Məhərrəmova T.

 

Bəzən talelər lazımsız yeşiklər kimi istifadə olunduqdan sonra atılır

 

Tahir Tahirov, rəssam: "Mənə heç bir teatrda yer yoxdur"

 

O, nə aktyordur, nə də reyissor. Ancaq ömrünü 45 ildən çoxdur ki, teatr və kinoya bağlayıb. Hazırladığı tərtibatlar, kostyumlar üçün çəkdiyi eskizlərsiz nə teatrı, nə də kinonu təsəvvür eləmək mümkündür. Onun işindən demək olar ki, çəkilən filmin və ya hazırlanan tamaşanın taleyi çox asılıdır. Rəssam Tahir Tahirovun yaradıcılığında belə uğurlu filmlərin və tamaşaların sayı isə istənilən qədərdir.

 

- Teatr rəssamlığının adi rəssamlıqdan fərqi nədir?

- Rəssamlıqda rəngkarlıq, heykəltaraşlıq və s. növlər var. Rəssamların özlərində də bölgü var. Biri dəniz şəkli, biri natrümort, biri yalnız portret çəkir. Elə rəssamlar da var ki, yalnız tarixi süyetlər çəkir. Bu növlərin arasında teatr rəssamı xüsusi fərqlənir. Əgər o rəssamlar kətan üzərində işləyirlərsə, teatr rəssamı məkanda işləyir. Teatr rəssamlığının çətinliyi də bundadır. Burada miqyas böyükdür, bundan əlavə, kollektiv əməkdir. Teatr rəssamının çəkdiyi hansısa dramaturyi materialdan asılıdır. Reyissorun fikirləri də onun yaradıcı işinə təsir edir.

- Bəs rəssamın təxəyyülü nə qədər rol oynayır?

- O, pyesdən çıxış edirsə, tutaq ki, otağı, ağacı və s. lazım olan əşyaları çəkir. Ancaq əsas ideyanı tutmaqdır. Dramaturq çoxəhatəli bir pyes yaza bilər. Ancaq ideyanı bir-iki cümlə ilə və ya sətiraltı tutmaq lazımdır. Rəssam dramaturqun ideyasını tutursa, o ideya ilə də tamaşa qurulur. Rəssam həmin ideyanı tərtibat üsulu ilə tamaşaçıya çatdırır.

- Siz bu mövsümdə Kamera Teatrında "Aydın" tamaşasının tərtibatını vermisiniz. Həmin teatrın səhnəsinə bələd olanlar bilirlər ki, məkan çox kiçikdir və Opera Teatrı və ya Akademik Teatrın səhnəsindən fərqli olaraq, rəngarəng tərtibat qurulmur. Belə fərqli səhnələrdə işləmək sizi nə qədər cəlb edir?

- Mən bir teatr rəssamı kimi səhnənin böyük və ya kiçik olmasına fərq qoymuram. Teatr rəssamı üçün müxtəlif şəraitlər ola bilər. Mən Milli Dram Teatrında və Opera Teatrında tamaşaların tərtibatını hazırlamışam və o zaman kiçik səhnə üçün darıxmışam. Mən də başa düşürəm ki, onların irihəcmli dekorasiya etməyə imkanı yoxdur. Rəssam orada bəzən dekorasiyanı boş bir səmada qurur. Rəssam süyet xəttini tutur. "Aydın" tamaşası "Azdrama"da oynanılanda orada tamamilə başqa bir səhnə qurmuşduq. Amma Kamera Teatrında tamam fərqli dekorasiya idi. Küçədən götürdüyümüz lazımsız yeşiklərlə səhnədə gözəl bir tərtibat alınmışdı. Həmin yeşiklərlə demək istədim ki, bəzən talelər lazımsız yeşiklər kimi istifadə olunduqdan sonra atılır. Yuxarı təbəqənin insanları aşağı təbəqənin insanlarını bir yeşik kimi istifadə edib, lazım olmayanda tullayır. Cəmiyyətdə belə hadisələr çoxdur.

- Bir rəssam kimi hal-hazırda iş yeriniz haradır?

