Məhərrəmova T.

 

Sənət yox, pul ardınca meyil daha çoxdur

 

Mübariz Tağıyev, Xalq artisti: "Mənim üçün əsas odur ki, zamanın nəbzini itirməyim"

 

Xalq artisti Mübariz Tağıyev səhnəyə gələndə elə bir zaman idi ki, hələm-hələm müğənnilər heç səhnənin kandarını da tanımırdı. Tanımaq üçünsə nə qədər maneələr keçməli, sədlər adlamalı idilər. Estrada aləmi bugünkü kimi başlı-başına buraxılmamışdı. Xalq musiqisi sahəsində tələb olunan mizanlar burada da ciddi-cəhdlə gözlənilirdi. M.Tağıyev belə bir zamanda səhnədə göründü. Dərhal da yeni ifa tərzi, üslubu ilə fərqləndi.

İndi müğənnini səhnəyə gətirən vaxtdan 40 il ötür. Az müddət deyil. Bu illərin çətinlikləri də, sevinclə yaşanan günləri də daha çox müğənninin özünə bəllidir.

Yubiley konsertinə hazırlaşan M.Tağıyev hazırda yeni mahnılar üzərində işləyir.

 

- Hələ keçən il qeyd etmək istədiyiniz yubiley konserti niyə təxirə düşdü?

- Yubileylə bağlı konsert proqramı hazırlanır. Oxuyacağım mahnılar dəqiqləşib. Həmin konsertdə 20 il bundan əvvəlki mahnılar da səslənəcək. Bir aranyiman üzərində bəzən 10-15 gün işləyirik. Böyük orkestrlə işləmək o qədər də asan deyil. Böyük orkestr anlayışı bu gün tamaşaçı üçün qeyri-adidir. Tamaşaçı bundan uzaqlaşıb. Bu orkestrin özünəməxsus çətinlikləri var. Mənim gəncliyim böyük orkestrlə başlayıb. Həyat elə fırlanır ki, istər-istəməz aradakı boşluqlar göz önünə gəlir. Müharibə illəri, Yaşıl Teatrda verdiyimiz konsertlər... Estrada artistlərinin ən çox sevdiyi məkan Yaşıl Teatr idi. Yenə də konsertimi bu məkanda keçirmək istəyirəm. Konserti fevral ayının axırında keçirməyə çalışsam da, alınmadı. Bəlkə də sponsor problemi ilə bağlıdır. Hər halda hərəkət edirik. İnşallah, Yaşıl Teatrın mövsümi açılışı ərəfəsində bu konsert gerçəkləşəcək. Bu gün səhnələrimiz çoxdur. Ancaq elə səhnələr var ki, daha doğmadır. Onlardan biri də Yaşıl Teatrdır. Bu gün estrada aləmi ilə bağlı səhnə yoxdur. Diskotekalar və müəyyən nöqtələr mövcuddur ki, gələn qonaqlar da orda çıxış edir. Ümumiyyətlə, şou-proqramlar üçün bizdə nə səhnələr, nə də imkanlar var. Bu gün çox istedadlı uşaqlar var ki, onlara kömək etmək, onlar üçün mahnı yazmaq, layihələr hazırlamaq lazımdır. Onda mənim də hesabatım ürək dolusu olar. Hazırda isə solo konsertimin hazırlıq dövrüdür. Bununla bağlı bir çox məsələ var ki, həllini tapa bilmirəm. Bəlkə də sponsor problemidir. Konserti bir neçə dəfə keçirmək istəmişəm, təxirə düşüb. Qabaqcadan deyəndə nədənsə alınmır. Əsas odur ki, həyat davam edir. Nə qədər ki, tamaşaçı "Mübariz, bəsdir, get dincəl" deməyib, səhnədə olmalıyam.

- Tamaşaçının bu sözünü necə hiss etmək olar?

