Muğam
mənim həyatımdır, mükafatım isə
tamaşaçı alqışıdır
Bəsti
Sevdiyeva: “Heydər Əliyev Fondu tərəfindən
keçirilən muğam müsabiqələrini
milli-mənəvi
irsimizin qorunması və inkişaf etdirilməsi
istiqamətində atılan önəmli addım hesab
edirəm”
Qısa tanıtım: Müsahibim Bəsti Sevdiyeva Bakı
şəhərinin Qaradağ rayonunda dünyaya göz
açıb. Orta məktəb şagirdi kimi “Oxu tar-73”,
“Oxu tar-75” müsabiqələrinin laureatı olub. Həmin müsabiqənin münsiflər heyəti
Şəmsi Bədəlbəyli, İslam Rzayev, Qulu
Əsgərov onun ifasını yüksək
dəyərləndirərək məsləhətlər
vermiş, bu sahədə özünü sınamağı
tövsiyə etmişlər. 1978-ci ildə
İncəsənət İnstitutuna daxil olub. Xalq artisiti
Lütviyar İmanovdan vokal, müəllimi Canəli
Əkbərovdan isə muğam dərsləri alıb.
-Muğamın çətinliyini görənlər çox
vaxt bu sahəyə maraq göstərsələr də davam
etdirməkdən çəkinirlər. Ancaq siz bu
çətinlikdən qorxmadınız. Bu, musiqiyə olan
qarşısıalınmaz marağınızdan, yoxsa ustad
sənətkarların məsləhətlərini yerinə
yetirmək istəyindən irəli gəldi?
- Uşaqlıq dövründən milli musiqiyə
böyük həvəs göstərmişəm. İlk
çıxışıma yeddinci sinifdə oxuyarkən
başlamışam. “Qadan mən alım” təsnifini muğam
üstündə oxudum. Səhər dərsə
gələndə ədəbiyyat müəllimim mənə
“Ay qız, sən nə etmisən? Yaşının bu
çağında sevgidən, məhəbbətdən oxuyursan?”
deyəndə ağladım. İndi o sözləri şirin
bir xatirə kimi yadıma salsam da həmin vaxt xeyli
utanmışdım. Sənətə məhz belə
başladım.
Orta məktəbi bitirdiyim illərdə
İncəsənət İnstitutunda muğam kafedrası yox
idi. Vokal və xalq mahnıları kafedrasında muğam
dərsləri də tədris olunurdu. Həmin dövrdə
A.Zeynallı adına musiqi məktəbinin imkanları da
istənilən səviyyədə deyildi. Ona görə
də bu məktəbdə oxumaq istəmədim.
Bu gün həmin dövrdə aldığım təhsilin,
tanınmış sənətkarlardan oyrəndiklərimin
müsbət nəticəsini görürəm. Sonradan
tanınmış muğam ustası Canəli Əkbərovun
məsləhəti və köməyi ilə muğamın
sirlərini öyrənməyə başladım. Deyərdim
ki, təhsillərimdə bu dəyişiklik bir təsadüf
nəticəsində baş verdi.
- Yəqin ki, bu məqam oxucular üçün də
maraqlı olar...
- Bəlkə də. Bir gün qala konsertində
“Bağçada güllər” xalq mahnısını ifa
edirdim. Əvvəlcədən onu deyim ki, xalq
mahnılarının repertuarımda xüsusi yeri var.
Xalqımızın ruhunu, mənəvi dəyərlərini
özündə birləşdirən xalq mahnıları
hər zaman alqışlarla qarşılanır. Mənim ifam
da tamaşaçılarda xoş əhval-ruhiyyə
doğurdu. Konsertdən sonra mənə yaxınlaşan
Canəli müəllim dedi: “Ay qızım, sənin ki,
belə səsin var, nə üçün muğam oxumursan.
Bir sınaqdan keçir. İnanıram ki, səndən
çox yaxşı xanəndə, muğam ustası ola
bilər. Bilirsən, sən elə boğazlar
edirsən ki, ancaq muğam ustaları bu cür gedişlər
edə bilər.”