- Mən özüm də təəccüblənirəm ki, ölkəmizdə bu qədər teatr ola-ola mənə heç bir teatrda yer yoxdur. Mən teatrlara dəvətlə çağırılıram. Deyim ki, bu ştata ehtiyac yoxdur? Əksinə, ehtiyac var. Məni Akademik Dram Teatrı da, Opera Teatrı da dəvət edir. Mən Akademik Dram Teatrında ştatda idim. Təzə direktor gələndən sonra məni lazımsız bir işçi kimi çıxartdı. 45 ildən çoxdur ki, teatr və kinoda çalışıram. İlk dəfə bu sənətə gələndə teatr və ya kino rəssamı olacağım heç ağlıma da gəlməzdi. Bu sənəti sevmişəm, ona görə də qalıb işləmişəm. Tale elə gətirdi ki, teatr əl-qolumu bağladı. İlk tamaşam da Opera Teatrının səhnəsində oldu. Fərəc Qarayevlə "Koleydoskop" baletini işlədik. Tamaşanın həm dekorlarını, həm də kostyumlarını mən hazırladım. Pərdə açılan kimi tamaşada alqışlar eşitdim. Onda Qara Qarayev də sağ idi. Tamaşadan sonra məni çox təriflədilər. Bu tamaşa ilə mən teatr aləminə vəsiqə aldım. İndi demək olar ki, boş vaxtım yoxdur. Yenə də kinodan dəvətlər var, yeni filmlər çəkiləcək. Bu sənəti sevirəm. Qiymət verərlər, verməzlər, öz işləridir.

- "Azdrama"da hansı tamaşalara tərtibat vermisiniz?

- Çox tamaşalara... Ən böyük işim Cəfər Cabbarlının "Aydın", "Od gəlini", İlyas Əfəndiyevin "Büllur sarayda", Nəriman Həsənzadənin "Pompeyin Qafqaza hücumu", Həsən Həsənovun "Brüsseldən məktublar" və s. tamaşaların quruluşçu rəssamı olmuşam. Opera Teatrında isə tamaşalarım daha çoxdur. Bu teatrda üçüncü kursda oxuyan vaxtlardan işləyirəm. Hər dəfə də ən böyük tamaşalara dəvət olunmuşam. "Min bir gecə" baletində Toğrul Nərimanbəyov kimi rəssamla tərəf-müqabil olmuşam. O, dekorasiyanı, mənsə tamaşanı hazırlamışıq. Tahir Salahovla "Babək" baletində işləmişəm. Daha sonra "Sevil", "Traviata" operalarında, Qara Qarayevin "Leyli və Məcnun", "Don Kixot" baletində, Çaykovskinin "Romeo və Cülletta" və s. tamaşalarda iştirak etmişəm.

- Teatra gələndə, pərdə açılan kimi tamaşaçının gözü qarşısında ilk növbədə aktyor oyunundan, reyissor işindən daha tez rəssamın işi görünür. Amma siz həmişə kölgədə qalırsınız.

- Əgər pərdə açılan kimi tamaşaçı alqışları eşidilirsə, bu, rəssamın payına düşür. Deməli, rəssam işi uğurludur. Dəfələrlə öz ünvanıma belə alqışları eşitmişəm. Düzdür, biz çox kölgədə qalırıq. İstənilən reyissor pyesi götürəndən sonra ilk addımını rəssamla atır. Daha sonra aktyor seçimi olunur. Paltarlar, kostyumlar tikilir, dekorlar hazırlanır və aktyorun səhnəyə çıxması üçün rahatlıq yaranır.

- Sizi kinoya da rəssam kimi dəvət ediblər?

