Qaliboğlu E.

 

“Bakıda Babəkin heykəli qo­yul­ma­lı­dır”


Heykəltəraş Arif Qazıyev: "20 il əvvəl Babəkin heykəli üçün model hazırlamışam"

 

Heykəltəraş Arif Qazıyev 1937-ci ildə İrəvan şəhərində anadan olub. Amma dediyinə görə, ata yurdunun üzünü də görməyib. Səbəbi ailəsinin az sonra Azərbaycana köçməsi olub. Arif Qazıyevin atası tanınmış rəssam Şamil Qazıyev 1946- ilə kimi Naxçıvan Dram Teatrının baş rəssamı olub. Burada Ş.Qazıyev məşhur teatr fədailəri Miribrahim Həmzəyev Zəroş Həmzəyeva ilə birgə çalışıb. Qeyd edək ki, Şamil Qazıyev həmçinin Naxçıvan Rəsamlıq məktəbinin yaradıcılarından biri ilk direktoru olub. Arif Qazıyev belə bir yaradıcının ailəsində böyüyüb.
Şübhəsiz ki, heykəltəraş sənətini seçməsində atasının rəssam olmasının mühüm təsiri olub. Əzim Əzimzadə adına Rəssamlıq məktəbinin heykəltəraşlıq bölməsini bitirib
. Bunun ardınca isə Moskvadakı məşhur Surikov adına Rəssamlıq İnstitutunu bitirib. Heykəltəraşın sənət uğurları tez başlayıb. "Balıqlar" əsəri o vaxtkı ümumiittifaq sərgisində yer tutub, hazırda Barnaul İncəsənət muzeyində saxlanılır: "1965-ci ildə Bakıya qayıdıb gələndə artıq 14 sərgim keçirilmişdi".
Heykəltəraşın "Cəngi", "Qafqaz qartalları" kimi əsərlərinin ardınca Babək Xürrəmidin obrazının yaradılması ilə bağlı xeyli əziyyət çəkib: "1988-ci ildən Babəkin heykəli ilə bağlı işləri görmək mənə tapşırıldı. Heykəlin eskizləri var, modeli tamam hazırdır, amma təəssüf ki, hökumət tərəfindən tərpənən yoxdur. İndi bilmirəm ki, neyləyim? Babəkin heykəlinin "Gənclik" metrosu yaxınlığındakı "Qələbə" meydanında, üzü Respublika Stadionuna tərəf qoyulmasını istəyirəm. Orada böyük dairə var, həmin meydan "Qələbə meydanı" adlanır. Meydan "Qələbə" adlandığına görə, oranı seçmişəm".
Azadlıqdan başqa bir nəfəs, yol tanımayan, 23 il xalqımızın azadlığı uğrunda qılınc çalan qəhrəman Babək Xürrəmidinin bu gün özümüzə, soyumuza daha yaxşı tanıdılmasına gərək var. Bu mənada hələ sovet dövründa haqqında iki seriyalı rəngli bədii film çəkilən, bir neçə romanlar yazılan, şeirləşən, ədəbiyyatda obrazlaşan Babək Xürrəmidinin hekykəlinin yaradılması haqqında 20 il əvvəl dövlət səviyyəsində qərar çıxarılsa da, bu gün müstəqilliyimizin 18-ci ildönümündə belə bir istəyin hələ gerçəkliyini tapmaması ən azı təəccüb təəssüf hissi doğurur. Necə olur ki, hələ Bakıda 26 Bakı Komissarının memorialı, komissarların ayrıca heykəlləri durur, amma qəhrəman Babəkimizə heykəl qoyulmur?
Belə bir xəlqi işə pul ayırmaq çətin məsələdirmi? Xalqa vətənpərvərliyin, Vətəni sevməyin gerçək nümunəsini göstərən yenilməz Babəkin nədən buna haqqı olmasın? Azərbaycanın obrazını möhtəşəm ruhuyla yaradan qəhrəman Babək niyə
heykəlsiz qalmalıdır? Heykəltəraş Arif Qazıyev deyir: "Mənə elə gəlir ki, Babək kimi qəhrəmanın mütləq Bakıda heykəli qoyulmalıdır. Həmçinin tarixi keçmişimizdəki Tomiris, Cavanşir kimi qəhrəmanların da heykəli qoyulmalıdır. Ermənilər uydurma Sasunlu Davidə heykəl qoyublar, halbuki o, tarixi şəxsiyyət deyil, amma bizim bu cür şəxsiyyətlərimiz ola-ola onların heykəllərini qoymuruq".
Şübhəsiz ki, Babək Xürrəmid kimi qəhrəmanın heykəli möhtəşəmliyi ilə diqqəti cəlb etməlidir.
Arif Qazıyev hesab edir ki, təkcə Babəkin heykəli at üstündə təxminən 7 metr olmalıdır: "Adamı təəccüb bürüyür, bu cür qəhrəman tarix boyunca daha çox yamanlanıb, əsl obrazı yaranmayıb. O dövrdə ərəblər bizi dilənçi kökünə salmışdılar, nəyimiz varsa, qarət edib aparırdılar".
Arif Qazıyev Babəkin Naxçıvanda at üstündə qoyulmuş heykəlini bəyənmir. O, həmçinin Koroğlunun da Naxçıvandakı heykəlini sənətkarlıq sarıdan bəyənmir: "Təəssüf ki, qəhrəmanlarımıza heykəl qoymaq sarıdan ermənilərdən geridə qalmışıq. Tələsik görmək olmaz. Koroğlunun heykəlini Bakıda Tokay Məmmədov düzəltməli idi, Babək Xürrəmidinin heykəli kimi Koroğlunun da heykəli Bakıda qoyulmayıb. Bu işlərin hamısını hökumət eləməlidir, mən kiməm ki, adi heykəltəraşam. Hökumətdən xəbər yoxdur. Bu barədə məsələni ümumiyyətlə, xalq qaldırmalıdır ki, Babəkə, Koroğluya, Tomirisə heykəl qoyulsun. Caparidzenin, Əzizbəyovun heykəlləri bu gün kimə lazımdır?"
