Məhərrəmova T.
Üzeyir
Hacıbəyovun yaratdıqlarını itirə bilərik
Teymur Göyçayev, diriyor: "Bizdə
kontrabasa komik alət kimi baxırlar"
Qara Qarayev adına Azərbaycan
Dövlət Kamera Orkestri 1964-cü ildə görkəmli
bəstəkarlarımız Fikrət Əmirov və Qara Qarayevin
təşəbbüsü ilə yaradılıb.
İstedadlı musiqiçi Nazim Paşayev 1992-ci ilə
qədər orkestrin bədii rəhbəri olub. Bu müddət
ərzində Dövlət Kamera Orkestri respublikanın
aparıcı kollektivləri arasında layiqli yer tutaraq
çoxsaylı və uğurlu konsertlər verib. Əsasən
Rusiyada qastrol səfərlərində olan orkestr Moskvada
keçirilən Azərbaycan incəsənəti
dekadalarında fəal iştirak edib. Orkestrin
xaricə səfərləri də uğurlu olub. 1968-ci
ildə Bratislavada gənclərin dostluq festivalı, bir il sonra
Polşada Azərbaycan mədəniyyəti həftəsi, daha
sonra Bosniya və Herseqovinada, Tunisdə və
Türkiyədə müvəffəqiyyətli
çıxışları yaddaqalan olub. Orkestrə
Ramiz Məlikaslanovun və Yaşar İmanovun
başçılıq etdiyi vaxtlarda da kollektivin verdiyi
konsertlər uğurlu olub.
1998-ci ildən bu günədək
orkestri Xalq artisti Teymur Göyçayev idarə edir. Dünya
şöhrətli Mstislav Rostropoviç bu orkestrin
ifaçılıq qabiliyyətinin professional
səviyyədə olduğunu qeyd edib.
Teymur Göyçayev
"Kaspi"nin müxbiri ilə söhbətində Kamera
Orkestrinin keçmiş və bugünkü
fəaliyyətindən söhbət açıb.
- Siz kollektivə rəhbərliyi
qəbul edəndə orkestrdə vəziyyət necə idi?
- Məndən
qabaq orkestrdə Ramiz Rzayev və Ramiz Məlikaslanov diriyorluq
edib. Onların fəaliyyəti ilə tanış
olmamışam. Ancaq mən orkestri qəbul edəndə
kitabxanada heç bir not kitabı yox idi. Türkiyəyə
gedən musiqiçilər hamısını özləri
ilə aparmışdılar. Ona görə bizdə not
problemi yaranmışdı. Həmçinin kadr problemi var idi.
1998-ci ildə simfonik orkestrə Rauf Abdullayev diriyorluq
etməyə başladı. Bu orkestrdəki
musiqiçilərin çoxu simfonik orkestrə
keçmişdi. Buna görə də orkestrdə kadr problemi
yaranmışdı. Demək olar ki, məndə təkcə
violonçel ifaçısı qalmışdı. 1998-ci
ildə Uşaq Filarmoniyasında gənclərdən ibarət
"Tutti" Kamera Orkestri yaratmışdım. Həmin
orkestrin üzvlərindən 10-15 nəfərini bu orkestrə
qəbul elədim və demək olar ki, orkestri yenidən
formalaşdırdım. Filarmoniyanın direktoru Arif Məlikov
gənclərin orkestrə cəlb olunmasına icazə
verməklə mənə çox kömək elədi. Bu,
orkestrin yenidən canlanmasına səbəb oldu. Həmin
vaxtlar Filarmoniya təmirdə olduğu üçün Opera
Teatrında bizim üçün ayrılan otaqda 1-2 il
fəaliyyət göstərdik. Orkestr tədricən
formalaşmağa başladı.
- Hal-hazırda bu orkestrin
fəaliyyətinin yüksək səviyyədə
olmasını qeyd edirlər. Orkestrin konsertlərdə
çıxışları da bunu göstərir.
Təvazökarlıqdan uzaq olsa da, orkestrə rəhbərlik
etməyə başlayandan sonra kollektivin adına hansı uğurlar
yazılıb?
