Çay daşlarını
məşhur obrazlara çevirən istedad
"Sehrli çay daşları"
adlı kataloq vastisilə çox qəribə xarakterli bir gənclə tanış oldum. Mühacir şairimiz Almas İldırımın
100 illiyinin təntənəli
surətdə qeyd edildiyi Türkiyənin Elazıq şəhərindəki
tədbirlərdə iştirak
etdikdən sonra təəssüratımı "Səhər" televiziya verilişində soydaşlarıma
da yetirdim. Bu unudulmaz anlar
2007-ci ilin aprelində
yaşandı. Elə
bu ayda da
yuxarıda dediyim kataloqun gənc müəllifi Ədalət
Elman oğlu Pirverdiyevlə yaxından tanış oldum. Səmimi söhbətləşdik.
Az sonra o mənə A.İldırımın əsərlərilə,
şəxsiyyəti haqqında
sənədlərlə, kitablarla
tanış olmaq istədiyini bildirdi. Gənc Ədalətin Allahdan verilən sənət yanğısını
hiss etdim. Təxminən ayyarımdan
sonra Ədalətin A.İldırımın çay
daşı üzərində
yaratdığı portreti
görəndə, heyrətimi
gizlədə bilmədim.
Elə o vaxtdan onunla
daha yaxından ünsiyyət qurmağa başladım.
29 yaşlı Ədalətin təmiz çay daşları üzərində yaratdığı
məşhur şəxsiyyətlərin
portretləri məni onun ilahi vergiyə
söykənən sənətkarlığına
bir qədər də möhkəm bağladı. O, tanınmış şəxsiyyətlərin
fotoşəkilləri ilə
tanış olur, sonra da həyat
və yaradıcılıqlarını
öyrənib, portretlərini
böyük məhəbbətlə yaradır. İlk əsərlərindən türk
dünyasının dahiləri
- Heydər Əliyevin,
Atatürkün, Nəsimi,
Xaqani, Əcəmi Naxçıvani, Məhəmməd
Füzulinin, C.Məmmədquluzadə,
H.Zərdabi və başqalarının daş
üzərində portretləri
orijinallığı ilə diqqəti çəkir və insanda qürur hissi doğurur. Şah İsmayıl Xətai və Babəkin çay daşları üzərindəki
portretləri də gənc Ədalətin sənət uğurlarından
xəbər verir.
Qudyalçayın dupduru sularının
şırıltısını ana laylası kimi dinləmiş Ədalət hələ lap uşaq ikən
təmiz qumlar üzərində heç
kəsə bənzəməyən
cizgilər çəkir,
uşaq dünyasından
geniş yaradıcılıq
aləminə sürətlə
addımlamağa çalışır. 1994-cü ildə
Xaçmaz rayonu Alıc-Qışlaq kənd orta məktəbinin 9-cu sinfini
bitirən Ədalət
öz doğma rayonundakı 92 saylı peşə liseyində təhsilini davam etdirir. Artıq bu illərdə
onun hərbi xidmətə getmək vaxtı çatır və Vətənin keşiyində əsl əsgər kimi dayanır. 2003-cü ildə
Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasına
daxil olması onu sevdiyi sənətin
ucalıqlarına çatmaq
üçün pərvazlandırır.
Tələbəlik illərində dünya
şöhrətli sənətkarımız
Ömər Eldarovla tanışlığı onu
böyük sənətin
nağıllara bənzəyən
dünyasına aparır.
Ömər müəllimin
rəhbərlik etdiyi təhsil ocağında oxuması ilə qürur duyur, təsviri sənət
fakültəsinin qrafika ixtisası
şöbəsində təhsil
alır. İllər çox tez gəlib keçir, bu qısa zaman
kəsiyində respublikamızın
tanınmış sənətkarlarından
A.Rüstəmov, V.Ağayev,
R.Hüseynov və başqalarından aldığı
biliklər Ədalətin
get-gedə püxtələşməsinə təkan verir. İri
bir layihə çərçivəsində keçirilən sərgidə
nümayiş olunan işlərinə ümummilli
liderimiz Heydər Əliyevin göstərdiyi
diqqət Ədalət
üçün həm
ilk böyük mükafat, həm də sənət yolunu davam etdirməkdə
mühüm stimul rolu oynayır.
2005-ci ildə Xaçmaz rayon mərkəzində
prezident İlham Əliyev də bu istedadlı gəncin əsərlərilə
maraqlanıb, Ədalətin
yaradıcılığının gələcəkdə daha
da uğurlu olacağına inandığını
bildirib.
Ötən ilin
yanvarında S.Bəhlulzadə
adına salonda istedadlı rəssam Ədalətin "Sehrli çay daşları"
adlı fərdi sərgisi açıldı və geniş maraq doğurdu. Sərgi Gənclər və İdman Nazirliyinin köməyi sayəsində
Gənclər günü
münasibətilə təşkil
olunmuşdu. Rəssamın
qrafika janrında 20-dən çox rəsmi, 50-dən çox daş üzərində oyma üsulu ilə yaratdığı əsər
bu sərgidə sənətsevərlərə təqdim
edildi. Sərginin açılışında giriş sözü söyləyən nazir Azad Rəhimov Ədalətin çay daşları üzərində
yaratdığı əsərlərin
qeyri-adi sənət nümunələri olduğunu
bildirdi və onun yaradıcılığını
yüksək qiymətləndirdi.
Ədalət Pirverdiyevin
işlərinin tamaşaçılar
tərəfindən böyük maraqla
qarşılandığını bildirən nazir onu istedadının inkişafına qayğı
göstərilməli olan
gənclərdən biri
hesab etdiyini diqqətə çatdırdı.
Ədalət 2007-ci ildə gənclərin Moldovada keçirilən sərgisində də birinci yeri tutub
və çay daşları üzərində bir sıra
görkəmli şəxsiyyətlərin
portretlərini yaratmaq
barədə sifariş
alıb. O, indi
yeni sərgilərinin
tərtibi üzərində
işləyir. İstedadlı
rəssam son zamanlar görkəmli alim və yazıçı
Mir Cəlal Paşayevin, dəyərli
jurnalist, naşir və pedaqoq Nəsir İmanquliyevin və başqa tanınmış şəxsiyyətlərin
çay daşları
üzərində portretlərini
yaradıb. Üçrəngli
bayrağımızın
fonunda ümummilli lider Heydər Əliyevin yeni portretini işləyərək,
Azərbaycan Mədəniyyətinin
Dostları Fonduna təqdim edib. Türkiyə Cümhuriyyətinin
banisi Atatürkün portretini qardaş ölkənin səfirliyinə
bağışlamaqla bir
mənəvi borcunu yerinə yetirib.
Ədalət hazırda yaradıcılığının
ən gözəl və qaynar çağlarını yaşayır.
Ona çətin, lakin uğurlu və şərəfli sənət yolunda yeni uğurlar arzulayıram!
525-ci qəzet.- 2008.- 2 aprel.- S. 7.