Babayeva T.
Rasim Cəfərov
Hərdən zarafatla deyirəm ki, Azərbaycana ilk
"Oskar"ı mən gətirəcəyəm
Son illər
Mədəniyyət və Turizm Nazirliyinin gənc rejissorlar
və prodakşnlar arasında keçirdiyi "Bu meydan, bu
ekran" qısametrajlı film müsabiqəsi
çərçivəsində bir sıra filmlər lentə
alınıb. Müsabiqə bir neçə gənc
rejissora özünü sınamaq imkanı verməklə
yanaşı, "böyük kino"ya kimlərin layiq
olduğunu da müəyyənləşdirdi.
Adıçəkilən müsabiqə təkcə gənc
rejissorların deyil, həm də digər kino
mütəxəssislərinin üzə çıxmasına
da şərait yaratdı. Bu filmlər kinomanları daha bir
yeni sima ilə tanış etdi.
Bəziləri
haqqında söhbət açdığım bu adamı
milli kinematoqrafın yeni ulduzu adlandırırlar, bundan sonra
filmlərimizdə məhz belə tip personajların
dəbdə olacağını proqnozlaşdırırlar. Rəylər
müxtəlifdir. Amma bir nüans dəqiqdir ki, Rasim
Cəfərov ekranda səmimidir. Şəksiz demək olar ki,
onun uğurunu qeyri-adi cazibədarlıq və zahiri
görkəm kimi amillərlə əlaqələndirmək
olmaz. Sadəcə, bu aktyorun sifət cizgiləri ekran
qarşısında əyləşən orta statistik
tamaşaçının üz quruluşuna yaxındır.
Hər bir tamaşaçı ona baxanda özünü
görə bilir, çünki bu qəhrəman "aydan
gəlməyib", ona yaxındır. Beləliklə,
müsahibimiz gənc aktyor Rasim Cəfərovdur.
Həmsöhbətimiz sözlərinə görə o,
heç də aktyor yox, kinorejissor olmaq istəyibmiş.
- Heç vaxt aktyor
olmağı arzulamamışam, kinorejissorluğa böyük
həvəsim vardı. Orta məktəbi
bitirəndən sonra sənədlərimi Mədəniyyət
və İncəsənət Universitetinin kinorejissorluq
fakültəsinə verdim. Amma elə alındı ki, dram
və kino aktyorluğu fakültəsinə daxil oldum.
Ağlıma da gəlməzdi ki, aktyor olaram. Hətta
üçüncü kursa qədər aktyorluqda oxuduğumu
tanışlarıma deməmişdim. İndi isə bu
sənətlə fəxr edirəm.
- Səhnə fəaliyyətinə nə vaxtdan
başlamısan?
- Mən Əliabbas
Qədirovun sinfində oxuyurdum. Universitetə daxil
olduğum 1996-cı ildə Akademik Milli Dram Teatrı
təmirdən təzə çıxmışdı və
açılışını "Hökmdar və
qızı" tamaşası ilə edirdi. Həmin
tamaşada Əliabbas müəllim İbrahim xanı
oynayırdı. Bizim kursu da tamaşaya cəlb etdilər,
epizodik rollarda və kütləvi səhnələrdə
çıxış edirdik. Mənim də tamaşada
çapar kimi bir-iki kəlmə sözüm vardı. O vaxtdan başlayaraq, bir il
Akademik Milli Dram Teatrında işlədim. Daha
sonra Pantomim Teatrında çalışmağa
başladım. Üç-dörd ildir ki,
həm Gənc Tamaşaçılar Teatrında, həm
də "Yuğ" Teatrında oynayıram. Bu yaxınlarda isə "İbrus" Teatrından
dəvət almışam. Orada "Net, toest da"
tamaşasında baş rolu ifa edəcəyəm.
- Müxtəlif teatrlarda
çalışırsan. Özü də bu
sənət ocaqları tamamilə fərqli istiqamətlidirlər.
Bütün teatrları
dolaşmağının səbəbi nədir? Özünü tapa bilmirsən, ya teatrların
hamısı sənin üçün əlçatandır?
- Yox, sadəcə, mən
özümü sınayıram. Mən belə
bir təcrübəni Gürcüstanda
görmüşəm. Orada Rustaveli
Teatrının aktyorları müxtəlif teatrlarda oynayırlar.
Bu, azad yaradıcılıqdır. Mən ömrüm boyu bir teatrda, bir rejissorun
quruluş verdiyi tamaşalarda oynamaq istəmirəm. Belə isə özünü müxtəlif
rejissorlarla və müxtəlif istiqamətlərdə
sınayırsan. Heç kimdən
asılı deyilsən. Hələ ki, bu
üsulla işləmək məni qane edir.
