Mükərrəmoğlu M.
Milli teatr
və kinomuzun Turabov səhifəsi
Hərdən
düşünəndə ki, aktyorlar bu qədər rollar ifa
edir, hərəsi də bir biçimdə, bir
xasiyyətdə – adama qəribə gəlir. Yəni
doğrudanmı, insan bu qədər
özgələşə bilər, başqalarının hiss
və duyğuları ilə yaşaya bilər? Xalq artisti
Həsən Turabovun onlarla səhnə və ekran
qəhrəmanlarının da hərəsi bir
ölçüdə olan obrazlardır.
Həsən Turabov Azərbaycan mədəniyyəti
tarixində öz yeri olan, istedadlı bir sənətçi
idi. Onun yaratdığı rollar bizim teatrın və kinomuzun
çox qiymətli nümunələridir. Bu rolların
kiçiyi də olub, əsas qəhrəmanları da. Ancaq
Həsən müəllim onların hər birinə öz
qəlbinin işığını verib. Onları
sevə-sevə yaradıb. Həsən Turabovun
yaradıcılığı sənət tariximizin çox
böyük bir dövrünü əhatə edir. O, ilkin
olaraq teatra gəlsə də, kinoda da çox qiymətli
rollar yaradıb.
Həsən müəllim Mehdi Məmmədovun
tələbəsi olub. Mən onu Mehdi müəllimin rejissoru
olduğu səhnə əsərlərində dəfələrlə
görmüşəm. Üstəlik, çox vaxt Mehdi
Məmmədovu əvəzləyirdi də. Dramatik aktyor idi.
Gərgin situasiyalarda, ümumiyyətlə, onu tanımaq olmurdu.
Həsən Turabov 1938-ci ilin mart ayında baharın yenicə
gəldiyi günlərdən birində Bakıda dünyaya
göz açmışdı. Əvvəlcə 31
nömrəli, sonra isə 14 nömrəli
məktəblərdə orta təhsil almışdı.
Bunları ona görə xatırladıram ki, həmin
məktəblərdə o səhnəyə ilk
qədəmlərini basmışdı və buradan güc
almışdı. 1957-ci ildə Teatr İnstitutuna daxil
olmuşdu. Bir il sonra televiziyanın aktyor qruppasına
işə qəbul olunan Həsən Turabov gözəl
diksiyası, istedadlı oyunu ilə çoxlarının
diqqətini çəkə bilmişdi. Bir il sonra isə
radioya diktor-tərcüməçi kimi işə qəbul
olunmuşdu.
İlkin nailiyyətlər çox yaxşı idi. İşi
düz gətirəndə insanda həvəs də artır.
Həsən gəncliyin bu uğurlarından
məharətlə bəhrələndi, gecəsini
gündüzünə qatıb həm təhsil aldı,
həm də işlədi. Sənət dünyası ilə
tanışlığı artdıqca məsuliyyəti də
qat-qat artırdı. Çünki ətrafında
nəhəng aktyorlar işləyirdi. Öyrənirdi,
çalışırdı ki, heç kəsə
bənzəmədən öz yolunu getsin. Belə də oldu —
Həsən Turabov heç kəsə
bənzəməyən bir aktyor kimi yetişdi. Öz
sənəti ilə yeni bir aktyor məktəbi yaratdı.
Akademik Milli Dram Teatrına gəldiyi vaxtdan ona xüsusi etimad
göstərirdilər. 60-cı illərin əvvəllərindən
aktyor kimi bu teatrda onlarla qəhrəmanın
həyatını canlandırdı. Həmin teatrda onun bir
neçə roluna tamaşa etmişəm. “Mahnı
dağlarda qaldı” tamaşasının premyerasında
Nicatı oynayırdı. Tərəf-müqabili isə Amaliya
xanım Pənahova idi. Necə gözəl, necə istedadla
yaradırdı Nicatı. Dramatik situasiyalarla zəngin olan bu
tamaşadan hamı böyük zövqlə ayrıldı.
Roldan-rola püxtələşən Həsən Turabov az vaxt
içərisində böyük ad-san qazandı.
