Məhərrəmova T.

 

Bu ifaya gərək onun xiridarı qiymət versin

 

Munis Şərifov, Əməkdar artist: "Elə ifa tərzi tapmağa çalışıram ki, bütün dünya xalqları onu başa düşsün"

 

Qədim Musiqi Alətləri Ansamblı dünyanın hər yerində qədimliyi və milliliyi əks etdirmə baxımından böyük maraq doğurur. Kollektiv fəaliyyət göstərməyə başladığı vaxtdan musiqimizi təkcə öz ölkəmizdə deyil, xaricdə də çox təbliğ edib. Bu millilik təkcə ifaçıların zahiri geyimində və ifa etdiyi alətdə deyil, eyni zamanda, ansamblın hər bir üzvünün sənətə olan yanğısındadır.

Aprelin 24-də qeyd edəcəyi doğum günü ərəfəsində görüşdüyümüz ansamblın konsertmeystri, Əməkdar artist Munis Şərifovla söhbətimizdə özünüz də bu sənət eşqinin şahidi olacaqsınız.

 

- Son vaxtlar Qədim Musiqi Alətləri Ansamblı efirdə az-az görünür.

- Televiziya kanallarının hamısı bizi dəvət edir. İmkanımız daxilində çıxış edirik. Kollektiv əsasən dövlət tədbirlərində iştirak edir. Bu ansambl gərək öz xarakterinə uyğun olan verilişlərdə çıxış etsin. Necə deyərlər, bu ifaya gərək onun xiridarı qiymət versin. Bizim repertuarda Əbdülqadir Marağayinin musiqiləri var. Bu musiqiləri hər adam başa düşmür.

- Deyə bilərsinizmi, ansamblı xalq arasında nə qədər tanıda bilmisiniz?

- Ansambl nəinki xalq arasında, hətta dünyada tanınıb. Çünki nazirlik bizi tez-tez müxtəlif festivallara, qastrollara göndərir. İnandırıram ki, bizim ansambl xaricdə ən çox tanınan kollektivlərdən biridir. Respublikada da bizə çox böyük maraq göstərilir. Çünki bu bizim folklorumuzdur.

- Dünyanın hər yerində qədim alətlərdən ibarət belə ansambllar fəaliyyət göstərirmi?

- Dünyada belə ansambllar çox azdır. Həmin alətləri də çox primitiv ifa edirlər. Bizim ansambl isə öz ifaçılıq üslubu ilə fərqlənir. Çünki bu alətlər yox idi, yalnız miniatürdə qalmışdı. Məcnun Kərimov onları miniatürlərdən, klassik şairlərin əsərlərindən tapıb yenidən bərpa elədi. Bu alətlərin səsi müasir dövrdəki alətlərin səs tembrindən fərqlənmək baxımından da çox maraqlıdır. Ona görə də xarici ölkələrdə çox ecazkar qarşılanırıq. Hərdən özümüz də göstərilən maraq qarşısında çaşıb qalırıq. Alətlərin səsi, ifaçılıq, geyindiyimiz paltarlar tam o dövrü əks etdirmək baxımından hər yerdə maraq doğurur.

- Kaman ifaçısı olduğunuz üçün yəqin ki, çəqanə alətini ifa eləmək sizə çətin olmadı?

- Mən iki il Tehran Universitetində çalışmışam. Oradan qayıdandan sonra Məcnun Kərimov mənə çəqanə alətini göstərdi və qədim alətlərdən ibarət bir ansambl yaratmaq istədiyini bildirdi. Belə bir aləti heç yerdə görməmişdim. Amma əlimə götürüb çalanda çox xoşuma gəldi. Sonra öyrəndim ki, bu, Şirvan elinə aid olan bir alətdir və qədim tarixi var. Ansambl yavaş-yavaş yaranırdı. Mən də iki nəfər professional musiqiçi dəvət etdim və beləliklə, ansambl yarandı. Məcnun müəllim bədii rəhbər, mənsə ansamblın konsertmeystri kimi çalışmağa başladıq. Biz əvvəlcə Konservatoriyanın nəzdində konsertlərdə çıxış etdik. Yusif Məmmədəliyevin yubileyində ümummilli lider Heydər Əliyev çıxışımızı xoşladı və ansamblın dövlət statusu alması haqqında sərəncam verdi. Bundan sonra ansambl Mədəniyyət Nazirliyinin tabeçiliyinə keçdi.