- Elə bir rejissor var ki, onunla işləmək arzusundasan?
- Mən Bəxtiyar Xanızadə, Vaqif İbrahimoğlu, Vaqif
Əsədov kimi rejissorlarla işləmişəm. Hazırda Azərpaşa Nemətovla
çalışıram. Demək olar ki,
tanınmış teatr rejissorlarımızın hamısı
ilə işləmişəm. Bircə
Bəhram Osmanov qalıb.
- 12 il teatrda
işləsən də, səni kinoya
çəkiləndən sonra tanıdılar. "Ev"
filminə necə düşdün? Asif
Rüstəmovla əvvəldən
tanışlığın vardı?
- Asifi Universitetdə oxuduğum vaxtlardan
tanıyırdım. Bir kurs işində,
mən aktyor, o isə ikinci rejissor və montajçı kimi
də, işləmişik. Ona görə
də tanışlığımız vardı. Eşitdiyimə görə, Asif "Ev" filminin
ssenarisini mənə görə yazıbmış. Amma sonradan nədənsə fikrindən
daşınııb, başqa aktyoru çəkmək
istəyib. Filmin çəkilişləri
ərəfəsində təsadüfən onunla çayxanada
görüşdük. Üzümə diqqətlə
baxdı və dedi ki, sabah Kinostudiyaya
gəl, səninlə işim var. Ertəsi gün kinostudiyaya
gəldim, sınaq çəkilişləri oldu. İki gündən sonra zəng vurub bildirdilər
ki, baş rola məni təsdiqləyiblər.
- Hər ikiniz bu sənətdə
gəncsiniz. Çəkiliş vaxtı
bir-birinizi anlamaqda çətinlik çəkmədiniz ki?
- "Ev" filminə
qədər mən kinoda bir dəfə - Murad
İbrahimbəyovun "Uç qız" filmində epizodik
rol ifa etmişəm. Həmin filmdə baş
qəhrəmanlara saxta pul satırdım. Sözün
düzü, baş rola çəkilmək də mənə
çətin görünmürdü. Amma
çəkiliş meydançasında başa
düşdüm ki, bu, o qədər də asan başa
gəlməyəcək. Çünki bir gün filmin
sonu, sabah əvvəli, o biri gün isə
ortası çəkilirdi. Ona görə də
bir qəhrəmana aid olan bu epizodları ardıcıllıqla
sapa düzmək mənim üçün çətin idi.
Asif mənə çox kömək edirdi.
O, kinoya daha yaxın adamdır. Asifin aktyorla işləməsi
də çox maraqlı proses idi. Bir kadrı
qururduq və çəkilirdik bir kənara. Yaradıcı qrup da oturub bizi gözləyirdi.
Asiflə pavilyonda gəzişirdik,
danışırdı, nə istədiyini
çatdırırdı. Ortaq bir
qərara gələndən sonra, gəlirdik
çəkməyə. Amma bəzi kadrlar
çoxlu dubllar bahasına alındı.
- Filmdə açıq səhnə
vardı. Aktyorlarımız belə
səhnələrə çəkilməyə
öyrəşməyiblər. Əslində, heç
tamaşaçılar da aktyorlarımızdan bunu
gözləmirlər...
- Filmdə belə bir səhnənin
olması normaldır. Düzdür,
çəkiliş vaxtı müəyyən narahatlıq hiss
edirsən. Amma bunu tamaşaçı hiss
etməməlidir. Belə açıq
səhnələr tamaşaçıda ikrah yaratmırsa,
iyrəndirmirsə, ondan istifadə etmək olar. Filmin
premyerasından sonra mənə bir jurnalist
yaxınlaşdı və sual verdi ki, "qorxmadınız?". Soruşdum "nədən?", dedi "təzyiqlərdən". Çox təəccübləndim. Əgər filmdəki açıq səhnə
estetik, gözəl görünürsə, filmdə yamaq
təsiri buraxmırsa, niyə də bundan istifadə
etməyək?
- "Ev"dən sonra növbəti "Bu meydan, bu
ekran" müsabiqəsi çərçivəsində
çəkilən "Yalançılar" filmində
baş rola çəkildin...
- "Yalançılar"a çəkilməyimi filmin
rejissoru Əbdülqəni Əliyevdən başqa heç kim istəmirmiş. Hamı buna
qarşı çıxırmiş. Deyirdilər
ki, mən Mehriban Zəki ilə uyğun gəlmirəm. Amma rejissor təkid edib, inadından dönməyib.
Həmin dövrdə mən cərrahiyyə
əməliyyatı keçirmişdim, yataqdan qalxa bilmirdim.
Elə sınaq çəkilişlərini
də evdə apardılar. Nəticədə
mən çəkiləsi oldum. Bilmirəm,
rejissor düz, ya səhv qərar qəbul edib.
