Məhərrəmova T.

 

Qu quşunun oxunmayan so­nun­cu nəğməsi

 

O, güclü tenor səsinin, gərgin zəhmət nəticəsində qazandığı professional hazırlığının, vokal və aktyor sənətinin harmoniyasına nail olmaq bacarığının sayəsində yaratdığı obrazlarla adını Azərbaycan opera və teatr sənəti tarixinə əbədi həkk edib. Xalq artisti Lütfiyar İmanov dünyanın 50-dən çox ölkəsində çıxış edərək Azərbaycan incəsənətinə başucalığı gətirib.

Sabah 80 yaşı onsuz tamam olan tenoru çıxış etdiyi bütün səhnələrdə təkrar-təkrar səhnəyə çağırır, əl çalır, alqışlayır, qulaq asır və nəhayət, buraxmaq istəmirdilər. Zal ayağa duraraq daha bir mahnı istəyirdi.

 

İlk xeyir-dua

 

İncəsənətə uşaqlıqdan marağı olub. Lap kiçik yaşlarından xalq yaradıcılığını öyrənməyə başlayıb. Qardaşı da teatra böyük həvəs göstərir, Sabirabad mədəniyyət evində hazırlanan tamaşalarda iştirak edirdi. Lütfiyar ona qoşularaq tez-tez mədəniyyət evinə gedir, maraqla tamaşalara baxırdı. Evlərindəki köhnə qrammofonda Bülbülün ifasında Koroğlunun aşıq mahnısını və Üzeyir Hacıbəyovun "Sənsiz" romansını dönə-dönə oxudar, bu səsə heyran kəsilərdi.

Bir gün yenə rayonlarına gələn dram truppasının tamaşasına baxmağa gedərkən təsadüfən həmin tamaşada baş rolun ifaçısına çevrilir. Onda 6-7 yaşı ancaq olardı. Qardaşı gəlib onu səhnəyə aparır. Ona başa salırlar ki, tamaşada bir yer var, gərək içəri keçib deyəsən ki, "ana, bəs mənim atam hanı" və başlayasan ağlamağa. Guya eşitmisən ki, atan ölüb.

O da səhnəyə çıxıb sözünü deyir və ağlamağa başlayır. Səhnədən çıxanda ilk rolunu oynadığı üçün anası onu qucaqlayıb öpür və "oğlum, aktyorluğunu göstərdin, sən çox böyük sənətkar olacaqsan" - deyə dillənir. Bu onun səhnədə ilk addımı və xeyir-duası olur.

Müharibə illəri idi. Lütfiyar İmanov özfəaliyyət dərnəyində məşğul olurdu. Bir gün məşq edərkən içəri daxil olan iki nəfərin salonda oturub ona qulaq asdıqlarının fərqinə varmır. Qonaqlardan biri onun oxumağını eşidib: "Nə gözəl səsin var, oğul! Gözlərin də mahnı ilə yaşayır. Sən çox böyük oxuyan olacaqsan" - deyir. Lütfiyar sonradan onlardan birinin Sabirabada gəlmiş aktyor truppasının rəhbəri Ələsgər Ələkbərov, digərinin isə Mustafa Mərdanov olduğunu öyrənir.

1943-cü ildə Sabirabadda Dövlət Dram Teatrı yarananda Lütfiyarı həmin teatra suflyor götürürlər. Tamaşalar zamanı həm xorda oxuyur, həm də kiçik rollar oynayırdı. Bir müddət sonra ona böyük rollar tapşırılır və çox keçmir ki, mədəniyyət evinə bədii rəhbər təyin edirlər. Lütfiyar orda məktəblilərdən ibarət yaratdığı dram dərnəyinə 9-10-cu sinif şagirdlərini cəlb edib tamaşalar hazırlayır. O, tamaşaların reyissorluğunu etməklə yanaşı, rəssam kimi tərtibatını da verir. Eləcə də baş rolları özü oynayır.

