Doğum günləri

 

Dünən 19-cu əsr musiqi tariximizin nadir incilərindən olan Cabbar Qaryağdıoğlunun doğum günüydü.


 
        Ustad sənətkar 147 il öncə Şuşada anadan olub. Atası məşədi İsmayıl kişi öz boyaqçılıq sənətini ona öyrətmək istəsə , Cabbarın anadangəlmə istedadı onu başqa yerə yönəldir.

Onun "Şahnazı", "Qatarı", "Heyratı" muğamları Azərbaycan musiqi sənətinin ən qiymətli inciləridir. Sənətkarın adı dünya vokal sənətinin görkəmli nümayəndələrinin adları ilə yanaşı səslənir.

Cabbar Qaryağdıoğlu "Segah"ı olduqca həzin və yumşaq, eyni zamanda yanıqlı səsləndirməklə adamda elə təsəvvür yaradırdı ki, muğamı dramatik tenor yox, lirik tenor oxuyur. O, "Heyratı" muğamını ilk dəfə qrammafon valına düz 102 il bundan əvvəl yazdırıb. Bir maraqlı faktı qeyd edək ki, onun ifasında olan "Ovşarı" muğamını bu günə qədər heç kəs oxumağa cürət etməyib.
   Rus şairi Yesenin Cabbar Qaryağdıoğlunu "Şərq musiqisinin peyğəmbəri" adlandırıb. Onu da qeyd edək ki, opera səhnəmizin ilk aktyoru məhz Qaryağdıoğlu olub. O, bir müğamı 2-3 saat, bəzən isə 4 saat oxuyub. Şagirdlərinin qayğısına qalan ustad deyərmiş ki, səs gözəllik Allah vergisidir. Gərək onların qədrini biləsən. "Xənəndə çox yeməməlidir. Qarınqululuq oxumağın düşmənidir".
   Xan Şuşinski, Seyid Şuşinski, Bülbül, Davud Səfiyarov, Zülfü Adıgözəlov, Yavər Kələntərli başqa məşhur sənətkarlar Cabbar Qaryağdıoğlunun tələbələri olub. Cabbar Qaryağdıoğlu Dövlət Konservatoriyasının ilk təşkilatçılarından olub. 1906- ildə Şuşada oynanılan "Leyli Məcnun" tamaşasında Məcnun rolunu Cabbar Qaryağdıoğlu oynayıb.

Dünən xalq artisti, respublika və SSRİ Dövlət mükafatları laureatı Şəfiqə Məmmədovanın da doğum günü idi.

O, 1945-ci ilin mart ayının 30-da Dərbənd şəhərində anadan olub. İncəsənət universitetinin aktyorluq fakültəsini bitirib. 30 ilə yaxın Dram Teatrında işləyib. "Dəli yığıncağı", "Nakam qız", "Şəhərin yay günləri" başqa tamaşalarda unudulmaz obrazlar yaradıb. Lakin kino Şəfiqə Məmmədovanın həyatında silinməz iz salıb. Şəfiqə xanımın kinoda ilk işi "Qaraca qız"dakı Pəricahan roludur. Şəfiqə xanım "Bizim Cəbiş müəllim" "Çarvadarların izi ilə", "Dədə Qorqud", "Xoşbəxtlik qayğıları", "İstintaq" başqa filmlərdə unudulmaz obrazlar yaradıb.

"Ad günü" filmindəki roluna görə isə Şəfiqə Məmmədova Dövlət mükafatına layiq görülüb.

 

Ədalət.- 2008.- 1 aprel.- S. 8.