Qaliboğlu E.
Molla Nəsrəddin jurnalının
102 yaşı tamam olur
Cəlil
Məmmədquluzadə: "Yüz il sonra "Molla
Nəsrəddin"in saralmış və
cırılmış vərəqləri əlinə
keçsə, milləti nahaqdan tənqid etdiyimi
fikirləşmə"
Aprelin 7-də məşhur
"Molla Nəsrəddin" jurnalının 102 yaşı
tamam olur. Məhz bu tarixdə - 1906-cı ildə Cəlil
Məmmədquluzadənin rəhbərliyi ilə Tiflisdə
"Molla Nəsrəddin" jurnalının ilk sayı
işıq üzü gördü. Mirzə Cəlil
jurnalın maraqlı alınması üçün hər
şeyi yüz ölçüb bir biçmişdi: 2 min
tirajla çap olunan jurnalın birinci sayı iki saatın içərisində satılıb
qurtarmışdı.
Bu barədə yazıçı özünün
"Xatiratım" əsərində hər şeyi
yerli-yataqlı təsvir edib: naşir və baş redaktor
Cəlil Məmmədquluzadə min bir zəhmətlə
aldığı "Qeyrət" mətbəəsində
silahdaşı Ömər Faiq Nemanzadə ilə
səhərə qədər fəhlə kimi çap
maşınını da işlətmişdi. Birinci
nömrənin üz qabığında yatmış insanlar
təsvir olunmuşdu. Əslində bununla milləti
ayıltmaq istəyən Mirzə Cəlil Molla
Nəsrəddinin dilindən karikaturanın altından "Sizi
deyib gəlmişəm, ey mənim müsəlman
qardaşlarım!" yazmışdı. Təbii ki, o
dövrdə camaatın böyük
əksəriyyətinin savadsız olmasına baxmayaraq, jurnal
böyük maraqla qarşılanmışdı, elə ilk
sayından oxucu rəğbəti qazanmışdı. Bu
səbəbdən də jurnalın ikinci sayı 5 min tirajla
çap olundu.
Mirzə Cəlilin "Molla Nəsrəddin" jurnalı
millətimizin dərdlərindən hali olması, taleyinin
yiyəsi olmasında əhəmiyyətli iş gördü.
Onun yazdıqları uzun müddət millətimiz
üçün aktuallığını saxlayacaq.
Təəssüf ki, biz həmişə daha çox dərdi
təsvir etməyə meylli olmuşuq, bu səbəbdən
də dərdimiz ölməyib, amma dərdlilərimiz
ölüb gediblər. Mirzə Cəlilin
qələmi, "Molla Nəsrəddin" jurnalı
milləti dərdindən üstün olmağa, taleyi ilə
barışmamağa, qaranlıq dünyasını ruhu
ilə işıqlandırmağa
çalışırdı. "Molla Nəsrəddin"
məktəbi sıradan bir ədəbi məktəb deyildi,
çünki gerçək dərdlərdən
yoğrulan qələm sahibləri millətin problemlərini
sadə, anlaşıqlı bir dildə yazmağı
bacarırdılar. Bu səbəbdən də jurnalın
bütün sayları əl-əl gəzirdi.
"Molla Nəsrəddin"in çıxdığı
zaman mürəkkəb bir dövrə təsadüf
etmşdi. Zaman o zaman idi ki, millətimiz taleyin
ümidinə buraxılmış, başına gələn
faciələrin təsirindən sarsılmış,
özünə yadlaşmışdı. Mirzə Cəlilin
aqibətinə çarəsiz milləti üçün
yanıb-yaxılmaq, ona düzgün yol göstərmək,
nöqsanlarına güzəşt etməmək,
böyüklüyünə inandığı xalqını
böyütmək düşmüşdü. O,
əlindəki pulla neftli torpaq sahəsi ala, başqaları
kimi milyonçu, kapitalist də ola bilərdi, amma bunu
etmədi. Mirzə Cəlilin son dərəcə
təpərli olduğu məlumdur. O, bütün
imkanlarını bir məqsədə yönəltdi: pulunu,
var-dövlətini xalqının maariflənməsi, irəli
getməsi üçün qoydu, bu yolda fədakar və
təmənnasız xidmət göstərdi. Düz yol
seçdiyindəndir ki, Mirzə Cəlil yenə də
bizimlədir.