- Onu hər bir sənət adamı hiss edir. Müəyyən sənətçilər var ki, neçə illərdir sənətdədir, amma bunu hiss etmək istəmir. Biz bunu yaxşı duyuruq. O məqamda ki, artıq olduğunu hiss edirsən, onda yavaş-yavaş uzaqlaşmalısan. Sənət aləmində ayrı bir istiqamət də götürə bilərsən. Müğənni adətən 30 yaşdan sonra püxtələşməyə başlayır. Bu yaşda bütün elədiklərini nəzarət altına alır. Bir də o, həyatda tutduğu mövqeni hiss edir ki, nəyə xidmət etməlidir. Bu yaşda mənim imic dəyişən vaxtım deyil. Artıq bu mərhələləri keçmişəm. Mənim üçün əsas odur ki, zamanın nəbzini itirməyim. Onu itirdimsə, hər şey qurtardı. Bir də elədiyim işdən razı qalıramsa, onda hər şey bitdi.

- Deyə bilərsinizmi, yubiley konsertinin sizin üçün hansı önəmi var?

- İstər-istəməz söz düşəndə 40 illik səhnə fəaliyyətim bir anlığa gəlib gözümün qarşısından keçir. Bu illərdə çox şey var. Ancaq ən böyük xoşbəxtliyim o olub ki, yaşımı hiss etməmişəm. Yubiley konserti o qədər də asan olmur. Bir növ xalq qarşısında hesabatdır. Bir də ki, çoxdandır tamaşaçılarla birbaşa görüşüm olmayıb. 50 illiyimdə Heydər Əliyev adına Sarayda səhnəyə çıxmışam. O vaxtdan artıq 10 il keçib. Bu konserti nəyinsə naminə etmək istəmirəm. Mən sənət adamıyam. Əgər edirəmsə, bu, yaxşı olmalıdır. Bu gün tamaşaçı zövqü çox dəyişib.

- "Yeni ulduz" layihəsinin münsiflər heyətinin üzvü kimi iştirakçıların bizim gerçəklikdə doğrudan da "ulduz" ola biləcəyinə inanırsınızmı?

- İnanmasaydım, çoxdan o layihədən uzaqlaşardım. Hər hansı gənc istedad axtarılıb tapılandan sonra onun arxasında durmaq lazımdır. Axırıncı dəfə müsabiqədən 1200-ə yaxın gənc keçdi. Bu, kifayət qədər böyük rəqəmdir. Estrada, pop asan musiqi yanrı deyil. Bu yanrda axtarıb tapdığımız istedadlar çox azdır. Harda rəqabət varsa, orada sənət yarana bilər.

2000-ci ildə caz musiqi aləmi yavaş-yavaş seyrələndə, pop musiqisi zirzəmilərdən yuxarı qalxmağa başladı. O vaxta qədər pop musiqi aləmi Azərbaycanda pis vəziyyətdə idi. Bu onunla bağlı idi ki, SSRİ-nin caz musiqi istiqamətində işləyən sənətkarlarının əksəriyyəti Bakının yetirmələri idi və caz musiqisi burda həddən artıq yaxşı inkişaf edirdi. Muğamın özü improvizə üzərində qurulmuşdu. Boşluq yaranan kimi diskotekalar, pop musiqisi suyun üzünə çıxmağa başladı. Əslində, pop musiqisi həmişə dəbdə olub. Bu gün pop musiqisi bütün dünyanı əlinə alıb. Bu proses Azərbaycanda da başlayıb. Demək olar ki, ilk qığılcımlar hərəkət edir. Biz də bu gün sənət aləminə atılan bu gənclərə - yeni ulduzlara kömək edirik. Ancaq burada bir qorxu da var. Axtarıb tapdıqlarımızın əksəriyyətinin də məqsədi odur ki, "müsabiqədən keçim, toylara gedib varlanım". Hiss edirik ki, indinin ab-havası tamam başqa cürdür. Sənət yox, pul ardınca meyil daha çoxdur. Ola bilsin ki, bugünkü zamanın nəbzi bunu tələb edir. Çünki hər şeyi həll edən puldur. Buna görə də onları qınamaq olmaz. Bu gün bəstəkardan mahnı almaq, aranyiman etmək, efirə çıxmağın hamısı puldur. Əvvəlki illərdəki kimi bu gün uşaqlardan peşəkarlıq tələb etmək mümkün deyil. 70-ci illərdə toya gedən müğənnini Filarmoniyanın astanasına buraxmazdılar. İndi isə tez-tez televiziyada "toy məktəbdir", "toy konservatoriyadır" fikirləri səslənir. Bu gün istiqamət dəyişib. Deyirlər ki, toya getməyən adam populyar deyil. Ancaq bu uşaqlar öz üzərlərində çox işləməli, peşəkar səhnəyə gəlmək üçün bir çox mərhələdən keçməlidirlər. Biz 6 ay ərzində onlar üçün bundan artıq nə edə bilərik? Bütövlükdə olmasa da, bu, onların efirə çıxması üçün bir məktəbdir.

