Abdullayeva F.
Şirvanşahlar
Saray-Kompleksində maraqlı sərgi
Azərbaycanın ən
böyük turizm obyektlərindən biri də
Şirvanşahlar Saray-Kompleksidir. Respublikamız
müstəqillik qazandıqdan sonra uzun müddət
təmirə dayanan saray 2002-ci ildən fəaliyyətini
bərpa edib. Hazırda kompleks ölkədə ən
baxımlı muzey hesab olunur. Təkcə onu demək
kifayətdir ki, Şirvanşahlar Saray-Kompleksi il ərzində
150 min qonaq qəbul edir.
Saray-kompleks 9 abidədən ibarətdir. O cümlədən divanxana, məscid, hamam, yaşayış binası, Seyid Yəhya Bakuvi türbəsi də kompleksə daxildir. Sarayın təkcə yaşayış binasında 52 otaq yerləşir. Şirvanşahlar Saray-Kompleksinin direktoru Rəna Rzayevanın dediyinə görə, XV əsrdə inşa edilən saray bizim dövrümüzə demək olar ki, dağılmış formada gəlib çatıb: "XIX əsrdə burda ruslar tərəfindən təmir işləri aparılsa da, bu, kosmetik xarakterli olub. Ona görə də qərara aldıq ki, sarayda təmir-bərpa işləri aparılsın. Təmirdən sonra isə biz zalları nə ilə doldurmaq barədə çox fikirləşdik. Çünki istəyirdik ki, saray şahın vaxtında olduğu kimi əzəmətli və möhtəşəm görünsün. Amma bizdə bu görünüşü olduğu kimi bərpa etmək üçün lazım olan əşyalar olmadığına görə qərara gəldik ki, şəxsi kolleksiyalara müraciət edək. Bir müddət öncə eşitdim ki, zəngin kolleksiyası olan Şahid Həbibullayev adlı bir nəfər var. Mədəniyyət və Turizm Nazirliyinin və xüsusilə nazirliyin Mədəni irs şöbəsinin yaxından köməkliyi ilə onun kolleksiyasını sarayda yerləşdirdik. Çünki bu kolleksiyada misilsiz sənət nümunələri toplanıb. Onu da qeyd edim ki, bu, Şahid müəllimin kolleksiyasının birinci nümayişidir. İndiyə qədər bu sənət əsərləri heç bir yerdə göstərilməyib".
Martın 19-da adıçəkilən sərginin açılışı olub. Açılışda mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev də iştirak edib və sərgini çox yüksək qiymətləndirib. Eləcə də Milli Məclis üzvləri, ölkəmizdə yerləşən səfirliklər, o cümlədən ABŞ, Polşa, Yunanıstan, İtaliya, Rusiya, Gurcüstan və başqa ölkələrin diplomatik korpuslarının nümayəndələri, paytaxtımızda yerləşən digər muzeylərin rəhbərləri də tədbirə qatılıblar.
Qeyd edək ki, misgərlik nümunələri Ş.Həbibullayevin
şəxsi kolleksiyasında
mühüm yer tutur. Onların sayı 500-dən çoxdur. Hələ qədim dövrlərdən
Azərbaycan özünün
dekorativ tətbiqi-sənət məmulatlarının
zənginliyi və müxtəlifliyi ilə şöhrət qazanıb.
Ölkəmizdə inkişaf
etmiş qədim sənətlərdən biri
də ornamentlərlə
bəzədilən, döymə
texnikası ilə mis məmulatların hazırlanmasıdır.
Ş.Həbibullayevin şəxsi
kolleksiyasına daxil olan, saraylara laylq, yüksək zövqlü kolliqrafiyalara
malik tətbiqi-sənət nümunələri
son dərəcə diqqətəlayiq və maraqlıdır. Bunlar kəşküllər, şərbət qabları,
şəfadanlar, çıraq
və lopalar, aftafa-ləyənlər, qablamalar, sürmədan və xınadanlar, kəmər və sinəbəndlər, xəncərlər,
sərpuşlar, sərniclər,
satıllar,
süzgəclər, səfər qab-qacaqları, gülabdanlar,
manqallar, maşalar və s.-dir.
Sərgidə diqqəti çəkən eksponatlardan biri şərbət qabıdır. Sütunvari oturacağı olan, incə naxışlarla bəzədilən bu qablardan məclislərdə şərbət paylamaq üçün istifadə olunarmış. Şərbət qabının üzərində sarayda düzənlənən məclislərdən səhnələr təsvir edilib. Sufi dərvişlərin vaxtilə çiyin və ya qollarından asaraq gəzdirdikləri kəşkül də son dərəcə gözəl bəzədilib.
Burada saray xanımlarının istifadə etdikləri nəfis ornamentlərlə işlənmiş sürmədan və xınadanlar da ən çox maraq doğuran əşyalardandır. İncə zövqlə, qiymətli daşlarla işlənmiş kəmər və sinəbəndlər də mədəni irsimizin zənginliyinin bir nümunəsidir. Qədimdə qadın bəzəyi kimi istifadə edilən bu əşyalar gəlin köçən qızların belinə və sinələrinə taxılar, onlara övlad arzulanardı. Belə kəmər taxılması yetkinlik rəmzi sayılardı. Qeyd edək ki, qadın bəzəkləri sərgidə üç vitrində yerləşdirilib.
