Xəlilzadə F.

 

Axşam Milanda, səhər Bakıda olan sənətkar

Lütfiyar İmanov-80


            Bu ilin yanvarında haqq dünyasına qovuşmuş xalq artisti, Prezidentin fərdi təqaüdçüçsü Lütfiyar İmanov ömrünün yarım əsrə yaxın bir dövrünü opera ifaçılığına həsr edərək musiqi tariximizdə öz dəsti-xətti ilə seçilən mədəniyyət xadimi olmuşdur.
Sənət fəaliyyəti boyu qazandığı uğurlar ona geniş şöhrət gətirmişdir. Lütfiyar İmanov milli və dünya klassik opera nümunələri ilə yanaşı müxtəlif konsert proqramlarında kamera, vokal əsərləri, romansları, xalq mahnılarını böyük şövq və ustalıqla ifa etmişdir. Lütfiyar İmanovda özünəməxsus musiqi duyumu var idi. Bu səbəbdən də oxuduğu bütün musiqi əsərləri rəğbət və məhəbbətlə qarşılanırdı.

Lütfiyar İmanov 1928-ci il aprelin 17-də Sabirabadda anadan olmuşdu. Uşaqlıq illərindən musiqiyə olan həvəs onu A.Zeynallı adına Bakı Musiqi Məktəbinin vokal şöbəsinə gətirmişdir. Sonra isə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsində təhsil almışdır.
Lütfiyar İmanov yeniyetmə çağlarında Sabirabadda şəhər mədəniyyət evində çalışmış, rayon Dövlət Dram Teatrında aktyorluq etmişdir. Musiqi məktəbində oxuduğu illərdə isə Azərbaycan Televiziyası və Radiosu xorunun, Dövlət estrada orkestrinin solisti olmuşdur. Musiqi məktəbini bitirdikdən sonra bir müddət Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışmışdır. Səhnələşdirilmiş komediyalarda, operettalarda bir aktyor kimi həvəslə müxtəlif rollar yaratmış, ifaçılıq məharəti ilə seçilmişdir. Az keçmir ki, onun istedadı sənət bilicilərinin diqqətini cəlb edir. 1958-ci ildə onu Azərbaycan Dövlət Opera və Balet Teatrına dəvət etmişlər. Düz yarım əsr varlığı qədər sevdiyi bu teatrın inkişafında cəfakeşlik göstərmişdir. Lütfiyar İmanovun adı opera səhnəsində aparıcı partiyaların ifaçısı kimi Azərbaycan musiqi salnaməsinə həmişəlik həkk edilmişdir. Onun yüksək ifaçılıq məharəti nəticəsində vokal sənəti tarixində yeni bir mərhələ başlanmışdır. O, milli musiqi ilə klassik ənənələri ustalıqla birləşdirərək musiqi mədəniyyətinin zənginləşməsində istedad və bacarığını əsirgəməmişdir.
Lütfiyar İmanov 1965-ci ildə keçmiş SSRİ-nin paytaxtı Moskvada, 1975-ci ildə isə İtaliyada təcrübə keçmişdir. Bir maraqlı faktı musiqisevərlər indiyə kimi xatırlayırlar. YUNESKO-nun xətti ilə ustad dərsləri almaq üçün Lütfiyar İmanov Milana göndərilmişdi. Həmin ilin payızında Üzeyir Hacıbəyovun yubileyi ilə əlaqədar "Koroğlu" operası nümayiş etdirilməli imiş. Bu vaxt Lütfiyar İmanovu təcili Bakıya çağırırlar. Gecə ikən paytaxta çatan sənətkar səhəri məşqə tələsərək axşam Koroğlunu məharətlə ifa etmişdir. Həmin mərasimdə ümummilli lider Heydər Əliyev də iştirak edirdi. Tamaşadan sonra Lütfiyar İmanovla görüşən ulu öndər onun əllərini sıxaraq heyrətlə demişdir: "Ay Lütfiyar, bu axşam sən neylədin?! Mənə elə gəlir ki, axşam Milana uçub səhər Bakıya qayıtsan, yenə də belə gözəl oxuyarsan". Müdrik şəxsiyyətin bu dəyərli fikirlərini Lütfiyar İmanov həmişə məhəbbətlə xatırlayardı.
