Xəlilzadə F.
Həsənağa Turabov-70
Hələ sağlığında korifeyliyinə imza atan,
yaratdığı obrazları ilə yaddaşımıza
dərin iz salan, Azərbaycan teatr sənətinin görkəmli
nümayəndəsi Həsən Turabov haqqında
keçmiş zamanda danışmaq ağır olsa da, bu
əbədi ayrılığın xiffətini
çəkməkdən başqa heç nəyə
gücümüz çatmaz. Ürəyə təskinlik
gətirən məqam budur ki, Həsən Turabov Azərbaycan
səhnəsinin, eləcə də milli kinomuzun inkişafındakı
misilsiz xidmətlərinə görə
həmişə anılacaq. Vaxtilə onun can
verdiyi surətlərin bu gün biz başqa həmkarları
tərəfindən təqdimatını görəndə
də belə, yenə Həsən Turabovu xatırlayır, onun
fərqli jestləri barəsində düşünür,
təsiredici səsinin ahəngindəki qürur notlarından
danışırıq.
Xalq artisti, dövlət mükafatları laureatı, prezidentin
fərdi təqaüdçüsü olmuş Həsən
Turabov Azərbaycan mədəniyyətində elə bir
mövqe qazanmışdı ki, yaratdığı rolların
sənətkarlıq miqyası çox geniş idi.
Sənətşünaslıq doktoru, professor İlham
Rəhimli: "Pasportda adı Həsəndir. Ancaq
tələbə vaxtından ağayanalığı ilə
seçildiyi, öz ləyaqətini uca tutduğu
üçün dostları ona "Həsən ağa"
deyərdilər. Ayrı-ayrı tamaşaların əksər
proqramlarında, bir qism resenziyalarda, barəsində
yazılmış məqalələrdə də o,
Həsən ağa Turabov kimi təqdim olunub".
Həsən Turabov 1938-ci ildə Bakıda anadan
olub. 1956-cı ildə orta məktəbi bitirdikdən sonra
Mirzəağa Əliyev adına Azərbaycan Dövlət
Teatr İnstitutunun (indiki Mədəniyyət və
İncəsənət Universiteti) aktyorluq
fakültəsinə qəbul olunub. İkinci kursda ikən
telestudiyada fəaliyyət göstərən aktyor
truppasına işə götürülüb. Bir
müddət radioda diktorluq edən Həsən Turabov
hələ tələbə ikən mavi ekranda Fatma xanım
Cabbarova ilə birlikdə "Son xəbərlər"i
oxuyub. Tədqiqatçılar haqlı olaraq yazırlar ki,
"Azərbaycan televiziyasının ilk kişi diktoru məhz
Həsən Turabov oldu". Bu o zaman idi ki, televiziya
hələ respublikanın bölgələrinə geniş
yayılmamışdı. Heç Bakı əhalisinin də
çoxusunun evində televizor yox idi. Yəni radio daha
şöhrətli, daha diqqət mərkəzində idi. Az
keçmir ki, Həsən Turabov elə bu səbəbdən
də "Son xəbərlər"i oxumaqdan imtina
edərək radioya işə gedir. Həsən Turabovun
yaratdığı ilk rol "Yağışdan
çıxdıq, yağmura düşdük"
tamaşasında Hacı Qəmbər olub. Əslində bu
tamaşa gənc aktyorun diplom işi idi. Boy-buxunu, aydın
diksiyası, xüsusilə də əzəmətli səsi
Akademik Dram Teatrının baş rejissoru Adil
İsgəndərovun diqqətini çəkib.
