Mənəvi sərvətlərimiz
göz bəbəyi kimi qorunmalıdır
Erməni
iddialarına layiqli cavab olan layihə
- "Sarı gəlin"
diski təqdim edilmişdir
Aprelin 4-də
AMEA-nın İnsan Hüquqları İnstitutunda ortaq türk
mədəniyyətinin nadir musiqi nümunələrini
dünyaya tanıtmaq məqsədi daşıyan "Bizim
mahnı, bizim türkü" seriyasından ilk musiqi toplusunun
- təkcə Azərbaycanda, Türkiyədə və
İranda deyil, digər ölkələrdə də
sevilən "Sarı gəlin" xalq mahnısının
yazıldığı CD təqdim edilmişdir. Bu, o "Sari
gəlin"dir ki, ermənilər hər vasitə ilə öz adlarına çıxarmağa
çalışırlar.
İnstitutun direktoru,
siyasi elmlər doktoru Rövşən Mustafayev məlumat
vermişdir ki, layihənin müəllifi və rəhbəri
institutun əməkdaşı Araz Qurbanovdur. O vurğulamışdır ki,
bu gün siyasi cəhətdən dünyanı zəbt etməyə çalışan
ermənilik Azərbaycana
uduzmaq ərəfəsindədir.
Bunun səbəbi Azərbaycanda milli sərvətlərə sahiblik
hissinin güclənməsidir.
Bu proses qanuni xarakter daşıyır, davamlıdır
və heç nə onun qarşısını
ala bilməz. Milli sərvətlərə
sahiblik hissinin yüksəlişinin xrestomatik
düsturu lider üstəgəl millət
üstəgəl real
şəraitdir. Bu gün həmin üçlük Azərbaycanda
mövcuddur.
Politoloq qeyd etmişdir ki, tanınmış jurnalist-alim
Araz Qurbanovun rəhbərliyi altında
reallaşdırılmış bu layihə erməniliyin iddialarının
qarşısına sipər
çəkmək istiqamətində
atılan mühüm
addımlardan biridir.
Milli Məclisin deputatı Qənirə Paşayeva ermənilərin mədəniyyətimizə
təcavüzünün qarşısının
alınmasında beynəlxalq
aləmdə təbliğat
işini genişləndirməyin
zəruriliyini vurğulamış,
layihəni Azərbaycanın
öz mədəniyyət
və incəsənət
nümunələrini
heç kəsə güzəşt etməməkdə
qətiyyətli olduğunun
sübutu kimi qiymətləndirmişdir. Deputat
diskin çoxaldılaraq
yayılmasını arzulamış,
"Sarı gəlin"
adlı internet səhifəsi açmağı
təklif etmişdir.
Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivinin
direktoru Maarif Teymurov, Azərbaycan Respublikası Əsir və itkin düşmüş,
girov götürülmüş
vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının
katibi Şahin Sailov, tarix elmləri
doktoru Musa Qasımov, Avropa Azərbaycanlıları Konqresi
Bakı ofisinin rəhbəri Elman Məmmədov və başqaları layihənin əhəmiyyətini
qeyd etmişlər. Bildirilmişdir ki, türk xalqlarının musiqi duyumunu özündə əks etdirən "Sarı gəlin" mahnısının
melodiyası Azərbaycan
milli musiqi sənətinin incilərindən
sayılan lirik "Şur" muğamının
əsaslarına söykənir.
Onun nəqarətinin həmin muğam dəstgahının
"Sarənc" şöbəsindən
qaynaqlanması, ritminin
isə "Küçələrə
su səpmişəm",
"Yaxan düymələ"
kimi xalq mahnılarının, "Vağzalı",
"Mirzəyi" milli
rəqslərinin ritmləri
ilə eyniliyi "Sarı gəlin"in Azərbaycan mənşəli olduğunu
bir daha təsdiqləyir. Natiqlər
qloballaşma şəraitində
mənəvi sərvətlərimizin,
o cümlədən mədəniyyət və
incəsənət nümunələrimizin
göz bəbəyi kimi qorunmasının zəruriliyini vurğulamışlar.
Araz Qurbanov layihə üzərində iş prosesindən danışmış,
musiqi toplusunun ərsəyə gəlməsində
köməyə görə
Xarici Ölkələrdə
Yaşayan Azərbaycanlılarla
İş üzrə
Dövlət Komitəsinə,
Bakı Teleradio Firmasına, "Azərbaycan
Televiziya və Radio Verilişləri"
Qapalı Səhmdar Cəmiyyətinə, Türkiyənin
TRT kanalına,
AMEA Memarlıq və İncəsənət, İnsan
Hüquqları İnstitutlarına
minnətdarlığını bildirmişdir. O, məlumat
vermişdir ki, diskə "Sarı gəlin"in əldə olunmuş 67 variantından 17-si daxil edilmişdir.
Azərbaycan.- 2008.- 5 aprel.- S. 3.