Bəşirqızı Z.
Burada bacarıqlı
musiqiçilər yetişir
Gəncə Musiqi
Texnikumunda respublikanın müxtəlif
bölgələrindən olan tələbələr musiqinin
və musiqi alətlərinin dilini və sirlərini
böyük şövqlə öyrənirlər. Qonşu
Tovuz, Şəmkir, Naftalan, Yevlax və digər rayonlarda
fəaliyyət göstərən musiqi
məktəblərində çalışanların
əksəriyyəti Gəncə Musiqi Texnikumunun
məzunlarıdır. Fitri istedad elmi əsaslarla
təkmilləşəndə araya-ərsəyə
gələn musiqi bəstəsi də, yetişdirilən
tələbə də sabaha daha inamla vəsiqə alır.
Gəncə Musiqi Texnikumunun məzunlarının musiqi
məktəblərindəki fəaliyyəti də məhz bu
baxımdan diqqət çəkir. Texnikumla yaxından
tanış olmaq, onun işinə bələdçi
gözü ilə nəzər salmaq məqsədi ilə bu
musiqi ocağının direktoru Gülçin Mirzəyeva
ilə görüşdüm. Gülçin xanım 1991-ci
ildə Azərbaycan Dövlət Konservatoriyasını
bitirib. İki ildən artıqdır ki, texnikuma
rəhbərlik edir. Böyük bir kollektivdə ciddi
nizam-intizam yaratmaq, təhsilin keyfiyyətinə nəzarət
etmək o qədər də asan məsələ deyil.
Texnikumda maddi-texniki bazanı gücləndirmək,
mütəxəssis hazırlığının
keyfiyyətini yüksəltmək, tələbələrin
dərsə davamiyyətini yaxşılaşdırmaq
istiqamətində əsaslı işlər
görülüb. Şəhər icra hakimiyyətinin
köməyi ilə bəzi otaqlar təmir olunmuş,
binanın giriş qapısı təzələnmişdir.
Tədris planında nəzərdə tutulan
kabinetlərdən əlavə normativ qaydalara uyğun
ixtisas—fortepiano, musiqi təhsili, pedaqoji təcrübə,
fortepiano incəsənət tarixi, ingilis dili kabinetləri
təşkil olunmuşdur. Texnikuma 1381 manat dəyərində
1 ədəd royal, 5198 manatlıq inventar—kreslo, parta,
pərdə, tozsoran, xalça, elektrik avadanlıqları
və kitabxana fondunu zənginləşdirmək
üçün latın qrafikalı bədii ədəbiyyat
alınmışdır.
Direktor texnikumda təlim-tərbiyə və yaradıcı
işin təşkilində çalışan yüksək
ixtisaslı, çoxillik iş təcrübəsinə malik
216 müəllim və konsertmeysterin 17 fənn
birləşmə komissiyasında
çalışdığını bildirərək qeyd etdi
ki, pedaqoji kadrlar tədris etdikləri ixtisasa uyğun seçilib,
59 müəllim və konsertmeyster isə əvəzçilik
üzrə işləməyə cəlb olunub.
O, ötən il 42 müəllimin dərsində iştirak
etdiyindən söz açdı. Fortepianodan dərs deyən
Sədaqət Səfərova , Xatirə Usubova , Tamella
Bağırova, skripkanı tələbələrə
sevdirən Rauf Hüseynzadə, Ramil Bağırov, tar
müəllimləri Mahir Məmmədov, Arif Hüseynov,
qarmonu şövqlə dilləndirən Telman
Ələkbərov, kamança müəllimləri Asəf Novruzov,
Elman Mirzəyev, vokaldan dərs deyən Sevinc İbrahimova,
dirijorluq müəllimi Zenfira Məmmədovanın iş
təcrübəsinin gənc müəllimlər arasında
geniş yayılmasından fəxrlə danışdı.
Qeyd etdi ki, əyani şöbədə təhsil alan 514
nəfər tələbənin 53-ü, qiyabi təhsil
üzrə isə 162 tələbənin 140-ı
ödənişli əsaslarla oxuyur.