Hərbi xidmətdən qayıdandan sonra yenidən Sabirabad mədəniyyət evində işini davam etdirir. Bir il sonra öz dərnəyi ilə Bakıda keçirilən bədii özfəaliyyət dərnəklərinin baxış-müsabiqəsində iştirak edir. Münsiflər heyətinin sədri Cahangir Cahangirov ona Bakıda qalıb təhsil almağı məsləhət görür. Səhəri gün onu Konservatoriyaya oxumağa göndərmək üçün nazirliyə çağırırlar. Ancaq heç bir musiqi savadı olmadığı üçün özü etiraz edərək, əvvəlcə musiqi texnikumunda oxumaq istəyini bildirir. Texnikumun direktoru Süleyman Ələsgərov səsinə qulaq asır və o, Aleksandr Minovanovun sinfinə qəbul olunur. Təhsilini davam etdirməklə yanaşı, məktəbin rəssamlıq işlərini də ona tapşırırlar. Ancaq səsi aktyorluq və rəssamlıq qabiliyyətinə üstün gəlir. Səsi ona çox şeyləri vəd edirdi.

Texnikumda oxuması gənc Lütfiyarı ehtiyacla da üz-üzə qoyur. Atası bir il əvvəl dünyasını dəyişmiş, ailələri başsız qalmışdı. O, rayonda yaşayan ailələrinə də kömək etməliydi.

Həyat yoldaşı Nina xanım xatırlayır: "1954-cü ildə ailə həyatı qurduq. İlk övladımız dünyaya gələndən sonra ailəmiz daha çox maddi sıxıntı ilə üzləşdi. Lakin bütün bu sıxıntılara onun sənətə olan məhəbbəti üstün gəldi. Həm Cahangir Cahangirovun rəhbərlik etdiyi xorda, həm də "Araz" kinoteatrında seanslararası verilən konsertlər zamanı oxuyur, eyni zamanda, ayaqqabı tikir, dərzilik edirdi. Rəssamlığı da köməyinə çatırdı, kinoteatrların afişalarını yazırdı. Bir gün görkəmli bəstəkar Tofiq Quliyev səsini eşidərək onqa "Görüş" filmində Kamilin mahnısını oxumağı təklif etdi. Həmin mahnını Tofiq Quliyevin müşayiəti ilə kinostudiyada oxudu. Sonralar "Səhər", "Koroğlu", "Görüş", "Xüsusi tapşırıq", "Məlikməmməd" filmlərində, "Sevil" film-operasında, eləcə də bir sıra televiziya filmlərində mahnıları səsləndirdi".

5-6 aydan sonra isə Lütfiyar İmanov onun haqqında "Biz bəstəkarlar çalışırıq ki, mahnılarımızı Lütfiyar İmanov oxusun. Çünki ilk ifadan çox şey və ilk növbədə mahnının gələcək taleyi asılıdır" - deyən Tofiq Quliyevdən yeni bir təklif alır: "Rauf Hacıyev Filarmoniyanın nəzdində yaratdığı estrada orkestrinə solist axtarır. İstəyirik ki, səni həmin orkestrə aparaq". Lütfiyar İmanov may ayından həmin orkestrin Mirzə Babayev, Elmira Rəhimova və Yevgeni Devis kimi solistləri ilə yanaşı çalışmağa başlayır. Bir müddətdən sonra Şəmsi Bədəlbəylidən Musiqili Komediya Teatrında işləmək dəvəti alır. 1956-cı ilin dekabrından həmin teatrda işləməyə başlayır. Bir il sonra isə Konservatoriyaya, Bülbülün sinfinə qəbul edilir. Bülbül onu yaxşı tanıyır, ehtiyac üçün bir neçə yerdə işlədiyini də bilirdi. Ona görə də maraqlanıb: "Oğlum, gözəl səsin var. Bilirəm, sən həm rayonda, həm də burda ailə dolandırdığın üçün işləyirsən. Konservatoriyada təhsil alanlara isə işləmək olmaz. Sən işi buraxıb oxuyacaqsanmı?" - soruşanda Lütfiyar: "Yox, mən işi buraxa bilmərəm" cavabını verir. Bülbül də ona işləməyi məsləhət görür.