- Siz çəqanə alətini institutda da tədris edirsinizmi?

- Mən həm Milli Konservatoriyada dərs deyirəm, həm də Musiqi Akademiyasında qədim alətlərin bərpası laboratoriyasının baş elmi işçisiyəm. Əsasən kamança üzrə dərs deyirəm, həm də kamança ifaçısı kimi daha çox reklam olunuram. Bu alətin ifaçısı kimi də dünyanın çox yerində olmuşam. Ancaq hələ ki, institutda çəqanə alətini tədris eləmirəm. Planda var ki, gələcəkdə tədrisə salınsın. Çəqanə alətini əsasən ansamblla ifa edir, hərdən solo ifaçılığa da yer ayırıram. Bu alətin sola ifaçılığı çox çətindir. Çünki ansamblda hamı bir-birinə kömək edir. Solo ifa isə çox məsuliyyətlidir. Ansamblın hər konsertində ən azı 2-3 solo ifam olur. Solist kimi çəqanə aləti ilə bir sıra xarici ölkələrdə çıxış etmişəm. Hamısı da çox gözəl qarşılanıb. Çəqanə alətini o qədər kamilləşdirmişəm ki, onda hər cür musiqini ifa edə bilirəm.

- Çəqanənin adi kamançadan fərqi nədən ibarətdir? Bu alətlərdən hansı daha təkmildir?

- Hər ikisi təkmil alətdir. Avropa alətlərindən skripka və ondan böyük alt var. Böyüdükcə səs də bəmləşir. Məsələn, violençel ondan da bəmdir. Kontrabas isə daha bəmdir. Çəqanə kamançadan böyükdür. Səsinin gurluğu da kamançadan bəm və gurdur. İmkanları kamança, skripka kimi təkmildir. Bu aləti dünya səviyyəsinə çıxarmaq olur və çıxarmışıq da. Böyük bir elmi konfransda Avropa alətləri bunun yanında heç oldu. Bu alətdə dünyanın ən böyük simfonik orkestrinin müşayiəti ilə əsərlər də çalmaq olar. Kamançadan fərqi səs tembri və tutum dairəsinə görədir. Bir də kamançanın üzü dəri, bunda isə taxtadır. Kamança dizdə çalınır, çəqanə isə ifa zamanı yerə söykənir. Ümumi götürəndə hər ikisi kamanlı alətdir.

- Bəs şöhrətdə necə, hansı bir-birini üstələyir?

- Bu alət neçə əsrlər idi ki, yaddan çıxmışdı. Kamança keçən yüzillikdən bugünə kimi məşhurdur. Çəqanənin dünyada yeganə ifaçısı mənəm. Bu alət mənimlə tanınır. Alətin geniş tanınması üçün vaxt lazımdır. Bunun üçün tədrisinə ehtiyac var. Elmi konfransdan sonra internet vasitəsilə dünyaya yayıldı ki, belə bir alət var, ifaçısı da filankəsdir. Özünüz bilirsiniz ki, kamança ifaçıları çoxdur. Məsələn, özümüzdə, İranda və Türkiyə ifaçılar var. Ermənilər də bu aləti bizdən götürüb istifadə edirlər. Çəqanənin geniş spektrdə tanınması üçün ilk növbədə ifaçıları çoxalmalıdır. İndiyə qədər nə qədər tanınıbsa, bizim ansamblın sayəsində olub. Mən həmişə yenilik axtarışındayam. Bu yaxınlarda təzə musiqilər yazdırmışam. Yeni səpkidə musiqilər ifa etməyə çalışmışam. İfamda heç kəsin etmədiyini etmək istəyirəm. Kamançanın milliliklə yanaşı, klassik formalarını da göstərməyə çalışıram. Elə ifa tərzi tapmağa çalışıram ki, bütün dünya xalqları onu başa düşsün. Bu alətlərdən başqa mən ney-kaman adlı bir alət icad eləmişəm. Onun səslənməsi də çox maraqlıdır: kamançadan ney səsi çıxır. Zahirən kamançaya oxşayan bu alətin quruluşunda bir az fərq var. Bu, sırf öz ixtiramdır. Həmin alətin səsini yuxuda eşitdikdən sonra düzəltmişəm. Alətin düzəlməsində mənə usta Pənah kömək edib.

