Allahverdiyev E.

 

13 məhəlləsi, 14 min nəfər əhalisi olan min illərin Ərkivanı

 

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin "Azərbaycan-telefilm" Yaradıcılıq Birliyi daim aktual, tamaşaçı marağına səbəb olan, milli adət-ənənələrimizi, tariximizi, mədəniyyətimizi özündə əks etdirən filmlər çəkir.

Haqqında söhbət açacağımız "Ərkivan" etnoqrafik, sənədli televiziya filmi də istisna deyil. Son tamamlanma işləri aparılan bu filmdə Masallı rayonunun Ərkivan kəndindən bəhs olunur. Ərkivan sıx meşəli dağların, Viləş çayının sağ sahilində yerləşir. Son dövrlər aparılan arxeoloji qazıntılar nəticəsində məlum olub ki, bu ərazidə insanlar 15-20 min il öncə məskunlaşıb. Ərkivan qalası bu kəndin ən qədim tarixi abidələrindəndir. Bu qala sübut edir ki, Ərkivan kəndi ərazisində qədim şəhər mədəniyyəti olub. Bu kəndin əhalisi bu gün tarixin onlara əmanət qoyduğu hər bir abidəyə hörmətlə yanaşır. Xalqın müqəddəsləşdirdiyi, ziyarətgaha çevirdiyi Şeyx Səfi ocağı daim ziyarətçilərlə dolu olur. Qeyd edək ki, bu məbəd dahi sərkərdə Şah İsmayıl Xətai onun babalarının adı ilə bağlıdır.

Ərkivan qədimdən üzü bəri ünlü sənətkarla ilə tanınıb. Təsadüfi deyil ki, bu kənddən 40-a yaxın alim çıxıb. 14 min əhalisi olan bu kənd 13 məhəllədən ibarətdir. Bu məhəllələrin birində Ordubaddan gəlmiş Cəlililər tayfası, nəsli məskunlaşıb ki, həmin məhəllə onların adı ilə bağlıdır.

Kənd camaatı bu gün adi, gündəlik qayğılayla yaşayır. Yuxada qeyd etdiklərimizin hər biri "Ərkivan" sənədli filmində öz əksini təfərrüatı ilə tapıb.

Filmin quruluşçu rejissoru Elşən Zeynallı söyləyir: "Filmin çəkilişləri 7 gün davam etdi. Uşaqdan böyüyə bütün kənd camaatı əlindən gələni edirdi ki, çəkilişlər uğurla apalsın. Filmdə Ərkivanın adət-ənənələri, mənəvi dəyərləri, qədim türk kəndi olması, tarixi abidələri ön plana çəkilib. Ssenariyə görə Ərkivan kəndində araşdırma aparmağa gələn bir xanım burada 7 gün qalır. Gördüklərini qeydə alır, şəklini çəkir. Filmdəki bütün faktlar bu xanımın baxışları, onun gözüylə verilib. Çəkilişlər od çərşənbəsinə təsadüf etmişdi. Bu da imkan verdi ki, biz bu kəndin Novruz adət-ənənələrini çəkib, tamaşaçılara çatdıraq. Bir faktı da qeyd edim ki, Ərkivanda yaşı 100-dən yuxarı olan məktəb var ki, bu məktəbi filmdə göstərmişik. Bundan əlavə, qədim türkçülüyün bariz nümunələrindən olan qoç qəbirlərə bu kəndin qəbiristanğında rast gəlmək olar. Çoxunun başı qırılmış bu qara qoç qəbirlərinin çox qədim tarixi var. Film boyu simvolik olaraq bir çarx fırlanır. bu çarxın fırlanması ilə biz tarixin bu günə qədər Ərkivandan keçdiyi yolu göstərmişik".

30 dəqiqədən ibarət olan bu sənədli film üzərində çalışan redaktor Vüqar Tapdıqlı, ssenari müəllifi Fərəh Cəlil, quruluşçu operator Mətləb Yaqubov, direktor Sahib Heybətov, səs rejissoru Firudin Bağıroğlu, rejissor assistentləri Məlahət Əhmədova, Mikayıl Nəsirov, montajçı Rauf Sultanov adlarını çəkmədiyimiz bütün əməkdaşlar əllərindən gələni ediblər ki, film baxımlı olsun. Əminik ki, buna nail olublar. Hal-hazırda "Ərkivan"ın son tamamlanma işləri gedir. Yəqin ki, aprel ayının sonuna kimi tamaşaçılarımız bu filmi AzTV ekranlarından seyr edə biləcəklər.

 

Ekran efir.- 2008.- 4 aprel.- S. 13.