Xəbər verdiyimiz kimi,
martın 26- da Almaniyada “Azərbaycan ili” mədəniyyət
proqramının rəsmi açılışı
olmuşdur. AzərTAc- ın xüsusi müxbiri
Azərbaycanın Almaniyadakı səfiri Pərviz
Şahbazovla görüşərək, ondan “Azərbaycan ili”
və digər aktual məsələlərlə bağlı
müsahibə almışdır.
– Cənab səfir, Almaniyada “Azərbaycan ili”nin keçirilməsi
ideyasının meydana gəlməsi, indiyədək bu
istiqamətdə görülmüş işlər və
nəzərdə tutulan tədbirlər haqqında fikrinizi
öyrənmək maraqlı olardı.
– "Azərbaycan ili" mədəniyyət
proqramının Almaniyada keçirilməsi ideyası iki
ilə yaxındır ki, mövcud idi və bu
istiqamətdə mütəmadi iş aparılırdı.
Sözsüz ki, belə bir geniş proqramın təşkili
uzun müddət və böyük qüvvə tələb
edir. Bir il ərzində mədəniyyət, siyasət,
iqtisadiyyat və elm xadimlərinin səfərlərinin sistemli
şəkildə təşkil edilməsi, müxtəlif
səpkili tədbirlərin keçirilməsi praktiki
nöqteyi- nəzərdən asan deyildir. Əlbəttə, bu
proqramın məzmunu çox vacibdir. Proqram məhz ona
yönəlib ki, Azərbaycan Avropanın mərkəzində
yerləşən, əhali və ərazicə qitənin
ən böyük ölkələrindən biri olan Almaniyada
daha yüksək səviyyədə təbliğ olunsun,
mədəniyyətimiz və tariximiz yaxından
tanınsın və ölkələrarası
qarşılıqlı əlaqələr dərinləşsin.
“Mədəniyyət ili”nin reallaşmasına Prezident İlham
Əliyevin diqqət və qayğısını
xüsusilə qeyd etmək istərdim. Cənab Prezidentin
şəxsi dəstəyi olmadan belə böyük
miqyaslı tədbirlər kompleksinə start vermək bizim
üçün çox çətin olardı. Ona
görə də ilk növbədə göstərdiyi
dəstək üçün cənab Prezidentə
minnətdarıq.
Sözsüz ki, 2007- ci ilin fevral ayında Prezidentin Almaniyaya
rəsmi səfəri bu prosesə xüsusi təkan verdi, eyni
zamanda iki ölkə arasında münasibətləri
istər siyasi, istərsə də iqtisadi sahədə yeni bir
mərhələyə çıxartdı.
Əməkdaşlıq yüksək dinamika ilə inkişaf
etməyə başladı və ölkələrarası
mədəni mübadilə üçün geniş imkanlar
açıldı.
Almaniyada “Azərbaycan ili”nin keçirilməsi ölkəmizin
Avropa ailəsinə inteqrasiyası nöqteyi- nəzərindən
də çox vacib hadisədir. Azərbaycan Avropa
İttifaqı və Avropanın əksər
ölkələri ilə sıx əməkdaşlıq edir
və bu gün qloballaşan dünyada Azərbaycan və Avropa
İttifaqı həm iqtisadi, həm siyasi, həm də
mədəniyyət sahələrində səmərəli
əməkdaşlıq etmək üçün böyük
potensiala malikdir. Ümumi əməkdaşlığın
ahəngdar inkişaf etməsi üçün ölkəmiz
həmin qurumda təmsil olunan bütün
ölkələrlə sıx əməkdaşlıq edir.
Siyasi əlaqələr çox vacibdir, iqtisadiyyat
sahəsində hər iki tərəfin böyük
maraqları var, mədəniyyət sahəsinə isə
xüsusi diqqətlə yanaşmaq lazımdır ki, Avropaya
inteqrasiya prosesinin ahəngdar həyata keçməsi
mümkün olsun.
