Məhərrəmova T.

 

Bir ulduz kimi parladı, axdı... amma sönmədi

 

Səhnəyə dahilərə məxsus yenilik gətirən Həsənağa Turabov

 

Dövlət Film Fondu və Peşəkar Aktyorlar Gildiyasının təşkil etdiyi növbəti xatirə gecəsi görkəmli aktyor, Xalq artisti, "Şöhrət" ordenli sənətkar Həsənağa Turabovun 70 illik yubileyinə həsr olundu. Gecəyə dəvətlilər arasında müxtəlif teatrların nümayəndələri, aktyorlar, reyissorlar gözə dəyirdi. Tədbir aktyorun kino yaradıcılığına həsr olunduğundan Akademik Milli Dram Teatrın reyissoru Ağakişi Kazımov və Əməkdar artist Səidə Quliyevanı çıxmaq şərtilə, uzun illər birgə çalışdığı doğma kollektivi gecədə təmsil olunmamışdı. Yəni sənətə qədəm basdığı gündən səhnəsində aktyor, daha sonra bədii rəhbər və direktor kimi çalışdığı teatrın üzvləri üçün hər halda gecə maraq kəsb edə bilərdi. Heç olmasa teatrın yaşlı kollektivi səviyyəsində.

Tədbir tanınmış kinoşünas Aydın Kazımzadənin görkəmli aktyorun həyat və yaradıcılığı haqqında verdiyi məlumatla başladı: "Həsənağa Turabov 1938-ci il martın 24-də Bakıda doğulub. Teatr İnstitutunu bitirdikdən sonra ömrünün sonuna qədər Akademik Milli Dram Teatrında çalışıb. Tələbəlik illərində Azərbaycan radiosunda və televiziyasında diktor işləyib. Sonralar Akademik Teatra direktor seçilib, eyni zamanda, bədii rəhbər təyin olunub. On ildən artıq Azərbaycan Teatr Xadimləri İttifaqının prezidenti kimi çalışıb".

H.Turabov teatr səhnəsində fəaliyyətə epizodik rollarla başlasa da, tezliklə ona əsas rollar həvalə edilib, daha sonra teatrın aparıcı aktyoru kimi tanınıb. Aktyor kinoda da fəaliyyətə epizodik rollarla başlayıb. O, "Qara daşlar", "Telefonçu qız", "İstintaq davam edir", "Sən niyə susursan?", "Sevil" bədii filmlərində epizodlarda çəkilib.

H.Turabovun kinoda ilk böyük rolu "Yeddi oğul istərəm" filmində Gəray bəy obrazı olub və bu rol onu məhşurlaşdırıb. Çəkildiyi 50-dən artıq filmdə müxtəlif xarakterli surətlər yaradan aktyorun filmoqrafiyasında həmçinin Kəbirlinski ("Dantenin yubileyi"), Afşin ("Babək"), Üçgöz Cəfər ("Qorxma mən səninləyəm"), Qəzənfər Mamedoviç ("Yaramaz") Xəlil ("Axırıncı aşırım"), Şəmsi ("Var olun, qızlar"), Kamran ("Xatirələr sahili"), Mehdi ("Ömrün ilk saatı"), Biçeraxov ("Səmt küləyi"), Fazilov ("Qızıl qaz"), Səlimov ("Qatır Məmməd"), Müstəntiq ("Nə gözəldir bu dünya) və b. rolları xüsusilə seçilir.

H.Turabov reyissor kimi iki bədii filmə : "Tənha narın nağılı" (Ş.Mahmudbəyovla birgə; həm də Əli rolunun ifaçısı) və "Atları yəhərləyin" (Ə.Mahmudovla birgə) filmlərinə quruluş verib.

A.Kazımzadə aktyorun yaradıcılığını dəyərləndirərək vurğuladı ki, H.Turabov bütün dillərdə oynamağı bacaran sənətkar olub. "Doğru deyiblər ki, böyük sənətkarın milliyyəti olmur. Doğrudan da Həsənağa Turabov dünya şöhrətli aktyordur. O, ömrünü teatr və kinoya həsr elədi. Həsənağa teatrda təkcə aktyor kimi çalışmadı, o, reyissor, bədii rəhbər, direktor və Teatr Xadimləri İttifaqının prezidenti oldu. O, çalışdığı bütün sahələrdə həm yaradıcı insan, həm də bir məmur kimi öz işinin öhdəsindən layiqincə gəlirdi. Bəzən kinoda aktyorlar ilk gəlişləri ilə şöhrət tapır və yaddaşlarda qalırlar. Elə aktyorlar da var ki, onlar tədricən tanınır. Həsənağa Turabov kinoda tədricən tanınan aktyorlar sırasına daxildir. O, kinoda 50-dən artıq rol yaratmasına baxmayaraq, böyük səs-küyə səbəb olan və kinomuzun tarixinə qızıl hərflərlə yazılan obrazı "Yeddi oğul istərəm"dəki Gəray bəydir. Mən deyərdim ki, onun kinodakı inkişafı məhz həmin obrazdan başladı. Və o, aktyorluq baxımından səviyyəsini axıra qədər saxladı".

