Məhərrəmova T.
Yarımçıq ömrün
simfoniyası
23
ildə ömrünün bütövlüyünə imza atan
Asəf Zeynallı
1923-cü il... Mart ayı olduğuna
baxmayaraq, havalar çox soyuq idi. Bayırda
əsən şiddətli xəzri küləyi
küçələrə döşənmiş daşlar
arasındakı toz-torpağı göyə sovurub,
adamların üz-gözünə çırpırdı.
Sarı toz dumanı şəhəri
bürümüşdü. Lakin Bakı
işçi klubunun salonu musiqi sənətinə həvəs
göstərən dinləyicilər, müəllimlər,
tələbələr və nəhayət, öz övladlarının
baxış konsertindəki çıxışını
dinləmək istəyən valideynlərlə dolu idi. Burada böyük Azərbaycan bəstəkarı
Üzeyir Hacıbəyovun idarə etdiyi birinci Azərbaycan
musiqi məktəbi şagirdlərinin ilk baxış konserti
keçirilirdi. Skripka, tar, pianino, klarnet
çalan oğlanlar, qızlar bir-bir səhnəyə
çıxır, öz bacarıq və istedadlarını
nümayiş etdirirdilər.
Konsertin birinci
şöbəsində azyaşlı uşaqlar, ikinci
şöbəsində isə "böyüklər"
çıxış edirdilər. Budur, Kokəb
Səfərəliyeva pianinoda Bethovenin sonatasını, sonra
isə Xurşud Ağayeva Şopenin
"Ballada"sını çaldılar.
- Bəs Asəfi nə
üçün Üzeyir buraxmadı? Axı o, ya birinci
şöbənin axırında, ya da ikinci şöbənin
əvvəlində çalmalı idi?..
Salondakılar
pıçıldaya-pıçıldaya bu sualı
bir-birinə verirdilər.
- Konsert proqramını tərtib
etməkdə Üzeyir Hacıbəyovun böyük
səriştəsi var. O öz işini yaxşı bilir, -
deyə tamaşaçılardan biri cavab verdi.
"Truba üçün
pyes", musiqisi Asəf Zeynallınındır. İfa edir müəllif!..
Aparıcının elan
etdiyi bu sözlər hamının
təəccübünə səbəb oldu; çünki
hamı o vaxta qədər Asəfi yalnız truba sinfinin
istedadlı bir şagirdi kimi tanıyırdı.
Həmin gün Üzeyir
bəy Asəfi yalnız bir ifaçı kimi deyil, eyni zamanda
gənc bir bəstəkar kimi dinləyicilərə təqdim
etdi.
Səhnəyə 14
yaşlı, qarabuğdayı bir şagird çıxdı. Bütün
söhbətlər bircə anda kəsildi. O, fikrini bir
yerə cəmləşdirmək istəyirmiş kimi, bir
qədər dayanıb tamaşa salonuna baxdı, sonra
trubasının müşdüyünü dodaqlarına
yapışdırıb çalmağa başladı.
Görkəmli bəstəkar
Əfrasiyab Bədəlbəyli o zaman "Kommunist"
qəzetində dərc etdirdiyi xatirələrində yazır
ki, o vaxta qədər trubanı əsas etibarı ilə
hərbi marş aləti kimi tanıyan bir çox
dinləyicilər Asəfin "Rast" muğamı
əsasında bəstələdiyi musiqi pyesinin gözəl
təranəsindən vəcdə gəldilər. Asəf öz çalğısını
bitirincə, bütün salon onu sürəkli
alqışlarla qarşıladı, əsərini bir daha
təkrar çalmasına israr etdi. 3-4
dəfə səhnəyə gəlib utana-utana salondakılara
baş əyən Asəf öz əsərini bir daha ifa etdi.
Bu gözəl
çıxışından sonra Asəfin istedadlı
bəstəkar olacağına hamıda böyük inam
yarandı. Az sonra həkimlər Asəfin səhhətini
nəzərə alaraq, ona nəfəsli musiqi aləti
çalmaqda davam etməsini qadağan etdilər. Asəf violonçel sinfinə keçdi. Az müddətdə böyük
müvəffəqiyyətlər əldə edən Asəf
ikicə il sonra, musiqi məktəbinin Opera Teatrında
göstərdiyi "Arşın mal alan" tamaşasında
orkestrin violonçel qrupunun konsertmeyestri təyin edildi.
