Xəlilzadə F.
Bilmirəm, niyə
mənə elə gəlir ki, muğam və xalq
mahnılarımızın ifaçıları nə vaxtsa
dərya kənarında ev tikdiriblər. Sonra da
yağışların - daşqınların, leysanların
basqınına tuş gəlmiş bu evlərin dərdi
onları dilə gətirərək belə
yanıqlı-yanıqlı oxumağa vadar edib:
Ay dərya kənarında
bir ev tikmişəm,
Ay hasarın çəkmişəm,
üstün örtmüşəm,
Ay bu gələn gözələ gözüm
dikmişəm,
Bu nalənin arxasınca isə çəkdiyi harayın
ahəngində bir həqiqət gün işığı
kimi varlığımızı isidib. Nə dərya,
nə ev. Bunlar əslində bir bəhanədir. Çünki
nə qədər ki, bağçada güllər var,
bülbüllər oxuyacaq. Ağız-ağıza
verərək "yenə yar gəlir"
deyəcəklər.
Hər dəfə muğam və xalq mahnılarımızın
özüməxsus ifaçısı Bəsti Sevdiyevaya qulaq
asdıqca qəlbim belə isti duyğularla riqqətə
gəlir. Boylu-buxunlu, ağırtaxtalı bu qarabəniz
xanımın muğam dəstgahlarındakı etdiyi
xırdalıqlar, zəngulələr həmişə
gözlərimin qarşısında qayalı-dərəli,
çaylı-ormanlı bir təbiət mənzərəsi
yaradır. Fikirləşirəm ki, hansı
döngədəsə Bəsti əsl Ərəbzəngi kimi
naməlum yolçuların qarşısını
kəsərək səsi ilə çəpər
çəkir: "Dayan, keçmə torpağıma".
Səsin sərkərdə gücünə malik olduğunu
eşitmişdim. Səsi ilə ruhu tərpədən neçə
sənətkarın xoş avazına qulaq asmışdım.
Bilirdim ki, vaxtilə öz ifası ilə güllər
pərvanəsi bülbülü susduranlar olub. Bilirdim ki,
muğam ifaçılarımız daş qəlbliləri
belə, yumşaldaraq rəhmə gətirmək
qüdrətini nümayiş etdiriblər. Bilirdim ki,
məşhur xanəndənin bir ağız oxuması
üçün milyonlarını tökən sənət
aşiqləri, pərəstişkarlar olub. Amma ağlıma
gətirməzdim ki, səslə keşikçiyə,
müdafiəçiyə dönmək olar. Bəsti
Sevdiyevanın ifa etdiyi yüzdən artıq muğamı, el
nəğmələrini, bəstəkar mahnısını
və bayatıları dinlədikcə gözlərimin
önündə döyüşçü paltarı
geyinmiş Ərəbzənginin məğrur xəyalı
canlanırdı. Qulaqlarıma isə çox uzaqlardan sübhün
paklığından, çeşmələrin
duruluğundan mayalanmış bir səs gəlirdi: "Uca
dağlar başında səslərəm səni".
Cavabı gözləməmiş bir həsrətin
yanğısı canımıza dolurdu:
Yar bizə qonaq gələcək,
balam,
Bilmirəm nə vaxt gələcək,
gülüm,
Bəlkə də sabah gələcək?!
Sanki bu cavabsız sualların acığına
müğənni içindəki həsrəti boğaraq
"Ay bəri bax"ı xüsusi şövqlə ifa
edərək demək istəyirdi ki, "Özgəyə bel
bağlama, ay bəri bax, bəri bax. Gedib yenə
gələrəm, ay bəri bax, bəri bax".
Bəsti xanım hansı mahnını repertuarına
salıbsa, uğurlu alınıb. Səsində Qarabağ
həsrəti, Vətən dərdi gizlənən
müğənnimiz Bakı şəhərinin Qaradağ
rayonunda dünyaya göz açıb. Hələ orta
məktəbdə oxuduğu illərdə "Oxu tar -
73", "Oxu tar - 75" müsabiqələrinin laureatı
olub. Böyük sənətkarlarımız Şəmsi
Bədəlbəyli, Qulu Əsgərov, İslam Rzayev onun
ifasını yüksək dəyərləndiriblər.
