Ayxan

 

Daha 3 sənətçimiz Dağıstanın fəxri adlarına layiq görülüb

 

İlhamə Quliyevanın Dağıstanın xalq artisti adına layiq görülməsi barədə məlumat vermişdik. Dünən isə öyrəndik ki, Dağıstanda ad alan təkcə İlhamə xanım deyil. Azərbaycanın xalq artistləri Aftandil İsrafilov və Azər Zeynalov da Dağıstanın xalq artisti fəxri adına layiq görülüblər. Azərbaycanın əməkdar artisti Ədalət Şiikürova isə həm də Dağıstanın əməkdar artisti olub. Dağıstan Respublikasının rəhbərliyi sənətçilərimizi "Dağıstan və Azərbaycan arasında mədəni əlaqələrin möhkəmlənməsində əməklərinə görə" mükafatlandırıb.

Qeyd edək ki, adları çəkilən sənət adamları son 5-6 ildə qonşu ölkədə mütəmadi olaraq konsertlər veriblər. Onların mükafatlandırılması mərasimi gələn ay Dağıstan prezidentinin Bakıya səfəri zamanı baş tutacaq.

İ.Quliyevanın mətbuat xidmətindən aldığımız məlumata görə, müğənni öz minnətdarlığını bildirmək üçün repertuarına Dağıstan mahnıları da əlavə edəcək.

Ədalət Şükürova gəldikdə isə, onun repertuarında dağıstanlı bəstəkar Murad Süleymanovun iki mahnısı var. Sənətçi onları yeni albomuna əlavə edəcək. Şükürov bu mahnıları Dağıstanda yaşayan etnik xalqların dillərində də oxumağı planlaşdırır.

Qeyd edək ki, iyun ayının 14-də adları çəkilən sənətçilər Dağıstanın paytaxtı Mahaçqalada qala-konsertlə çıxış edib, minnətdarlıqlarını bildirəcəklər.

 

Ekspress.- 2008.- 25 aprel.- S. 11.