- Orkestrə
rəhbər təyin olunduğum il - 1998-ci ilin iyun ayında
Azərbaycan incəsənətini Londonda
müvəffəqiyyətlə təmsil etdik. Həmin ilin
sentyabr ayında orkestr Qara Qarayevin anadan olmasının 80
illiyinə həsr edilən yubiley konserti ilə Fransada
çıxış etdi. Orkestr
dəfələrlə Moskva və Sankt-Peterburq
şəhərlərində mədəniyyət
günlərində iştirak edib. 2000-ci ilin yanvar ayında
İstanbulda İ.S.Bax festivalı, eləcə də
Hannoverdə keçirilən "EXPO-2000" Beynəlxalq
sərgisində kollektivin uğurlu çıxışları
olub. 2001-ci ildə Azərbaycanın Avropa Şurasına daxil
olması ilə əlaqədar orkestr Strasburqda konsert
verdi. Həmin il kollektiv Avstriyada Azərbaycan
mədəniyyəti günlərində də
müvəffəqiyyətlə iştirak etdi. İstanbulda
musiqi barokkosu festivalı, Rusiyada Azərbaycan mədəniyyəti
günləri, Birləşmiş Ərəb
Əmirliklərindəki çıxış,
həmçinin Ankara və Tbilisidə solo konsertlərlə
çıxışlar orkestrin yaradıcılığının
maraqlı anlarını təşkil edir.
Orkestrin
sonrakı qastrol səfərləri Naqoyada keçirilən
"EXPO-2005" və Misirdə keçirilən
Azərbaycan mədəniyyəti günlərində
iştirakla bağlıdır. Kamera Orkestri müxtəlif
xeyriyyə konsertlərində də iştirak edir. Hətta
demək olar ki, bu, orkestrin yaradıcılıq
fəaliyyətinin əsasını təşkil edir. Orkestr
həmçinin Səlim Akçil (Türkiyə), Fabyen
Terikson (Fransa), Simon Kamartin (İsveçrə) kimi diriyorlarla
da əməkdaşlıq edir.
Mədəniyyət
və Turizm Nazirliyinin təşəbbüsü ilə
musiqisevərlər Dövlət Kamera Orkestrinin, Ukrayna
Dövlət Filarmoniyası və Akademik Opera və Balet
Teatrının solistlərinin ifaçılıq
məharəti ilə tanış olmaq imkanı əldə
ediblər. Bu konsertlər silsiləsindən beynəlxalq
müsabiqələr laureatı Liliya Qrevtsova və Taras
Ştondanın, Mariya Kallas adına müsabiqənin laureatı,
Əməkdar artist Olqa Mikitenko, eləcə də Tatyana
Anisimovanın və b. çıxışları yaddaqalan olub.
Artıq orkestr
elə bir səviyyəyə çatıb ki, bu gün bizim
qastrollarımız da, konsertlərimiz də var. Hara
gediriksə, Azərbaycan bəstəkarlarının və
getdiyimiz ölkənin bəstəkarlarının
əsərlərini ifa edirik. Hal-hazırda orkestrin
repertuarını Qərbi Avropa, rus və Azərbaycan
bəstəkarlarının 200-dən artıq əsəri
təşkil edir. Kamera Orkestrinin repertuarına daxil edilən
əsərlərdə Azərbaycanın muğam incəsənəti
və xalq çalğı alətlərindən istifadə
edilərək onların sintezi diqqəti cəlb edir.
- Kamera Orkestrinə rəhbərlik
edəndən sonra Uşaq Filarmoniyasında
yaratdığınız orkestrlə
vidalaşdınızmı?
- Yox,
vidalaşmamışam. Hal-hazırda uşaq kamera orkestri
Uşaq Dövlət Filarmoniyasında fəaliyyət
göstərir. Bu kollektivin üzvləri artıq uşaq
vaxtından musiqinin istiqamətini, yolunu
öyrənməyə başlayır və mənim
tələblərimə öyrəşirlər.
Böyüyəndə onlarla işləmək artıq
mənim üçün çətin olmur. Rəşid
Behbudov adına 2 saylı musiqi məktəbinin 10-cu
sinfində oxuyan Firuzə Xəncəlova və Narın
Musayeva adlı iki istedadlı tələbəm var. Eyni zamanda,
mən uşaqlardan ibarət Gənc Simfonik Orkestrə
rəhbərlik edirəm. Hazırda həmin orkestrlə
böyük proqram hazırlayırıq.
