Dünyamalıoğlu F.

 

Sevgili-musiqili Vətəndən... ayrılıq günü

 

"Ölüm haqdı, çıxmaq olmaz əmrdən..." Hər kəs bir gün gəlir, bir gün də gedir. 1926-cı il oktyabrın 16-da Bakıda dünyaya göz açan görkəmli bəstəkar, Xalq artisti, professor, Prezident təqaüdçüsü Ramiz Hacı oğlu Mustafayev ömrünün 82-ci aşırımında dünyasını dəyişdi. Bu ömrün 65 ilini ürəkdən sevdiyi vətəninin musiqi mədəniyyətinin çiçəklənməsinə həsr etdi. 2008-ci il aprelin 10-da başa vurduğu bu ömrü elə yaşadı ki, xalqın qəlbində əbədi iz saldı.

Ramiz Mustafayev 1941-ci ildə Bakı Teatr Texnikumunu bitirmiş, elə həmin il Azərbaycan Akademik Milli Dövlət Teatrında aktyor kimi fəaliyyətə başlamışdır. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş, dahi Bülbüldən vokal dərsi almışdır. Daha sonra o, tanınmış bəstəkar Boris Zeymanın tələbəsi olmuşdur. Xüsusi istedadı olan gənc Ramiz ilk gündən müəlliminin diqqətini cəlb etmişdir.

Fərdi yaradıcılığı ilə Azərbaycan milli bəstəkarlıq məktəbinin layiqli davamçılarından olan Ramiz Mustafayev özünəməxsus lirik musiqi dili ilə geniş dinləyici-tamaşaçı kütləsinin rəğbətini qazanmışdır.

Musiqili komediyaları, aratoriya, kontata, simfonik poema, mahnı, romans və kamera musiqiləri Ramiz. Mustafayevin hərtərəfli bəstəkar olmasından xəbər verirdi.

Ramiz Mustafayev opera janrına da müraciət etmişdir. Uzun illər Dövlət Akademik Opera və Balet Teatrının repertuarından düşməyən "Vaqif" operası ilə millətimizin tarixi şəxsiyyətlərinə olan sevgisini bir daha nümayiş etdirmişdir.

Azərbaycanda xor sənətinin inkişafında Ramiz Mustafayevin də xidmətləri çox olmuşdur. Uzun illər Azərbaycan Televiziya Radio Şirkətinin xoruna rəhbərlik edən Ramiz müəllim bu janrın inkişafı üçün çox səmərəli işlər görmüşdür. Milli musiqi mədəniyyəti sahəsindəki uğurlarına görə 1973-cü ildə əməkdar incəsənət xadimi, 1987-ci ildə xalq artisti fəxri adlarına, 2001-ci ildə "Şöhrət" ordeninə layiq görülmüşdür.

Belə bir şərəfli ömür yolu keçmiş bu insanla vida günü təmtəraqlı keçdi. Onun cənazəsi R.Behbudov adına Mahnı Teatrında qoyulmuşdu. Yaxınları, dostları, görkəmli musiqi xadimləri sənətkarla vidalaşmağa gəlmişdilər.

Vida mərasimində ilk sözü Mədəniyyət Turizm naziri Əbülfəs Qarayev dedi, musiqiçinin ömür yolundan, xidmətindən söhbət açdı.

Azərbaycan musiqi mədəniyyətinin tanınmış simaları, xalq artistləri Arif Məlikov, Siyavuş Kərimi, Canəli Əkbərov, Ramiz Zöhrabov fəxri qaravulda dayandılar, Ramiz Musfafayev haqqında xatirələrini söylədilər.

Mərhumun ailə üzvləri adından çıxış edən professor Zemfira Qafarova vida mərasimində iştirak edənlərə öz təşəkkürünü bildirdi.

Mərhum II Fəxri Xiyabanda dəfn edildi.

 

Mədəniyyət.- 2008.- 12 aprel.- S. 2.