 

Sənətin dəlisi

 

1959-cu ildə Moskvada Azərbaycan incəsənəti ongünlüyünün keçirilməsi ərəfəsində Koroğlunun yeni ifaçısını soraqlayırlar. Bu rola Tatarıstandan Hüseyn Əliyev dəvət olunmuşdu. Ancaq yazıçı Qurban Musayev mədəniyyət nazirinə bu obraz üçün Lütfiyar İmanovu sınaqdan keçirməyi məsləhət bilir. Niyazi ilə nazir onun ifasına baxmağa gələndə "Muskomediya"nın səhnəsində "Hacı Qara" komediyasında Heydər bəyi oynayırmış. Tamaşa qurtarandan sonra qonaqlar onu təbrik edir və "sabah opera teatrına gəl" - deyirlər. Operada onun çıxışını bəyəndiklərini deyən maestro Niyazi "Koroğlu"nun aşıq mahnısını oxumağı Lütfiyar İmanova təklif edir. Bu ifasını bəyənən maestrodan: "Dörd aydan sonra gələrsən, səsinə orkestrin müşayiəti ilə qulaq asaq, götürək Opera Teatrına solistliyə, başla Koroğlunu hazırlamağa" sözlərini eşidəndə isə sevincindən uçmağa qanad tapmır.

1959-cu ilin 26 aprelində onun həyatında ən unudulmaz gün yaşanır. Lütfiyar İmanovun ifasında "Koroğlu"ya bədii baxış keçirilir. Salonda oturan görkəmli sənətkarlar sırasında birinci olaraq Bülbül onun ifası haqqında xoş rəy söyləyir. Hətta onu "cavan Koroğlu" adlandırır: "Əhsən, min əhsən! Mən daha teatrı xatircəm tərk edə bilərəm. Nə qədər qısqansam da, Koroğlunu sənə etibar edirəm. Əminəm ki, onu səhnədə məhz Üzeyir ruhuna uyğun yaşadacaqsan".

Zarafat deyildi, Bülbül kimi böyük sənətkardan sonra Koroğlunu tamaşaçıya qəbul etdirmək lazım idi. İstedadlı tenor bunun öhdəsindən bacarıqla gəlir. Ustadı Bülbüldən çox şey öyrənsə də, onların ifaları başqa idi. Bu ifaya güvənməsi illər keçəndən sonra ona "Mən sənətimin dəlisiyəm" deməyə haqq verəcək, düz 30 il səhnəyə Koroğlu kimi çıxacaqdı.

Sonralar SSRİ Xalq artisti Mehdi Məmmədov yazırdı ki, Lütfiyarın opera səhnəsində görünməsi böyük Bülbülün teatrdan getməsi ilə əlaqədar əmələ gəlməkdə olan boşluğun tezliklə aradan qaldırılmasına səbəb oldu...

Moskva dekadasından sonra Lütfiyar İmanov Əməkdar artist, daha sonra Xalq artisti, SSRİ Xalq artisti fəxri adlarına layiq görüldü. Onun sinəsini "İstiqlal" ordeni bəzədi. Bu yüksək ordeni almaq münasibətilə ümummilli lider Heydər Əliyevin 1998-ci il aprelin 16-da ona ünvanladığı təbrik məktubunda "Əminəm ki, bundan sonra da özünüzə xas olan həvəslə, yorulmadan, əzmkarlıqla çalışaraq pərəstişkarlarınızı yeni-yeni mahnılarla sevindirəcək, müstəqil Azərbaycan Respublikasının mədəniyyətinin inkişafı üçün əlinizdən gələni əsirgəməyəcəksiniz" sözləri ona qol-qanad verir.

