Yaqub Z.
Azaflı çinarı
“Ədəbiyyat
qəzeti”nin baş redaktoru Ayaz Vəfalıya
Əzizim Ayaz müəllim!
Səhhətimlə bağlı xaricdə olduğumdan ustad
aşıq Mikayıl Azaflı tədbirlərində
iştirak edə bilmədim. Odur ki,
yaradıcılığını yüksək qiymətləndirdiyim
görkəmli sənətkarla heç yerdə çap
olunmayan deyişmələrimi və haqqında xatirəmi
qəzetinizdə verməyi xahiş edirəm.
Hörmətlə, Zəlimxan Yaqub
Bakıda qəbul imtahanından sonra Borçalıya - doğma
kəndimiz Bolnis Kəpənəkçiyə,
qayıdırdım. “Bakı-Tiflis” qatarının kupesində
üç nəfər əyləşmişdik. Qatarın
tərpənməyinə cəmisi beş-altı
dəqiqə qalmış dördüncü adam da gəlib
çıxdı. Orta boylu, nurani çöhrəli bir
kişi ədəblə salam verib, icazə istəyib
əyləşdi. İlk baxışda bu kişiyə o
qədər də əhəmiyyət vermədik. Səbəb
də oydu ki, çox qızğın bir söhbət
başlamışdım, o söhbətin kəsilməyini
nə mən istəyirdim, nə də məni yaxşı
tanıyan, söhbətimə aludə olan, yaxşı
tanıdığım öz kəndçilərimiz.
Söhbət aşıq şerinin gözəlliyindən, el
şairlərinin Allah vergisi olmağından,
sazın-sözün ilahi qüdrətindən gedirdi. Heç
kəs sözümü kəsmir, huş-guşla məni
dinləyirdi. Allahın işinə, Tanrının
yazısına, mənim xoşbəxtliyimə fikir verin. Söhbət
hərlənib-fırlanıb Azaflı Mikayılın
üstünə gəldi. Yadımdadı, mən orta
məktəbdə oxuduğum illərdə
Borçalının ustad aşıqları Azaflı
Mikayıldan çox danışır, çox oxuyur, onun
həbsə düşməsindən, zindan
şeirlərindən, məşhur aşıq Sadıq
Sultanovun qızı, xalq hakimi Sara xanıma yazdığı
məktubundan, “Dünya” adlı məşhur
müxəmməsindən ağız dolusu
deyib-danışır, çalıb-oxuyurdular. Azaflı
Mikayılın Aşıq Hüseyn Saraclının vala
yazdırdığı “Bağban olsan bir bağçaya,
bağı gözlə-gözlə sən” divanisini saz
üstündə avazla oxumaqdan doymazdım. Mikayıl
Azaflının qoşmaları, divaniləri,
gəraylıları mənim dilimin əzbəri idi. Ona
görə də nə mən deməkdən yorulurdum, nə
də qulaq asanlar dinləməkdən. Mən o qədər
həvəslə şeirlər oxuyurdum ki,
dinləyənlər özünü saxlaya bilmir, arada “sağ
ol”, “bərəkallah”, “eşq olsun” sözlərini çox
ürəklə səsləndirirdilər. Səsi
çıxmayan, heç bir sözümüzə reaksiya
verməyən bir adam vardısa, o da ən axırda bizə
yoldaş olan bu ağsaç kişi idi. Ürəyimdə
hərdən onu qınayardım ki, deyəsən, bu
kişinin heç bu dünyadan, sazdan, sözdən
xəbəri yoxdur, sakitcə bir tərəfdə oturub qulaq
asmağında idi.
Söhbət getdikcə qızışırdı.
Deyəsən, Hacıqabulu keçib Kürdəmirə
yaxınlaşırdıq. Heç kəs söhbətin
kəsilməyini istəmir, yatmağı, uzanmağı
belə yaxın qoymurdu. Gecə-gecədən keçirdi.
Nəhayət ki, bu nurani kişidən səs
çıxdı. İlk sualı bu oldu:
- Oğlum, sən Azaflı Mikayılı
görmüsənmi?
- Xeyr, o xoşbəxtlik mənə nəsib olmayıb.
- Bəs tanımadığın bir el şairini sənə
bu qədər dərindən sevdirən nədir?
O dəqiqə cavab verdim:
- Borçalı məclisləri, Borçalı
aşıqları!
Bu cavab kişinin çox xoşuna gəldi.
Söhbətimizə qoşuldu. Borçalı
aşıqlarını tərifləməyə başladı.
Gördüm ki, saz-söz əhlidir. Söhbətimiz daha da
gözəlləşdi. Nəysə... dincəlib yatmaq
məqamı gəldi. Hər kəs öz yerinə uzandı.
