Hidayətoğlu Y.
Şuşa Xalça
Muzeyi
"... Ermənilər
onu qarət edə bilmədilər
Çünki
şəhərin süqutundan bir müddət əvvəl
muzeyin
eksponatlarını
Bakıya çatdırmışdıq..."
Həmsöhbətimiz
Şuşa Rayon Mədəniyyət və Turizm
şöbəsinin müdiri Zahid Abbasovdur. Onu həyəcansız
dinləmək qeyri-mümkündür.
- 1992-ci ilin əvvəlləri
idi. Vəziyyət daha da gərginləşmişdi.
Şəhər darmadağın olmuşdu. Şuşaya
ardı-arası kəsilmədən silahlı hücumlar davam
edirdi. İşıqlar tez-tez sönür, siqnalizasiyalar
işləmirdi. Respublikanın digər bölgələrindən
köməyə gələnlər də vardı.
Ekstremistlər tərəfindən talan və yanğınlar
törədilirdi. Bir də baxdıq ki, Ü.Hacıbəyov
muzeyinin qapısı qırılıb. Məqsəd oradan
hansısa qiymətli eksponatı aparmaq idi. Nə yaxşı
ki, biz o eksponatları xeyli əvvəl Bakıya gətirmişdik
- 1991-ci ilin noyabrında.
İndi də o epizodu
unuda bilmirəm. Sonuncu dəfə Ü.Hacıbəyov
muzeyinin qapısını mismarlayanda hönkürtü
məni boğdu. Heç kəs yoxdur. Qadın və
uşaqlar 5-6 ay əvvəl evakuasiya olunmuşdu.
İdarələr işləmirdi. Çəkici vururam, exo
səs verir."Allah, axı bu zülm nə vaxtadək davam
edəcək?!"
Baxmayaraq ki, mən orada
həm də hərbiçi, alay komandiri idim.
Mədəniyyət işçilərindən ibarət alay
düzəltmişdik. Şuşanın müdafiəsi
uğrunda vuruşmuşduq.
Müharibədir.
Hələlik onu müvəqqəti olaraq uduzmuşuq. Odur ki,
göstərdiyimiz şücaət haqqında danışmaq
bir az qəribə səslənə bilər. Ancaq, heç
kəsə asan gəlməsin. Düz dörd il yarım
döyüşdük, mübarizə apardıq.
Siz təsəvvürünüzə
gətirin ki, Qarabağın azərbaycanlılar yaşayan 58
kəndinin sosial problemlərinin həlli də Şuşaya
tapşırılmışdı. Təbii ki, balaca bir rayon
üçün müharibə şəraitində
bütün bu işlərin öhdəsindən gəlmək
çox çətin idi.
Belə bir ağır
vaxtda mən qərara gəldim, Xalça Muzeyinin
eksponatlarını Şuşa türməsinə
yığaq ki, talan edilməsin. Bununla bağlı
türmə rəisinin razılığını da
almışdım. Çünki ora təhlükəsiz yer
idi.
Lətif Kərimov
əslən şuşalı olduğu üçün bu
yerin övladı kimi ən qiymətli xalçalarını
bu muzeyə bağışlamışdı. Orada cəmi 284
eksponat var idi. Bunun 150-ə qədəri son dərəcə
qiymətli xalçalar idi. Qalanı gümüş
məmulatları idi.
Bu vaxt Bakıdan bir
teleqram aldım. Xalça Muzeyinin direktoru Röya
Tağıyeva göndərmişdi. Onda mən Röya
xanımı şəxsən tanımırdım. Teleqramda
bildirirdi ki, təcili surətdə Şuşa Xalça
Muzeyinin eksponatlarını Bakıya
çatdırmalıyıq.
İlk baxışdan bu
adi bir iş təsiri bağışlaya bilər.
Əslində isə çox çətin və
məsuliyyətli bir məsələ idi. Niyə?
Əvvəla, bunun üçün xüsusi sərəncam
lazım idi. İstər bu sərəncamı vermək,
istərsə də onu yerinə yetirmək həm də ona
görə çətin idi ki, bu, şəhərdə bir
çaxnaşmaya, ajiotoja səbəb ola bilərdi:
"Demək Şuşa ermənilərə təhvil
verilir?!" Belə bir hadisə ilə bankı
köçürmək istəyərkən
rastlaşılmışdı. Bu gözlənildiyindən
də güclü səs-küylə
qarşılandığından o vaxt bank
köçürülmədi.
