Məhərrəmova T.
“Az-çox
qalan kino işçilərini qorumaq lazımdır"
Ümumittifaq
Kinematoqrafiya İnstitutunu bitirib "Azərbaycanfilm"
kinostudiyasında fəaliyyətə başladığı
vaxtdan 40 ilə yaxın vaxt keçir. Əməkdar
incəsənət xadimi Amin Novruzov bu illər ərzində
milli kinomuzun səhifələrinə parlaq
hərflərlə yazılan bir çox filmin
quruluşçu operatoru kimi tanınır. Belə ki, o, "Cin
mikrorayonda", "Süd dişinin ağrısı",
Güzgü", "Özgə vaxt", "Ləqəbi
İkadır" və s. bədii filmlərin, eləcə
də bir çox sənədli filmin quruluşçu
operatorudur.
Bu gün A.Novruzovu kinomuza
dövlət tərəfindən göstərilən
diqqət nə qədər sevindirirsə, peşəsinin
mövcud durumu da bir o qədər narahat edir.
- Auditoriyada tələbələr
qarşısında sənətinizin sirlərindən
danışmaq asandır, yoxsa çəkiliş
meydançasında olmaq?
- Hər ikisi
çətindir. Hər birinin özünəməxsus
cavabdehliyi və məsuliyyəti var.
- Ötən həftə mərhum
operator Teyyub Axundovun xatirə gecəsində olarkən onun
haqqında: "Teyyub Axundov kameranın dostu idi" fikri
səsləndi. Siz də kameranı özünüzə dost
hesab edirsiniz, yoxsa çörək ağacı?
- Siz Teyyub
Axundovun adını çəkincə, doğrudan da bir
qədər kövrəldim. Çünki 1969-cu ildə
kinostudiyaya işə qəbul olunanda Teyyub Axundovun
rəhbərliyi altında "Şərikli
çörək" filmində fəaliyyətə
başlamışam. O, sənətini sevən, tələbkar
bir insan idi. Hərdən mənə elə gəlirdi ki, onun
arxada da gözü vardı. Hər şeyi o qədər
dəqiqliklə, incəliklə görürdü ki,
məəttəl qalırdım. Bu səviyyəyə
gəlib çıxmağımda onun böyük
zəhməti olub. Sonradan fəaliyyətimi davam etdirmək
üçün Ümumittifaq Kinematoqrafiya İnstitutuna getdim.
İndiyə kimi də bədii filmlər çəkirəm.
Kinokameranı sevməsən, onun dilini bilməsən, o
səni ömürlük cəzalandırar. Operatorluq
sənəti çətin olmaqla bərabər, həm də
şərəfli sənətdir. Bütün yaradıcı
kollektivin əməyinin bəhrəsi operatorun gözü
ilə kadrda cəmləşir. Ona görə də operatorluq
həm də çox məsuliyyətli sənətdir.
- Filmin ərsəyə
gəlməsində, təqdimatında daha çox reyissorun
adı hallanır. Aktyorlar isə həmişə
üzdədir. Amma sizin əməyiniz kölgədə qalır.
Bu sizə necə təsir edir?
- Film
çoxşaxəli bir yaradıcılıq
növüdür. Bir filmin ərsəyə
gəlməsində çox insan çalışır. Ancaq
filmin gələcək taleyi ilə bir nəfər
məşğul olur. Əgər həmin filmi
ayrı-ayrılıqda həm operator, həm rəssam, həm
də aktyorlar götürüb hər hansı bir festivala
aparsa, onda qarışıqlıq yaranar. Ona görə də
əvvəldən bu işlə reyissorun məşğul
olması zərurəti yaranıb. Reyissor filmi
çəkəcək qrupu formalaşdırmaqda
əziyyət çəkir, filmə quruluş verir. Bu
məni bir operator kimi həvəsdən salmır,
əksinə, operator nə qədər çox reyissorla
işləsə, filmləri daha çox olar, daha geniş
auditoriyaya çıxar. Təbii ki, yaxşı reyissorla
işləmək operator üçün
fərəhləndirici bir işdir.
- Bəzən aktyorlar "Mən
öz reyissorumu tapmışam" - deyirlər. Reyissorlar da
bəzən aktyorlar haqqında analoyi fikri
səsləndirirlər. Bəs sizin üçün necə,
hansısa bir reyissor və ya aktyor qrupu ilə
işləməyin fərqi varmı?
- Bu, çox
ağrılı problemdir. Bizim sənət elədir ki, burada
həmfikri tampaq daha məqsədəuyğundur. Təbii ki,
bunlar üst-üstə düşəndə, gözəl
olur. Əksinə olanda müəyyən mübahisələr
meydana çıxır. Bu da sonda filmin yaxşı
alınmamasına səbəb olur.
- Siz müxtəlif reyissorlarla
çalışmısınız.
