Misir mədəniyyəti günlərinin iştirakçıları Sumqayıtda olmuşlar

 

Aprelin 20-də başlanmış Misir Mədəniyyəti günləri Sumqayıtda davam etmişdir. AzərTAc-ın müxbiri xəbər verir ki, Misir Ərəb Respublikası (MƏR) incəsənət ustalarından ibarət nümayəndə heyətini Sumqayıt sakinləri şəhərin mərkəzi meydanında ənənəvi qonaqpərvərliklə qarşılamışlar. Milli geyimli qızlar qonaqlara şərbət vermişlər.
Qonaqlar gün ərzində şəhəri gəzmiş, onun görməli yerləri ilə tanış olmuşlar. Dövlət şəkil qalereyasında təşkil edilmiş sumqayıtlı fırça ustalarının işlərindən ibarət sərgi böyük marağa səbəb olmuşdur. Salonda şəhər musiqi məktəbinin simli kvartetinin ifasında Azərbaycan bəstəkarlarının klassik musiqisi səslənmişdir. Misirli qonaqlar musiqiçilərimizin ustalığından vəcdə gələrək xoşladıqları melodiyanı özləri skripkada çalmağa başlamışlar.
Qonaqlar Bülbül adına Sumqayıt şəhər ixtisaslaşdırılmış incəsənət məktəbi şagirdlərinin çıxışlarını da böyük maraqla qarşılamışlar. Mini-konsertin iştirakçılarının çıxışı xoş sözlər alqışlarla mükafatlandırılmışdır.
Misir nümayəndə heyətinin Sumqayıt səfərinin proqramına "Dizayn-Cenay Azərbaycan" zavoduna baş çəkmək daxil idi. Qonaqlar yüksək keyfiyyətli polietilen borular istehsal edən bu iri müştərək müəssisədə texnoloji proseslər müəssisənin inkişaf perspektivləri ilə tanış olmuşlar.
Səfər proqramı Səməd Vurğun adına mədəniyyət sarayında təşkil edilmiş musiqi gecəsi ilə başa çatmışdır. Burada Misir incəsənət ustalarının konserti olmuşdur. Konsertdə "Noeraa" rəqs qrupu Sumqayıtda öz çıxışları ilə artıq tanış olan "Tamnura" rəqs ansamblı iştirak edirdi.
Klassik Misir musiqisi folkloru nümunələrindən ibarət maraqlı konsert proqramı təqdim etmiş musiqi kollektivlərinin çıxışı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
Konsertdə Sumqayıt İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev MƏR-in Azərbaycandakı səfiri Yusif Əhməd İbrahim əl-Şarkavi iştirak edirdi.

 

Azərbaycan.- 2008.- 23 aprel.- S.5.