Bu sözlərdən sonra məndə muğama həvəs
daha da artdı. İlk mərhələdə
çəkinsəm də ürəyimdən keçirdim ki,
sınaqdan çıxarmaq pis olmaz. Bu baxımdan
həmişə deyirəm ki, Canəli Əkbərovun
muğam oxumağımda dəstəyi böyükdür.
Həqiqətən gördum ki, muğam oxumaq insana güc,
həvəs verir. “Oxu tar -73”, “Oxu tar-75”
müsabiqələrində də “ Qatar” muğamını
oxumuşdum. Bu günədək bu sənətdə
çalışıram.
Muğamlarımızın atası sayılan “Rast” muğamı
ilə sənətimi davam etdirdim. Bu ifam Azərbaycan
Dövlət Televiziyasının fondunda var. Sonra “Humayun”,
“Rahab”, “Bayatı Qacar”ı oxudum. Repertuarımda 100-dən
artıq xalq mahnısı, təsnif, bəstəkar
mahnısı var. Təvazökarlıqdan üzaq olsa da
çalışmışam ki , bütün ifalarımda
özüməməxsus dəst-xəttimi saxlayım. Yeni ifa
tərzi göstərim. Elə bilirəm ki, istəyimə
nail olmuşam.
- Bəsti xanım, ifaçılıqla bərabər həm
də pedaqoji fəaliyyətlə məşğul olursunuz. Bu
sizin yaradıcılığınıza təsir etmirmi?
- Sənət elə bir qüvvədir ki, istəsən də
ondan uzaqlaşa bilməzsən. Yeni mahnı və muğamlar
üzərində çalışıram . Eyni zamanda
müəllimliklə də məşğul oluram. İncəsənət
Universitetinin rektoru T.Əfəndiyevin dəvəti ilə
pedaqoji fəaliyyətə başladım. Neçə
illərdir muğam kafedrasında işləyirəm.
Tələbələrim var.
- İfalarınız haqqında qısa da olsa məlumat
verdiniz. Bəs qastrol səfərləri, konsertlər
barədə nə deyə bilərsiniz?
- İlk qastrol səfərim hələ tələbə
illərində olmuşdu. SSRİ xalq artisti, “Koruğlu”
rolunun bənzərsiz ifaçısı, mərhum Lütfiyar
İmanov istedadımı görüb məni özü
ilə qastrol səfərlərinə aparırdı. Çox
ölkələrdə olmuşam.
2006-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında
solo konsertim oldu. Həmin konsertdə bir daha gördüm ki,
xalq sənətə qiymət verir. İstedadı
qiymətləndirir, xanəndənin dəyərini bilir.
Konsertim anşlaqla keçdi. Yenə də solo konsert
vermək istəyirəm.
- Ailə şəcərənizdə bu sənətlə
məşğul olan, maraq göstərən varmı?
- Yox. Musiqini sevənlər çox olsa da bu yolu tutan olmayıb.
Ailə üzvlərimiz arasında elmlə məşğul
olanlar daha çoxdur. Uşaqlıqdan nənəmin
bayatıları ilə böyümüşəm, el
havalarını çox eşitmişəm. Atam, babam el
arasında çox sevilən insanlar olub. Atam bütün
ömrünü neft sahəsinə həsr edib.
- Bəsti xanım, bir sənətkar kimi muğamın
inkişafı istiqamətində görülən
işlər barədə nə deyə bilərsiniz? Televiziya
kanallarında keçirilən muğam müsabiqələri
bir daha göstərdi ki, bu janra hər zaman ehtiyac var və onu
daim yaşadacaq sənətkarlar yetişir...
- Bu istiqamətdə görülən tədbirlər
bütünlükdə milli-mənəvi
dəyərlərimizə göstərilən diqqət və
qayğıdır. Buna görə Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, millət vəkili Mehriban xanım Əliyevaya
minnətdarıq. Muğamlarımızın qorunub
saxlanılması, inkişafı üçün onun
göstərdiyi diqqət göz qabağındadır. Qarabağ xanəndələrinin həyat və
yaradıcılığına həsr olunmuş kitabı
nəşr etdirməklə muğamlarımızı
dünya xalqlarına tanıdan Mehriban xanım
Əliyevanın mədəni irsimizin YUNESKO
tərəfindən öyrənilməsi istiqamətindəki
xidmətldəri əvəzsizdir, Azərbaycan Dövlət
Televiziyası ilə keçirilən muğam
musabiqəsinə artan maraq bir daha göstərdi ki, bu
sənət əbədiyaşardır. Bütün dünya
xalqları muğamlarımıza ecazkar bir sənət kimi
qiymət verir. Sevinirəm ki, həyatını bu
sənətə bağlayan yeni nəsil yetişir.
