Babayeva T.
Fərəh Əliyeva: “Hamı canlı ifa istəyir,
amma canlı konsertlərə gedənlərin sayı azdır”
Vaxt var idi,
mədəni tədbirlər yalnız paytaxtı əhatə
edir, regionlarsa bu proseslərdən kənarda qalırdı. Mədəniyyət və Turizm Nazirliyinin
həyata keçirdiyi növbəti layihə isə məhz
regionlara hesablanıb. Belə ki, nazirlik "Leyli və
Məcnun" operasının 100 illiyi ilə əlaqədar
keçirdiyi "Azərbaycan musiqisi festivalı"
çərçivəsində ölkənin müxtəlif
rayonlarında ikiillik silsilə konsert proqramları
təşkil edir.
Konsertlərdə beynəlxalq
müsabiqələrin laureatları və gənc
ifaçılar, Dövlət Rəqs Ansamblı,
Dövlət Xalq Çalğı Alətləri Orkestri,
Dövlət Akademik Opera və Balet Teatrının
solistləri, Dövlət Kamera Orkestri, Dövlət Uşaq
Filarmoniyasının kollektivləri, Qədim Musiqi Alətləri
Ansamblı, Dövlət Musiqili Komediya Teatrının
kollektivi çıxış edir. Artıq Sumqayıt,
Xırdalan, Əli Bayramlı, Sabirabad, Quba, Saatlı,
Mingəçevir, Lənkəran, Şəki, Şamaxı,
Qusar, İsmayıllı, Qəbələ, Horadiz,
Kürdəmir, Ağsu, Xanlar, Gəncə şəhərinin
sakinləri bu layihə ilə tanış olublar. Bu
yaxınlarda isə incəsənət ustaları Salyan,
Siyəzən, Hacıqabul, Neftçala və Masallıda
olublar. Mədəniyyət və Turizm Nazirliyinin musiqi
sektorunun müdiri Fərəh Əliyevanın
sözlərinə görə, haqqında danışılan
layihə real vahid mədəni məkan yaratmaq məqsədi
daşıyır.
-Prezident İlham Əliyevin imzaladığı regionların
sosial-iqtisadi inkişafı haqqında Dövlət Proqramı
ölkəmizin bütün bölgələrinin
sürətli iqtisadi-mədəni inkişafı
üçün hüquqi baza yaradıb. Bu fərman
regionların mədəni həyat səviyyəsinin
yüksəldilməsini, onların paytaxtda
cəmləşmiş rəngarəng, zəngin mədəni
potensialdan eyni dərəcədə bəhrələnməsini
də şərtləndirir. Bu baxımdan,
Azərbaycanın hansı bölgəsində
yaşamasından asılı olmayaraq, bütün
vətəndaşların yüksək səviyyəli
musiqi-mədəni proqramlarla təmin olunmasına imkan yaratmaq
zəruridir. Əks halda konturları artıq indidən
görünən təhlükəli meyllər bir
neçə ildən sonra qarşısıalınmaz
nəticələr verə bilər. Sirr deyil ki,
musiqi sənəti və musiqi mədəniyyətini yalnız
əyləncəli şou-biznes işığında
görən, musiqi zövqləri, istəkləri,
tələbatı yalnız bu dar
çərçivədə formalaşan, musiqi mühitinin
bədii meyarlarını telekanalların məhsullarında
tapan gənc nəsil formalaşır. Bu isə
Azərbaycan musiqi mədəniyyətinin beynəlxalq
aləmdə qəbul edilmiş nailiyyətlərinin, ən
əsası isə mədəni varisliyinin itirilməsinə
gətirib çıxara bilər. Odur ki, Azərbaycan
musiqisinin, bəstəkar yaradıcılığının,
akademik musiqi janrlarının, ifaçılıq
sənətinin yüksək səviyyədə
təbliğinə ehtiyac var. "Azərbaycan
musiqisi festivalı" layihəsinin əsas məqsədi
və qayəsi də aparıcı musiqi kollektivlərinin,
ifaçılarının iştirakı ilə
Azərbaycanda müasir milli incəsənətin bütün
sahələrinin mütənasib təmsil olunduğu real vahid
mədəni məkan yaratmaqdır. Bundan başqa,
layihə Azərbaycan bəstəkarlıq məktəbinin,
musiqi sənətinin qazandığı nailiyyətləri
nümayiş etdirmək məqsədi daşıyır.
Layihə 2007-2008-ci illəri və ölkəmizin
bütün regionlarını əhatə edir. Festival
çərçivəsində orkestr, ifaçılıq
kollektivləri və ifaçıların
bölgələrdə rəngarəng konsert tədbirləri
baş tutur və bu ilin sonuna qədər də davam
edəcək.
- Fərəh xanım, regionlardakı
tamaşaçıların bədii zövqünü necə
qiymətləndirmək olar?
