Babayeva T.

 

Yavər Rzayev Qərb həmişə Şərq mədəniyyətindən bəhrələnib

 

Azərbaycan kino aləmi özünün dirçəliş dövrünü yaşayır. Ötən illərdə olduğu kimi, bu il də bir neçə filmin çəkilişi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Həmin vəsait hesabına bu il həm Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası, həm də müstəqil prodüser şirkətləri film istehsal edəcəklər. Cari ilin siyahısına isə rejissorlar Ayaz Salayev, Yavər Rzayev, Fikrət Əliyev, Eldar Quliyevin adları düşüb. Hazırda rejissorlar çəkəcəkləri filmlər üzərində hazırlıq işləri aparırlar. Yavər Rzayevin "Bizim kino" prodüser mərkəzində lentə alacağı film barəsində geniş məlumat almaq üçün onunla əlaqə saxlayıb, söhbətləşdik.

- Yavər müəllim, səhv etmirəmsə bu, "Sarı gəlin"dən sonra ikinci bədii filminiz olacaq...
- Elədir.
Amma mən kinonu sənədli və bədii kinoya bölməzdim. Məncə, film elə bədii olmalıdır. Hətta əgər film sənədli materiallar əsasında çəkilsə belə, fərq etməz. Kino sənədli film kimi yaranıb və sənədli kimi də öləcək. Təəssüflər olsun ki, yaxın 25 ildə kino öləcək və o, sənədli kino kimi öləcək.
- Bəs, onun yerini hansı sənət növü tutacaq?
- Onun yerini televiziya tutacaq. Bəzi tənqidçilər belə hesab edirlər ki, kinematoqraf ona görə yaranıb ki, sonradan televiziyaya keçsin. Əlbəttə, kinonun ölməsi faciədir, mən kinosuz yaşaya bilmərəm. Amma yəqin ki, həmin dövrdə mən artıq film çəkməyəcəm.
- Lentə alacağınız filmə qayıdaq. Film nədən bəhs edir?
- Filmin adı "İlahi məxluqdur". Bu, üç filmdən ibarət olacaq silsilənin birinci filmidir. Həmin silsilənin ümumi adı isə "Şərq-Qərb-Şərq" adlanır. Vaxtilə Şərqdən gələn mədəniyyət Qərbdə inkişaf etdi, püxtələşdi və indi "ölür". Qərb yenidən Şərqə qayıtmağa, ona üz tutmağa məcbur olub. Silsilənin ümumi konsepsiyası belədir. "İlahi məxluq"da da sözügedən fikir öz əksini tapacaq. Bu film ilahi məxluq olan insan barəsindədir. Onun mahiyyətini bir cümlə ilə ifadə etsək, film oğlan uşağının üç gün ərzində necə kişiyə, şəxsiyyətə çevrilməsindən danışır. Qısa müddət ərzində uşaq insan kimi formalaşır. Hadisələr üç-dörd nəfər və bir canavar arasında cərəyan edir. Onların vasitəsilə sivilizasiyanın tarixi barədə danışmağa cəhd göstərəcəyəm.
- İstədiyiniz yaradıcı heyəti toplaya bilmisinizmi?
- Film hazırlıq mərhələsindədir, rejissor ssenarisi yazılır. Yaradıcı heyətə gəlincə isə, çoxlarının adı dəqiqləşməyib. Film üzərində xalq rəssamı Rafiq Nəsirov çalışacaq. Baş prodüser isə Heydər Dadaşovdur. Filmin operatorunun kim olacağı məlum deyil. Çünki "İlahi məxluq" çox qəliz filmdir. Heç kimin xətrinə dəymək istəmirəm, amma öz kadrlarımız arasında uyğun mütəxəssis yoxdur.
- Bəs, baş qəhrəmanlarınız kimlərdir? Onları hansı aktyorlar ifa edəcək?