“Azərbaycan ili”nin üç mərhələdə
həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Berlin şəhərində Azərbaycanın
özünü ənənələrin və müasirliyin
qovuşuğunda yerləşən bir ölkə kimi
təqdim etdiyi və “Azərbaycana xoş gəlmişsiniz”
devizi altında keçirilən açılış
festivalı ilə ilk mərhələ artıq arxada
qalmışdır. Azərbaycan mədəniyyətinin
müxtəlif sahələrini əhatə etməklə
gözəl və çeşidli bir proqram
gerçəkləşdirildi. Bir həftə ərzində
Almaniya paytaxtında milli kinomuz, rəsm sərgisi, simfonik
və kamera orkestrlərinin ifasında klassik musiqi, caz,
muğam, dünyada yalnız Azərbaycanda mövcud olan
muğam- caz sintezi çox geniş səpkidə və
müvəffəqiyyətlə nümayiş etdirildi. Bu
sıradan Avropanın cəmi bir neçə
ölkəsində fəaliyyət göstərən Marionet
Teatrının uğurlu tamaşalarını və xalq
nağıllarımızın alman aktyorları tərəfindən
geniş tamaşaçı kütləsi üçün
bədii oxunuşunu da qeyd etmək lazımdır.
Həmçinin, Azərbaycanın siyasət, iqtisadiyyat,
turizm, mədəniyyət və ictimai həyatına aid
mövzulara həsr olunmuş ikigünlük elmi simpozium da
böyük maraqla qarşılandı. Avropa Parlamentinin,
Almaniya Bundestaqının və hökumətinin
üzvləri Avropada tanınmış alimlər,
siyasətçilər və ictimai xadimlər həmin
simpoziumda Azərbaycan haqqında bir- birindən maraqlı
məruzələrlə çıxış etdilər,
əksəriyyəti almanlardan ibarət olan simpozium
iştirakçıları dəyərli məlumatlar
əldə edə bildilər və onları maraqlandıran
suallar cavablandırıldı.
Proqramın ilk mərhələsi yenicə başa çatsa
da, artıq alman dostlarımız tərəfindən
müsbət rəylər almaqdayıq. Hesab edirəm ki,
“Azərbaycan ili”nin ilk mərhləsi çox uğurlu
keçdi. Növbəti mərhələlərə
gəldikdə isə, deyə bilərəm ki, Almaniyanın
yeddi federal əyalətində Azərbaycana həsr olunmuş
tədbirlərlə may ayında ikinci mərhələyə
start veriləcəkdir. Yekun mərhələ
üçün isə Baden- Vürttemberq federal
əyalətinin mərkəzi Ştuttqart şəhəri
seçilmişdir. Hələ XIX əsrdə həmin
əyalətdən Azərbaycana gələrək
məskən salmış almanların bugünkü nəsli
Azərbaycanı unutmur və bu səbəbdən yekun
tədbirlər payız aylarında orada baş tutacaqdır.
– Oxşar tədbirin – Almaniyanın mədəniyyət
günlərinin və ya mədəniyyət ilinin
Azərbaycanda da keçiriləcəyi gözlənilirmi?
– Hesab edirəm ki, Almaniya tərəfi bizim bu
təşəbbüsümüzü müsbət
qarşıladığı kimi, oxşar tədbirlərin
də onlar tərəfindən Azərbaycanda
keçirilməsində maraqlıdır və hətta
artıq Almaniyanın Bakıdakı səfirliyi də
müəyyən tədbirlər toplusu üzərində
işləyir. Mədəniyyət ili formasında olmasa da,
Almaniya səfirliyi mədəniyyət proqramını
ildən- ilə genişləndirir.
– Son günlər Berlində keçirilən
tədbirlərin iştirakçıları arasında
böyük əksəriyyətin almanlardan ibarət
olduğunu müşahidə etmək mümkün idi.
Səfirliyin ölkənin hökumət dairələri və
yerli əhali ilə apardığı işi necə dəyərləndirərdiniz?
– Səfirliyimiz tərəfindən Almaniyanın dövlət
strukturları – Federal Kansler Aparatı, Xarici İşlər
Nazirliyi, ölkə parlamenti və digər qurumlarla sıx
əlaqələr mövcuddur, konstruktiv şəkildə
iş aparılır və biz getdikcə Azərbaycana artan
marağın şahidi oluruq. Öz növbəmizdə
çalışırıq ki, mövcud potensialdan
Almaniya–Azərbaycan münasibətlərinin inkişafı
üçün maksimum dərəcədə istifadə
edə bilək.