- Mən deməzdim ki, bizim regionlarda yaşayan insanların
zövqü şəhərdə yaşayan
tamaşaçı kütləsinin zövqündən radikal
şəkildə fərqlənir. Gəlin, açıq etiraf
edək ki, paytaxtda yaşayan tamaşaçıların
zövqünü əsasən televiziya kanalları
formalaşdırır. Biz deyə bilmərik ki, hal-hazırda
Bakıda teatrlara, konsert zallarına kütləvi axın var,
bilet tapmaq çox çətindir. Təəssüf
ki, bizim tamaşaçıların zövqünün,
bədii maraqlarının formalaşması, hansısa
tamaşa, ifaçı, artist, mədəni tədbir
haqqında informasiya əldə etməsi də kiminsə
tərəfindən emal olunmuş, təqdim edilmiş
mənbələrdən qidalanır. Çox az saylı
təbəqə var ki, onlar teatr tamaşalarına
mütəmadi olaraq gedir, konsertləri canlı
dinləməyə üstünlük verirlər. Bu mənada
biz təkcə regionlarda yox, paytaxtın özündə
də müəyyən sayda tamaşaçı itirmişik.
Məsələ burasındadır ki,
tamaşaçıların özləri də xüsusilə
musiqi informasiyasını yalnız televiziya kanallarından,
televiziya verilişlərindən almalarından
gileylənirlər. Burada bir paradoks yaranır. Hamı
deyir ki, mütləq canlı ifa olmalıdır, canlı
konsertlər daha maraqlıdır, eyni zamanda da canlı konsertlərə
gedənlərin sayı çox azdır.
- Əvvəllər teatra, kinoya, canlı konsertlərə
getmək ənənəsi vardı və bu ənənə
ailədə, məktəbdə aşılanırdı///...
- Düzdür, belə ənənə vardı və
hətta deyərdim ki, bu bir yaşam tərzi idi. Amma etiraf da
edək ki, əvvəllər televiziya kanallarında
verilişlərin özünün də xüsusi formatı,
standartları mövcud idi. İnsanlar hansısa
müğənniyə qulaq asmaq üçün onun canlı
konsertinə gedirdilər. Bu üzdən də konsertlər
mütəmadi şəkildə təşkil olunurdu.
İndiki dövrdə isə evdən, hətta mətbəxdən
çıxmamaq şərtilə bütün yeniliklər
haqqında məlumat almaq mümkündür. Ona görə
də tamaşaçılar informasiya qıtlığı,
aclığı hiss etmirlər. Amma canlı ifadan, canlı
konsertdən, canlı ünsiyyətdən, canlı
tamaşadan alınan təəssürat tamamilə
başqadır.
- Bəs, bu layihə çərçivəsində
əyalət tamaşaçılarında canlı
konsertə, klassik musiqiyə maraq yarada bildinizmi?
- Əyalət tamaşaçılarının bu
konsertlərə marağı çoxdur. Düzdür,
əksəriyyətin marağı televiziyada
gördükləri məşhur müğənnilərə
yönəlib. Onlar konsertlərdə belə
müğənnilərin çıxışını
gözləyirlər. Ona görə də
çalışdıq ki, konsertlər bir
müğənninin, bir ifaçının konserti
şəklində qurulmasın. Bizim əsas məqsədimiz o
idi ki, rayonlara illərlə ifaçılıq
sənətində formalaşmış
ənənələri özündə daşıyan,
yüksək səviyyəli professional kollektivlər
getsinlər. Məsələn, Dövlət Rəqs
Ansamblı bütün dünyanı gəzən, xarici
ölkələrin səhnəsində böyük uğurla
çıxış edən kollektivdir. Amma onlar bizim
regionlarda çıxış etməyiblər. Bu ansamblda uzun
illər çalışan rəqqaslar vaxtilə rayonlarda
çıxış etdiklərini, camaatın onları
tanıdıqlarını deyirlər. Son illər isə
getməyiblər. Onların özü də
rayonlarımıza getmək, oralarda çıxış
etmək istəyirlər. Yəni, belə
tələbat musiqiçilərin, kollektivlərin
özündə də var. Əgər ilkin mərhələdə
tamaşaçıların konsertlərə gəlməsi,
orada sona qədər oturması ilə bağlı ehtiyat
edirdiksə, elə ilk - Sumqayıtda keçirilən
tədbirdən məlum oldu ki, tamaşaçının
tələbatı da, marağı da var. Xüsusilə
də gənc nəsildə. Məsələn, bu
konsertlərə Dövlət Xalq Çalğı
Alətləri Orkestri gedir. Çoxları orkestr
sözünü eşidəndə bunun həddən artıq
elitar olduğunu, belə konsertlərə
alışmadıqlarını düşünürlər.
Amma bu orkestrin Ü.Hacıbəyovun,
C.Cahagirovun, S.Rüstəmovun əsərlərini necə
gözəl ifa etdiyini görəndən sonra fikirlərini
dəyişir, konsertin sonuna qədər oturur və canlı
ifadan zövq alırlar. Çünki canlı orkestri
dinləməklə, fonoqram oxuyan müğənnini
dinləmək arasında çox böyük fərq
var. Onu da xüsusilə qeyd etmək istəyirəm ki, bu
konsertlərdə orkestrlər tamamilə canlı ifa
edirlər, heç bir fonoqramdan istifadə olunmur.