Odur ki, bu işi əhalidən
bir az gizli həyata keçirmək lazım idi.
Tərəddüd içində götür-qoy etdiyimiz vaxtda
Röya xanım bizə zəng vurdu. "Mən Sizə
nazirin xüsusi tapşırığına əsasən
qəti tapşırıram. Ləngimədən Xalça
Muzeyi Bakıya köçürülməlidir".
Başladım maşın
axtarmağa. O zaman Şuşa-Ağdam yolu bağlı
olduğundan Qubadlı-Zəngilan istiqamətində
hərəkət edilməli idi. Nəticədə yol xeyli
uzaq düşürdü. Odur ki, heç bir sürücü
razılıq vermirdi. Nəhayət, Allahverdi adında bir
sürücünü dilə tuta bildik.
Danışığımıza əsasən o,
xalçaları Bərdəyə çatdırmalı idi.
Muzeyin müdiri burada məskunlaşmışdı.
Gecə saat 2-də,
hamı yatan vaxt maşın gəldi. Əmim uşaqlarına
tapşırdım ki, səssiz-küysüz bu xalçalar
yığılmalıdır. Elə də etdik. Səhər
açılmamış maşın yola düşdü.
Beləcə eksponatları Bərdə rayonuna
çatdırdıq.
Nazirliyin
göndərdiyi maşınla xalçalar elə həmin
gün Bakıya gətirildı.
Bilirsiz, indi
danışmaq asandır. Elə “Mədəni maarif”in
oxucuları da düşünər ki, əşi nə böyük
iş imiş, xalçadır də yükləyib
gətiriblər. Amma şəhər xəbər tutsaydı
necə ajiotaj yaranacağını təsəvvür
etmək çətin deyildi: "Məni də
öldürərdilər ki, Zahid burada provakasiya ilə
məşğuldur". İkincisi, heç kəs bu işi
boynuna çəkmək istəmirdi.
Üçüncüsü, yolda maşına bir mərmi
düşsəydi hamı mənim üstümə
düşəcəkdi ki, sən hansı əsasla bu
işə qol qoyubsan.
Amma Röya xanım bu
riskin altına girdi. Neçə dəfə təkid
elədi. Həmin eksponatlar bu gün də Bakıda çox
gözəl saxlanılır, nümayiş etdirilir.
Ü .Hacıbəyovun
muzeyinin köçürülməsinin də öz tarixi var.
Qadın və uşaqlar evakuasiya olunarkən belə qərara
gəldik ki, muzeyin müdirəsi Nəsibə xanım öz
ev əşyalarını aparırmış kimi
şəhərdən çıxarsın. Elə də etdik.
Bunu biz son dövrlərədək məxfi saxlayırdıq.
Bildiyiniz kimi indi həmin eksponatlar Bakıdakı
Ü.Hacıbəyovun ev-muzeyində saxlanılır.
Təbii ki, bu işi
mən görərkən bir məqsəd güdmüşəm.
Bir azərbaycanlı kimi milli-mədəni dəyərlərimizi
qorumuşam. Bunun üçün mənə heç kəsin
"sağ ol"u lazım deyil. Adamı ağrıdan odur
ki, əksinə məni qınayanlar çox oldu.
Təsəvvür edin ki, o qiymətli əşyaları o vaxt
çıxarmasaydıq indi ermənilər onları da öz
adlarına çıxaraq dünya bazarlarında
satacaqdılar. Biz xalçaları fevralda
çıxardıq. Mart ayında artıq söhbət
gəzirdi ki, Zahid Abbasov Şuşa xalçalarını
Yevlaxda satdırır.
Düz beş il bu
söhbət səngimədi. Nə qədər hissiyatıma
toxunub, əsəblərimlə oynadılar. Mən prokurorluq
orqanlarına müraciət etdim ki, bu işi yoxlayıb
həqiqəti üzə çıxarsınlar. Yalnız
bundan sonra dedi-qodulara son qoyuldu. Hər necə olsa da mən
fəxr edirəm ki, milli-mədəni dəyərlərimizin
qorunmasında bu dərəcədə rolum olub. Bu mənada,
Röya xanımın rolu daha böyükdür. Nə
danım, onun təkidi olmasaydı bəlkə də mən o
xalçaları heç Bakıya
gətizdirməyəcəkdim...
Mədəni-maarif.- 2008.- ¹
3.- S. 31-32.