- Bəs maraq baxımından onlarla
işləmək yaxşıdır, yoxsa
böyüklərlə?
- Hər ikisi
ilə işləmək maraqlıdır. Amma daha çox
uşaqlarla işləmək mənə zövq verir.
Çünki onların aləmi tam başqadır. Demək
olmaz ki, təkcə mən onları öyrədirəm,
çox vaxt onlardan öyrənirəm. Onların daxili
təmizlikləri, musiqiyə yanaşma tərzləri
çox maraqlıdır. Bu, mənim üçün
böyük məktəbdir.
- Böyük kollektivdən ibarət
orkestr, ansambllar çox vaxt maddi çətinlik
üzündən dağılır. Sizin orkestrdə bu
baxımdan çətinlik varmı?
-
Biz dövlət büdcəsindən maliyyələşirik
və göstərilən qayğıdan razıyıq.
İşləmək üçün bütün
şərait yaradılıb. Ümummilli lider Heydər
Əliyevin sərəncamı ilə orkestrin maaşı
qaldırılmışdı. Prezident İlham Əliyev yeni
bir sərəncamla orkestrin əmək haqqını
qaldırdı. Vaxt olub ki, orkestr çox cüzi maaşa
işləyib. İndi isə o vaxtdan 10 qat artıq pul
alırlar. Ancaq onu deyim ki, o vaxt da, indi də eyni həvəslə
çalışırlar. Şəxsən mən əmək
haqqı almasam da, işləyərəm. Çünki musiqi
həyatdır. Biz musiqisiz yaşaya bilmirik. Bilirəm ki,
orkestrin digər işçilərinə də maaş
verməsələr, çalışacaqlar.
- Hal-hazırda rəhbərlik
etdiyiniz Dövlət Kamera Orkestrini istədiyiniz
səviyyəyə çatdırmısınızmı?
- Mən
heç vaxt istədiyim səviyyəni tuta bilmirəm. Ona
görə də həmişə narazıyam. Çünki
incəsənətdə heç vaxt zirvə olmur. Elə bir
konsert olmayıb ki, mən öz çıxışımdan
razı qalım. Mən o konsertlərə
dəfələrlə qulaq asıram. Özümün
eşitmək istədiyim bir səviyyə var və
hələ o səviyyədə çıxışım
olmayıb.
- Bir müddət əvvəl
kontrabas, violonçel, nəfəs alətləri üzrə
tələbələrin yetişdirilməməsi ilə
bağlı problemlər var idi. Hazırda vəziyyət
necədir?
- Problem eyni
ilə qalmaqdadır. Bu alətlər üzrə bu gün
də tələbə yetişdirilmir. Bizdə kontrabasa komik
alət kimi baxırlar. Mən bir neçə dəfə
musiqi məktəblərinin direktorlarına bu
məsələ ilə bağlı müraciət
etmişəm ki, ilk növbədə bu alətlər
üzrə tələbələr yetişdirsinlər. Sabah
bununla bağlı ciddi problemlər yaşaya bilərik.
Artıq Simfonik Orkestr bu problemlə rastlaşır. Mənim
də orkestrimdə violonçellər
çatışmır. 10-15 il irəliyə baxmaq, bu alətlərdə
ifa edə bilən tələbələr yetişdirmək
lazımdır. Bu problemi musiqi məktəbləri həll
etməlidir. Sadalanan musiqi alətlərsiz orkestr
fəaliyyət göstərə bilməz. Problem həll
olunmadığı təqdirdə Türkiyə kimi biz də
digər xarici ölkələrin musiqiçilərinə
2000-3000 dollar pul verib buraya gətirəcəyik. Türkiyə
öz problemini belə həll etdi. Biz Üzeyir Hacıbəyovun
yaratdıqlarını itirə bilərik. Vaxtilə Simfonik
Orkestrimiz çox güclü idi, çünki burada çox
gözəl müəllimlər var idi. Ancaq indi müəllim
çatışmazlığı hökm
sürməkdədir. Gərək çatışmayan
alətlər üzrə mütəxəssislər cəlb
olunsun. Bu gün orkestr var, bəs 5 ildən sonra necə olacaq?
Bunu düşünmək lazımdır.
Kaspi.- 2008.- 15 aprel.- S. 12.