"Molla Nəsrəddin"i bu gün də yaşadan
dediklərinin, yazdıqlarının yüz il sonra da aktual
olmasıdır. Cəlil Məmmədquluzadə
elə bir əsaslı məsələdən
yapışıb ki, xalqın nadanlıqdan insanlığa,
yalandan həqiqətə, qorxudan cəsarətə, naqislikdən
kamilliyə, ədalətsizlikdən ədalətə,
həqarətdən ləyaqətə, pislikdən
yaxşılığa gedib çatacağı günə
qədər dediklərinin ona lazım
olacağını düşünüb. Bu, xalqın
ruhən içəridən dəyişməsi
məsələsidir. Mircə Cəlilin
böyüklüyünün də əsas cəhəti bundan
ibarətdir. Yüz il əvvəlki kimi
ağıllı söz eşitməyib it
boğuşdurmağa, xoruz döyüşdürməyə,
fal açdırmağa, min cür mənasız və axmaq
iş dalınca gedənlərin sayı aqillərin,
alimlərin, millət üçün lazımlı
adamların sayından çoxdur. Bu səbəbdən
də Mirzə Cəlil deyirdi: "Ey mənim yüz il sonra
dünyada yaşayacaq millətim! Əgər bir gün hardansa
"Molla Nəsrəddin"in saralmış və
cırılmış vərəqləri əlinə
keçsə, onda mənim milləti nahaqdan tənqid etdiyimi
fikirləşmə".
Jurnalı vərəqlədikcə adamın
qaşları düyünlənir, yumruğu
sıxılır; bu gün dünyada erməni
təbliğatı və fitnəsi qarşısında gecikdiyimizi
etiraf edirik, əslində bu, yüz il əvvəlki
halımızın genetik təzahürüdür.
"Molla Nəsrəddin"in də
səhifələrindən görünür: erməni
fitnəsi acı səslənsə də, türk
sadəlövhlüyümüz üzərində yaranıb
və at oynadıb.
Biz tarixin çox çağlarında
düşmənlərimizə belə inancıl olmuşuq,
fərqinə varmamışıq ki, qarı düşmən
dost olmaz. Mirzə Cəlil millətin bu mənada
nöqsanlardan təmizlənməsi yolunda qibtə ediləsi
səviyyədə işlər gördü.
"Molla Nəsrəddin"in nəşrindən sonra
jurnalın ətrafında satirik realist -
mollanəsrəddinçi ədəbi mühit yarandı: C.Cabbarlı,
Ə.Haqverdiyev, Ə.Nəzmi, M.Ə.Sabir,
Ə.Qəmküsar, M.S.Ordubadi kimi Azərbaycan
ədəbiyyatının simaları bir əqidə
üçün M.Cəlilin ətrafında
birləşdilər. Bu şəxslərin millət
uğrunda xidmətləri ancaq təmənnasızlığa
əsaslanırdı. "Molla Nəsrəddin"in 25 illik
(1906 - 1931) fəaliyyəti dövründə yalnız
M.Ə.Sabirə ayda 10 manat qonorar verilib, bu, şairin
jurnalın ikinci sayından başlayan əməkdaşlığından
ölümünə qədər davam edib.
Azərbaycanda, eləcə də dünyada satira ilə
məşğul olanlar digər janrlarda yazıb-yaradanlardan
həmişə az olublar. Bu gün də belədir. Karikatura
janrında gülüş bütün tərəfləri
ilə açılır. Gülüşlə
insanı müəyyən mənada islah etmək olar, amma
bütün hallarda şübhəsiz, gülüş
insanı xilas etmir. Əgər ədəbiyyatla, rəssamlıqla,
sənətlə insan xilas olsaydı bu, xoşbəxtlik
olardı. Sənət bu mənada yaxşı bir vasitədir,
amma onun məqsədə çevrilməsi
gərəkdir. Sənət məqsəd olanda
xəlqi xəttə çevrilir, vasitə olanda isə
özünü tam ifadə edə bilmir. 20-ci yüzilin
əvvəllərində xeyli satirik jurnallar vardı. İlk
satirik jurnal "Molla Nəsrəddin"dən sonra (1906-1920)
15-dən çox jurnal çıxmışdı.
Düzdür, o dövrdə xeyli siyasi-ictimai nəşrlər
də vardı, amma satirik
nəşrlərə maraq birdən-birə yarandı. Və
bu nəşrlərin hər birinin özünəməxsus
yönü, yolu vardı. Mirzə Cəlilin ən
böyük fədakarlığı onda idi ki, o dövrdə
avam camaata şəkillə çox söz deyə bildi. 8
səhifəlik jurnalda çox zaman elə olurdu ki,
şəkil bütün səhifəni tuturdu. "Molla
Nəsrəddin"i o dövrün adamlarının
hamısı oxuya bilmirdi, amma jurnalda qaldırılan
problemlərə demək olar, avamlar da anlayıb gülə
bilirdilər.