- Dəfələrlə dəvət olunuşam. Cavan yaşlarımda Eldar Quliyevlə "Babək" filmində iştirak etmişəm. Bu mənim rəssam kimi ilk və ən uğurlu filmimdir. Mən kostyumları, Xalq rəssamı Mais Ağabəyov isə dekorları işləyirdi. O filmin uğurundan sonra Eldar Quliyev məni "Nizami" filminə dəvət etdi. Ancaq mən "Babək" filmində çox yorulmuşdum. Çünki o, kütləvi səhnələrlə zəngin olan bir film idi. Kütləvi rollarda 5 min nəfər çəkilən var idi. Onların hamısının kostyumları tikilirdi. Üstəgəl 100 personayın kostyumları. O zaman Bakı şəhərinin 18 atelyesi bu filmə kostyum tikmək üçün işləyirdi. Bunlar adi kostyumlar deyildi. Babəkin beş kostyumu vardı. Cavidan, Zərnisə, Afşin, Pərvinin və başqa obrazların kostyumları da həmçinin. Onların qədim çəkmələri eksperimental ayaqqabı fabrikində tikilirdi. Bu fabrik sərgi üçün, xarici ölkələr üçün gözəl çəkmələr tikirdi. O dövrə uyğun hazırlanan eskizlər əsasında fabrik yalnız "Babək" filmi üçün ayaqqabılar tikirdi. O film çox böyük əzab-əziyyətlə çəkilib. Ola bilər ki, kadrlarda çox şey düşməyib. 5 min adamın ayaqqabısı, kostyumu üzərindən geyinilən zirehli paltar, dəbilqə, qılıncılar və s. əşyaların hər biri ayrı-ayrı fabrikdə hazırlanırdı. Kostyumlarda detallar həddindən artıq çox idi. Bunları düzəltmək üçün emalatxanalar lazım idi. O vaxt anbarlardan dəri, xəz tapmaq çox çətin idi. Üstəlik, zərli, dəbdəbəli parçalar da tapmaq çox çətin idi. Sovet dövrünün dükanları çox kasıb idi. Qızıl fabriki nə qədər bəzək əşyası düzəltdi. O vaxt Heydər Əliyevin tapşırığı ilə bütün fabrik, zavod və müəssisələr bu film üçün iş görürdü. Onun tapşırığı ilə film üçün yol açıq idi. Yoxsa film daha böyük əzab-əziyyətlə başa gələrdi.

Bu filmdəki işin çoxluğundan mən artıq yorulmuşdum. Həmçinin paralel olaraq Opera Teatrı üçün "Min bir gecə" baletini işləyirdim. Ona görə də "Nizami" filmindən imtina etdim. Daha sonra məni "Hacı Zeynalabdin Tağıyev" filminə dəvət etdilər. Bu filmlə bağlı çox böyük iş görsək də, yarıda qaldı. Kostyumların çoxu tikilmişdi. Filmin sponsoru "Vahid" Bankın fəaliyyəti dayandırıldıqdan sonra filmin çəkilişi də dayandırıldı. Bu yaxınlarda təhvil verilən "Cavad xan" filmində də işlədim. Bundan əlavə, Vaqif Mustafayevin çəkdiyi "Heydər Əliyev" filmində, "Yoxlama" serialında, "Milli bomba" filmlərində işləmişəm. Hal-hazırda Opera Teatrında Qara Qarayevin 100 illik yubileyi ilə əlaqədar "Yeddi gözəl" baleti üzərində işlər gedir. Bu tamaşa görkəmli bəstəkarın adına layiq səviyyədə ortalığa çıxarılmalıdır. "Yeddi gözəl" Fikrət Əmirovun "Min bir gecə", Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletləri kimi dünya teatr səhnələrində öz yerini tapmalıdır. Mən əminəm ki, bu tamaşa xarici teatrların repertuarında öz yerini tutacaq. Bundan əlavə, ötən il "Min bir gecə" baletinin dekorlarını hazırlamaq üçün Qahirə teatrına dəvət olunmuşdum. Tamaşa çox böyük müvəffəqiyyətlə keçdi. Bu, onlar üçün möcüzə idi. Onlar Azərbaycan musiqisini bilmirdilər.

- Rəssam-reyissor tandemi barədə nə deyə bilərsiniz?

- Reyissor var ki, rəssamın duyğusunu başa düşür. Elə reyissor var ki, hiss edir ki, rəssamın qəlbi o tamaşanın açarını tapa bilər. Elə reyissorlar da var ki, "Tahir teatrı yaxşı bilir və yaxşı eskizlər edəcək" - deyə ssenarini təqdim edir. Tandem odur ki, reyissor rəssamla yaxın dost kimi bir-birini tanımalıdır. Onda tamaşa da maraqlı alınar. Mən ümumiyyətlə, hesab edirəm ki, reyissor rəssamı tapanda gərək ondan əl çəkməsin və yaxud rəssam da reyissorunu tapırsa, ondan əl çəkməməlidir. Məncə, ən uğurlu tandem budur.

- Emalatxanaya necə, gedirsiniz?

- Sözün düzü, emalatxanada çox az oluram. Çünki teatrın öz emalatxanası var və səhərdən axşama qədər gərək burada çalışasan, işləri nəzarətdə saxlayasan. İşin çoxluğundan evə çox yorğun gəlirəm. İstirahət günlərində vaxt tapanda emalatxanaya gedirəm.

 

Kaspi.- 2008.- 11 aprel.- S. 12.