Ötən tədris ilində texnikumu bitirən 160 məzunun
12-si Dövlət Attestasiya Komissiyasının qərarına
əsasən fərqlənmə diplomuna layiq
görülüb. Əvvəlki illərlə
müqayisədə dövlət imtahanlarından əla
və yaxşı qiymət alan tələbələrin
sayı 73 nəfər artıb. 2007-2008-ci tədris ilində
texnikuma əsas təhsil bazasından daxil olan 131
tələbənin 116 nəfəri dövlət hesabına
təhsil alır. Bu il texnikumu 190 nəfər məzunun
bitirməsi nəzərdə tutulub.
Burada dərsə davamiyyət və tədrisin
keyfiyyətinə ciddi nəzarət edilir. Tədris
intizamını yoxlamaq məqsədi ilə dərs ilinin
əvvəlində nəzarət planları tərtib olunur,
onları həyata keçirmək üçün yoxlama
sualları hazırlanır, komissiyalar təşkil edilir.
Ötən il gündüz şöbələrinin və
qiyabi şöbənin, Fənn Birləşmə
Komissiyalarının və qrup rəhbərlərinin işi,
bədən tərbiyəsi rəhbərinin və
gənclərin çağırışaqədərki
hazırlıq rəhbərinin fəaliyyəti, pedaqoji
təcrübə, kabinetlərin fəaliyyəti və s. ciddi
yoxlanılıb və nəticələr pedaqoji şurada,
direktoryanı müşavirələrdə müzakirə
edilib. Daxili qayda-qanunlarla tələbələr ilk
gündən tanış olur, tədris intizamına ciddi
riayət edirlər. Hər gün tələbələrin
dərsə davamiyyəti barədə direktora məlumat
verilir və bu məsələlər direktor yanında
həftədə bir dəfə keçirilən
yığıncaqlarda müzakirə olunur. Üzürsüz
səbəblərə görə dərs buraxma hallarının
qarşısı dərhal alınır.
Təqaüdlə təmin olunan 443 tələbənin 52-si
əlaçı təqaüdü alır. Musiqiçi
müəllim yaradıcı ixtisas sahibi olduğuna
görə texnikumda musiqi kollektivləri də fəaliyyət
göstərir. Bunlardan üçlük, skripka çalanlar
ansamblı, qədim alətlər ansamblı, qızlar
kvarteti, rəqs qrupu ötən il yaranmışdır.
Gəncə Musiqi Texnikumunda hər il müxtəlif
tədbirlər həyata keçirilir. Milli
Dirçəliş Günündə qruplar arası idman
yarışında, ulu öndər Heydər Əliyevin
anım günündə Heydər Əliyev
guşəsində keçirilən toplantıda, 20 Yanvar
və Xocalı faciələrinə həsr olunmuş musiqili
ədəbi gecələrdə, 8 Mart Beynəlxalq Qadınlar
Gününə, Novruz bayramına həsr olunmuş və
uşaq evində keçirilən tədbirlərdə
kollektivin bütün üzvləri iştirak etmişlər.
31 Mart azərbaycanlıların soyqırımına həsr
olunmuş konfrans, bəstəkar S.Rüstəmovun 100 illik
yubileyi, bəstəkar Q.Qarayevin vəfatının 25
illiyinə həsr olunmuş xatirə gecəsi, texnikumun
bəstəkar müəllimlərindən Məmməd
Cəfərov, Svetlana Hüseynova, Gülnur Cuvarlinskayanın
yaradıcılıq gecələri, 28 May Respublika
Gününə İ.Əfəndiyevin “Hökmdar və
qızı” pyesinin texnikumun tələbələrinin
iştirakı ilə tamaşaya qoyulması, fortepiano
ixtisası üzrə III kurs tələbəsi Ramil
Səfərovun solo konserti, Gəncənin 2501 illiyinə
həsr olunmuş şəhər tədbirlərində
kollektivin iştirakı yaddaqalan tədbirlərdəndir.
Bundan başqa, ənənə olaraq hər il I kurs
tələbələrinin Nizami məqbərəsinə,
şəhər diyarşünaslıq muzeyinə,
müəllim və tələbələrin Mir Cəlal
Paşayevin muzeyinə ekskursiyası təşkil edilir.
Bir sözlə, Gəncə Musiqi Texnikumunda musiqi təhsilinin
inkişafı və yeni istedadların üzə
çıxması üçün bütün kollektiv
yorulmadan çalışır.
Xalq qəzeti.- 2008.- 3 aprel.- S. 6.