Nizamiqızı H.
Qara Qarayev musiqisi belarusluları
sehrlədi
Bildiyimiz kimi, bu il
görkəmli bəstəkar, SSRİ xalq artisti, Dövlət
mükafatı laureatı Qara Qarayevin 90 yaşı tamam olur. Musiqi
mədəniyyəti tariximizdə özünəməxsus iz
salmış bəstəkarın yubileyi ilə əlaqədar
ölkə başçısı cənab İlham Əliyev
tərəfindən müvafiq sərəncam da imzalanmışdır.
Elə bu münasibətlə ölkəmizlə
yanaşı onun hüdudlarından kənarda da silsilə
anım tədbirləri, konsertlər təşkil olunur.
Bu qəbildən olan
konsertlərdən biri də Belarusun paytaxtı Minskdə
keçirilmişdir. Aprelin 8-də Belarus Dövlət
Filarmoniyasında Belarus Dövlət Akademik Simfonik Orkestrinin
müşayiəti ilə təntənəli yubiley konserti
gerçəkləşmişdir. Bəstəkarın
məşhur əsərlərinin ifa olunduğu konsertdə
orkestrə Azərbaycanın xalq artisti, Dövlət
mükafatı laureatı Rauf Abdullayev dirijorluq etmişdir.
Azərbaycanla Belarus
arasındakı intensiv mədəni
əməkdaşlığın təzahürü olan konsert
barədə məlumat verən Mədəniyyət və
Turizm Nazirliyi Mədəniyyət siyasəti
şöbəsinin müdiri Fikrət Babayev səfər
təəssüratlarını bizimlə
bölüşdü: "Görkəmli bəstəkar Qara
Qarayevin 90 illik yubileyi münasibətilə keçirilən
bu konsert çox yüksək səviyyədə
təşkil olunmuşdu. Konsert öncəsi Belarus
Dövlət Filarmoniyasının foyesində
bəstəkarın həyat və yaradıcılığını
əks etdirən fotosərgi nümayiş olundu. Musiqi
Mədəniyyəti Dövlət Muzeyinin təşkil etdiyi
bu sərgi tamaşaçılar tərəfindən böyük
maraqla qarşılandı. Bəstəkarın həyat
məqamlarını, məşhur müəllimləri,
tələbələri, dövlət xadimləri ilə olan
tarixi görüşlərinin fotolardakı əksi
tamaşaçılar tərəfindən maraqla
izləndi".
Konsert öncəsi
tamaşaçılar qarşısında ölkəmizin Belarusdakı
səfiri Əli Nağıyev və Belarus Mədəniyyət
nazirinin birinci müavini V.P. Rılatko çıxış
edərək tədbirin əhəmiyyətindən, iki
ölkə arasındakı mədəni əlaqələrin
hazırkı səviyyəsindən və ümumilikdə
Azərbaycan mədəniyyəti və incəsənətinin
zənginliyindən danışmışlar. Natiqlər
Azərbaycan musiqi xəzinəsində xüsusi yeri olan Qara
Qarayev yaradığcılığının
rəngarəngliyindən, özünəməxsusluğundan
söz açmışlar.
"Konsertdən
öncə musiqişünas Olqa Brilon Q. Qarayevin həyat
və yaradıcılığına həsr olunmuş
maraqlı məruzə ilə çıxış etdi. 15-20
dəqiqəlik məruzəsi müddətində bəstəkarın
həyat məqamlarına aid maraqlı faktları
diqqətə çatdıran xanım Brilon Qara Qarayev
yaradıcılığının
təkrarsızlığından danışaraq fikrini
bəstəkarın əsərlərini qısa
təhlillərlə əsaslandırdı. Bir çox
tamaşaçıların ilk dəfə eşitdiyi bu faktlar
maraqla dinlənildi.
Musiqişünasın
çıxışı zamanı səhnədəki
monitorda bəstəkara həsr olunmuş 4 dəqiqəlik
səssiz film də nümayiş olundu.
Bayramsayağı
bəzədilmiş filarmoniyanın böyük zalında
yerli tamaşaçılarla yanaşı Azərbaycan
dlasporunun, Belarusa akkreditə olunmuş səfirliklərin
nümayəndələri də iştirak edirdi.