- Bu, Mehriban Zəki ilə ilk işiniz idi? Deyilənlərə
görə, çox şıltaq aktrisadır...
- Mən də elə eşitmişdim. Düşünürdüm
ki, mənə onunla tərəf-müqabili olmaq çox
çətin olacaq. Gözüm
qorxmuşdu. Amma əks
mənzərənin şahidi oldum. Mehriban
xanımla həm aktrisa, həm də bir insan kimi
işləmək çox maraqlı idi. O, mənə
əlindən gələn köməyi əsirgəmirdi,
məsləhət verirdi.
- Kinodakı rollarından razı qalmısan?
- Təvazökarlıq xətrinə demirəm. Həqiqətən də öz oyunumdan tam razı
deyiləm. Filmlərdə elə yerlər
var ki, orada başqa cür oynaya bilərdim. Mən çəkildiyim filmləri
inandığım, fikrinə etibar etdiyim insanlara
göstərirəm. Belə adamlardan biri
Fəxrəddin Manafovdur. Mən ona
çox inanıram, aktyor kimi pərəstiş edirəm.
Hətta bəzən onun
hərəkətlərini təqlid edirəm. Filmləri də ona göstərdim,
məsləhətlərini aldım. Mən
özüm də bilirəm ki, nəyi səhv, nəyi düz
etmişəm. Hələ mənim oyunumu
ideal saymaq olmaz. Amma bu filmlər mənim yaradıcılığımda
dönüş nöqtəsi oldular. Artıq
bir tammetrajlı və qısametrajlı filmdə
çəkilmək ehtimalım var. Hələ dəqiq
olmadığı üçün bu barədə geniş
məlumat verə bilmərəm.
- Sənin üçün teatr, yoxsa kino daha maraqlıdır?
- Mən kinonu teatrdan daha çox sevirəm. Hələ
universitetdə oxuduğum illərdə məndən
soruşanda ki, arzun nədir, həmişə zarafatla
deyərdim, "Skorsezenin filmində Robert De Niro ilə
tərəf müqabili olmaq istərdim". Hərdən zarafatla deyirəm ki, Azərbaycana ilk
"Oskar"ı mən gətirəcəyəm. Buna
inamım az olsa da, arzulayıram. Kino mənim üçün daha maraqlıdır.
Entoni Hopkins müsahibələrinin birində
deyirdi ki, mən teatra nifrət edirəm, çünki
illərlə bir tamaşanı məşq edirsən,
illərlə də həmin tamaşanı oynayırsan.
Mən teatra qarşı belə qəti
mövqedə durmasam da, müəyyən mənada
Hopkinslə razıyam. Kino bir dəfə
çəkilir, vəssalam. Səhv, ya
düz, ortaya qoyduğun budur.
- Hansı şəxsi xüsusiyyətlərin iş zamanı
sənə kömək və ya əksinə, mane olur?
- Mənim təbiətimdə bir az yumşaqlıq, elastiklik var. Bu mənə
çox kömək edir. Su kimi hansı
bardağa düşdüm, onun formasını ala bilirəm.
Amma məndə bir az utancaqlıq,
sıxılma da var. Bu isə işimdə mənə mane
olur.
- Yəqin ki, arzusunda olduğun rollar var...
- Hamleti oynamaq istərdim. Amma ona görə yox
ki, onu hamı oynayır. Ona görə ki,
mən Hamlet haqqında çox yazılar oxumuşam. Freyddən tutmuş ən böyük
Şeksperşünaslara qədər. Şekspirə
münasibət birmənalı deyil. Məsələn,
Tolstoy yazıb ki, Şekspir yazıçı deyil,
yaramazdır. Onun bacardığı
insanlara əzab verməkdir. Mən isə
düşünürəm ki, Hamlet çox maraqlı
personajdır. Mən onu Freydin
nəzəriyyəsinə əsasən, Edip kompleksi
üzərində qurub oynayardım. Amma gərək,
elə bir rejissor ola ki, onunla hər
şeyi analiz edib, eyni bir fikrə gələsən və onu
realizə edəsən. Amma artıq Şekspirin
bir - "Afinalı Timon" əsərində
çıxış edəcəm. Hazırda
Teatr Xadimləri İttifaqında Azərpaşa Nemətov
tamaşa hazırlayır. Burada
müxtəlif teatrlardan toplanmış aktyorlar
çıxış edəcəklər. Baş
rolu Fuad Poladov ifa edəcək. Mən
də həmin tamaşada rol almışam. Ümid edirəm ki, gələcəkdə Hamleti
də oynamaq mənə qismət olar. Bundan
başqa, mən Teymurləngi də oynamaq istərdim.
Xəzər.- 2008.- 12
aprel.- S. 18.