Həmidə
"Gənc musiqiçilər
təhlil və ifa edir"
Martın 30-da 6 saylı
uşaq incəsənət məktəbində "Gənc
musiqiçilər təhlil və ifa edir" adlı I
Respublika elmi-ifaçılıq müsabiqəsinə start
verildi. Müsabiqənin təşkilindən məqsəd
respublika prezidentinin 30 avqust 2005-ci il tarixli sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan Gəncliyi
Dövlət Proqramı 2005-2009-cu illər"in müvafiq
bəndlərinin icrası, görkəmli bəstəkar Qara
Qarayevin anadan olmasının 90 illik yubileyinin qeyd edilməsi,
Azərbaycanda uşaq, yeniyetmə və gənclər
arasında musiqi sənətinin inkişaf etdirilməsi və
xüsusi istedada malik uşaqların və gənclərin
vaxtında aşkara çıxarılmasıyla onlara
dövlət qayğısının artırılmasına
dəstək verməkdən ibarətdir.
Martın 30-dan aprelin
5-dək davam edəcək müsabiqənin təşkilat
komitəsinə 136 iştirakçı sənəd
vermişdir. İki mərhələdə keçirilən
müsabiqədə hər bir iştirakçı ilk olaraq
seçdiyi Azərbaycan, rus və Avropa
bəstəkarlarından birinin əsərini təhlil və
ifa etməlidir. Hər iştirakçıya təhlil və
ifa üçün birlikdə 20 dəqiqə vaxt verilir.
Çıxışlarda iştirakçılar ifa etdiyi
əsər və onun müəllifi barədə qısa
məlumat verməlidir. Burada münsiflər heyəti
tərəfindən iştirakçının şəxsi
qavrayış səviyyəsi, əsərin obraz-məzmun elementinə
münasibət bacarığı nəzərə
alınacaqdır. Eyni zamanda iştirakçılar
tərəfindən əsərin forması, tempi, fakturası,
ştrixlərində öz əksini tapan bədii ifa
məsələləri, eləcə də texniki çətinliklər
və onların aradan qaldırılması yolları
araşdırılacaq, tədqiq olunan əsərlərin
əsas müddəalarını əks etdirən qeydlər,
məruzə də, istifadə olunan ədəbiyyatın
siyahısı da münsiflər heyətinə təqdim
olunacaq.
Müsabiqə
barədə məlumat verən Mədəniyyət və
Turizm Nazirliyinin Eim və təhsil şöbəsinin
müdiri Yaşar Əliyev layihənin önəmindən danışdı:
"Mədəniyyət və Turizm Nazirliyi ilə Bakı
Musiqi Akademiyası nəzdindəki orta ixtisas məktəb
studiyasının birgə layihəsi olan bu müsabiqə
müstəsna əhəmiyyətə malikdir. Çünki
bu, sadəcə müsabiqə yox, elmi ifaçılıq
müsabiqəsidir ki, bu da vacib nüanslardan biridir.
Müsabiqənin açılışında hiss etdik ki,
intellektual xarakter daşıyan belə bir tədbirin
təşkili çox düzgün addımdır və hesab
edirəm ki, bunun uğurlu davamı olacaq.
Deyim ki, burada bizim
sistemdə fəaliyyət göstərən uşaq musiqi
və incəsənət məktəblərilə
yanaşı, orta ixtisas məktəb studiyasının
şagirdləri də iştirak edirlər. Bu isə onu
göstərir ki, müsabiqəyə böyük maraq
var".
Müsabiqədə I,
II və III yerləri tutan iştirakçılara nazirlik
tərəfindən müvafiq olaraq 200, 150 və 100 AZN pul
mükafatları və diplomlar, fərqlənən iştirakçılara
isə həvəsləndirici diplomlar təqdim olunacaq. Həmçinin
diploma layiq görülən ifaçıların
məruzələri elmi ifaçılıq
müsabiqəsinin materiallarında dərc olunacaq.
Bundan başqa,
bütün iştirakçılara Mədəniyyət
və Turizm Nazirliyinin şəhadətnamələri
təqdim olunacaq.
Mədəniyyət.- 2008.- 3 aprel.- S. 2.