Xalq artisti Həmidə Ömərova Həsənağa Turabovu eksentrik sənətkar adlandırdı: "Anarın "Dantenin yubileyi" povestini oxuyanda Kəbirlinski rolunda istənilən aktyoru təsəvvür etdim, Həsənağa Turabovdan başqa. Ancaq o, Kəbirlinski rolu ilə kinoda ayrıca bir səhifə yaratdı. Düzdür, Gəray bəy güclü və mürəkkəb obrazdır. Amma Kəbirlinski onun şah obrazıdır.

Mən Həsənağa Turabovla bir neçə filmdə çəkilmişəm. Ən çox yadımda qalan rolu isə Oqtay Mirqasımovun "Anlamaq istəyirəm" filmindəki Usta Həsən obrazı idi. Həsənağa Turabov eksentrik aktyor idi. Onun eksentrikası xırda yestlərdə görünürdü. Turabov ona görə böyük idi ki, o, adi bir sözlə, adi bir baxışla güclü təsir bağışlayırdı. Həsənağa Turabov öz tərəf-müqabillərinə qarşı diqqətli idi. Adama elə gəlirdi ki, çəkiliş meydançasında o, adamı hiss eləmir. Ancaq birdən elə söz deyirdi ki, özünü itirirdin. Bəzən tamaşaçıya elə gəlir ki, müsbət rol oynayan aktyor mənfi rol oynaya bilməz. Məsələn, Rasim Balayevi "Nəsimi"dəki rolundan sonra heç cür mənfi rolda təsəvvür edə bilmirlər. Həsənağa Turabov isə həm müsbət, həm də mənfi rollarda oynaya-oynaya özünü tamaşaçılara sevdirə bildi. Onun mənfi obrazlarının üstün cəhəti onda idi ki, Turabov onları oynayarkən həmin obrazların müsbət xüsusiyyətlərini tamaşaçılara çatdıra bilirdi. Ancaq mən təkcə Həsənağa Turabovun yox, ümumiyyətlə, başqa aktyorlarımızın da çəkildiyi filmlərə baxanda ürəyim ağrıyır ki, kameralarımız aktyorları həmişə ümumi planda çəkib. Çox nadir hallarda onlar iri planda ekrana gəlir. Bu bizim kinomuzun mənfi cəhətlərindən biridir. Elə psixoloyi məqamlar var ki, biz orda aktyorumuzun gözlərini görmək istəyirik, ancaq görə bilmirik. Kinonun öz qanunları var".

Xalq artisti Ağakişi Kazımov çıxışında Həsənağa Turabovun milli teatrımıza yeni nəfəs gətirdiyini, köhnə teatr ənənələrini alt-üst etdiyini söylədi: "Həsənağa kinoya teatrdan gəlib. Ancaq onun kinoda və teatrda yaratdığı obrazları tərəzinin bir gözünə qoysaq, tən gələr. Çünki Həsənağa Turabov həmişə kamera qarşısına özünün teatrdakı məsuliyyətini gətirirdi. O, teatra gələndə Azərbaycan səhnəsində Rza Əfqanlı, Ələsgər Ələkbərov, Həsənağa Salayev və başqa xarakter ustaları var idi. Ancaq Turabov gəldi və birdən-birə diqqəti cəlb elədi. Həsənağa Turabov teatra yaxşı mənada dahilərə məxsus yenilik gətirdi. Teatrda qışqırığı, pafosu, hansısa bir ifadəni qabartmağı unutdurdu. "Unuda bilmirəm" əsərində Həsənağa Turabovun oynadığı Kamran rolu Azərbaycan teatrında əsl dönüş oldu. O, səhnəyə təbii, daxili yaşantıları gətirdi. Biz hamımız buna sevindik. Ona qədər bu bizim ağlımıza gəlməmişdi.