Müxtəlif maneə və təzyiqlərlə
üzləşməsinə baxmayaraq, Həsən Turabov
sənətdə bəxti gətirmiş aktyorlardan olub. O,
Mehdi Məmmədov kimi sənətkarın kursunda təhsil
alıb. Ələsgər Ələkbərovun
məsləhətlərini eşidib. Əli Zeynalovun bədii
qiraət ustalığından öyrənib. Fatma Qədiri,
Leyla Bədirbəyli, Ağasadıq Gəraybəyli,
Hökümə Qurbanova, Mərziyyə Davudova kimi korifey
sənətkarlarla bir səhnədə
çalışıb. Milli Dram Teatrında
gənc aktyorun ilk dəfə iştirak etdiyi tamaşaya baxan
görkəmli sənətkarımız Ələsgər
Ələkbərovun xalq artisti Ağasadıq Gəraybəyliyə
bildirdiyi fikirlər hələ səhnədə ilk
addımlarını atan Həsənin
gələcəkdəki böyük uğurlarından
xəbər verirdi: "EAğasadıq, sözlərimdən
incimə, mən səhnədə sənə yox, o cavan
oğlanın oyununa baxırdımE Nə qədər
təbii idi, səhnədə heç boş qalmırdı.
Bizi, bax, belə gənclər əvəz etməlidir".
Yarım əsr həm teatrda, həm də kinoda
müxtəlif rolların yaradılmasında fədakar
iştirak edən, tamaşa və filmlərın maraqlı,
baxımlı alınmasında canyanğısı göstərən
Həsən Turabovun obrazlar qalereyası çox zəngindir.
İstər Azərbaycan dramaturqlarının, istərsə
də xarici ölkə yazıçılarının
səhnələşdirilmiş əsərlərində
Həsən Turabovun can verdiyi Hacı Qəmbər
("Yağışdan çıxdıq, yağmura
düşdük"), Qatil ("Şöhrət və ya
unudulan adam"), Kamal ("Əliqulu evlənir"), Azər
("Yaxşı adam"), İsgəndər
("Ölülər"), Hamlet ("Hamlet"), Xəyyam
("Xəyyam"), Kamran ("Unuda bilmirəm"),
Mirzə Cəlil ("Sizi deyib gəlmişəm"), Vaqif
("Vaqif"), Şeyx Xiyabani ("Şeyx Xiyabani")
və gedər tamaşalarda oynadığı baş rollara
Həsən Turabov həqiqi mənada öz
möhürünü vurub. Azərbaycanın
görkəmli rejissorlarından Adil İsgəndərov, Mehdi
Məmmədov, Əşrəf Quliyev, Ələsgər
Şərifov, Tofiq Kazımov, Əliheydər
Ələkbərov, Lütfi Məmmədbəyov, Mərahim
Fərzəlibəyov, Azər Paşa Nemətov və
başqaları Həsən Turabovla yaradıcılıq
əlaqəsi qurmağı çox sevirdilər. Lütfi
Məmmədbəyov deyərdi: "Həsən Turabovla
işləmək hər bir rejissor üçün çox
rahatdır. Çünki sənin
düşündüklərini, fikrindən
keçirdiklərini Həsən daha canlı, təbii, olduqca
mükəmməl şəkildə özü ifadə
edə bilir. Həmişə belə
düşünürəm ki, Həsən Turabovun iştirak
etdiyi tamaşada ikinci rejissor elə onun özüdür. Bu
insanda teatr sənətinə vacib olan nüansların
hamısı var. Ssenaristdən tutmuş baş rejissora,
hətta bədii və musiqi tərtibatına kimi -
bütün ölçüləri dəqiq və səlist
bilir". Bu səbəbdən də onunla
tərəfmüqabili olanlar sevinərdilər. Bilirdilər
ki, ən çətin məqamda Həsən Turabovun qəfil
jestləri onları xilas edəcək. Həsən Turabov olan
tamaşada darıxdırıcılıq, sükut yox idi. Maraqlıdır ki, oyunundan, səhnə
hərəkətlərindən daha çox Həsən
Turabov səsi ilə tamaşaçını
ovsunlamağı bacarırdı. Fərqi yox idi,
yaratdığı obraz baş qəhrəmandır, ya adi
surətdir, müsbət, yaxud da mənfi xarakterə malikdir.
Aktyor uçün vacib olan şərt təqdim etdiyi
obrazın daxili aləmini
özününküləşdirərək onun psixoloji
durumunu tamaşaçıya çatdırmasıdır. Yaratdığı
saysız-hesabsız obrazların içərisində
bircəciyni belə tapmaq mümkün deyildi ki,
fikirləşəsən, Həsən Turabov bu rola candərdi
yanaşıb. Xoşbəxtlikdən həmişə
maraqlı, sanballı tamaşalarda ikinci həyatını
məmnuniyyətlə yaşamağa razılıq verib.