Şöhrət onun “qapısını tez döydü”. Onu
görüşlərə dəvət edir, filmlərdə sınaq
çəkilişlərinə
çağırırdılar. Hamleti oynayanda hələ
çox gənc idi. Amma, buna baxmayaraq, təcrübəsi var
idi. Götür-qoy etməyi bacarırdı. Hamlet onun
ifasında tamamilə yeni obraz idi. O, sevə-sevə
yaratmışdı Hamleti. Erosu da (“Antoni və Kleopatra”) beləcə
yüksək səviyyədə təqdim edə bilmişdi.
Həsən Turabovun hansı rolunu götürürsən
götür, onda nikbin ruh, həyatsevərlik var. O,
qəhrəmanlarını daxili dünyasından
keçirərək yaradır. Xüsusilə lirik dramatik
rolların mahir yaradıcısı idi. “Unuda bilmirəm” tamaşasındakı
Kamran necə təsirli, necə maraqlı obraz idi.
O, komediya, faciə janrlarından olan əsərlərdə
də oynayırdı. Amma faciələr daha uğurlu
alınırdı. Hamlet, Xəyyam, Qurbanın (“Pəri Cadu”),
Aydın rollarında Turabov əsl aktyor idi, öz
sənətini sevən və ona dərindən bağlı
olan bir aktyor.
Əslində elə İsgəndər də
(“Ölülər”) onun ifasında əvəzi olmayan bir obraza
çevrildi. Bu obrazın ictimai mahiyyətini aktyor elə
məharətlə açırdı ki, tamaşaçı
ona böyük həvəs və məhəbbətlə
baxırdı.
Kino onun yaradıcılığına hələ gənc
vaxtlarından daxil olmuşdu. Bir sıra filmlərdə
kiçik və orta səviyyəli rollarda oynadı. Amma
1969-cu ildə rejissor Tofiq Tağızadə ona baş rolu —
Gəray bəyi həvalə etdi. Gəray bəyin ekran taleyi
barədə tənqidçilər, kinoşünaslar
çox yazıblar. Onu sevdirən çox cəhətlər
var. Tamaşaçı film boyu onun taleyini böyük
diqqətlə izləyir. Olduqca mürəkkəb,
dövrün ictimai yükünü özündə daşıyan
bir qəhrəmandır. Həsən Turabov Gəray bəyin
düşdüyü situasiyanı gözəl
anlayırdı. O, yaxşı başa düşürdü
ki, Gəray bəyin geriyə yolu yoxdur və onsuz da o
məhvə məhkumdur. Sovet hökuməti onun hər
şeyini əlindən alandan sonra kimin qapısında
qərar tuta bilər. Bəli, Gəray bəy öz faciəsini
görə-görə mübarizliyindən də əl
çəkmir, dağa – Qan çanağına
çəkilib, özünü qorumağa, bir az bəyliyinin
vaxtını uzatmağa çalışır. Bu,
əslində, suda batanın saman çöpündən
yapışmasına bənzəyir. Bunu isə aktyor öz
oyununda çox məharətlə verib.
Gəray bəy dünyanın gərdişini başa
düşən adamdır. Onun içində humanist
duyğular da var. Onun “heyif ki, cavandılar” ifadəsi
istər-istəməz tamaşaçıda bu duyğuları
oyadır. Amma hədsiz qəddardır da. Bu onun bəylik
xislətindən doğur. Öz qızını belə
bağışlaya bilmir. Duz-çörək kəsdiyi
Şəkər bəyin oğlunu qətlə yetirir. Bu
paradokslar aktyor üçün müəyyən imkanlar yaratsa
da, əslində, ifa zamanı müəyyən
çətinliklər də ortaya çıxarır.
O, öləndə də düşmənə əyilmir.
Gülür və bu gülüşləri ilə bəylik
xislətini bir daha təsdiq edir. Hərdən
tamaşaçı ilə onun gözləri toqquşur.
Necə də qəzəblidir. Aktyor bu qədər enerjisini
haradan tapır? Başqa bir obrazını götürək.
