Behbudqızı S.

 

Həsənağa Turabov-70

 

Yaxud Dantenin yubileyinə "gecikməyi", Kremli sosiskaxanaya "döndərməyi" bacaran şəxsiyyət başlanğıcı

 

Bu il kino sənətimizin bir neçə incisinin yubileyidir. Bunlardan biri 1978-ci ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Dantenin yubileyi" (ssenari müəllifi Anar, quruluşçu rejissor Gülbəniz Əzimzadə Anar, quruluşçu operator Rafiq Qəmbərov) ekran əsəridir.
   
   Ötən ayın 24-də isə bu filmdə baş qəhrəman Feyzulla Kəbirlinskinin obrazını yaratmış mərhum sənətkar Həsənağa Turabovun 70 yaşı tamam oldu. Biz "Dantenin yubileyi"nin bir nəsr əsəri bir ekran əsəri olaraq bədii keyfiyyətlərinin mükəmməlliyindən, istedadsız olsa da, aktyorluq sənətinin ahıl yaşına kimi fanatiki olan Kəbirlinskinin xarakterinin səciyyəsini müstəsna ustalıqla çatdıran Turabov ustalığından danışıb təkrarçılığa yol vermək fikrindən uzağıq. Sadəcə ona görə ki, bu filmi diqqətlə izləyib əlbəttə, povestin özünü mütaliə edib aktyorluq peşəsini yalnız müqtədir sənətkarların sənət yoluna məftun olub onlara pərəstiş etdiyinə görə seçən Kəbirlinskini dahi qələm ustası Dantenin yubileyinə vaxtı keçmiş dəvətnamə ilə istehza zərbəsinə məruz qoymasının fərqinə varan oxucularımızın varlığı sarıdan arxayınıq. Müəllifin finalda Kəbirlinskiyə acıyaraq onun teatr tariximizi əhatələyən zəngin fotoarxivinin sayəsində teatr tənqidçisi marağına tuş gəldiyini, başqa sözlə, elə təkcə teatrlarımızda kəbirlinskilərin bu gün olmasını etiraf etməyi bacaran oxucularımıza güvənirik. Yeganə olaraq "Sovetskaya kultura" qəzetinin 1980-ci ilin iyun nömrələrinin birində V.Bojoviçin dərc etdirdiyi "Adi həqiqətlər insan ləyaqəti haqqında" məqaləsindən bir cümləni diqqətinizə çatdırırıq: "...Anar situasiyanı gərginləşdirərək öz yapışıqlı riqqətləndirici qəhrəmanını doğrudan da tamamilə istedadsız bacarıqsız aktyor kimi göstərir istedadsız aktyoru Həsənağa Turabov ekranda öz böyük istedadının bütün parlaqlığıyla təqdim edir".
   Təsəvvür etmək çətin deyil ki, F.Kəbirlinskini Turabov yox, istedadını, bacarığını üzə çıxarmaqdan ötrü daim son dərəcə usta rejissora kəskin ehtiyac duyan hansısa ortabab aktyor oynasaydı, bu film ekrana hansı şəkildə çıxardı təbii ki, 30 ildən sonra onun haqqında danışılmazdı.
   Qəribədir ki, bütün ömrünü teatrımızın inkişafına sərf etmiş, Akademik Milli Dram Teatrının səhnəsində dominant olan pafos tərzini tamaşaçı ilə göz-gözə qalmağı, onunla üzünün, gözlərinin ifadəsi ilə "danışmağı" bacarmaq ustalığı ilə əvəz etmiş, teatrın direktoru bədii rəhbəri, Teatr Xadimləri İttifaqının prezidenti vəzifələrində çalışdığı dövrdə potensialını yenilik xatirinə yox, həqiqətən özgün adların kəşfinə, fərqli səhnə yozumlarına meydan verilməsinə yönəltmiş, nəhayət, çeşidli teatr festivallarının yaddaqalan intensivlik keyfiyyətdə baş tutmasının təşəbbüskarı təminatçısı olmuş sənət xadiminin yubileyinin layiqli şəkildə keçirilməsi nədənsə, heç kimin yadına düşmür. Akademik Milli Dram Teatrının saytı isə Həsənağa Turabova münasibətdə böyük bir məntiqsizlik nümayiş etdirməkdədir. Məsələ burasındadır ki, saytın "Bizim tarix" bölümündə Turabovun adını qeyd etmək "yaddan çıxıb". Bölümün sonunda isə belə bir qeyd verilib: "Bu səhifə üzərində davam edir yaxın gələcəkdə teatrımızın tarixini əks etdirən bölüm yeni maraqlı faktlar nadir fotolarla zənginləşdiriləcək".
   H.Turabovun sənət dostu Vaqif İbrahimoğlu: "Onun adına medalın, mükafatın təsis edilməsi Turabov şəxsiyyətinə sənətinə layiq şəkildə gerçəkləşməlidir. Vaxtaşırı bu ya digər aktyora heykəlcik təqdim etməklə kifayətlənmək olmaz. Turabovun adını daşıyacaq mükafat hər mənada böyük miqyasına görə seçilməlidir. Bu medal hər il verilməyə bilər. Çünki sənətdə şəxsiyyət başlanğıcının üzə çıxması kifayət qədər nadir hadisədir. Həsənağa Turabov isə bütün varlığı ilə şəxsiyyət başlanğıcının olduğunu göstərən insanlardan idi. Orta məktəbi bitirəndən sonra o, Odessa Dəniz Nəqliyyatı Mühəndisləri İnstitutuna daxil olmuşdu, amma I kursdan sonra fikrini dəyişmişdi. Turabov dəniz nəqliyyatı üzrə mühəndis olsaydı, mütləq parlaq bir şəxsiyyət müstəsna peşəkar kimi özünü göstərəcəkdi.
   Onun dünyasını dəyişdiyi 5 il ərzində doğum günündə sevinməyi qəbahət saymışam həmişə. Görünür, göz yaşlarımızın quruması üçün bu 5 il zəruri idi. Ünsiyyətdə son dərəcə rahat adam idi. Onunla bağlı xatirələr mütləq səmimiliyə, sərrast yumor hissinə, intellektuallığa köklənir. Yadımdadır, bir dəfə Həsənağa müəllimlə birlikdə Kremldə keçiriləcək qurultayda iştirak etməliydik. Hələ Qızıl Meydandan keçəndə məni vahimə basdı, Kremlə daxil olanda bu hiss bir az da gücləndi. Amma Həsənağa müəllim elə bir davranış nümayiş etdirdi ki, Kremllə bağlı ağır təəssüratlarım dağıldı. Deməli, foyeyə daxil olan kimi qalstukunu çıxardı, dedi ki, buranın çox yaxşı sosiskaxanası var, gedək, özün əmin olacaqsan. Vəssalam, Kreml dönüb oldu mənimçün sosiskaxana".
   H.Turabovun qızı Sevinc Turabova "Həftə içi"nin müxbiri ilə söhbətində bunları danışdı: "O, mənimçün təkcə ata deyildi. Onu da deyim ki, evdəki davranışı Gəray bəyi çox xatırladırdı. Mən onun teatrdakı bütün tamaşalarına bir neçə dəfə baxırdım. Həmişə deyirdi ki, həyatda ən çox şahmatı, payızı, bir qızımı sevirəm".
   

Həftə içi.- 2008.- 1 aprel.- S. 6.