Yaradıcılığınıza nəzər salanda
fikirləşirsinizmi ki, öz reyissorlarınızı
tapmısınız?
- Mən
kinostudiyanın bir çox reyissoru - Oqtay Mirqasımov, Rasim
Ocaqov, Hüseyn Mehdiyev, Vaqif Mustafayev, Teymur Bəkirzadə,
Şamil Mahmudbəyov, Ramiz Əzizbəyli və
başqaları ilə işləmişəm. Həmin
filmlərin arasında psixoloyi, komediya və s. səpkili filmlər
var. Bu reyissorların hamısı müxtəlif xarakterli
insanlardır. Mənim təbiətimə əks olanları da
var, uyğun gələnləri də. Ancaq mən təbii ki,
onlarla ortaq dil tapmışam və işimi
görmüşəm. İş prosesində məndən
nə tələb olunursa, onu edirəm. Film çəkmək
çox ağır prosesdir. Burada mübahisələr də,
küsüşmələr də, barışmalar da olur.
Ancaq nəticəyə baxanda hər şey yaddan
çıxır. Reyissorumu tapmağıma gəlincə,
adətən biz reyissoru yox, onlar bizi axtarırlar. Mən
çəkdiyim filmlərlə doğrudan da fəxr
edirəm. Onların içərisində zəifi də,
yüksək peşəkarlığı ilə
fərqlənəni də var. Operatoru olduğum
bir çox film beynəlxalq festivallarda mükafatlar qazanıb.
"Özgə vaxt" filmi İspaniyada "Qızıl
Sevilya" prizi, "Bəxt üzüyü" filmi böyük
tamaşaçı rəğbəti qazandı. Hər filmi
çəkdikcə, adam püxtələşir. İndi
elə vaxtımdır ki, sanki hər şey
içəridə qaynayır. Təəssüf olsun ki,
indi kinomuzda köhnədən qalan aparaturadan istifadə edirik. Qəribə bir tendensiya
yaranıb: reyissorlar xarici ölkələrdən operator
dəvət edirlər. Moskva məktəbini
bitirən biz sənətkarlar 5-6 nəfər
qalmışıq. Başqa
ölkələrdən operator dəvət
etməkdənsə, bizi işlədib çörək
vermək daha yaxşı olardı. Onlar adicə bir
fotoqraf səviyyəsində iş qurmağı
bacarmırlar. Bu sahəyə səlahiyyətli
adamlar yaxşı olardı ki, işin gedişatına fikir
versinlər. Qoy film çəkəcək
qrupun yığılması şəxsi mənafelər
üzərində qurulmasın, sırf
peşəkarlığa xidmət etsin. Bu,
kinomuzun inkişafına kömək edər.
- Dünyanın
kino ulduzları, məşhur reyissorları çox vaxt öz
müsahibələrində kinoda əvvəlki entuziazmın
qalmadığını bildirirlər. Sizə
necə, işiniz əvvəlki kimi zövq verir?
- Mən belə hesab etmirəm. Lenin hələ o vaxt demişdi ki, bütün
incəsənət növlərindən ən
əhəmiyyətlisi kinodur. Bizim
doğrudan da milli kinomuza ehtiyacımız var. İndi
anlaşılmaz bir zəmanədə yaşayırıq.
Gənclərimizin zövqü korlanıb. Milli
mentalitetimiz, vətənpərvərlik mövzusunda
çəkiləcək filmlərə ehtiyac var. Çox
istərdim ki, milli kinolarımızı çəkək
və bu yolla gənclərimizi uçuruma gedən yoldan xilas
edək. Televiziya ekranlarına baxanda dəhşətə gəlirsən.
Dözülməz bir şərait yaranıb. Nə
qədər gec deyil, bunun qarşısını almaq
lazımdır.
- Siz bir çox
sənədli filmin də operatorusunuz. Sizcə
sənədli film bumu artıq ölüb?
- Yox, ölməyib. Ancaq
bu gün bədii kinoya olduğu kimi, sənədli
filmlərin çəkilməsinə də böyük
ehtiyac var. Televiziya kanallarını açan kimi yalnız
müğənnilər ekrana gəlir. Ancaq
ölkəmizdə elmi işçilər,
fəhlələr, neftçilər, müəllimlər
və b. müxtəlif peşə sahibləri var. Onlar
hamısı kölgədə qalıb. Bu
peşə sahiblərinin həyatı haqqında
sənədli filmlər çəkib nümayiş
etdirmək lazımdır. Sənədli
filmin bir xüsusiyyəti də həmin insanların
həyatını çəkmək, gəncləri
tərbiyə etməkdir. Yoxsa gənc
nəsil haradan bilsin ki, gecə-gündüz ekranlardan
düşməyən müğənnilərdən savayı
həyatda başqa insanlar da var. Ona görə sənədli
filmə bu gün də zərurət var,
gələcəkdə də olacaq.
