"Muğamla cazın sintezini öyrənmək istəyirəm"

Azərbaycanda səfərdə olan amerikalı cazmenlər mətbuat konfransı keçiriblər

 

Azərbaycanda səfərdə olan Amerikanın  tanınmış cazmenləri Dan Tepfer və Coul Harrison mətbuat konfransı keçiriblər, Dan Tepfer bildirib ki, o, bir çox beynəlxalq  müsabiqənin, o cümlədən Edinburq və Dandi Cazı Festivallarının, Parisdə Beynəlxalq Hərbi Solal Cazı Fortepianosu Yarışının, Vaşinqtondakı FMJS Caz Yarışmasının laureatıdır.

Caz fortepianosu işində magistr dərəcəsi aldığını deyən Tepfer 2007-ci ilin aprel ayında isə Amerikan Pianoçular Assosiasiyasının "Koul qapıçısı" prizini qazanıb. O, hazırda Nyu-Yorkda caz pianoçusu Fred Hersch və klassik pianoçu Zitta Zohar ilə oxuyur. Cazmen Azərbaycanın dünya şöhrətli cazmeni Vaqif Mustafazadənin yaradıcılığı ilə tanış olduğunu qeyd edib: "Mən Vaqif Mustafazadənin 1979-cu ildə Latviyadakı konsertinə qulaq asmışam. Səfər zamanı muğamla cazın sintezini dinləmək və öyrənmək istəyirəm. Burada həm master-klasslar keçirəcək, həm də Azərbaycan musiqiçiləri ilə tanış olacağıq".

Coul Harrison isə bildirib ki, o, Mississipi Dövlət Universitetinin professoru olub, 14 il orada çalışıb, həmçinin Missisipi Fortepianosu Vitrininin direktoru vəzifəsində çalışıb. Hazırda Amerika Pianoçular Assosiasiyasının üzvüdür. O, 2002-ci ildə müqavilə əsasında İngiltərə Musiqiçilərinin Assosiasiyasında kampaniya sədri olduğunu da qeyd edib. Harrison hazırda Şimali Karolina, İndiana universitetlərində dərs dediyini və İsveçrədə, Avstriyada və İtaliyada tədqiqatlar apardığını da diqqətə çatdırıb. ABŞ Səfirliyinin mədəniyyət üzrə müşaviri Dmitri Taraxovski layihənin "Qarant Sığorta" Şirkətinin sponsorluğu ilə həyata keçirildiyini qeyd edib: "Qonaqların səfər proqramı zəngindir. Caz mədəniyyəti mərkəzlərindən hesab olunan Bakıya səfərləri çərçivəsində musiqiçilər Milli Musiqi Konservatoriyasında, Bülbül adına Musiqi Məktəbində təlimlər keçərək, öz təcrübələrini tələbələrlə bölüşəcəklər. Bundan başqa, musiqi menecerləri, bu sahənin bilicilərinin iştirakı ilə dəyirmi masa təşkil olunacaq". D.Taraxovski qeyd edib ki, qonaqlar aprelin 9-da Bakı Caz Mərkəzində konsert proqramı ilə çıxış edəcək, aprelin 10-da isə Türkiyəyə yola düşəcəklər.

 

Səs.- 2008.- 9 aprel.- S. 16.