- Onda belə demək olarmı, siz o gənclərə həm də ürək ağrısı ilə səs verirsiniz?

- İstedada səs vermək lazımdır. O uşaqların içərisində doğrudan da istedadı olanlar var. Bu gün istedadlı insan görəndə sevinirsən. Müəyyən bir yaş dövrü var ki, bu yaşda insan nəyisə axtarır. Bəlkə də bizdən sonra gələn bizdən də yaxşı olacaq. Ancaq görəndə ki, axtarıb tapdığın gəncin zövqü tamam başqadır, onda pərişan olursan. Çoxları deyir ki, ulduz axtarırsınız, bu qədər ulduz olar? Deyirəm ki, yox, olmaz. O insanları ki, biz axtarırıq, onlar utanırlar, gəlmirlər. Fikirləşirlər ki, birdən gedib səhv oxuyaram. Müsabiqələrə gələnlər bir tərəfdən işsizlikdən, digər tərəfdən, reklam olunmaq üçün gəlir. Sənət aləmi özünəməxsus insanlar, yəni Allah vergisi olan, xalqına həqiqi xidmət edənlər üçün çox gözəl aləmdir. Onlar bundan həzz alır, yaşayırlar.

- Rəhbərlik etdiyiniz səsyazma studiyasının təmiri ilə bağlı hansısa yenilik varmı?

- Yenilik odur ki, həmin küçə təmizlənir, binanın divarı çöldən qaşınır, bir sözlə, üstü bəzək, içərisi isə çürükdür. Bir neçə ildir "tezliklə buranı təmir edəcəyik" sözlərini eşidirəm. Sözün düzü, artıq bu sözləri eşitməkdən yorulmuşam. Bu binaya heyfim gəlir. Bu, Azərbaycanda yeganə pavilyondur. İndi belə bir pavilyon düzəltmək qeyri-mümkündür. Dəfələrlə demişəm, Kiyev, Sankt-Peterburq, Moskva eyni pavilyonları təmir edib saxladı. Təkcə bizdəki bərbad vəziyyətdədir. Avadanlığı dəyişilməli, səs tənzimləyən yeni avadanlıqlarla təchiz olunmalı, bina əsaslı təmir edilməlidir. Başqa respublikalarda belə studiya yoxdur. Canlı alətlər bu pavilyonlarda öz abertonlarını dəyişmir. Bura texniki müdaxilə lazım deyil. Sadəcə olaraq, 60 nəfərlik simfonik orkestri yazmaq üçün başqa yerimiz yoxdur. Bundan əlavə, ansamblların və yaxud ayrı-ayrı müğənnilərin səsinin yazılması üçün bu pavilyon ən əlverişli yerdir. Böyük bir kapellanı orada yerləşdirib yazmaq olar. Ona görə də bu studiyaların təmir olunması sənət aləmimizə xidmət edəcək. Amma yenə də binanın təmir olunacağı ilə bağlı ümidlərim var. Yenə də gözləyirik. Əgər söz verdikləri vaxtda təmir olunmasa, onda əl çəkmək lazımdır. Demək, şəhərin mərkəzindəki bu bina kiməsə lazımdır.

 

Kaspi.- 2008.- 23 aprel.- S. 12.