Şəmsi Bədəlbəyli deyib ki, bu qara qızın
çox saf və məlahətli səsi var. Arxasınca
getsə, əsl ifaçı olacaq.
Ötən günlərin xatirə cığırları
bizi çox uzaqlara aparmışdır. Bəsti xanım
həyatının müxtəlif anlarını yada salaraq
danışırdı: "Məktəbin
özfəaliyyət kollektivinin üzvü idim. Bayram
konsertlərinin hamısında iştirak edərdim.
Yadımdadır, 7-ci sinif şagirdi ikən mərasimdə
"Çahargah" təsnifini oxudum. Ona qədər
"Cücələrim", "Qaranquşlar"
nəğmələrini ifa etdiyimdən sanki bu
təkrarçılıqdan yorulmuşdum. Ona görə
də təsnif seçmişdim. Orada da belə sözlər
var idi:
Qadan mən alım, körpə maralım,
Ayrılığından qoyma saralım.
Ertəsi gün məktəbdə ədəbiyyat
müəllimim uşaqların içində məni o ki var
danladı: "Bu, nə mahnıdır oxudun? Sənin
yaşına uyğun deyil, uşaqsan, uşaq mahnısı
oxu". Utandığımdan ağladım. Bir həftə
dərsə getmədim. Həm də dərs
əlaçısı idim. Direktorun təkidi ilə anam
birtəhər əlimdən tutub məni məktəbə
apardı".
Bəsti Sevdiyeva hələ 9-cu sinifdə oxuyarkən xalq
artisti İslam Rzayevin rəhbərlik etdiyi instrumental ansamblda
çıxış edirdi. Hər gün məşqə
gələn qızcığaz Qulu Əsgərov, Yaşar
Səfərov, Elmira Rəhimova kimi tanınmış
müğənnilərlə bir ansamblda oxumağını
"ömrünün qızıl anları"
adlandırır. Bu barədə söyləyir: "Dərs
deyib-deməməyindən asılı olmayaraq, elə
böyük sənətkarlarımız var ki, onları
həmişə özümüzə müəllim
sanmışıq. Mən inanmıram ki, bizim nəslin
arasında Rübabə Muradovanın, Sara Qədimovanın,
Zeynəb Xanlarovanın qeyri-rəsmi məktəbinin
şagirdləri olmasın. Gecə-gündüz biz onlara qulaq
asaraq, öyrənərək sənətimizi
zənginləşdirmişik. Doğrudur, ailə əsas
amildir. Atam Sevdiyar neftçi olsa da, muğama çox
bağlı adam idi. Hərdən zümzümə edərdi.
Nənəm Ağcanın bayatıları mənim ilk
məktəbim olub. Elə yanıqlı səsi vardı ki,
indi də yadımdadır. O avazı, asta səslə
oxuduğu bayatıların həzinliyini unutmamışam:
Bülbülün geydiyi yaşıl,
Gün dəyəndə parıldaşır,
Səni görsəm dil dolaşır,
Oxu, oxu, nazlı bülbül.
Çox sonralar bildim ki, uşaqlıq yaddaşımdan
indiyə qədər yol gələn bu bayatı məşhur
bir xalq mahnısının nəqarətidir".
Orta məktəbi bitirdikdən sonra Mədəniyyət və
İncəsənət Universitetinə daxil olan Bəsti
Sevdiyevanın vokal müəllimi Lütfiyar İmanov olub.
Muğam dərslərini Canəli Əkbərovdan alıb.
Hələ tələbə ikən Lütfiyar İmanov
Bəstini özü ilə birgə nəinki respublikanın
rayonlarına, eləcə də xarici ölkələrə
qastrol səfərlərinə aparırmış. Rusiya,
Almaniya, Türkiyə musiqisevərləri Bəstinin ifasına
məftun olublar. Bu barədə mətbuat
səhifələrində də maraqlı yazılar var. Bəsti həm xalq mahnılarını və
muğamları məharətlə ifa edir, həm də
yaxşı vokalist kimi alqışlarla
qarşılanırdı.