Rauf Abdullayevin dirijorluğu
ilə baş tutan konsertdə Belarus Dövlət Akademik
Simfonik Orkestrinin ifasında Qara Qarayevin "Leyli və
Məcnun" simfonik poeması, “Don Kixot” baletindən simfonik
qravürlər və "İldırımlı yollarla"
baletindən suita təqdim olundu".
Konsertin çox
maraqlı alındığını deyən müsahibim
Dövlət Simfonik Orkestri ilə cəmi 4-5 gün
məşq edən Rauf Abdullayevin yüksək
peşəkarlıq nümayiş etdirərək orkestrlə
yaxşı dil tapdığını də əlavə edi:
"Qısa vaxt ərzində orkestrlə
özünəməxsus ünsiyyət yaratmağa
müvəffəq olan Rauf müəllimin əməyini
xüsusilə qeyd etmək istərdim. Bunu təkcə mən
yox, konsertdə iştirak edən musiqiçilər,
bəstəkarlar dönə-dönə vurğuladılar.
Təbii ki, bu da dirijorun yüksək
peşəkarlığının təzahürü idi,
Və təbii ki, bütün bu kimi detallar ümumilikdə
konsertin yüksək səviyyədə keçməsinə
zəmin yaratdı və nəticədə ecazkar Azərbaycan
musiqisinin təsiri belaruslu musiqisevərləri bir daha valeh
etdi. Ümumiyyətlə, qeyd edim ki, tədbirin
təşkilati işlərində Belarusun
Mədəniyyət Nazirliyi, filarmoniyanın rəhbərliyi
bizə böyük kömək göstərdilər,
bütün xahişlərimizi nəzərə aldılar.
Səhnənin tərtibatından tutmuş
dəvətnamələrin hazırlanmasınadək hər
şey yüksək səviyyədə təşkil
olunmuşdu. Tamaşaçı münasibəti isə öz
yerində. Deyim ki, belaruslular mədəniyyətə,
musiqiyə, sənətə meyillidirlər.
Təsəvvür edin ki, onların filarmoniyası fasiləsiz
olaraq həftənin yeddi günü işləyir. Özü
də bütün konsertlər anşlaqla keçir. Konsert
zamanı biz də bunun şahidi olduq".
Belarusla Azərbaycan
arasında mədəni əlaqələrin daha da intensiv hal
aldığını və tədbirin də bu
əlaqələr çərçivəsində
gerçəkləşdiyini deyən Fikrət müəllim
bu ilin payız aylarında Bakıda Belarus
Mədəniyyəti Günlərinin keçiriləcəyini
də vurğuladı: "Səfər
çərçivəsində fürsətdən
istifadə edib Belarusun Milli Kitabxanasında və Dövlət
İncəsənət Muzeyində də oldum. Bu müəssisələrin
rəhbərləri ilə fikir mübadiləsi apardıq.
Hesab edirəm ki, gələcəkdə istər bu muzey,
istərsə də kitabxana ilə yaxşı
əməkdaşlıq əlaqələri quracağıq.
Minskdə olarkən
Belarusun Akademik Opera və Balet Teatrının rəhbəri,
həmyerlimiz Valentin Nikolayeviç Elizarevlə də
görüşdüm. Əslən Bakıdan olan bu insan
Belarusda çox tanınmış balet
mütəxəşsisidir, SSRİ və Belarus xalq artisti,
Dövlət mükafatı laureatı, professordur. Balet
sahəsində çox böyük mütəxəssis olan
həmyerlimiz Türkiyə və bir sıra Avrora
ölkələrinin opera səhnələrində maraqlı
balet tamaşaları qurub. Bakıda doğulan, 20 saylı orta
məktəbdə təhsil alan Elizarev sonradan ali təhsilini
Leninqradda (Sankt Peterburq) davam
etdirib və o vaxtdan
Bakıya gəlməyib. 40 il ərzində hələ də
Azərbaycan dilini unutmayan sənətkar bu ilin iyununda
Heydər Əliyev Fondunun dəvəti ilə Azərbaycana
gələcək".
Mədəniyyət.- 2008.- 17 aprel.- S. 5.