Mütəxəssislər təsdiqləyirlər ki, Bülbüldən sonra Koroğlunun ən yaxşı və yaddaqalan ifaçısı məhz Lütfiyar İmanov olub. Maraqlıdır ki, özü də bu obraza torpaq, Vətən anlamında bağlanmışdı. Koroğlu onun üçün hər şey idi. Yaşamaq, oxumaq, qürur, məğrurluqE kimi nəcib keyfiyyətlərin hamısını o, ürəkdən sevdiyi bu qəhrəman obrazda görürdü. Hər şeyin əlindən alınmasına dözərdi, Koroğludan başqa. Koroğlusuz qalmaq onun ən böyük dərdi idi. Bu hadisəni də özü danışmışdı: "Mən ilk dəfə Koroğlunu ifa edəndən sonra mətbuatda bir dostluq şarjı dərc edilmişdi. Unudulmaz Bülbül əlindəki sinidə Koroğlunun libasını, qılınc və qalxanını mənə bağışlayır. Həqiqətən də böyük sənətkarımız mənim ifamı çox bəyənmişdi, əlimi sıxaraq uğurlar arzulamışdı".
Lütfiyar İmanovun Koroğlusu dünyanın 60-dan çox ölkəsində söz deyib saz tutmuşdu, qılınc oynatmışdı. Azərbaycan mədəniyyətinin təbliğində danılmaz xidmətləri olan Lütfiyar İmanovun obrazlar qalereyası çox genişdir. O, əsasən opera səhnələrində baş rolların ifaçısı kimi diqqət çəkmişdir. Neçə-neçə ustad sənətkarlarla birlikdə çiyin-çiyin çalışan Lütfiyar İmanov həm də bir sıra opera və operettalarda nəinki baş rolların ifaçısı, həm də quruluşçu rejissoru olmuşdu. Şəmsi Bədəlbəyli və Vasif Adıgözəlovun "Ölülər", Əfrasiyab Bədəlbəylinin "Söyüdlər ağlamaz", Süleyman Ələsgərovun "Bahadur və Sona", Ramiz Mustafayevin "Vaqif" operalarını və başqa əsərləri hazırlamışdı.
Müasir Azərbaycan mədəniyyətinin çox görkəmli nümayəndəsi sayılan Lütfiyar İmanovun zəngin yaradıcılığı yeni sənətkarlar nəsli üçün əsl örn
əkdir. O, uzun illər pedaqoji fəaliyyətlə məşğul olaraq opera müğənnilərinin yetişdirilməsində əmək sərf etmişdir. Təcrübə və biliyini gənc musiqiçilərdən əsirgəmirdi. Həmişə deyərdi ki, musiqimizin getdikcə inkişafı, coğrafiyasının genişləndirilməsi gənclərdən asılıdır. Bir müddət Azərbaycan Teatr Xadimləri İttifaqına sədrlik edən Lütfiyar İmanov ictimai həyatda da çox fəal idi. Azərbaycan Ali Sovetinin deputatı kimi çalışdığı illərdə də həmişə xalqın içində olar, seçicilərinin problemləri ilə maraqlanar, arzu və təkliflərini öyrənərdi. Harada çalışmağından asılı olmayaraq, Lütfiyar İmanov seçilməyi və sevilməyi bacarırdı. Tanınmış sənətkar yüksək səhnə mədəniyyətinə, aktyorluq məharətinə, güclü səsə, geniş repertuara malik idi. Onun ifa etdiyi partiyalar, yaratdığı obrazlar, oxuduğu mahnılar, el nəğmələri ifa kamilliyi ilə səciyyələnirdi.