- Necə bilirsiniz, ney-kamanı ansambla daxil etmək çətin olmayacaq ki?

- Mənim fikrimcə, bu alətin solo ifası daha yaxşı səslənər. Ansamblda alətlərin səsi bir-birinə qarışdığı üçün ney-kamanın səsi itə bilər. Bu alətdən eyni vaxtda həm kamança, həm neyin, həm də aktava zil-bəm səsi çıxır. Sentyabr ayında Fransada böyük bir konfrans keçiriləcək. Mən hər üç alətlə həmin konfransa dəvət olunmuşam.

- Son vaxtlar ansambla başqa hansı alət daxil edilib?

- Hal-hazırda ansamblda 11 alət ifa olunur. İnşallah, Məcnun Kərimov nüshə alətini də bu yaxınlarda ansambla daxil edəcək. Nüshə aləti kanon ailəsinə daxildir. Səs diapozonuna görə də bu alətə oxşayır.

- Siz Amerika universitetlərində ustad dərsləri keçməyə dəvət almışdınız. Tələbələrdə Azərbaycanın musiqi alətlərinə maraq aşılaya bildinizmi?

- 2004-cü ildə Amerikanın İndiana, Ohayo, Viskonsin universitetləri məni ustad dərsləri keçməyə dəvət etdi. Amerikada yaşayan Asiyalı tələbələr bu alətdə ifanı öyrənmək istəyirdi. Onlar bu alətə maraq göstərir və ifa etməyi öyrənirdilər. Onlar üçün kaman və çəqanə alətləri çox maraqlı idi. Eyni zamanda, Amerikada solo konsertlərim keçirildi.

- Məcnun müəllimin dediyinə görə, bir neçə il bundan qabaq Qazaxıstanda verdiyiniz konsertdən sonra sizi "Azərbaycanın Poqaninisi" adlandırıblar.

- Mən dünyanın çox yerində olmuşam, amma bu qədər yadımda qalan bir görüş olmamışdı. Alma-atıdakı konfrans Bolat Serbayevin irsini davam etdirmək üçün keçirilirdi. Bolat Serbayev də vaxtilə qazax xalqının qədim alətləri və özünün kəşf etdiyi alətlərdən kolleksiya düzəldib. O, dünyadan köçəndən sonra irsini davam etdirmək üçün belə bir konfrans təşkil etdilər. Konfransda dünyanın türkdilli ölkələrindən, o cümlədən Rusiya və Avropadan böyük alimlər və ifaçılar iştirak edirdi. Konfransda həm məruzələr, həm də ifalar dinlənilirdi. Məcnun müəllim çəqanə alətindən danışdı, mənsə ifa elədim. Həmin axşam böyük konsert keçirildi. Qazaxıstanın bütün dövlət və özəl kanalları bizi dəvət elədi, qəzetlər haqqımızda yazdı. Bizim alət çox təbliğ olundu. Qazax xalqı konfransı çox yüksək səviyyədə təşkil eləmişdi. Konsert Konservatoriyanın böyük zalında keçirilirdi. İfamdan sonra zal hamılıqla mənə "Azərbaycanın Poqaninisi" adını verdi. Konservatoriyanın bir professor qadın işçisi əlimdən öpdü. Bir Xalq artisti mənə yaxınlaşıb: "Siz professorsunuz?" - deyə soruşduqda "yox" dedim. O, yenidən: "Xalq artistisiniz?" sualına da "yox" cavabı aldıqdan sonra "bu boyda sənətlə heç bir adınız yoxdur?" - deyə təəccübləndi. Məcnun müəllim şahiddir ki, orada qalmaq üçün çox təklif oldu. Qazaxıstan konservatoriyasında mənimçün şərait də yaratmaq istəyirdilər. Mənə dedilər ki, siz bir il ərzində burada professor da olarsınız, Xalq artisti də. Bir bəstəkar vardı, dedi ki, mən məmnuniyyətlə yazdığım əsərləri sizə həsr edərdim ki, orada improvizələr edəydiniz.

- Bəs orada qalmağınıza nə mane oldu? Vətənpərvərlik?

- Bilirsinizmi, bura bizim vətənimizdir. Biz öz xalqımıza xidmət edirik.

 

Kaspi.- 2008.- 22 aprel.- S. 12.