- Düzü, filmə qeyri-peşəkarları, həvəskarları çəkmək istəyirdim. Filmdəki hadisələr təbiətin qoynunda, dağların əhatəsində baş verir. Filmin qəhrəmanlarını da elə həmin yerlərin camaatından seçmək istəyirdim. Əfsuslar olsun ki, alınmadı. Ona görə də peşəkar aktyorlarla işləməli olacağam. Hələlik adlarını açıqlamıram, danışıqlar gedir. Onu deyə bilərəm ki, filmi tanınmış simalar canlandıracaqlar. Bir çətinlik də ondadır ki, bu filmdə əsas aktyorlardan başqa, uşaq və canavar da çəkilməlidir. Bizdə canavarla işləmək üçün mütəxəssis yoxdur. Ümumiyyətlə, canavar təlimə uyğunlaşmayan, əhliləşməyən çox çətin heyvandır. Belə canavarlar Rusiyada, Qazaxıstanda var. Onlar daim çəkilişlərə cəlb olunurlar. Buna baxmayaraq, mütləq canavar tapmalıyıq.
- Bəs, çəkilişləri harada aparacaqsınız?
- Bir neçə yeri nəzərdən keçirmişik. Çəkilişləri Xınalıq kəndinin ətrafında, ya da Talış meşələrində aparmaq istəyirik.
- Filmin büdcəsi fikrinizdə tutduğunuz ideyanı reallaşdırmağa bəs edəcək?
- Filmin büdcəsinin nə qədər olduğunu bilmirəm, bilmək də istəmirəm. Bu işlərlə baş prodüser məşğul olur. Hər şeyi o, planlaşdırmalıdır.
- "Sarı gəlin" filminiz birmənalı qarşılanmadı. Bəzi tənqidçilər onun vaxtından əvvəl çəkildiyini dedilər. Film xarici ölkə festivallarına getsə də, yerli tamaşaçılar onu qəbul etmədilər. Ehtiyat etmirsiniz ki, növbəti filminiz də eyni aqibət yaşayar?
- Ola bilər, bundan sığortalanmamışam. Amma nə etmək olar? Sözün düzü, bu məni o qədər də narahat etmir. Ümumiyyətlə, məni yolda, bazarda tanısınlar kimi məsələlər düşündürmür.
- Son dövrlər Azərbaycan kinosunun qarşısında duran məqsədlərdən biri də çəkilən filmlərin xarici festivallara çıxışıdır. Hələ ki, buna nail ola bilmirik. Üstəlik, əcnəbi prodüserlər də yerli rejissorlarımızla ortaq filmlər çəkmək istəmirlər...
- Deməzdim ki, filmlərimiz festivallarda iştirak etmirlər.
Sadəcə, belə filmlərimiz çox azdır. Əcnəbi prodüserlərlə işə gəlincə isə, yenə də bayaq qeyd etdiyim konsepsiyaya qayıdıram. Bir millət o zaman kamil sayılır ki, digər millətin dəyərlərini, mədəniyyətini anlamağı bacarır. Məsələn, mən hansısa bir Qərb əsərinə baxıram və onun mahiyyətini başa düşürəm. Qərbdə isə bu qiymətləndirmə prosesi indi-indi başlayır. Onlar Şərqə qayıtmağa, onun mədəniyyətini, dəyərlərini anlamağa çalışırlar. Qərb artıq tükənib. Bu özünü dramaturgiyada da göstərir. Onlar yazmağa mövzu tapmırlar. Qərb həmişə Şərqin mədəniyyəti ilə qidalanıb. Yaxın 30 ildə hələ çox maraqlı proseslərin şahidi olacağıq. İndi
London, Nyu-York kimi böyük şəhərlərin muzeyləri Şərq ölkələrinə məxsus eksponatları, sənət nümunələrini onların özünə qaytarırlar. O ki, qaldı bizə, biz də digər millətlərin mədəniyyətlərini qiymətləndirməyi bacarmalıyıq.
- Qloballaşma dövründə Qərbin diqqətini nə ilə cəlb edə bilərik?