Gənclərdə muğama həvəs böyükdür.
İfa tərzləri də ürəkaçandır.
Sənəti olanlar daim xalq tərəfindən sevilir.
Bu gün hər sahədə olduğu kimi
mədəniyyətə, incəsənətə xüsusi
qayğı göstərən Prezident İlham Əliyevə
butun sənət adamları minnətdardırlar. Prezident
İlham Əliyevin diqqət və qayğısı
sayəsində sənət adamlarına fəxri adlar verilir,
onlar yüksək dövlət mukafatlarına layiq
görülürlər. Belə diqqət
bütünlükdə Azərbaycan incəsənətinə
verilən qiymət kimi məni də sevindirir.
- Keçirilən xalq ulduzu müsabiqəsinə
münasibətiniz necədir?
- Çox yaxşı. Münsiflər heyəti də
çox tanınmış sənətkarlardır. Yenə
də deyirəm ki, muğamlarımız, xalq
mahnılarımız ana südü qədər saf, təmiz,
qəlbimizdə ülvi hisslər yaradan duyğulardır. Yeni
istedadlar məhz belə müsabiqələr zamanı
aşkarlanır. Muğam bizim milli
sərvətimizdirsə, onu qorumaq hamımızın borcudur.
- Əsrlərin yaddaşından, ullarımızın ruhundan
süzülüb gələn muğama müqəddəs janr
kimi yanaşıram. İnsanlara mərdlik, mübarizlik, sevgi,
humanistlik aşılayan muğamlar mənim üçün
həyatdır. Muğama çox bağlı insanam. Biri
var sənəti sevmək, biri də var onunla nəfəs
almaq, bağlanmaq. Mən bu sənətin vurğunuyam.
Muğam damarımda axan qanımdır. Muğam arzum,
istəyimdir. Bəzən zəif muğam ifaçısı
görəndə qol-qanadım qırılır. Elə
bilirəm ki, muğamı zəif oxumaq ulularımıza
hörmətsizlikdir. Muğam elə bir janrdır ki, hər
zaman sevilib.
- Müəllim kimi tələbələrinizdən
razısınızmı?
- Tələbələrimizin içərisində
gələcəyin sənətkarları yetişir.
Sənət öz yerində. Əgər muğam oxumaq
istəyirsənsə, onun sirlərini də
öyrənməlisən. Mənim üçün ən
önəmlisi istedaddır.
- Bəsti xanımın xatirində ötən illər
hansı uğurlarla yadda qalıb?
- Allah cansağlığı versin. Təbii ki,
uğurlarım çox olub. Hər ifamdan sonra salonu
bürüyən alqış səslərini uğurlarım
hesab edirəm. Mənim sənətdə uğurum hesab olunan
belə anlar isə hədsizdir. Xalqıma, millətimə
bağlı insanam. Hansı ölkəyə səfər
edirəmsə, Azərbaycan üçün darıxıram.
- Övladlarınızdan sənətinizi davam etdirən
varmı?
- İki övladım var. Qızım Azərbaycan
Dövlət Xarici Dillər Universitetində oxuyur. Oğlum
əsgəri xidmətdədir. Sənətimi davam
etdirməsələr də musiqini sevirlər. Hər ikisi də
azərbaycanlı olmaları ilə qürur duyur. Bir ana kimi
onlarla fəxr edirəm. İnanıram ki, onlar
cəmiyyətdə özlərinə layiq yer tutacaqlar.
Yeganə Əliyeva, “İki sahil”
PS. Yazı çapa hazırlanarkən öyrəndik ki,
Bəsti Sevdiyeva ad gününü qeyd etməyə
hazırlaşır. Bu münasibətlə onu təbrik
edirik.
İki sahil.- 2008.- 25 aprel.- S. 6.