Manqallar ta qədim dövrlərdən XX əsrin əvvəllərinə qədər, əsasən qış aylarında varlıların evlərinin qızdırılması üçün istifadə olunan müxtəlif metallardan hazırlanmış ev avadanlığıdır. Bu əşya dəyirmi formada olub, biri digərinə qarmaqlarla bənd edilən 6-8 ayaqlı hissədən ibarətdir.
Kolleksiyaya daxil olan, yüksək estetik zövqlə bəzədilmiş gözəl məişət əşyalarından biri də məcməyidir. Dairəvi, siniyə nisbətən dərin, ümumiyyətlə isə dayaz olan bu qabda qoğal, paxlava, halva bişirilər, nişanlı qızlara xonça tutulardı. Dayaz, müxtəlif ölçülü nimçələrin isə müxtəlif təyinatları olub. Onlar dekorativ və eyni zamanda bəzəksiz, saya olurdular. Saya nimçələrdən qabların ağzını örtmək, bəzəkli nimçələrdən isə kübar məclislərdə cam və ya kuzəni süfrəyə gətirmək, məktub və kağızları sahibinə təqdim etmək üçün istifadə edilirdi.
Sərgidə təqdim olunan soyuq silahlar da xüsusi maraq doğurur. Bələdçinin dediyinə görə, XVIII-XIX əsrlərdə istehsal olunmuş.silahlar keyfiyyətcə nəinki qonşu şəhərlərdə, hətta yaxın ölkələrdə düzəldilmiş silahlardan üstün olub. Bu silahların hazırlanmasında zərgərliyin bütün bədii və texniki üsullarından istifadə olunub. Bu amil həmin dövrdə Şirvanda sənətkarlığın çox yüksək səviyyədə olmasından xəbər verir.
Qədim dövrlərdən bu günümüzə qədər hələ də Azərbaycanın ucqar bölgələrində istifadə olunan mis su qabı - dolçalar kompozisiya və təbii tərtibat baxımından olduqca zəngindir. Vaxtilə məişətdə işlənən sərniclər də təqdim edilən qablar içərisində diqqəti cəlb edir. Bu qablar zəngin dekorativ bəzəyə malikdir. Sərgiyə baxmağa gələnlərin diqqətini ən çox cəlb edən eksponatlardan biri də kəfkirlər və kasalardır. Müxtəlif ölçülü, yastı, çoxsaylı xırda deşikli kəfkirlərdən qazanı qarışdırmaq, xörəyin dadına baxmaq üçün, xüsusilə plovun hazırlanmasında istifadə edilirdi. Azərbaycan mətbəxində duru yeməklər süfrəyə kasalarda təqdim olunur. Sərpuşlardan isə siniyə çəkilmiş xörəyin, xüsusilə plovun isti qalması üçün istifadə edilərmiş. Bundan başqa, o, həm də xalqımızın hələ qədimdən gigiyenik qaydaları gözləməsinin, yüksək yemək mədəniyyətinə malik olmasının bir atributudur. Diqqətimizi cəlb edən isə qapaq kimi xörəyin üstünə qoyulan sərpuşların üzərində aşağıdakı məzmunda yazı oldu: "İlahi, bu dünyanı abad et. Bütün insanları günahdan qoru. Dünyada ədəb-ərkan yaxşı şey olduğundan insanlara yaxşı məclislər hidayət et".
Sərgi Şirvanşahlar sarayının taxt-tac zalı da daxil olmaqla, 4 zalını əhatə edir. Onu da qeyd edək ki, zallar bu əşyalarla birlikdə çox gözəl və əzəmətli görsənir. Rəna xanımın dediyinə görə, Ş.Həbibullayev bu əşyaları uzun illər ərzində toplayıb: "Onlar nəsillikcə bu işlə məşğul olublar. 1990-1991-ci illərdə mis qablar mis adı ilə ölkədən çıxarılırdı. Ş.Həbibullayevin özünün dediyinə görə, həmin dövr onun üçün çox çətin olub. Şahid müəllim bu qabların çoxunu pulla alıb, qoymayıb ki, ölkədən çıxarılsın". Kompleksin direktoru onu da dedi ki, açıldığı 10 gün ərzində sərgiyə 1000-dən çox insan gəlib baxıb. Eksponatların nümayişi mərhələli şəkildə olacaq. Maraqlananlar çox olduğu üçün 3 ay bu eksponatlar nümayiş etdiriləcək. Sonra samovarlardan ibarət sərgi olacaq. Qeyd edək ki, Ş.Həbibullayevin 1000-dən çox samovar nümunəsi var.
Rəna xanımın bildirdiyinə görə,
bu, Şirvanşahlar sarayında düzənlənən
ilk tədbir deyil. Bir il
əvvəldən etibarən
Mədəniyyət və
Turizm Nazirliyinin xətti ilə burada təşkil edilən
"Muğam axşamları" hər həftənin
3-cü günü davamlı
olaraq keçirilir.
Mədəniyyət.- 2008.- 3 aprel.- S. 4.