Bəsti Sevdiyeva Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində
çalışır, tələbələrə
muğamdan dərs deyir. Can atdığı odur ki,
yetirmələri muğamın bütün sirlərinə
dərindən bələd olsunlar, muğam
dünyasının sehrli yollarında büdrəmədən
irəliyə getsinlər.
Bir neçə dəfə filarmoniyada solo konserti
keçirilən ucaboylu, qaraşın müğənnini
çox gənc vaxtlarında Opera və Balet Teatrına - Leyli
roluna dəvət ediblər. "Özüm də bilmirəm
ki, niyə getmədim?" Təbii ki, illər
ötdükcə yaşın diktəsi başqa
hökmlər dedi. Bəsti Sevdiyeva indi Opera və Balet Teatrında
müxtəlif ana rollarını yaratmaqdadır.
"Allahımdan çox razıyam.
Ürəyimdən keçənlərə nail ola bilirəm. Bir ildə iki
dəfə Məkkəyə ziyarətə getmişəm -
2006-cı ilin yanvar və dekabr aylarında. Təsəvvür edin ki, bu, 36 ildənbir baş
tutur ki, bir ildə Məkkəyə iki ziyarət olur".
ESevincli və kədərli
çağlarında (onun üçün orta hədd yoxdur)
həmişə içində ovqatına uyğun xalq
mahnılarını oxuyar. Bu hal uzandıqca
ətrafı unudaraq öz-özünə zümzümə
edər:
Evləri var, ay aman,
xana-xana,
Mən kül oldum, ay aman,
ay aman, yana-yana.
Yaylığının yanı buta,
Saldı məni, ay aman, ay aman,
yanar oda.
Yenə gözlərimizin qarşısında
obalar oymaq-oymaq canlandı. Sanki
alaçıqlar quruldu. Ağabəyim
ağanın uzaq ellərdə qoşduğu bayatının
ağır kədəri ürəyimizi xiffətə
saldı. Bəsti xanım söyləyir: "Moskvada
qastrol səfərində idim. Rəmiş
gitarada çalırdı. Mən də
"Segah" oxuyurdum. Ani fasilədə bir də
eşitdim ki, aman Allah, Rəmiş "Qarabağ
şikəstəsi"nin ən uca
nöqtəsindədir. Tamaşaçılar
ayaq üstə əl çalırlar. Sanki
ürəyim yerə düşdü. Bütün
varlığım titrədi. Heç vaxt
mən bu şikəstəni oxumamışdım. Dahi ifaçılığına görə
ürək etmirdim. Amma o gün həm Allah, həm
Rəmişin çalğısı, həm də
tamaşaçıların alqışı mənə
gözləmədiyim qüvvət verdi. İndi də o lentə baxanda dəhşətə
gəlirəm, heyrətlənirəm. Bu "Qarabağ
şikəstəsi"ni
çəkən mənəmmi?! Tanrıdan
diləyim budur ki, sıradan bir nəfər kimi
sənətkarlarımızdan sonda dayanaraq Cıdır düzündə
bu şikəstəni ifa edək. Vallah,
torpaqlarımız alınsın, mən "Qarabağ
şikəstəsi"ni insanlar
üçün deyil, Şuşanın dağlarına,
daşlarına oxuyaram. Bəlkə onda
rəhmətlik qayınanamın, qayınatamın ruhları
dincələ. Onları bu dünyadan
Dünyada ən böyük mükafatı mehriban ailəsi
və iki ağıllı övladının
varlığı, arzusu dünyanın sakitliyi,
torpaqlarımızın qaytarılması, istəyi
balalarının xoşbəxtliyi olan Bəsti Sevdiyeva bizi
səsi ilə Vətənə - yağı əlində
inildəyən yerlərə aparırdı...
Azərbaycan.- 2008.- 29 aprel.- S. 11.