Kino xadimi Teyyub Axundov yad edilib
Ötən gün "İbrus"
teatrında kinorejissor,
əməkdar incəsənət
xadimi Teyyub Axundovun xatirə gecəsi keçirilib. Tədbiri Dövlət Film Fondu Mədəniyyət və
Turizm Nazirliyi ilə birlikdə təşkil edib.
Gecəni giriş
sözü ilə açan Dövlət Film
Fondunun direktoru, əməkdar incəsənət
xadimi, rejissor Cəmil Quliyev bildirib ki, Böyük
Vətən müharibəsinin
veteranı, istedadlı
operator Teyyub Axundov milli operatorluq məktəbimizin parlaq nümayəndələrindən biridir: "T.Axundov 15 yaşında ikən
"Azərbaycanfilm" kinostudiyasına
gəlib və təsadüfən böyük
dramaturqumuz Cəfər
Cabbarlı ilə görüşüb. İşıq ustası işləyən
T.Axundov ömrünü
həmişəlik kino
ilə bağlamağı
qərara alıb.
Lakin müharibə onun planlarının gerçəkləşməsini bir neçə il ləngidib.
Teyyub Axundovun cəbhə yolu Rumıniya, Macarıstan, Çexoslovakiyadan
keçib, müharibədən
ona yaralarla yanaşı, çoxlu hərbi kinoxronika kadrları yadigar qalıb".
Kinoşünas, əməkdar mədəniyyət
xadimi Aydın Kazımovun sözlərinə
görə, müharibədən
sonra T.Axundov Ümumittifaq Dövlət
Kinemotoqrafiya İnstitutunun
operatorluq fakültəsinə
daxil olub. O, bir neçə nəslin sevə-sevə baxdığı 20-ə yaxın
filmin çəkilişində
iştirak edib. "Onu bağışlamaq olarmı?", "Sehrli xalat", "Romeo mənim
qonşumdur", "Qatır
Məmməd", "Görüş"
və digər
filmlər Azərbaycan
kinematoqrafiyasının Qızıl
Fonduna daxil edilib.
Xatirə gecəsində T.Axundovun çəkdiyi filmlərdən
kadrlar göstərilib.
525-ci qəzet.- 2008.- 10 aprel.- S. 7.