Asəf Zeynallı haqqında
qardaşı qızı
- Asəf Dərbənddə
anadan olub. Onun anası qarmon çalırmış. Balaca Asəfin gözləri həmişə
anasının barmaqlarında olarmış. Qarmon sədaları altında
böyüyürmüş Asəf. Təzə
dil açan vaxtı qəflətən anasına
qayıdır ki, ay ana, nə vaxtdır qarmon
çalmırsan. Bəlkə nəsə
bir şey çalasan. Anası balaca
Asəfin bu sözlərinə fikir vermir. Sonradan
uşağın dediklərini ürəyində
götür-qoy edir: uşaq olmağına baxma, gör
necə hissiyyatı var. Nə tez başa düşdü
musiqini? Əlindəki işini
yarımçıq qoyub başlayır qarmon çalmağa.
Başını qaldırıb oğluna baxanda
gözlərinə inana bilmir. Asəfin
baxışları bir nöqtədə qalmır,
anasının barmaqları ilə gedib, anasının
barmaqları ilə qayıdır.
Beləcə, Asəf 11
yaşına çatdı. Zeynalabdin kişi
işləri ilə əlaqədar ailəsini də
götürüb Bakıya köçür. O, oğlu
Asəfi hərbçi kimi böyütmək
istəyirmiş. Odur ki, sənədlərini
götürüb hərbi məktəbə təqdim edir.
Asəfsə tamam başqa arzularla
yaşayırdı. Musiqiçi olmaq,
nəsə yazıb-yaratmaq istəyirdi. Anası
onun bu arzusunu bilirdi. Asəf hərbi
məktəbi mənəvi sıxıntılarla başa vurur.
Sonra gizlincə sənədlərini musiqi
məktəbinə təqdim edir və tələbə
adını qazanır. Tələbə
vaxtı müxtəlif alətlərdə çalmağı
öyrənir. Sonda Konservatoriyaya - orkestr
fakültəsinə üz tutur.
Azan
səsindən simfoniya
- Günlərin birində Asəf
əmisi ilə birlikdə yol ilə gedirmiş. Evlərinin yaxınlığında məscid vardı.
Mollalar hər gün azan verirdilər orda. Məscidin yanına çatanda qəfildən azan
səsi gəlir. Asəf elə
yerindəcə donub qalır və yaxınlıqdakı
daşın üstündə oturur. Üzünü
azan gələn tərəfə tutaraq
dəftərçəsinə nəsə qeyd edir. Onun bu hərəkətini görən əmisi "a
bala, Asəf, nə oturmusan yolun üstündə? Nədir o yazdığın? Dur
gedək, məni yolumdan saxlama" - deyir. Asəf
isə "Əmi, sən bilsən ki, mən nə
yazıram, geciksən də gözləyərsən. Haçandı ürəyimdə bir şeyi
götür-qoy edirəm. Simfoniya yazıram.
"Həmin simfoniyada azan səsindən də
istifadə edəcəyəm. Görürsən
nə gözəl səsdir?" Əmisi
məcbur olub azan qurtarana qədər gözləyir.
Rəhmətlik Tofiq Quliyev
Asəflə bağlı xatirələrindən maraqla
danışardı. Onlara gedəndə xahiş edərdik ki,
bizə Asəfdən danışsın. Nə
qədər demək, danışmaq olar? Bu
xatirələrin sonu görünməzdi.
Hərdən sevgisindən
söz açardı. Sən demə, Asəfin sevdiyi qız
varmış. O gizli məhəbbəti heç kimə
bildirməzmiş. Bu, bizə də sirr kimi
qaldı. Qızı nə görə,
nə də tanıya bildik.
Günlərin birində
Tofiq müəllim dərsə gedirmiş. Məktəbin
yaxınlığında qarşıdan gələn Asəfi
görür. Yanında da o qız. Tez qaçıb ağacın arxasında gizlənir
ki, görsün ki, Asəf hara gedir? Beləcə,
gününü onları izləməklə keçirir.
Dərsə getmək də yadından
çıxır.
Oğlunun evə get
qayıtmasından nigaran qalan ata başlayır oğlunu
danlamağa. Atasının
əsəbiləşdiyini görən Tofiq müəllim
yalan danışmağa məcbur olur. Bu
vaxt qapının ağzında Asəf görünür.
Səhərdən bəri onu addım-addım
izləyən dostunun yalanını ört-basdır edir.
Gizlində isə "dayan hələ bir, bu
heyfi səndə qoysam, atamın oğlu deyiləm" - deyir.
Bitməmiş
əsərlər
Asəf Zeynallının hələ
tələbəlik dövründə bəstələdiyi
"Durna", "Muğamsayağı",
"Qoyunlar", "Çahargah" kimi kamera əsərlərində
aydın məzmun, kamil forma, gözəl musiqi ifadəsi
vardı. Onun son dərəcə oriyinal,
çox səlis və rəvan səslənən
əsərlərinin əsas məziyyəti fikrini əsl xalq
musiqisi diliylə ifadə etməsində idi. Xəlqilik Asəf Zeynallının
əsərlərində əsas keyfiyyəti idi.