- Hər halda bu gün
müxtəlif televiziya kanallarının bazasında
sənədli filmlər çəkilir. Siz bir peşəkar
kimi o filmlərdən razı qalırsınızmı?
- İndi bazar
iqtisadiyyatı dövrüdür. Hər bir adam sponsor tapıb film
çəkə bilər. Bunu bir qədər
nizamlamaq çətin məsələdir. Onlar onsuz da öz-özlüyündə sıradan
çıxacaqlar. Hesab edirəm ki,
dövlət tərəfindən kinostudiyaya böyük
diqqət göstərilməlidir. Kinostudiyanın
texniki bazası yüksəldilməlidir. Az-çox
qalan kino işçilərini də qorumaq lazımdır.
Belə olan təqdirdə onların
çəkəcəyi filmlər bizim çəkdiyimiz
filmlərin kölgəsində qalacaq.
- Siz
"Mozalan" kinoyurnalında da işləmisiniz. 2-3 dəqiqəlik satirik süyet, yoxsa tammetraylı
film çəkmək çətindir?
- "Mozalan"
böyük bir məktəb idi. Üç
dəqiqə ərzində bir süyeti yerləşdirmək,
fikri tam aydınlığı ilə çatdırmaq
lazım idi. Biz bunun öhdəsindən
gəlirdik. Bir "Mozalan" yurnalı
üç süyetdən ibarət olurdu. "Mozalan"da
ən çox işlədiyim reyissorlar - Oqtay Mirqasımov,
Vaqif Mustafayev, Ramiz Əzizbəyli və başqaları olub.
Mən "Mozalan" kinoyurnalı
üçün 87 süyet çəkmişəm.
-
Sənətə operator kimi gələn Əlisəttar
Atakişiyev, Rasim Ocaqov, Hüseyn Mehtiyev sonradan özlərini
reyissurada da sınadılar. Siz özünüzdə belə
bir arzu hiss etmədinizmi?
- Görünür, adını
çəkdiyiniz şəxslərdə belə bir
tələbat yaranıb ki, özlərini bu istiqamətdə
də yoxlayıblar. Doğrudan da nəticəsi
yaxşı olub. Məndə isə
belə bir zərurət yaranmayıb. Ancaq
reyissor kimi də 2-3 filmim var. "Ləqəbi
İkadır" filmini rəhmətlik Teymur Bəkirzadə
ilə çəkmişik. Tale elə
gətirdi ki, Teymur dünyasını dəyişdi və film
bir kənara atılıb qaldı. Demək
olar ki, film itib-batmaq ərəfəsində idi. "Bu filmi məhv etmək olmaz" - deyə sanki
birdən ayıldım. Bu filmdə
dörd dövlətin aktyorları çəkilib. Filmə baxanların hamısı deyirdi ki, film
Rusiyada çəkilib.
- Bu gün
çiyninə kamera götürüb toyda, ad
günündə, küçədə həvəskar kimi
çəkilişlər edən də "mən
operatoram" deyir. Onların kinoya aidiyyəti
varmı? Ümumiyyətlə, bu gün
operatorluq sənəti hansı səviyyədədir?
-
Bugünkü vəziyyət bir qədər
acınacaqlıdır. Bu gün kinooperator yetişdirməyin
özünəməxsus çətinlikləri var.
Çünki tələbə ilk növbədə
kinolentə çəkməli, kameradan istifadə etməli,
səsyazma, aşkarlama prosesini keçməlidir. Biz
Kinematoqrafiya İnstitutunda bu məktəbi keçmişik.
Bizim üçün orada hər şərait
yaradılmışdı. İndi Mədəniyyət və
İncəsənət Universitetinin rektoru Timurçin
müəllim həmişə deyir ki, siz kino
çəkməyə başlayın, lent
məsələsini həll edəcəyəm. O, lenti
təşkil etməyə söz verib. Ancaq məsələ
təkcə lentlə bitmir. Tələbələrin
müəyyən bir film çəkmələri üçün
kamera lazımdır, sonra lenti aşkarlamaq lazımdır
və s. Əgər səviyyəli bir şey
çəkmək istəyiriksə, bütün bu texniki
şeylər lazımdır. Kinostudiyanın direktoru Xamis Muradov
bizim üçün bir montay stolu ayırıb. Hər kursda
iki-üç səviyyəli tələbə oxuyur. Biz onları niyə yetişdirməyək? Güman edirəm ki, gələcəkdə bu
problemlər həll olunacaq. Mən optimist
adamam. Qarşıdan
çalışdığım institutun 85 illik yubileyi
gəlir. Çox istərdim ki, kinoya
qayğı artırıldığı kimi,
İncəsənət Universitetinə də qayğı
artırılsın. Onda biz də
tələbələri daha dolğun, daha səviyyəli
hazırlaya bilərik.
Kaspi.- 2008.- 16 aprel.- S. 12.