Lütfiyar İmanovun vaxtilə yaşadığı mənzildə otaqlarının biri əsl mədəniyyət muzeyini xatırladır. Bura onun iş otağı idi. Divarlarda kimin əksi yoxdur? İncəsənətin bütün sahələrinə maraq göstərən unudulmaz sənətkar böyük şəxsiyyət idi. O, təkcə müğənni deyildi, rəssamlıq qabiliyyətinə malik idi. Gözəl rəsmlər çəkərdi. Yaratdığı obrazların demək olar ki, əksəriyyətinin rəsmlərini çəkərək evində həmin otağın divarından asmışdı. Gözəl dərzilik qabiliyyəti var idi. "Bəzən yaratdığım rolların paltarlarını da özüm tikərdim", - söyləyən Lütfiyar İmanov bir vaxtlar gözəl ayaqqabılar da tikərmiş. Bütün bunlar isə tələbatdan yox, maraqdan irəli gəlirmiş. Lütfiyar İmanov tikməkdən, yaratmaqdan, nəsə bir yeniliyə çatmaqdan, yaxşı mənada fərqlənməkdən zövq alardı. Son illər bitkin şeirlər yazardı. Bu poeziya nümunələrinə də maraqlı musiqi yozumu verərək şövqlə oxuyardı. Səliqəli geyinməyi çox sevərdi. Maraqlıdır ki, səsi heç zaman öz məlahətini itirməmişdi.
Vəfatından bir qədər əvvəl bir kitabın təqdimatında görmüşdüm onu. Cavan müğənnilər öz "ifaları"nı gətirdikləri disklərlə təqdim etdilər. Xalq artisti Lütfiyar İmanov isə ömrünün müdrik yaşında həm canlı, həm də yeni mahnılar oxudu. 80 yaşlı bir müğənninin səsi elə bil şəlalələrin qoynundan süzülüb gəlmişdi.
Lütfiyar İmanov gözəl ailə başçısı idi. Onun mehriban ata olması, övladlarını ürəkdən sevməsi təəccüblü deyil. Bu, hər bir nəcib şəxsə mənsub olan yüksək məziyyətlərdir. Ömür-gün yoldaşı Nina xanımla izdivaclarının 50 illik yubileyini təntənə ilə keçirirdi. Dəvətlilər arasında olmağım indi mənə qürur gətirir (Qəribədir ki, biz insanı əbədi itirəndə onun böyüklüyünü anlayırıq). Lütfiyar İmanov həyatdakı bütün uğurlarını ömür-gün dostunun adına və cəfakeşliyinə bağladı. O "Qızıl toy"un xoş sədaları xeyli müddət eşidildi.
Lütfiyar İmanov nümunəvi insan idi. Həyatda da, sənətdə də örnək cəhətləri çox idi.
Sovet dövründə Lütfiyar İmanovla apardığımız bir müsahibədə bildirdi ki, ən böyük arzularından biri Təbrizdə konsert verməsidir. 2003-cü ildə o bu arzusuna qovuşdu. Lütfiyar İmanovun Təbrizdəki konserti böyük coşqunluqla keçdi.
1998-ci ildə Lütfiyar İmanovun 70 yaşı tamam oldu. Ümummilli lider Heydər Əliyev görkəmli opera müğənnisini Azərbaycan mədəniyyətində göstərdiyi xidmətlərə görə "İstiqlal" ordeni ilə təltif etdi.
Geniş səs diapozonuna malik olan, Azərbaycan musiqi mədəniyyətinə gözəl obrazlar bəxş edən Lütfiyar İmanovun bu dəfə ən böyük arzusu 80 illik yubileyinin azad olunmuş, düşməndən təmizlənmiş Qarabağda keçirilməsi idi. Təəssüf ki, böyük sənətkarın bu arzusu həyata keçmədi. Amma bir təsəlli var ki, nə qədər Azərbaycan musiqisi, mədəniyyəti yaşayırsa, Lütfiyar İmanovun lent yazılarında əbədi ömür tapmış yadigar səsi də qalmaqdadır. Gün gələr ki, onun vaxtilə can verdiyi Koroğlu partiyaları Cıdır düzündə, Laçın dağlarında, Kəlbəcər yaylaqlarında səslənər. Milli Ordunun əsgərləri sevinc dolu avazla Koroğlusayağı qalibiyyət nəğməsi oxuyarlar!

Azərbaycan.- 2008.- 17 aprel.- S. 7.