Mehdixanlı T.
Həsənağa Turabov
həmişə bizimlədir
Teatr sənətimizin
fədailəri korifeyləri çox olub. Hüseyn
Ərəblinskinin, Ülvi Rəcəbin, Kazım Ziyanın,
Mərziyə Davudovanın, Mirzəağa Əliyevin və
onlarla başqalarının adları bu gün də ehtiramla
çəkilir, xatirələri urvatlı tutulur. Onların
şanlı ənənəsini yaşadanlardan biri də
məşhur teatr və kino aktyoru, iki dəfə
Dövlət mükafatı laureatı olmuş,
ömrünün 60 ilinin tamamında
"Şöhrət" ordeninə layiq
görülmüş xalq artisti Həsənağa Turabov idi.
Bir zaman söhbətlərini eşidib, ifalarını
görüb qürur hissi keçirdiyimiz sənətkar
haqqında artıq keçmiş zamanda yazmağa məcburuq.
O, 70 il əvvəl Bakı şəhərində, zəhmətkeş
ailədə dünyaya göz açmışdı.
Atası Səttar kişi əlinin qabarı, alnının
təri ilə ailəsinə çörək, ruzi
gətirərdi. Anası Hökumə xanım evdar qadın
idi. Həsənağa 14 saylı orta məktəbi bitirən
ili Azərbaycan Dövlət Teatr instututunun aktyorluq fakültəsinə
qəbul olundu. Həyatının, yaşamağının
mənasını da həmin vaxtdan duyub, anladı. İkinci
kursda oxuyanda yeni fəaliyyətə başlayan respublika
telestudiyasında aktyor truppasında əmək fəaliyyətinə
başladı. İki il sonra isə ömrünü, taleyini
Akademik Milli Dram Teatrına bağladı. Yüzlərlə
rol oynadı, tanındı, sevildi, alqışlandı,
fəxri adlara, təltiflərə layiq görüldü.
1987-ci ildə istedadını,
təşkilatçılıq qabiliyyətinı
nəzərə alıb onu AMDT-nın direktoru, daha sonra
isə qurumun bədii rəhbəri təyin etdilər.
Yaradıcılığının məhsuldar,
idarəçiliyinin səmərəli keçdiyi bir zamanda -
67 yaşında amansız əcəl onu sevdiyi, sevildiyi insanlardan
həmişəlik ayırdı.
H.Turabov aktyorluq
sənətini varlığı qədər sevərdi.
Bəzən oynayacağı rollardan imtina da edərdi.
Hətta iş yerindən getmək üçün
ərizə də yazardı. Fikrini aşkar bildirərdi ki,
filan əsərdə filan rolu oynamaq istəmirəm.
Çünki həmin tipin xarakterinə enə bilmirdi. Onun
xatirələrindən oxuyuruq: "Məni görənlər
hörmətlə qarşılayır,
görüşürlər. Onların birindən bir
dəfə soruşdum ki, məni çox istəyirsən?
Cavab verdi: Əlbəttə, sizin oynadığınız
rollar mənə mənəvi zövq verir". Həsənağanın
yaratdığı obrazların hamısında reallıq,
canlı nəfəs vardı. Əsərlərin təsvir
mənzərələrindən, xarakterlərin
müxtəlifliyindən asılı olmayaraq o
çalışırdı ki, obrazın psixologiyasını,
məqsədini tamaşaçılara əhatəli,
dürüst çatdırsın. Əli bəy - (S.Vurğun
"Vaqif"), Özdəmir - (H.Cavid "Şeyx
Sənan"), Nil - (M.Qorki "Meşşanlar"), Hamlet - (V.Şekspir
"Hamlet"), Mirzə Cəlil - (Anar "Sizi deyib
gəlmişəm..."), Umud - (N.Hacızadə "Qisas
qiyamətə qalmaz") və onlarla başqa rollarda, səhnə
əsərlərində Həsənağa ifa bacarığını
uğurla nümayiş etdirmişdir.
Aktyorun nüfuz,
şöhrət qazanmasında düşdüyü
mühitdən, çalışdığı
kollektivdən, tərəf müqabilindən çox şey
asılıdır. Xüsusən, quruluşçu rejissorun
məsləhətindən, verdiyi nüanslardan bəhrələnir.
Bu baxımdan Həsənağanın bəxti gətirmişdi.
Adları teatr sənətimizin tarixində
əbədiləşmiş Adil İsgəndərov, Mehdi
Məmmədov, Tofiq Kazımovdan səhnə dərsi
almış, onların quruluş verdikləri tamaşalarda
əsas rollarda oynamışdı. Onun 42 il əvvəl
"Ölülər" əsərində
yaratdığı İsgəndər obrazı ədəbi hadisə
kimi qarşılanmışdır. Dövrün ən
nüfuzlu sənətşünası Cəfər
Cəfərov aktyorun ifa bacarığı barədə
yazmışdı: "H.Turabov rejissorun fikrinə uyğun
olaraq yaratdığı obrazın tamaşada -nə
qədər mühüm mövqe tutduğunu yaxşı
duyur: səhnədə diqqət mərkəzindədir. Mətn
və hərəkətcə əslində olduğundan daha
düşüncəli, daha hünərli görünür.
