El sənətkarı

 

Saz-söz ustadlarımızdan biri - Aşıq Qaracan

 

Gəl sarıl boynuma, a telli sazım, Çıxaq yaylaqlara, el yada düşdü. Gəzək oymaq-oymaq dağı, dərəni, Çəmən yada düşdü, çöl yada düşdü.

Mən Aşıq Qaracanı keçən əsrin 70-ci illərindən tanıyıram. Səmimi, mehriban, qayğıkeş bir insandı Aşıq Qaracan. Onun istedadına, sənətinə vurğunluğuna, saza-sözə inamına, zəngin yaradıcılığına yaxından bələd olduqca Borçalı aşıq məktəbinin yetkinliyinə əminlik yarandı məndə. Sazla ülfət bağlayan, elimizi-obamızı qarış-qarış gəzib dolaşan, elin şad günündə şadlanan Aşıq Qaracan ustad aşıqlarımızdan bəhrələnərək bu gün özü də kamil ustad aşıqlarımızdan sayılır. Biz ədəbiyyatdan da bilirik ki, aşıq yaradıcılığının şahı dastandır. Aşıq millətin dilini, dinini, adət-ənənəsini, mənəvi dəyərlərini dərindən bilən, məclis-mərəkədə ədəb-ərkan yolunu saxlayan, Allahın güclü yaddaş bəxş etdiyi bəşər övladıdır. Ustadnamə ilə başlayan, duvaqqapma ilə qurtaran dastanı həm nəsrlə, həm nəzm ilə başa vurmaq böyük istedad, güclü yaddaş tələb edir. Mayası sazla-sözlə yoğrulub Aşıq Qaracanın. Ustadnamə, qoşma, gərəylı, təcnis, dodaqdəyməz, qıfılbənd, duvaqqapma, qanına, canına, iliyinə, sümüyünə hopub Aşıq Qaracanın.

Hörümçək torunu hörsə yaxşıdır,

Çal köpək zəncirdə hürsə yaxşıdır.

Hər kəs öz köçünü sürsə yaxşıdır,

Mənim öz mənliyim, mətanətim var.

Əlbəttə, aşıq qətiyyətli, iradəli, vicdanlı, dözümlü, mübariz olmalıdır. Mən bu keyfiyyətləri Aşıq Qaracanda görmüşəm. Mən aşığın dastan gecələrində iştirak etmişəm, valeh olmuşam. Dastanın gedişində dinləyicilərin ovqatını yüksəltmək üçün müxtəlif maraqlı üsullardan istifadə edir. Aşıq insanın yaş ölçülərini dedikcə dinləyicilərin dodağına təbəssüm qonur, çöhrəsi gözəlləşir.

Onunda tullan, İyirmidə evlən,

Otuzda pullan, Qırxda ahıllan,

Əllidə hallan, Altmışda çallan,

Yetmişdə dillən, Səksəndə yallan,

Doxsanda çullan, Yüzündə yollan.

Bəli, aşıq hər yerdə maraqlı ürəyə yatan detallardan bacarıqla istifadə etməlidir. Aşıq deyəndə mənim nəzərimdə, buxarı papaqlı, kolfeyi şalvarlı, uzunboğaz xrom çəkməli, enli toqqalı, rubaşkalı, çiynində saz olan Allah bəndəsi canlanır.

Saz mənim ağlayan, gülən könlümün,

Vuran ürəyimin öz ahəngidir!

Sazdır saf eşqimin Tanrısı, dini

Bu coşğun qəlbimin söz çələngidir.

Aşıq boşboğazlığın, yöndəmsiz söz deməyin əleyhinədir.

Kəlmə höcələyib, qafiyə gəzmə,

Qüdrətin çatırsa, söz de. söz olsun.

İgid qılıncıyla, aşıq sazıyla, şair qələmiylə, dərzi iynəsiylə, qəvvas üzməsiylə və bütün sənət sahibləri öz peşəsini dərindən bilməsi ilə ad-san qazanır, eldə-obada hörmətlə adı çəkilir. Bax, Aşıq Qaracan adı hörmətlə çəkilən, kamil saz-söz ustadlarımızdandır. Hazırcavab, təvazökar aşıqda sazla sözün vəhdəti daha gözəl alınır. Yazdığı şeirlər saza uyğundur. Aşıq sənətində ən çətin janrlardan biri də təcnis, cığalı təcnisdir. Lakin Aşıq Qaracan  Dədə Ələsgərdən öyrənə-öyrənə kamilləşib, püxtələşib.

Tanrı yazan alınlarda sətirdi,

Eşq əhlinə əsən yellər ətirdi.

Aşıq deyər ətirdi,

Saç, ya teldi, ya tirdi.

Əslini danan gəda

Əslizatın itirdi.

Ayrılıq həsrəti təngə gətirdi,

Əl-əldən, can-candan aralandı gəl.

Ömrünü-gününü xalqın xeyrində-şərində keçirən Aşıq Qaracan xalqdan ilham alıb ustad aşıqlarımızın səviyyəsinə yüksəlib. Onun divanları könül oxşayır, qəlbə yatır, ürəyə sarı yağ kimi yayıhr.  Aşığın divaniləri məna tutumuna görə də çox dəyərlidir.

Bəxtin dönsə, arxasınca

Baxmağın faydası nə?

Cismi-cəsədi yandırıb,

Yaxmağın faydası nə?

İnsan olan könül yanar

Ürək açar, əl tutar

Verdiyini dönüb başa

Qaxmağın faydası nə?

Aşıq Qaracan yüksək ifaçılıq mədəniyyətinə malikdir.  O, ifa zamanı özünü çox təmkinli aparır, yüngül hərəkətləri, artıq-əskik söz-söhbətə meyl etmir, şitlikdən uzaq bir el sənətkarıdır. O, bəzən naşılara, sazdan-sözdən xəbərsizlərə söz meydanında divan tutur, onlara bacardıqları işin qulpundan yapışmağı tövsiyə edir.

Ağlını qanmaz əlindən

İtirib gic olan mənəm.

Aşıq Qaracanın müxtəlif söz xiridarları ilə deyişmələri də ustad aşıqlarımızın ənənəsindən xəbər verir.

Bir hörmətli salamım var,

Sizin elə, ay Qaracan,

Heç kəsi mən tanımıram,

Ola sənə tay, Qaracan.

Elə mən də Aşıq Qaracana oxşar sadə, dilavər, sazın-sözün vurğunu el sənətkarı tanımıram.

 

Azad Azərbaycan.- 2008.- 9 aprel.- S. 7.