rəssamın "Abşeron mənzərələri", "İçərişəhəri gəzərkən", "Əmək adamları ilə görüş", "Gələcəyə inamla", "Vətən - sən ucasan", "Əhvalım", "20 Yanvar" qrafika janrında yaratdığı tablolara həyəcansız baxmaq mümkün deyil. 1981-ci ildə Afrikada - Seneqalda "Bakı bakılılar" adlı sərgi keçirilmişdi. Tədbirdə Arif Əziz da iştirak etmiş, qonağı olduğu ölkənin estetik həyat tərzinə qəlbən vurulmşdu. Sonralar həmin diyarın həyatına, memarlıq təbiətinə həsr etdiyi onlarla baxımlı əsər yaratdı. İstər natura rəsmlərində, istərsə simvolik əsərlərində Seneqalın qədim mədəniyyətinə, xalqına hörmət prizmasından baxmış, milli kaloriti yaratdığı əsərlərin leytmotivi seçmişdir. Seneqal mövzusu Arif Əzizin yaradıcılığına güclü rəng hissiyyatı, plastika, emosional siluet gözəlliyi, formanın möcüzəli bədiiliyini bağışlamışdır.
Sənətşünas İlham Rəhimlinin dediyi kimi, qrafikanın, boyakarlığın qrafik boyakarlığın müxtəlif janrlarında, formalarında tablolar yaratmış Arif Əzizin yaradıcılığına poetik lirizm hakimdir. Bu poetikliyin mayasında böyüyüb boya-başa çatdığı qədim Abşeronun təbiətinin, onun rənglərinin, xarakterinin psixoloji-fəlsəfi dərinliyi təcəssüm tapıb. Yumşaq rəng çalarlarına üstünlük verən sənətkarın Abşeron mövzusunda silsilə peyzajlarında xəzrinin sərtliyi, gilavarın ilıqlığı, qumsallıqların kəhrəba ovqatlı hüsnü, fauna iqlimi, sərt təzadları yüksək həssaslıqla, emosional cazibədarlıqla işlənib. Yaratdığı mənzərələr görənlərə sənət nümunələrindən daha çox reallığı, həqiqəti xatırladır.
Mədəniyyət İncəsənət Universitetinin rektoru, əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyev yazır: "Qırx ilə yaxın pedaqoji fəaliyyəti dövründə Arif Əziz yeni ixtisasların açılması, tədris planlarının, fənn proqramlarının, tədris-metodik ədəbiyyatın işlənməsi sahəsində xüsusi fəaliyyət göstərib. "Rəssam modelyer", "Zərgər-rəssam", "Xalçaçı-rəssam", "Kalliqrafiya", "Reklam işi üzrə rəssam", "Teatr rəngkarlığı" kimi yeni ixtisasların açılmasında onun böyük xidmətləri olub. O, pedaqoji yaradıcılıq sahəsində uğurlarına görə "Şərəf nişanı" ordeninə, əməkdar incəsənət xadimi fəxri adına, bir çox beynəlxalq respublika sərgilərinin, müsabiqələrin mükafatlarına layiq görülüb. İstedadlı sənətkar rəsmlərində adiliklə ilahiliyi özünəməxsus tərzdə birləşdirir. O, vəhdəti-vücud fəlsəfəsinə xas bir yolla gedərək insan eşqinin əbədiyyətini rəng çalarlarında əks etdirməyə, canlandırmağa nail olur. Onun bəyaz rəngləri qədim türk mifinə xas nura bənzəyir. Nurun yolu əbədiyyətə yönəlib. Həmin yolda ona uğurlar arzulayırıq".
Arif Əziz yaradıcılığının məhsuldar dövründə, sənət sevgisinin zirvəsində, ömrünün 65-ci ilində yaşayır. Bu illər hədər getməyib. Yaratdığı əsərlərin önündə minlərlə tamaşaçı dayanıb, sənətinin bənzərsizliyindən, gözəlliyindən mənəvi zövq alıb. İnanıram ki, istedadlı rəssam Arif Əziz gələcəkdə daha da məhsuldar olacaq, yeni-yeni uğurlar qazanacaq.

Azərbaycan.- 2008.- 6 aprel.- S. 8.