Sultanzadə V.

 

Azərbaycan incəsənət ustalarının və "Muğam-2007" müsabiqəsi qaliblərinin Türkmənistandakı uğuru

 

Aprelin 7-dən 12-dək Aşqabad şəhərində "Türkmənistan musiqi sənəti bəşəriyyətin mənəvi xəzinəsi" adlı beynəlxalq festival keçirilmişdir. Dünyanın 15 ölkəsindən gəlmiş musiqi qruplarının iştirakı ilə keçirilən tədbirdə ölkəmizi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Gülüstan Əliyeva, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konsertmeysteri tarzən Ələkbər Ələkbərov, əməkdar artist, kamançaçı Elşən Mansurov, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilmiş "Muğam-2007" televiziya müsabiqəsinin qalibləri Rəvanə Ərəbova, Elnur Həsənov, Dövlət Mahnı yə Rəqs Ansamblının solistləri Rəna İbrahimova, Elnur Süleymanov təmsil etmişlər.

Azərbaycan incəsənət ustalarının, "Muğam-2007" müsabiqəsi qaliblərinin festivalda milli musiqi alətləri və geyimlərinin sərgisində, Türkmənistanın Milli Mədəniyyət Mərkəzində verdikləri ayrıca konsertlərdə, həmin Mərkəzdə festivalın bağlanışı ilə əlaqədar qala-konsertdəki ifa və çıxışları böyük heyranlıqla qarşılanmışdır.

Azərbaycanın musiqiçi və rəqqaslarından ibarət qrup aprelin 13-də ölkəmizin Türkmənistandakı səfirliyinin və bu ölkənin Mədəniyyət və Teleradioyayım Nazirliyinin təşkilatçılığı ilə Aşqabad şəhərindəki Məhtimqulu adına Milli Musiqili Dram Teatrında möhtəşəm konsertlə çıxış etmişdir.

Konserti teatrın direktoru A.İşankuliyev açaraq bu tədbirin iki qardaş xalq arasında humanitar sahədə əməkdaşlığın gücləndirilməsində mühüm addım olduğunu qeyd etmişdir.

Azərbaycanın Türkmənistandakı səfiri Elxan Hüseynov xalqlarımızın münasibətlərinin qədim tarixə malik olduğunu vurğulayaraq Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Q.Berdiməhəmmədov arasında yüksək səviyyəli dialoqun qurulduğunu və bunun nəticəsində iki dövlət arasında əlaqələrin sürətlə inkişaf etdiyini bildirmiş, ötən 1 il ərzində ölkəmizin Baş naziri Artur Rasizadənin, birinci müavini, Azərbaycan ilə Türkmənistan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Yaqub Eyyubovun, Xarici İşlər naziri Elmar Məmmədyarovun, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, Xarici İşlər naziri R.Meredovun, Nazirlər Kabineti sədrinin müavini Azərbaycan ilə Türkmənistan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədri X.Saparlıyevin, müdafiə naziri A.Mamedgeldiyevin qarşılıqlı səfərlərinin, cari ilin yanvarında Azərbaycan ilə Türkmənistan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Aşqabadda keçirilmiş ilk iclasının və bu iclas zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair mühüm qərarların verilməsinin buna bariz misal olduğunu qeyd etmişdir.

Konserti tamaşaçılar, o cümlədən Türkmənistanda akkreditə olunmuş xarici ölkələrin səfirliklərinin və beynəlxalq təşkilatların təmsilçiləri, xarici şirkətlərin nümayəndələri, nazirlik və müəssisələrin əməkdaşları, burada yaşayan soydaşlarımız Azərbaycan incəsənət ustalarının və "Muğam-2007" müsabiqəsi ifaçılarının çıxışlarını böyük heyranlıqla dinləmiş, milli rəqslərimizi həvəslə seyr etmişlər.

Konsertin keçirildiyi zal tamaşaçılarla dolu olmuş, cərgələr arasında əlavə stullar yerlədirilmiş, buna baxmayaraq, tamaşaçıların bir çoxu konserti ayaqüstə seyr etmişlər.

Azərbaycan incəsənət ustalarının və "Muğam-2007" müsabiqəsi qaliblərinin ifa və çıxışları Türkmənistanda böyük rəğbətlə qarşılanmış, onlardan müsahibələr alınmış, verdikəri konsert və müsahibələr Türkmənistan KİV-lərində geniş işıqlandırılmışdır. Musiqiçi və rəqqaslarımız peyk antenası vasitəsilə yayımlanan "Altın Asr", "Miras", "Yaşlıq" və "TV-4" telekanallarına dəvət olunmuş, onlar haqqında geniş verilişlər hazırlanmışdır. İfaçılarımızın qısa vaxt ərzində öyrəndikləri və festival çərçivəsində ifa etdikləri türkmən xalq mahnıları yerli tamaşaçıların xüsusi marağına səbəb olmuşdur.

Festivalın bağlanışı münasibətilə keçirilən qala-konsertdə isə Türkmənistanın tanınmış müğənnisi Azərbaycan mahnısını ifaçılarımızla birgə oxumuşdur. Musiqiçi və rəqqaslarımız konsertlər zamanı təkrar ifa üçün tamaşaçıların alqışları ilə dəfələrlə səhnəyə dəvət olunmuşlar.

 

Respublika.- 2008.- 15 aprel.- S. 7.