Səməd Vurğunun "Vaqif" əsərini yenidən bərpa edəndə Vaqif obrazını Həsənağa Turabova verdik. Köhnə reyissor olduğumdan qulağımda hələ Ələsgər Ələkbərovun, Rza Əfqanlının, İsmayıl Dağıstanlının səsi vardı. Ona dedim ki, Ələsgər Ələkbərovu yamsıla. Ancaq o: "Mən bunu edə bilmərəm" - deyə etiraz etdi. Onda başa düşdüm ki, bu, başqa fikirli aktyordur. Onun ürəyi, düşüncəsi tamam başqadır.

Çox xoşbəxtəm ki, Həsənağa Turabovun səhnəyə gəlişini və yüksəlişini görmüşəm. Dünyasını dəyişməsinə isə ürəkdən kədərlənmişəm. O mənim üçün bir ulduz oldu: parladı, axdı... amma sönmədi. O bizimlədir".

Həsənağa Turabovla "Atları yəhərləyin" filminin həmreyissoru olan Əbdül Mahmudov da sənət dostunun milli teatr və kino məktəbinə təbii aktyor oyunu gətirməsindən danışdı: "Atları yəhərləyin" filmini çəkəndə o, Qaçaq Nəbi obrazını oynamağı özü boynuna götürdü. Çünki bu obrazı bir sənətkar kimi yaratmaq lazım idi. Təbii ki, Həsənağa Turabov bunun öhdəsindən gəldi. Biz bu tarixi macəra filmini müasirləşdirdik. Ümumiyyətlə, onun çəkildiyi filmlərə tamaşaçılar həmişə baxacaqlar.

Həsənağa Turabov əsl şəxsiyyət idi. Azərbaycan teatr və kinosunda bir neçə nəfər barmaqla sayılası kişilər var ki, onlardan biri də Həsənağa Turabovdur. Azərbaycan mədəniyyəti, şüuru, düşüncəsi, əxlaqı bu insanda cəmləşmişdi".

TXİ-nin sədri, Xalq artisti Azərpaşa Nemətov isə H.Turabovla dostluqlarının tarixçəsini vərəqlədi: "Həsənağa Turabov mənim üçün dostdan əziz qardaş, qardaşdan əziz dost olub. O, böyük aktyor, böyük insan, dostluğu saxlamağı bacaran şəxsiyyət idi. Mən tələbə olanda o, artıq səhnədə rollar oynayırdı. Demək olar ki, onun rollarının hamısını izləmişəm. Bir müddət mən Azərbaycandan kənarda yaşadım, ancaq dostluğumuz yenə də davam edirdi. Hərdən mənə qəfildən sual verirdi: "Bilirsən ən böyük rolum hansıdır?" Deyirdim ki, Gəray bəy rolu. O isə: "Mənim üçün ən sevimli rol Kəbirlinski obrazıdır" - deyir və "Məni çox zaman dramatik və faciəvi rolların ifaçısı kimi tanıyırlar. Ancaq gərək mən əslində komik aktyor olaydım. Mən komediya ustasıyam" - deyə əlavə edirdi. O, diplom işində Hacı Qəmbər rolunu böyük məharətlə oynamışdı.

Mən onunla bir çox ölkədə olmuşam. Başqa ölkələrin aktyor və reyissorlarının ona olan münasibətini də görmüşəm. Bilirəm ki, bir çox başqa reyissorlar onu filmə dəvət eləsə də, getməmişdi. Onun üçün sənət çox böyük amil idi. O, yüksək nöqtəyə tərəf həmişə özü qalxırdı. Onu da bilirəm ki, Həsənağa Turabovun çox kövrək ürəyi vardı. Çox böyük zəhmə malik olan bir insan həm də yumşaq ürək sahibi idi. O, heç kəsə pislik etməməyə çalışırdı".

Çıxış edənlərdən səs reyissoru Əsəd Əsədov H.Turabovla birgə işlədiyinə görə özünü xoşbəxt sənətkar adlandırdı. Əməkdar artist Səidə Quliyeva, Elmira Şabanova da belə H.Turabov kimi insanların nadir hallarda doğulduğunu dilə gətirərək, onun yaradıcılığından daha çox insani xüsusiyyətlərini önə çəkdilər. Gecə iştirakçılarının gözü qarşısında sözün həqiqi mənasında böyük hərflərlə yazılan AKTYOR və ŞƏXSİYYƏT canlandı.

 

Kaspi.- 2008.- 30 aprel.- S. 12.