Asəf Zeynallı İşçi
teatrında musiqi hissəsi müdiri vəzifəsində
çalışdığı müddət ərzində
"Hind qızı", "Yanğın" və
başqa pyeslər üçün musiqi bəstələyib.
Sonralar bu musiqi parçaları əsasında
böyük simfonik orkestr üçün yazdığı
"Fraqmentlər" əsərində gənc
müəllif müxtəlif musiqi obrazlarını parlaq
surətdə ifadə edib. C.Cabbarlının
"Dönüş" adlı son dram əsərinə
Asəf Zeynallının bəstələdiyi musiqi də dram
teatrı üçün yazılan musiqi əsərləri
içərisində görkəmli yer tutur. Onun əsərləri öz məzmunu etibarı
ilə çox zəngindir. O, Vətənə
bəslədiyi böyük məhəbbətini, məftunu
olduğu ana təbiətin gözəlliyini
"Ölkəm" adlı romansında, öz lirik
duyğularını "Seyran" və "Sual" kimi
vokal əsərlərində parlaq surətdə ifadə
edirdi. Bu gün bəstəkarın
əsərləri ifaçılarımızın
repertuarında görkəmli yer tutur, konsertlərdə tez-tez
səslənir.
1931-ci ildə Bakı
Konservatoriyasının bəstəkarlıq
şöbəsini müvəffəqiyyətlə
bitirdikdən sonra Asəf Zeynallı geniş musiqi
fəaliyyətinə başlayır. O, Azərbaycan Proletar
Musiqiçilər Cəmiyyətinin sədri
vəzifəsində çalışır.
- Asəfin çox
əsərləri vardı. Atam sağ olanda bizə çoxlu
adamlar gəlirdi. Onun materiallarını istəyirdilər.
Atam da verirdi. Deyirdilər nəsə yazacağıq. Nə
yazdılar, nə də o materialları geri qaytardılar. Az
işləri qalıb bizdə. Hələ ki, etibar
edəcəyimiz adam yoxdur. Elə nəslimizdə də onun
yolu ilə gedən yoxdur. Nə deyim vallah, bəlkə
gələcəkdə kimsə seçdi o yolu, yazdı,
yaratdı... Bax onda həmin adam Asəfin yarımçıq
qalmış əsərlərini tamamlayıb qurtaracaq. Anam
həmişə deyərdi ki, Asəf sağ qalsaydı da
mənası yox idi. 37-ci ildə
güllələyəcəkdilər onu. Belə adamları
yaşamağa qoymazdılar.
1932-ci ilin bahar
fəsli idi. Bir gün Bülbül Asəfgilə gəlir.
Deyir, Asəf, Qarabağa gedib oradakı xalq
mahnılarını toplayıb gətirmək lazımdır.
Nədənsə getmək istəmirdi Asəf. Amma
Bülbülün arzusunu ürəyində qoymadı, getdi.
Gözəl mahnılar toplayıb gətirdilər.
Hələ Qarabağda ikən Asəf xəstələnir. O
vaxtlar tif xəstəliyi geniş yayılmışdı.
Evə gəlir. Səhərə qədər qızdırma
içərisində yata bilmir. Həkimin məsləhəti
ilə xəstəxanada yatmalı olur. Asəf
xəstəxanada yatanda atam ona baş çəkməyə
gedir. İçəri girəndə görür ki, Asəf
heç kimə baxmadan divara nəsə yazır.
Yaxınlaşır, qolundan tutur:
- Asəf, bir dayan
görüm, nə yazırsan?
Atamın sualı cavabsız
qalır. Bir neçə gündən sonra onun halı daha da pisləşir.
Ömrünün bitəcəyini bilən
Asəf əmisini yanına çağırır və
sualının cavabını verir. Əlini divara apararaq
"bu mənim simfoniyamdır" - deyə oradakı
yazıları, notları göstərir:
- Əmi, bilirəm ömrümə az qalıb. Öləcəyəm.
Öləndən sonra qoymayın o notları
divarda qalsın, köçürün kağızlara.
Heyif ki, bitmədi,
yarımçıq qaldı o notlar. Arzuları kimi arzuları da,
niyyətləri də yarımçıq qaldı
Asəfin... Sağ qalsaydı, kim bilir
nələr edəcəkdi. Dünyanı
lərzəyə gətirən nə qədər
əsərlər yazacaqdı.
Ancaq yarımçıq
ömür yoxdur deyirlər. Hər ömür
yaşandığı illərin sayına görə
bütövdür. Asəf Zeynallı da cəmi 23 il yaşamasına baxmayaraq, ömrün
bütövlüyünə imza atdı. Yaratdığı
əsərlərlə musiqi tariximizə düşdü.
Kaspi.- 2008.- 4 aprel.- S. 12.