-Yeni ideyalarla. Bu ideyalar Şərqdədir. Bizdə də potensial var. Yeni gənc nəsil yetişməkdədir və mənə elə gəlir ki, onlar bu missiyanın öhdəsindən layiqincə gələ biləcəklər. Sadəcə, məni bu gənclərdən bəzilərinin pula can atması narahat edir. Ad çəkmək istəmirəm, amma çox istedadlı uşaqlar var ki, bu üzdən klip estetikası səviyyəsində qalıblar. Amma ümumilikdə götürəndə, tərəqqi gedir. Biz yaxşı mənada dünyada gedən proseslərin içindəyik və öz sözümüzü demək istəyirik. Ötən əsrin 90-cı illərində mən Azərbaycan kinosunun çiçəklənəcəyini deyirdim. Amma bu hadisə İranda baş verdi. Uzaqda olmadı, yaxınlıqda baş verdi. Azərbaycan kinosunda da inkişaf gedəcək. Bundan başqa, digər Şərq ölkələri, o cümlədən Əfqanıstan rejissorları da öz ideyalarını ortaya qoyacaqlar. İran rejissorları çox adi, çox səmimi mövzuları işləyirlər. Ona görə də Avropada şöhrət tapıblar. Çünki Avropada məhz səmimilik, təbiilik çatmır. Onlar sünidirlər.
- Ola bilər, bizim problemimiz ondadır ki, rejissorlarımız Avropanın, Qərbin xoşuna gələcək filmlər çəkmək istəyirlər? Bəlkə, filmləri özümüz üçün çəkək?
- Tamamilə doğrudur. Özümüz üçün çəkək, amma çalışaq ki, toy estetikasından çıxaq, heç olmasa, bir az yüksək bir şey çəkək. Qarşısına avropalılara xoş gəlmək məqsədini qoyan cavanlar var, onlar çox böyük səhv edirlər. Sən öz xoşuna gəlməlisən, özün üçün çəkməlisən. O zaman sən fərd olaraq Qərbdə də, digər ölkələrdə də maraqlı olacaqsan.
- Kinomuz böhran yaşadığı dövrdə öz ənənələrini də itirdi...
- İndi artıq yavaş-yavaş həmin kino ənənələrinə qayıdırıq. Bizim kino ənənələrimiz olub və yoxa çıxmayacaq. Bizim dahi rejissorlarımız olub, "Şərikli çörək", "Sən niyə susursan", "Bir cənub şəhərində" kimi filmlərimiz var. Odur ki, həmin ənənələr tədricən yenə qayıdacaq.
- Yavər müəllim, bəzi rejissorlar film çəkməzdən əvvəl özlərinə yaxın bildikləri tanınmış rejissorların işlərinə baxırlar. Siz film çəkilişlərinə necə hazırlaşırsınız?
- Hər insanın öz intellektual "baqaj"ı var və bu ona işində kömək olur. Nə qədər çox kitab rəfin varsa, bu sənin xeyrinədir. Mənə filmin hər hansı yerindən istənilən epizodları görmək kifayət edir ki, sonra onları bir film formasına salım. "Şərq-Qərb-Şərq" konsepsiyasına qayıtsaq, bizim ənənələri, fəlsəfəsi və tarixi ilə zəngin olan xalqımız var, amma bizi hələ eşitmirlər.
- Bəlkə, eşitdirə bilmirik?
- Həm eşitdirə bilmirik, həm də eşitmirlər. Xristian həmrəyliyi deyilən anlayış var. Onlar bəzən öz dinindən olan xalqlara bir cür, müsəlmanlara isə tamam başqa cür yanaşırlar.
- Bu yaxınlarda Vatikan ilk dəfə olaraq etiraf etdi ki, İslam möminlərinin sayına görə katolikləri ötüb keçib və dünyanın ən böyük dinidir...
- Düzdür. Təbii ki, indiki və bundan əvvəlki Roma Papası bu prosesləri əvvəlcədən görür və onların nə ilə nəticələnəcəyini çox gözəl başa düşürdü. Bizim vaxtımız gəlib, işləməliyik. Bunun üçün bizim savadlı alimlərimiz, istedadlı yaradıcı adamlarımız da kifayət qədərdir.

 

Xəzər.- 2008.- 5 aprel.- S. 18.