 

Giley

 

"Sonrakı illərdə isə maneələr onun Koroğlu rolunun səhnə ömrünü yarıda qırdığı kimi, digər obrazlarının da tamaşaçılarla görüşməsinə əngəl yaratdı" - deyə Nina xanım danışır: "1990-cı ilin aprel ayında İstanbul Opera və Balet Teatrı Lütfiyar İmanovu Çaykovskinin "Qaratoxmaq qadın" operasında German rolunu oynamağa dəvət etdi. O, bu dəvətə qədər dəfələrlə Türkiyədə yaradıcılıq görüşlərində olmuşdu. Mayın 3-də keçirilən solo konsertindən sonra tanınmış türk bəstəkarı Adnan Saygün Lütfiyarı uğurlu çıxışına görə təbrik etdi və özünün "Kərəm" operasındakı Kərəm rolunu oynamağa onu dəvət etdi. Bakıya gəlib rəhbərliklə məsləhətləşdikdən sonra Lütfiyar 1990-cı ilin sentyabrında İstanbula yola düşdü. Kərəm obrazını Türkiyə səhnəsində ilk dəfə məhz o ifa edəcəyi üçün sevincinin həddi-hüdudu yox idi. Lakin bu arada Adnan Saygün vəfat etdiyindən o, Bakıya qayıtmalı oldu. 1991-ci ilin noyabrında onu yenidən Türkiyə Opera Teatrından Kərəm rolunu oynamaq üçün İstanbula dəvət etdilər. Teatr Xadimləri İttifaqının sədri və opera teatrının solisti işləyən müğənni rəhbərliyin razılığı ilə Türkiyəyə yollandı. İstanbulda məşqlər apararkən ona TXİ-nin qurultayının keçirildiyini və onun iştirakının vacib olduğunu xəbər verirlər. O da ilk dəfə azərbaycanlı sənətçinin türk opera səhnəsində baş rolu ifa etdiyinin əhəmiyyətsiz iş olmadığını yazaraq, vaxtın dəyişdirilməsini xahiş etdi. Lakin xahişi nəzərə alınmadı. O, əvvəlcə sədrlikdən, daha sonra operanın solistliyindən azad olundu. 1992-ci ildə bütün iş yerlərini itirdiyinə görə çox ölkədən aldığı dəvətlər içərisindən İstanbul Opera və Balet Teatrının dəvətini qəbul edərək orada çalışmağa və Kadıköy Konservatoriyasında, daha sonra İzmirdə və Bursada vokal dərsləri deməyə başladı.

1995-ci ildə Heydər Əliyevin təklifi ilə müqaviləsinin vaxtı bitməmiş Bakıya qayıtdı. Bir il işsiz qaldıqdan sonra Musiqi Akademiyasında vokal dərslərini aparmağa başladı.

Nəhayət, 2001-ci il martın 6-da - düz 10 ildən sonra Lütfiyar yenidən Koroğlu kimi səhnəyə çıxır. Lakin rəhbərlik bildirdi ki, tamaşanı xaric oxuyub. Bundan sonra Opera Teatrının qapıları yenidən onun üzünə qapandı. Bu ona böyük zərbə oldu".

Lütfiyar İmanov səhnəsiz yaşaya bilmirdi. Səsinin oxumağa imkan verdiyi bir vaxtda doğma səhnə üzünə həsrət qalan sənətkar xarici ölkələrə turneyə çıxır, bununla təsəlli tapırdı. Həmişə "Səhnəmiz üçün nəinki darıxıram, az qalır ürəyim partlasın, elə bilirəm həbsxanadayam. Mən ömrüm boyu sənətimlə çalışıb yaşamışam. Əgər oxumasam, yaşamaram" - deyirdi.

Nina xanım danışır ki, Lütfiyar İmanov səhnə üçün darıxdığı vaxtlarda boş vaxtlarında yazdığı şeirlərə musiqilər bəstələyir, arabir rəssamlıq vərdişini də yadına salırmış. "Bununla belə, illərlə can qoyduğu səhnəyə qayıtmaq ümidini də üzmürdü. Deyirdi ki, qu quşunun sonuncu nəğməsini oxumasına çox var hələ... Amma bilmirdi ki, vəfasız həyat sonuncu nəğməsini oxumağa qoymayacaq..."

 

Kaspi.-2008.- 17 aprel.- S. 12.