Qəhrəmanın faciəsi ağlın, sağlam
şüurun, böyük ideyanın faciəsidir. Aktyorun - H.Turabovun
ifası bütün bunları real, olduğu kimi seyrcilərin
xəyalında, yaddaşında yaşadır... Bu gün Azərbaycan
teatrı fəxr edə bilər ki, Həsənağa kimi
istedadlı aktyoru var".
H.Turabovun uğurla
yaratdığı obrazlardan biri də Tofiq Kazımovun
quruluş verdiyi "Hamlet" tamaşasındakı Hamlet
roludur. Həmin səhnə əsərinin primyerasını
xatırlayırıq: dəhşətli hadisələri
yaşamış-duymuş, sarsıdıcı
həqiqətləri anlamış, sevgilisini və anasını
itirmiş Hamlet - Turabov təkdir, düşüncəlidir. Bu
zaman hadisələrin açılmasına
yardımçı olan səhnə işıqları
zəifləyir.
Zamansız,
məkansız Hamletin - Həsənağanın məşhur
monoloqu səslənir. Zala sükut çökür. Aktyorun
bənzərsiz ifası, səs tembri tamaşaçılara
bədii əsər yox, həyat həqiqəti təsiri
bağışlayır. Nəhayət, ifa başa
çatır, sürəkli alqışlar ara vermir...
Görkəmli teatr xadimi,
neçə-neçə əsərlərə quruluş
vermiş Mehdi Məmmədov "Xəyyam" (H.Cavid) pyesini
tamaşaya hazırlayarkən son qənaəti belə olur ki,
əsas rolu - Turabov oynasın. Doğrudur, müxtəlif
gileylər eşidildi, amma rejissor fikrindən dönmədi.
Gərgin məşqlərdən sonra - 38 il əvvəl
"Xəyyam" səhnəyə çıxdı.
Həsənağa baş rolun ifaçısı
etimadını doğrultmaq üçün bütün
imkanlarını, bacarığını cəm etmişdi.
Vaxtilə Mehdi müəllimin özü səsləndirdiyi bu
misralar indi onun ifasında bulaq suyu kimi
pıçıltılı, həzin, göy gurultusu təki
gurultulu, nəriltili eşidildi:
Gəldin də,
neçin pənbə buludlar kimi axdın.
Bilməm, niyə getdin,
niyə döndün, niyə baxdın?
Şimşək tək
çaxdın da, neçin könlümü yaxdın.
Bilməm niyə getdin, niyə
döndün, niyə baxdın?..
Quruluşçu
rejissor, professor M.Məmmədov dövrü mətbuatda
yazmışdı: "Böyük şairimiz H.Cavidin
əserlərini səhnəyə gətirmək
çətindir, amma şərəflidir. Xəyyam rolunu
hansı aktyora verməyim barədə aylarla seçim etdim.
Axırda Turabovun üzərində dayandım. Onun
hünərli addımları, şux durumu, jestləri,
səsinin bənzərsiz vurğuları məni buna vadar etdi.
Sonralar gördüm ki, yanılmamışam,
axtarışlarım hədər getməyib. Cavid
ləyaqətinə, Xəyyam ucalığına
ifaçı seçə bilmişəm".
H.Turabovun böyük
həvəslə oynadığı rollardan biri də xalq
yazıçısı İlyas Əfəndiyevin
"Mahnı dağlarda qaldı" əsərində
Nicatdır. Quruluşçu rejissor Əliheydər
Ələkbərov tərəddüdsüz həmin rolu ona
etibar etmişdi. Səhnə əsəri barədə xalq
yazıçısı, professor Elçindən
eşitdiklərimizi xatırlayırıq: - inqilab mövzusunda
yaranmış əsərlərin bədii-estetik və ideoioji
təəssüratı baxımından "Mahnı dağlarda
qaldı" Azərbaycan teatrında mərhələ
səciyyəsi və məzmunu daşıyan tamaşa idi.
Onun belə bir siqlətlə, sanballa meydana
çıxmasında Həsənağa Turabov
istedadının, aktyorluq bacarığının
mühüm rolu vardı.