Sənət dostları danışırdılar ki,
Həsən heç zaman zəif əsərlərin teatra yol
tapmasına imkan verməzdi. Teatra
rəhbərlik etdiyi illər ərzində bu sənət
ocağında fəaliyyət göstərən bədii
şura, sözün həqiqi mənasında, əsl
səhnə əsərlərinin qəbul edilməsinə
çalışardı.
Həsən Turabovun yaradıcılığında kino
sahəsi də teatrla bərabər
addımlayırdı. İlk çəkildiyi bədii film
"Qara daşlar" olub. Radist Hüseyn obrazı
Həsən Turabovun kinoda debütü idi. Sonralar
"Telefonçu qız", "Yun şal", "Sən
niyə susursan", "Sevil", "Yeddi oğul
istərəm", "Axırıncı
aşırım", "Səmt küləyi",
"Qatır Məmməd", "Babək",
"Nizami", "Qorxma, mən səninləyəm",
"Atları yəhərləyin", "Bəyin
oğurlanması", "Qəm pəncərəsi",
"Nakəs", "Təhminə"
və digər filmlərdə maraqlı obrazlar yaratmış
Həsən Turabov 50-dən çox filmin lent yaddaşında
özgə ömrü yaşamaqdadır.
İstər teatr sənətinin, istərsə də milli
kinomuzun inkişafında, eləcə də gənc
kadrların yetişməsində fədakar xidmətləri
olan Həsən Turabov müxtəlif
fəxri adlara, iki dəfə dövlət mükafatına
layiq görülüb. 1998-ci ildə anadan olmasının 60
illiyi ilə əlaqədar ümummilli lider Heydər Əliyev
tərəfindən "Şöhrət" ordeni,
1994-cü ildə Avropa Türkləri İslam Birliyinin "Bilim
və Sənət ödülü" qızıl
medalı ilə təltif olunub. 1991-ci ildən
ömrünün sonuna kimi Azərbaycan Teatr Cəmiyyətinin
prezidenti olan Həsən Turabovun bu sahədə də
fəaliyyəti diqqət çəkən idi. O
çalışırdı ki, Azərbaycan teatrının
səsi və sorağı müxtəlif ölkələrin
səhnəsindən gəlsin. Buna görə
də beynəlxalq teatr əlaqələrinin
yaradılmasına, simpozium və konfransların keçirilməsinə
can atırdı. Xüsusilə də monotamaşalar
müsabiqəsi təşkil edərək ayrı-ayrı
istedadlı aktyorların üzə çıxmasına,
mükafatlandırılmasına xüsusi diqqət və
qayğı göstərərdi.
Həsən Turabov kövrək təbiətli, emosional,
həssas insan idi. Onun daxili məziyyətləri
yaratdığı obrazların ovqatında da duyulardı.
İlyas Əfəndiyevin "Unuda bilmirəm"
tamaşasında yaratdığı Kamran obrazı bu
əsərə baxanların könlündə dərin iz
salıb. Həsən Turabovdan sonra səhnəyə bir
neçə Kamran gəldi. Amma Həsən
Turabovun romantik, duyğulu, yaraşıqlı, bütün
jestləri ilə tamaşaçıya nüfuz edən,
qəlbində yaşayan Kamrandan olmadı. Qəribədir,
indinin özündə də bu sənətkar haqqında
düşünəndə Milli Dram Teatrının
səhnəsində divara söykənərək kədərli
baxışları çox uzaqlara dikilmiş Kamranın - Həsən
Turabovun unudulmaz obrazı canlanır. Bəlkə də elə
bu xiffətin təsirindən hərdən Milli Dram Teatra
üz tuturuq ki, xəyalımızın qanad
açdığı yerdə unuda bilmədiyimiz aktyorla
bağlı xatirələri bir daha yada salaq. Obrazları
dolaşan bu mədəniyyət ocağında Həsən
Turabovun ruhuna dualar oxuyaq.
Azərbaycan.- 2008.- 8
aprel.- S. 7.