"Sarı
gəlin" musiqi albomunun təqdimat mərasimi keçirilib
Dünən Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) İnsan
Hüquqları İnstitutunda
"Bizim mahnı, bizim türkü" seriyasından "Sarı
gəlin" xalq mahnısının yer aldığı musiqi albomunun təqdimat mərasimi keçirilib.
AMEA-nın İnsan Hüquqları İnstitutunun
direktoru Rövşən
Mustafayev bildirib ki, neçə illərdir ermənilər
məqsədli şəkildə
türk mədəniyyət
nümunələrini öz
adına çıxır
və dünyanı yalanlarına inandırmağa
çalışır. Onun
sözlərinə görə,
Azərbaycan müstəqilliyini
qazandıqdan sonra öz musiqisinin təbliği istiqamətində
əhəmiyyətli addımlar
atmağa başlayıb.
O, "Sarı gəlin"
musiqi albomunun hazırlanmasını da bu qəbildən olan iş kimi
dəyərləndirib.
Millət vəkili
Qənirə Paşayeva
bildirib ki, "Sarı gəlin" mahnısının bu şəkildə təqdim
edilməsi Azərbaycan
üçün böyük
önəm daşıyır.
Onun sözlərinə
görə, ermənilər
bu mahnının özününküləşdirilməsi istiqamətində xeyli iş görüblər:
"Azərbaycan mədəniyyət
nümunələrini bu
şəkildə təqdim
etməklə ermənilərin
yalanlarını ifşa
edirik. Bu diskin sayını artırıb, ölkəmizə
gələn beynəlxalq
təşkilatların, eyni
zamanda xarici dövlətlərin nümayəndələrinə
təqdim etmək lazımdır. Həmçinin diskin adına
uyğun veb səhifə yaradılmalıdır.
Əgər "Sarı
gəlin" xalq mahnısını bu şəkildə internetdə
yerləşdirsək, onun
türk millətinə
məxsusluğunu təsdiq
etmiş oluruq".
Əsir və
İtkin Düşmüş,
Girov Götürülmüş
Vətəndaşlarla Əlaqədar
Dövlət Komissiyasının katibi Şahin Sailov bu xalq mahnısının
67 versiyada olduğunu,
lakin diskdə 17-nin yer aldığını bildirib. Onun sözlərinə görə,
xalq mahnısı
"Şur" muğamının
ən çətin
"Bayatı-Kürd"
şöbəsindədir və
bunu hər xanəndə oxumağı
bacarmır: "Belə
olan halda ermənilərin bu mahnını mənimsəməsi
sual doğurur. Hesab edirəm ki, mahnı ilə yanaşı, muğam da bu
şəkildə hazırlanıb,
təqdim edilməlidir".
AMEA-nın İnsan
Hüquqları İnstitutunun
direktor müavini, layihənin rəhbəri Araz Qurbanov bildirib
ki, mahnının Yəmən-ərəb, İran, Azərbaycan və Anadolu türkcəsində versiyaları
var. Onun sözlərinə görə,
diskdə yığılmış
musiqi ortaq şəkildə Anadolu və Azərbaycan türkcəsində ifa edilib.
525-ci qəzet.- 2008.- 5 aprel.- S. 25.