– Martın 27- də Dünya Azərbaycan və Türk Diaspor
Təşkilatları Əlaqələndirmə
Şurasının Berlin toplantısı
çərçivəsində Azərbaycanın Almaniyadakı
səfirliyi Azərbaycan diasporunun inkişafındakı
xidmətlərinə görə, “Qobustan” beynəlxalq mükafatı
ilə təltif olunmuşdur. Almaniya kimi böyük bir
ölkədə soydaşlarımızla iş hansı
səviyyədə qurulur?
– Almaniyada Azərbaycan Respublikası, Türkiyə və
İrandan olmaqla, çoxlu sayda soydaşlarımız
məskunlaşmışdır və
çalışırıq ki, bütün ölkəyə
səpələnmiş insanlarla və diaspor
təşkilatları ilə daimi ünsiyyətdə olaq.
Bizim tədbirlərin əksəriyyəti ya diaspor
qurumları ilə birlikdə, yaxud da onlarla əlaqəli
şəkildə təşkil olunur. Diaspor
nümayəndələrinin fəaliyyətimizdə
yaxından iştirakı getdikcə artmaqdadır. Müsbət
haldır ki, artıq bəzi diaspor qurumlarımız təklif
gözləmədən müxtəlif tədbirlər
keçirilməsi üçün təşəbbüs
qaldırır və layihələr həyata
keçirirlər. Bu istiqamətdə onları
dəstəkləməyə daim səy göstəririk
və fəal əməkdaşlıq şəraitində çalışırıq.
– İqtisadiyyatı sürətlə inkişaf edən
Azərbaycan yerləşdiyi bölgədə aparıcı
dövlətə çevrilmişdir və burada həyata
keçirilən bir çox regional layihələrin
təşəbbüsçüsü və
iştirakçısıdır. Avropanın enerji
təhlükəsizliyi məsələsində fəal
tərəfdaş ölkə olan Azərbaycan ilə Almaniya
arasında iqtisadi münasibətlər hansı
səviyyədədir?
– Son illər Almaniyanın iqtisadi və işgüzar
dairələri Azərbaycana böyük maraq
göstərməyə başlayıblar. Bununla bağlı
2007- ci ilin fevral ayında Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfərinin
üzərində xüsusilə dayanmaq istərdim.
Səfər zamanı bir sıra digər tədbirlərlə
yanaşı, çoxsaylı alman şirkətlərinin
iştirakı ilə Almaniya–Azərbaycan biznes forumu da
keçirildi. Prezidentimiz orada geniş çıxış
etdi və forumda iştirak edən alman iş adamlarını
Azərbaycana rəsmi dəvət etdi. Sonra elə həmin
tədbir zamanı çox əhəmiyyətli
əlaqələr yaradıldı və il ərzində alman
biznesmenlərinin Azərbaycana bir sıra səfərləri
həyata keçirildi.
Nəhayət, ötən ilin oktyabr ayında Almaniyanın
iqtisadiyyat və yeni texnologiyalar naziri Mixael Qlosun
rəhbərliyi ilə 90 nəfərdən artıq
nümayəndə heyəti Azərbaycana rəsmi
səfərə gəldi və razılaşdırıldığı
kimi, ikinci nəhəng Almaniya–Azərbaycan biznes forumu
Bakıda keçirildi. Təbii ki, bu forum da iqtisadi
əlaqələrin inkişafına yeni təkan vermiş
oldu.
Bundan başqa, ötən il Azərbaycanın İqtisadi
İnkişaf Nazirliyi və Azərbaycanda İxracın və
İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə
birlikdə Almaniyanın bir neçə regionunda xüsusi
sahələrə həsr olunmuş iqtisadi forumlar
keçirilmişdir.
Energetika sahəsinə gəlincə, qeyd etmək
lazımdır ki, Almaniya yüksək inkişaf etmiş
sənaye ölkəsi kimi, böyük həcmdə enerji
idxalına ehtiyacı olan dövlətdir. Bu nöqteyi- nəzərdən
Azərbaycan Almaniya üçün böyük
əhəmiyyət kəsb edir. Eyni zamanda güclü alman
şirkətləri (RWE, Wintershall, Energie Baden- Württemberg
AG) Azərbaycan enerji istehsalı sahəsinə də
böyük maraq göstərirlər.
