Yusifova S.

 

Abşeronda gənc rəssam Günel Quliyevanın əsərləri nümayiş olunur

 

Dünən "Abşeron" Rəsm Qalereyasında həvəskar rəssam Günel Quliyevanın fərdi sərgisinin açılışı olub. Sərgidə gənc rəssamın 40 rəngkarlıq qrafika əsəri nümayiş etdirilir. Günel Quliyevanın fərdi sərgisinin əsas təşkilatçıları Bakı Şəhər Gənclər İdman Baş İdarəsi ilə Pedaqoji Universitetin Tələbə Gənclər Təşkilatıdır.
   Gənc rəssam Günel Quliyeva 1987-ci ildə Cəbrayıl rayonunda anadan olub. Qarabağın acı taleyini yaşamış Günel qaçqınlığın olduğunu yaxşı bilir. O əldə etdiyi hər bir nailiyyəti çox çətinliklə qazanıb.
   Rəssamlığa xüsusi həvəsi olan Günel 600-dən artıq qrafik kompozisiya yaradıb. Son illər daha çox yağlı boya ilə işləməyə üstünlük verən rəssam moda eskizlərini həvəslə çəkir. 2003-cü ildən müsabiqə sərgilərdə iştirak edən Günel Quliyeva bir çox diploma layiq görülüb. 2006- ildə isə ali məktəblər arasında keçirilən sərgidə 3-cü yeri tutub.
   "Abşeron"da keçirilən sərgidəki əsərlərin çoxu rəngkarlıq nümunələridir, burada həm mənzərə, həm natürmort janrında çəkilən əsərlərə rast gəlmək olardı. Sərgiyə gələnlər gənc rəssamın həmçinin çoxfiqurlu kompozisiyalara müraciət etdiyinin şahidi olurlar. Günelin çəkdiyi əsərlər mövzu baxımından da zəngindir. Onun "Bəyaz güldanlar", "Mələk", "Ruhlar", "Qanlı illər" əsərləri tamaşaçıların diqqətini daha çox cəlb edir. Qarabağ mövzusunu "O ellərə ", "Qanlı illər" tablolarında yaradan Günel öz xəyallar aləmini unutmayıb. Rəssam "Uzaq sahillər" "Delfinlər" rəsm əsərlərini öz xəyalının bir parçası olduğunu deyir.
   Müəllifin maraqlı qrafika əsərlərindən "Göyərçinlər", "Qış", "Od gəlini", "Qadın sevincləri", "Sevgililər" kompozisiyası daha çox şərq miniatürü üslubunu xatırladır.
   Gənc rəssamın sərgisinin açılışında Rəssamlar İttifaqının sədr müavini Ağaəli İbrahimov, Gənclər İdman Nazirliyinin tələbələrlə sektorunun rəisi Elşən Hüseynov, Pedaqoji Universitetin prorektoru Vüqar Mehrabov, Bakı Şəhər Gənclər İdman Baş İdarəsindən Nəcəf Novruzov iştirak ediblər. Onlar G.Quliyevanın rəsm əsərlərini maraqla seyr etdiklərini bildirib ona bir rəssam kimi gələcək fəaliyyətində daha böyük uğurlara imza atmasını arzulayıblar.

 

525-ci qəzet.- 2008.- 4 aprel.- S. 7.