İstedadlı aktyorun
həyat və fəaliyyətində kino yaradıcılığı
mühüm yer tutur. O, yüzdən artıq bədii,
tammetrajlı filmlərə çəkilmişdi. Bu gün
də tamaşaçıların həvəslə, maraqla
baxdıqları "Qara daşlar" da radist Hüseyn,
"Telefonçu qız" da Hüseyn, "Yun şal"
da Cəlal, "Sən niyə susursan?" da milis mayoru,
"Axırıncı aşırım" da Xəlil,
"Ömrün ilk günü"ndə Mehdi, "Qatır
Məmməd" də Səlimov, "Babək" də
Afşin, "işarəni dənizdən gözləyin"
də Baş nazir, "Təhminə" də Dadaş,
"Nizami" də Müzəffər, "Ailə"
də Qoca və bir çox ekran əsərlərində yaratdığı
obrazlar kinemotoqrafiya tariximizə yazılıb. Amma
məşhur yazıçı-ssenarist Rüstəm
İbrahimbəyovun dediyi kimi, Həsənağanın
"Yeddi oğlu istərəm" filmində
oynadığı Gəray bəy rolu sənətkarlıq,
ifaçılıq baxımından bənzərsiz, unudulmazdır.
Bu barədə bir qədər ətraflı.
Xalq
yazıçısı Yusif Səmədoğlu ssenarini
başa çatdırmış, quruluşçu rejissor Tofiq
Tağızadə filmə çəkiləcək aktyor
seçiminə başlamışdı. O, tarixi mövzuya
gənc ifaçıları dəvət etmişdi.
"Azərbaycanfilm" kinostudiyasının direktoru,
respublikamızda teatr və ekran yaradıcılığının
inkişafında əvəzsiz xidmətləri olan Adil
İsgəndərov çəkiliş qrupunu qəbul etdi,
deyilən fikirləri diqqətlə dinlədi. Nəhayət,
xarakterinə uyğun ağır-ağır, təmkinlə
danışmağa başladı: "Bu gün sizin fikirləşdiyiniz
Gəray bəy heç kimə, heç bizim kinoya da lazım
deyil, Gəray bəyi gərək elə aktyor oynasın ki,
sifətində sərtlik nişanələri, əlamətləri,
qəzəbli baxışı olsun. Bu rola gərək Hamleti
oynaya bilən aktyor çəkilsin..." Rejissor
Həsənağanı "prob" kadrlara çəkdi.
Həmin təsvirlərə baxan komissiya üzvləri. xüsusən
Adil müəllim razılıq verdilər ki, Gəray bəy
rolunu Turabov oynasın. Sonrakı proseslər barədə
əməkdar incəsənət xadimi, professor İlham
Rəhimlinin fikrini xatırlayırıq:
- Ssenariyə arxalanaraq,
öz aktyor təxəyyülünə azadlıq
verərək Turabov ilk növbədə "epik zalım"
rolunu oynayıb. Gəray bəy mütləq zalımdır. Rəhm
bilməyən, qəddar, tədbirli düşməndir.
Dastan, nağıllardakı zalımlarla Gəray bəy
arasında fərq var. Əsərdə əsas qəhrəman
Bəxtiyarın təmsil etdiyi yeni quruluşda, yeni
çağlarda Gəray bəyə yer yoxdur. O, məhvə
məhkum sinfin nümayəndəsidir. Ən maraqlı cəhət
ondadır ki, Turabov - Gəray bəy bunu anlayır. Anlamaq
isə onun dərdi, kədəri və faciəsidir. Məhz
buna görə filmin özü də fikir dərinliyini
artıraraq fəlsəfi, dialektik mənasını gücləndirdi,
milli mədəniyyətimızdə hadisəyə
çevrildi.
H.Turabov oynadığı
tamaşada, yaxud kinoda səs ahəngini, oyun manerasını,
ifadə vasitələrini təkrarlamazdı. O, aktyor
fantaziyasına, axtarışlarına yenilik gətirmək
üçün obrazın düşdüyü
vəziyyətin psixoloji-emosional məntiqindən
çıxış edərdi. Sözün
hərəkətdə, hərəkətin sözdə
ekvivalentinin obrazlı həllinə nail olmağa çalışardı.
Ömrünün bəxtəvər,
yaradıcılığının ən uğurlu
çağlarını yaşayırdı. Sevilərdi,
seçilərdi, xoşbəxt ailə
başçısı, can qədər sevdiyi iki oğul
atasıydı. Amma...
Sanki birdən-birə
Günəş batdı. Hava qaraldı. Yer-göy titrədi.
Tufan-boran qopdu. İxtisasca hüquqşünas oğlu
Daşqının Siyəzən rayonunda iş başında
qəhrəmanlıqla həlak olması sorağını
eşitdi. Bu dəhşətli xəbərdən necə ki,
şam gilə-gilə əriyər, Həsənağa da
əridi. Nəhayət...Yox! O, ruhən həmişə
bizimlədir. Çünki mənalı ömür
yaşayıb. Adı milli teatr, kino sənətimizin
tarixinə yazılıb. Aramızda olmasa da 70 illik yubileyini
dostları, teatrsevərlər ehtiramla qeyd edirlər.
Şərq.- 2008.- 3 aprel.- S. 14.