Tamaşaçıların marağından şikayətimiz
yoxdur. Məsələn, bir ildir fəaliyyət
göstərən Uşaq Gənclər Simfonik Orkestri
Şamaxıda konsert verdi. Təsəvvür edin, o konsert
necə böyük maraqla qarşılandı. Uşaqları
səhnədən buraxmırdılar. Onlara konsertdən
əlavə üç nömrə də
çaldırdılar. Məsələ burasındadır ki,
orkestrin ifa etdiyi musiqi təkcə Azərbaycan musiqisi deyildi.
Proqrama xarici ölkə bəstəkarlarının
əsərləri də daxil edilmişdi. Deməli, klassik,
akademik ifaçılıq ənənələrinə də
tələbat var. Nəzərə almaq lazımdır ki, bizim
bütün rayonlarımızda musiqi məktəbləri var.
Klassik musiqi konsertləri də əsasən həmin musiqi
məktəblərində təşkil olunur. Burada piano,
skripka, fleyta, truba ifaçıları çıxış
edirlər. Onların arasında həm gənclər, həm
də beynəlxalq müsabiqə laureatları olan
yüksək səviyyəli peşəkarlar var. Bu
peşəkarlar regionlarda konsert verməklə yanaşı,
musiqi məktəblərində ustad dərsləri də
keçirlər. Odur ki, festival əyalətlərdəki
musiqi məktəblərinin həyatında da böyük
hadisəyə çevrilir. Belə konsertlərdən biri
Şəkidə baş tutdu. Beynəlxalq
müsabiqələr laureatı, tanınmış
pianoçu Murad Hüseynov Şəkidə klassik musiqi
konserti çərçivəsində konsert verdi. Qara
Qarayevin, Cövdət Hacıyevin, Şopenin, Ravelin
əsərlərinin daxil olduğu çox sanballı bir
proqramla çıxış etdi. Regionlarda bu musiqini qavrayan
təbəqə də var. Çünki rayonlarımızda
musiqi məktəbləri, texnikumlar fəaliyyət
göstərir. Orada çalışanlar, təhsil alanlar da
canlı ifa eşidir, bu konsertlər onların tədris
proqramlarını zənginləşdirir, müəyyən
mənada kömək olur.
- Festivalın bundan sonrakı marşrutu necə olacaq?
- Axırıncı festval konsertini Masallı rayonunda
keçirdik. Konsert çox yüksək səviyyədə
təşkil olunmuşdu. Dövlət Rəqs Ansamblı
müasir idman kompleksində çıxış etdi.
Konsertə 800-ə yaxın tamaşaçı
toplaşmışdı. Klassik musiqi konsertini isə biz
Masallı Şəhər Uşaq Musiqi Məktəbində
təşkil etdik. Konsert kiçik, xudmani zalda baş tutsa da,
tamaşaçılar ifaçıları böyük
həvəslə dinləyirdilər. Orada maraqlı bir
hadisə də oldu. Bizə dedilər ki, məktəbin
şagirdləri də çıxış etmək
istəyirlər. İkinci sinif şagirdi, Canəli adlı
balaca pianoçu da tamaşaçılar qarşısında
çıxış etdi. Bu çıxışa ciddi
hazırlaşmışdı. Yəqin ki, həmin
çıxış onun həyatında əlamətdar bir hadisə
kimi yadda qalacaq. Yaddaqalan konsertlərdən biri də
ötən ilin oktyabrında Füzuli rayonunun Horadiz
qəsəbəsində - cəbhə bölgəsində
baş tutdu. Orada Musiqili Komediya Teatrı tamaşa
göstərdi, Akademik Opera və Balet Teatrının
solistləri xalq artistləri Mənsum İbrahimov, Aygün
Bayramova, gənc muğam ifaçıları Vəfa Orucova,
Eldəniz Zeynalov, Xalq Çalğı Orkestri
çıxış etdi. Bu konsert də böyük uğurla
keçdi. Ümumiyyətlə, bütün rayonlarda
tamaşaçıların konsertlərə olan marağı
göstərdi ki, regionlarda bu tip layihələr mütləq
təşkil olunmalıdır. Bundan sonrakı
konsertlərə gəlincə isə, yaxın
günlərdə Goranboy, Xaçmaz, Yevlax və Qazaxda
konsertlər verəcəyik. Bu regionlara səfərlər
çərçivəsində "Leyli və Məcnun"
operasının 100 illiyini qeyd edəcəyik. Bu
əlamətdar tarixlə bağlı Opera və Balet
Teatrının "Leyli və Məcnun" operası
tamaşaçıların ixtiyarına veriləcək.
Xəzər.-2008.-
19 aprel.- S. 18.