Burada əsas məsələ həm də
jurnalın Rotter, Şmerlinq, Əzim Əzimzadə kimi
güclü rəssamlarının olması idi. İlkin
dövrlərdə jurnalla güclü əməkdaşlığa
başlayan Rotter və Şmerlinq o dövr Azərbaycan tipini
bütün incəliklərinə qədər öz
karikaturalarında ifadə edə bilmişdilər.
Hər halda belə cəhətlərin ifadə edilməsi
birbaşa Mirzə Cəlilin hünəri idi.
Bütün karikaturaların ideyavericisi Mirzə Cəlil idi.
Bu rəssamlar doğrudan da peşəkar idilər. Jurnalın ilk sayından başlayaraq
rəğbət doğurmasının
səbəblərindən biri bu idi.
İndi dünya karikatura sənətində elə silsilə
əsərlər yaranır ki, bunlar sözün əsl
mənasında insanı güldürməkdən daha
çox düşündürür. Sırf
güldürən karikaturalarla yanaşı sarsıdıcı
karikaturalar da var. Bu karikaturalarda gülüş
tamaşaçını yaxşı mənada sarsıda
bilir. Əslində bu, tamaşaçının boyunu
qaldırır. Rəssamlıqda karikaturanın
başqalarından fərqli gücü var, amma xilasedici
halı yoxdur.
Karikaturada insan idrakın məntiqi ilə gülür.
Mirzə Cəlilin yazdıqları idraki gülüş idi.
Böyük yazıçı mövzunu dərk etdiyi
dərəcədə aydın şəkildə oxucuya çatdırırdı.
Ümumiyyətlə, böyük əsərlərdə
ifadə olunan gülüş əslində idraki
gülüşdür. Mövzu idraki
qayğılandırır ki, onun belə bir sanballı
biçimi yaranır. İdrakın mövzusuna
çevrilməyən gülüş uğur qazana bilmir.
Mənalı gülüş cəmiyyətdəki avamlıq
səviyyəsini hədəf seçir. Mirzə Cəlilin
gülüşü dərdli gülüş idi.
Gülüşün böyüdücülük
xüsusiyyəti də var. Elə bir oxucu varmı ki, "Poçt
qutusu"ndakı Novruzəlinin avamlığına
gülməsin və həm də güldüyü
dərəcədə kədərlənib
düşünməsin? Məşhur
"Ölülər" də həmçinin. Artıq bu
əsər xalqın yaddaşında örnəyə
çevrilib. Mirzə Cəlil bu mövzunu obrazlaşdıra
bildi. Düzdür, Şeyx Nəsrullahlar yenə də var,
amma artıq xalqı aldatmaq olmur. Mirzə Cəlil xalqın
oyanmasında misilsiz iş gördü, Sabirin satiraları da
bu işdə əhəmiyyətli rol oynadı.
Son tədqiqatlar nəticəsində
adıçəkilən jurnalda 21 karikaturaçı
rəssamın çıxış etdiyi təsdiqlənir. Bu
gün biz həm də fəxrlə karikatura sənətimizin
102 yaşını qeyd edirik. Bir əsrlik dövr isə
dünya karikaturası tarixində böyük
mərhələ təşkil edir. Bir dəfə
Ə.Hüseynzadə Türkiyəyə yollanarkən
yolüstü Tiflisdə düşür, fürsətdən
istifadə edib "Molla Nəsrəddin" jurnalının
redaksiyasına gedir. Mirzə Cəlillə xeyli
söhbətdən sonra deyir: "Yaxşı
yazırsınız. Doğrudan da ana dilində yazmağı
bacarmaq lazımdır".
"Molla Nəsrəddin" 25 il müddətində Tiflis,
Təbriz (8 sayı çıxıb) və Bakıda
fəaliyyət göstərib. Bakıdan başqa Tiflis və
Təbriz də o dövrdə jurnal üçün çox
doğma mühit idi.
Mirzə Cəlil bütün varlığını min bir
əziyyətlə ərsəyə gətirdiyi jurnalına
həsr etdi. Diqqətlə baxanda mahiyyətcə 100 il
əvvəllə indi bizi çox az şeyin
ayırdığını görürük. Xalq öz
nöqsanları ilə az qala 100 il əvvəlki
vəziyyətdədir. Deməli, daxildən böyümə
çox az gedib. Nə qədər ki, bu
vəziyyətdəyik, bütün üzdə
görünən uğurlarımıza baxmayaraq yerimizdə sayacağıq.
Hər halda bu məqamdan o yana geriyə yolumuz
olmamalıdır. "Molla Nəsrəddin" kimi
ədəbi abidələrimizdən bu mənada daim
bəhrələnməyimiz milli imkanlarımızı
aşkarlamağımızda hələ bizə çox
yardımçı olacaq.
Xalq cəbhəsi.- 2008.- 5 aprel.- S. 14.