– Bir neçə ay öncə Almaniyanın RWE konserni
“NABUKKO” qaz kəməri layihəsinə qoşuldu. Artıq
Almaniyanı da əhatə edəcək “NABUKKO” layihəsinin
gələcəyini necə görürsünüz?
– "NABUKKO" qaz kəməri layihəsinin
reallaşmasında ilk növbədə Avropa
ölkələri maraqlı olmalıdır. Hesab edirəm ki,
əgər “NABUKKO” layihəsi həyata keçirilərsə,
Avropa ölkələrinin enerji təhlükəsizliyi daha da
güclənər və Azərbaycanın bu istiqamətdə
fəaliyyəti üçün çox böyük
potensialı vardır.
Bildiyiniz kimi, Azərbaycan böyük qaz ehtiyatlarına sahib
ölkədir və bu, xarici dövlətlərin
respublikamıza marağını daha da artırır. Bizim
digər üstünlüyümüz ondan ibarətdir ki,
Azərbaycan təkcə neft- qaz istehsalçısı deyil,
eyni zamanda çox böyük tranzit imkanlarına malik bir
ölkədir və bu da Qərbdə respublikamıza
marağı daha da artırır.
– Almaniya tərəfi BMT Baş Məclisinin 62- ci iclasında
“Azərbaycanın işğal edilmiş
ərazilərində vəziyyət” barədə qəbul
edilmiş qətnaməyə bitərəf mövqe
nümayiş etdirdi. Buna hansı reaksiya verildi və Azərbaycan
diplomatiyasının qələbəsi olan bu qətnamə
münaqişənin həlli prosesinə hansı təsir
göstərə bilər?
– Qətnamə fövqəladə əhəmiyyətə
malik və vaxtında qəbul edilmiş bir sənəddir.
Əfsuslar olsun ki, ATƏT- in Minsk qrupu
çərçivəsində uzun illər aparılan
danışıqlara baxmayaraq, istənilən
nəticələr əldə olunmayıbdır. Ona
görə də dünya ictimaiyyətinin diqqətini
Dağlıq Qarabağ münaqişəsinə bir daha
yönəltmək çox vacib idi və qətnamənin
qəbul edilməsi də bu istiqamətdə xüsusi bir rol
oynadı.
Almaniya və onunla bərabər Avropa İttifaqının
Fransadan başqa digər üzvləri səsvermədə
bitərəf qaldılar. Sözsüz ki, bu mövqe bizi
qətiyyən qane etmədi. Biz alman tərəfinə öz
narazılığımızı bildirdik və bununla
yanaşı təklif etdik ki, bu mövzu ətrafında
öz məsləhətləşmələrimizi daha da
genişləndirək.
Almaniya Azərbaycanın ərazi bütövlüyünü
dəstəkləyir, ölkələrimiz bütün
beynəlxalq təşkilatlar səviyyəsində
səmərəli əməkdaşlıq edir və
gələcəkdə bu fəaliyyəti
gücləndirmək əzmindəyik. Amma onu da qeyd etmək
lazımdır ki, qətnaməyə bitərəf qalmaq
qərarı Avropa ölkələrinin Avropa İttifaqı
çərçivəsində apardıqları uzun
sürən məsləhətləşmələrin nəticəsi
idi. Digər tərəfdən, Avropa ölkələrinin
qətnaməyə bitərəf qalması bu qətnamənin
qəbul olunmasına imkan yaratdı.
Almaniya ATƏT- in Minsk qrupunun üzvüdür. Minsk qrupunun
həmsədrləri münaqişənin həlli
yollarını daha çox öz aralarında müzakirə
etməyə üstünlük verirlər. Lakin hesab edirəm
ki, artıq Minsk qrupuna üzv olan digər ölkələrin
də münaqişənin həlli istiqamətində
əməli töhfələrini vermələrinin vaxtı
gəlib çatmışdır.
Xalq qəzeti.- 2008.-
4
aprel.- S. 5.