Arif Qazıyev bu yaxınlarda Xocalı qurbanlarına ucaldılmış abidəni ideyaca mükəmməl hesab etmir: "Əvvəlki heykəl yaxşı deyildi, amma hər halda bundan məzmunlu idi".
Özünəməxsus dəst-xəti olan Arif Qazıyevin yaradıcılığında millilik xətti əsasdır.
Heykəltəraşın yaradıcı sənət cərəyanlarına münasibəti maraqlıdır: "Hər dövrün öz tələbi var. Heykəltəraşlıq incəsənətin qəliz sahəsidir. Baxır hansı mövzunu hansı materialda işləyirsən. Bunların hər birinə öz yanaşma tərzin olmalıdır".
Sabit Rəhmanın, Aslan Aslanovun başqalarının barelyeflərini yaradan Arif Qazıyev bildirir ki, "Cəngi" (2,5 metrlik) adlı işi Filarmoniyanın qarşısında qoyulmalı idi, lakin alınmadı. O, indiyə kimi çoxlu paxıllıq məqamlarıyla üzləşdiyini, lakin ruhdan düşmədiyini deyir: "Qafqaz qartalları" da heykəlləşdirmək istəyirdim, alınmadı. Mən milli ruhda işləməyi çox sevirəm. Yeni üslubları da dəyərləndirirəm. Məsələn, "Qarabağ şikəstəsi"ni yeni üslubda işləmişəm".
Heykəltəraş heyvanat aləmi, quşlar, uşaq dünyası sairlə bağlı əsərlər yaradıb. Deyir ki, sənətdə onun üçün mövzu qıtlığı yoxdur. Heykəltəraş oğlu Samirin tamam fərqli yaradıcılıq yoluna gəlincə, Arif Qazıyev deyir: "Mən həm Rəssamlıq Akademiyasında dərs deyirəm. Heç vaxt tələbəmə demirəm ki, bu cür işlə. Hər bir insanın daxili dünyası var. Yaradıcı insan əsəri daxili dünyasının tələbinə uyğun işləməlidir".
Azərbaycan heykəltəraşının dolanışığına gəlincə, Arif Qazıyev bunun heç ürəkaçan olmadığını deyir: "Bir-iki nəfəri çıxmaq şərtilə bu gün heykəltəraşlıqda dolanmaq çətindir. Bu gün heykəl sifarişləri bir neçə heykəltəraşın əlindədir. Sovet dövründə respublika, ümmumitifaq səviyyəli yaradıcılıq sərgiləri olurdu. Bütün bu yaradıcılıq sərgiləri sənətkarın daim püxtələşməsində əhəmiyyətli rol oynayırdı. İndi belə yaradıcılıq sərgiləri demək olar, yoxdur. O zaman hamı bilirdi ki, hansı sənətkarın potensialı nədir, hansı mövzu üzərində işləyir. Fərdi sərgini yaradıcı insan ömründə uzağı bir neçə dəfə açır. Məndə fərdi sərgi bu yaxınlarda oğlumla birgə Fransa Mədəniyyət Mərkəzində oldu. İndi gözləyirəm ki, Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonu təmirdən çıxsın, orada fərdi sərgi açacağam".
Arif Qazıyev Azərbaycan heykəltəraşlarının ilk nəslinin tanınmış nümayəndələri olan Cəlal Qaryağdı Fuad Əbdürrəhmanovun yaradıcılığını yüksək qiymətləndirir: "Cəlal Qaryağdı kimi monumental üslubda işləyən heykəltəraş tapmaq çətindir. O, monumenti çox yaxşı görürdü, surətin psixologiyasını gözəl tuta bilirdi. Onun "Lenin" heykəli bir sənət əsəri kimi gözəl idi. Heçə dəfə getdim 3-cü mikrorayondakı kombinata ki, "Lenin"in başını saxlayın, gələcək yaradıcılara əsər kimi çox gərək olacaq. Amma təəssüf ki, saxlamadılar, yox elədilər. Cəlal müəllim böyük həcmdə əsəri yaxşı biçimdə işləyə bilirdi. Fuad Əbdürrəhmanovun "Səməd Vurğun"u, "Mehdi Hüseynzadə"si xoşuma gəlmir, amma "İbn Sina", "Hizami Gəncəvi"si çox gözəl alınıb".
Dünyada heykəltəraşlığın inkişafında yeni bir mərhlə başlandığını deyən Arif Qazıyev Azərbaycan heykəltəraşlarının da bu sahədə yeni üfüqlər yaratmasının gərəkliyini bildirir: "İslam dini uzun müddət rəssamlığa, heykəltəraşlığa imkan verməyib. İndi həmin dövrlər arxada qalıb. 1964-cü ildə Macarıstanda oldum, gördüm ki, hər bir kənddə çoxlu heykəllər var. Amma Bakıda sovet dövründən qalan heykəllər azaldığından sanki çılpaq bir adamı görürük. Deməli, bu sahədə yeni-yeni əsərlər gərəkdir, Azərbaycan heykəltəraşlarının potensialı çox güclüdür. Hətta cavanlar arasında da güclü heykəltəraşlarımız var.
Tələbələrimə deyirəm ki, həmişə milli ruhda böyüyün, millətimizi yaşadan heykəltəraşlıq əsərləri yaradın

 

Xalq cəbhəsi.- 2008.- 30 aprel.- S. 14.