Yunus N.

“Sehrli Səttar fırçası”

 

Azərbaycanın ilk impressionist (təəssüratçı) rəssamı Səttar Bəhlulzadə 1909-cu il, 15 dekabrda Bakının Əınircan kəndində dünyaya göz açmışdır. Yaratdığı əsrarəngiz tabloları təkcə Azərbaycanda yox, onu rəssam olaraq bütün dünyada tanıtmışdır. Səttarın rəssamlıq dünyası çox fərqli idi. Onun özünəməxsusluğu - duruşu, oturuşu, söhbət tonu, hətta yerişi ilə hamıdan seçib ayırırdı. O, öz-özlüyündə sehrli. nağıllar aləmi içində yaşayırdı, hansı ki, həmin aləmə yalnız öz dolğun təəssüratları ilə varırdı... Xarakterinə ən böyük estetik keyfiyyətlər - təvazökarlıq, sadəlik və ürəyiaçıqlıq xas idi. Rəssam tanıdığı bər bir kəsə öz əsərlərini ürəkdən bağışlayırdı. Təvazökar sənətkarın sadəliyi onu həmişə, hər yerdə izləyirdi. Rəssamın bu müsbət keyfiyyətlərinin ifadəsini çəkdiyi əsərlərdə belə aydın formada hiss etmək mümkündür.

Tablolarında həkk olunan incə lirizm, poeziya və şairanəlik rəssamın təbiətə olan baxışlarının ilkin təəssüratları idi. Səttar Azərbaycan torpağına xüsusi məhəbbət bəsləyərək, doğma yurdunun mənzərələrini fırça ilə kətan üzərinə sevə-sevə köçürərdi. O, gördüyünü deyil, hiss etdiyini fırçaya alırdı; təbiəti olduğu və göründüyü kimi deyil, öz qəlbində duyduğu, baxışlarında görmək istədiyi kimi çəkirdi. Yağlı boya texnikasında işlədiyi əsərlərində bir rəngin bir neçə çalarlarını əks etdirirdi. Hesab etmək olar ki, rəssamın yüksək rəng duyumu onun Azərbaycan landşaftına çoxsaylı müşahidələri və sonsuz məhəbbəti nəticəsində formalaşmışdı.

Xalq rəssamı Səttar Bəhlulzadənin yaradıcılıq texnikası, əsasən iki hissəyə bölünür. Fərdi yaradıcılığının ilkin vaxtlarında mənzərələri nisbətən lokal və real tərzdə işləyirdisə, 1959- 60-cı illərdən etibarən daha incə ştrixlərlə, impression tərzdə təsvir etməyə başlayır. Bu kimi əsərlərinə ən gözəl nümunələr - "Bilgəh", "Erkən bahar" (1960), "Naxçıvan mənzərəsi" (1964), "Nərgiz gülləri" (1963), "Buzovna", "Yaz gecəsi" (1963), "Azərbaycan bağlarında", "Azərbaycan nağılı" (1970), 1973-cü ildə "Əfsanəvi torpaq", "Muğan gözəIləri","Odlar yurdu" (1973), "Mənim anam" (1974) və s. əsərləri ola bilər. Bu tabloların hər biri Səttar dünyasının sehrindən , həzinliyindən xəbər verir.

Sənətkarın tabloları özü kimi o qədər sadə, aydın, təvazökar duyğuludurlar ki, onların təhlilə belə ehtiyacları yoxdur. Sadəcə onlara baxmaq və dərin sükuta dalmaq tamaşaçıya kifayət edər. Sağlığında bu rəssamı başa düşməyən, onun həyata baxışlarını anlamayan insanlar çox olub. Buna baxmayaraq o, dayanmayıb, həmişə çalışıb, çox sayda gözəl, dəyərli əsərlər - mənzərələr və natürmortlar yaratmaqda davam edib. Azərbaycan təbiətinə olan sevgisi o qədər yüksək idi ki, natürmortlarını da mənzərə fonunda təsvir edirdi. Böyük sənətkarın yağlı boya ilə işlənilmiş əsərlərində, əsasən soyuq rənglərdən istifadə etdiyini görürük. İsti rənglərə demək olar ki, çox az müraciət etmişdir. Edəndə də onun fırça ilə işlənmiş hər isti rəngli yaxması insana soyuq rəng təəssüratı bağışlayıb. Görəsən, Səttar buna necə nail olubmuş?.. Təbii ki, vizual olaraq götürsək, sehrli fırçasının köməyi ilə müvəffəq olmuşdur.

Mavi və şəffaf dənizi xatırladan gözlərin sahibi idi Səttar... Hansı ki, o gözlər tamam başqa aləmdən xəbər verirdi. Həmin gözlərdə çox şey var idi: sevinc, kədər, büdrəmələr, qəm-qüssə, məhəbbət, sənət təcrübəsi, gerçəklikdən yaranan bədii təəssürat və yüksək bir zirvənin fəthi...

Ə.Əzimzadə adına Rəssamlıq Texnikumunda oxuduğum vaxtlarda adətən mənimlə Səttar Bəhlulzadə arasında bir sıra oxşar xüsusiyyətləri sezərdilər. Ələlxüsus bizim əl barmaqlarımızı daha çox bənzədirdilər  - arıq və uzun... Axı Səttar Bəhlulzadə ilə qohumuq.

Çox təəssüf ki, Səttar Bəhlulzadə kimi dahiyanə insan artıq 33 ildir ki, bizim aramızda yoxdur. Lakin onun ruhu həmişə bu torpaqda, sevdiyi insanların yanında, doğma yurdundadır...

Sonda bir şeyi qeyd etmək istəyirəm ki, bu məqalənin yaranmasına - S.Bəhlulzadənin vaxtı ilə rəssam Qəyyur Yunusa bağışladığı və məndə ilk baxışda qeyri-adi təəssürat oyatdığı fırça səbəb oldu...

 

Mədəniyyət.- 2008.- 3 aprel.- S. 9.