“Yaramaz” filmindəki Qəzənfər Mamedoviç onun
böyük istedadla yaratdığı rollardandır.
Gəray bəy kimi o da sərt, zəhmli, varlı,
özünə görə uzaqgörən bir insandır. Bu
oxşar cizgilər aktyoru çaşdırmır.
Əslində, o, ən fərqli cəhətləri
qabardır və tamaşaçını hər iki
qəhrəmanın taleyinə biganə qoymur. Və
düşünürsən ki, bu var, dövlət,
sərvət hərisləri son anda elə onun qurbanı
olurlar.
H.Turabovun kino rollarını saymaqla qurtaran deyil. Onların
arasında xalq rəhrəmanları da var, tarixi
şəxsiyyətlər də, bu günümüzün
insanları da. Qaçaq Nəbi (“Atları yəhərliyin”)
obrazını teatrda oynayan çox aktyorlar olub. Amma onun
ifasında Qaçaq Nəbinin ilk ekran təcəssümü
çox maraqlıdır. O həm də filmin şərikli
rejissorudur. Afşin (“Babək”) də yaddaqalan obrazdır. O,
Babəkin qətlinə hökm verən qaniçən,
hiyləgər sərkərdədir. Afşinin simasını
aktyor böyük ustalıqla yaratdı.
“Ürək...Ürək”, “Sevinc buxtası” və onlarla
digər filmlərdə onun ifa etdiyi qəhrəmanlar bizim
kinonun uğurlu aktyor işləridir.
“Qəm pəncərəsi” filmi isə böyük dramaturq
Cəlil Məmmədquluzadənin həyat yoluna həsr olunub.
Bu tarixi şəxsiyyətin ekran taleyini Həsən
müəllim böyük uğurla yaşadı.
Onun yaradıcılığında Kəbirlinski də var.
Kəbirlinski (“Dantenin yubileyi”) çox mürəkkəb,
çətin bir roldur. Amma aktyor üçün aktyor
həyatını oynamaq, məncə, o qədər də
çətin olmadı. O, çox ustalıqla yaradıb
Kəbirliskini. Deyirdi ki, mən bu insanla elə bil teatrın
divarları arasında rastlaşmışdım. Onun
bütün hərəkətlərini, mimikasını –
vəziyyətini yaşamaq çətin olmadı
mənimçün.
Həsən Turabovun ifasında Kəbirlinski bir az
abırlı, öz şəxsiyyətinə hörmət
edən, ancaq həyatda bəxti gətirməyən bir
insandır. O, film boyu nəyisə arzulayır,
nəyəsə çatmağa can atır. Əfsus ki,
illər ötür, onun karyerası isə
düzələnə oxşamır.
Bir müddət Həsən Turabov Akademik Milli Dram Teatrına
rəhbərlik etmiş, əvvəl direktor, sonra isə
həm də bədii rəhbər kimi
çalışmışdı. O teatrın
repertuarının zənginləşməsində, yeni
yaradıcı gənclərin bu teatra cəlb olunmasında
böyük xidmətlər göstərmişdi.
Ömrünün son illərini isə Teatr Xadimləri
İttifaqına rəhbərlikdə keçirmişdi. Bu
dövrdə o, teatr xadimlərinin sosial problemlərinin
həllinə yaxından köməklik göstərmişdi.
Məhz onun rəhbər olduğu dövrdə
neçə-neçə rejissor, aktyor və digər sənətçilər
fəxri adlara layiq görülmüşdü.
Onun 40 ildən artıq davam edən
yaradıcılığı yüksək
qiymətləndirilmiş, “xalq artisti” fəxri adına layiq
görülmüşdür, üç dəfə Dövlət
mükafatı laureatı adını almışdı.
Dəfələrlə, yüksək dövlət orden və
medalları ilə təltif olunmuşdu.
Həsən Turabovun sənəti milli
mədəniyyətimizin çox qiymətli
səhifələrini təşkil edir. Xalqımız bu
böyük sənətkarın xatirəsini heç zaman unutmayacaq.
Xalq qəzeti.- 2008.- 4 aprel.- S. 7.