Səhər-səhər qatar Tovuz vağzalına
yaxınlaşanda bu nurlu kişi dedi ki, mən burada
düşməliyəm. Yuyundu, geyindi-kecindi, ağ saçlarına
daraq çəkdi. Qatardan düşmək məqamı
gələndə biznən sağollaşdı. İlk
görüşün son ayrılığında, son anda
çox isti bir səmimiyyətlə əllərimi
sıxdı, məni bağrına basıb: “Oğlum,
axşamdan şeirlərini əzbərdən oxuduğun
Azaflı Mikayıl mənəm. Bu gündən sən mənim
könül dostumsan. Mən gəzərgi adamam, harda olsan,
səni tapacağam. Tanrı sənə yar olsun” - deyib,
qatardan düşdü. Mən sevincimdən, heyrətimdən
yerimdəcə donmuşdum. Yuxumu görürdüm, yoxsa bu
həqiqət idimi? Özümü danlayırdım ki,
niyə bu fürsəti əldən verdim. Az qala haqqında
əfsanələr danışılan,
qaçaqlığı, qoçaqlığı,
aşıqlığı, şairliyi dillər əzbəri
olan bu kişini niyə vaxtında tanımadım ki, mən
susam, o danışa, biz də doyunca qulaq asaq. Nəysə...
fürsəti əldən qaçırmışıq.
Aradan illər keçdi. Məclislərdə, toylarda,
mağarlarda, Bakının konsert salonlarında, dost
məclislərində çox görüşdük.
Doğrudan da, aramızda yaş fərqi çox olsa da,
dosta-qardaşa çevrildik. Mənim toy məclisimdə
rəhmətlik Aşıq Xanlarla, Mülkülü
Həsənlə iştirak elədi. Toyuma şərəf,
məclisimə başucalığı gətirdi.
Dəfələrlə Tovuzda, Azaflı kəndində evinin
əziz qonağı oldum. Dəfələrlə
Borçalıda Kəpənəkçi məclislərində
görüşdük. Bir-birimizin şərəfinə
şeirlər yazdıq. Deyişmələr yaratdıq. O
deyişmələr, o şeirlər hamısı dillər
əzbəri oldu.
Azaflı kəndinin girəcəyində, Mikayıl
Azaflının evinin lap yaxınlığında çox
nəhəng bir çinar ağacı var. Hər dəfə
mən Azaflıya gedəndə, Əsrik dərəsi ilə
üzü yuxarı qalxanda o çinarın yanında
dayanır, əvvəlcə çinarı, sonra da çinara
yaxın Azaflı Mikayılın məzarını ziyarət
edir, qəmli düşüncələrə qərq oluram.
Hər dəfə o çinarla görüşəndə
elə bilirəm köküylə, gövdəsiylə,
şaxələnən budaqları, pıçıldaşan
yarpaqlarıyla mənə Azaflı Mikayıldan
danışacaq. O nəhəng ağac mənim
üçün təkcə möhtəşəm bir
ağac deyil, həm də Mikayıl Azaflı
çinarıdı. Kökündə, gövdəsində
min illərin şəhdini-şirəsini,
tarixini-yaddaşını yaşadan Azaflı çinarı.
Kim idi mənim üçün Mikayıl Azaflı?
“Haqq aşığı yaranıb ki, qəm
çəkə” - deyən haqq aşığı, “Zaman
məni doğrasa da, Ağa qara deyəmmərəm” - deyən
həqiqət carçısı, “Qoca Azaflıyam, dilim var,
lalam, Təbrizdə qardaşım, Sibirdə balam” - deyən
həsrət-hicran nəğməkarı, zamanın
əlləriylə dönə-dönə döyülən,
zindanlar küncünə atılan dərd dağı, qəm
dəryası, “Özümün əllərim döydü
özümü, Çığnadı qəlbimi,
tökdü gözümü” - deyən şikayətçi,
“Ağarmayın, ay saçlarım, amandı” - deyən
köməksiz bir Allah bəndəsi, “Gördüm
daşqın bir sel aparır məni, Sən demə
özümün göz yaşım imiş” - deyən,
füzulinin “Şikayətnamə”sindən sonra ən
böyük şikayətnamələr müəllifi,
“Zəmanə seçməsə haqqı nahaqdan, Dövrandan
küsməyim, bəs kimdən küsüm?” - deyən
zəmanə küskünü, “Ömrümün baharı
sırsıra bağlar, Sərt tufan qocaltdı, mən
qocalmazdım” - deyən gözləri odlar görmüş
xalqın dərd daşıyan qocası, sənət dağlarının
qoca qartalı, Aşıq Hüseyn Bozalqanlı, Aşıq
Nəcəf, Xəyyam Mirzə, Aşıq Mirzə Bayramovun
ləyaqətli varisi, mənəvi davamçısı, XX əsr
aşıq sənətinin Dədə kişilərindən
biri, Zəlimxanın yol yoldaşı, könül
sirdaşı, xəyali həmsöhbəti. Mən onu
görmüşdüm məclislərdə,
səfərlərdə, Bakıda, Borçalıda,
Kəpənəkçidə, Keşəlidə...
Mən onu görürəm arzuda, xəyalda,
gələcəkdə, dünyaya haqq aşiqi kimi
gələnlərin ürəyində. Mən onu
eşidirəm sazda, sözdə, havacatda, laylada, oxşamada.
Mən onu yaşadıram ürəyimdə,
söhbətlərimdə, xatirələrimdə,
yaddaşımda.
Mikayıl Azaflı sənəti, onun şəxsiyyəti
və şəxsi keyfiyyətləri öyrənməyə
və öyrədilməyə layiq olan bir məktəbdir.
O məktəbin şagirdi, tələbəsi nə
qədər çox olsa o qədər xalqın, millətin,
sənətin, ruhun, yaddaşın və gələcəyin xeyrinədir.
Öyrədənlərə və
öyrənənlərə eşq olsun!
Ulu ozanın, böyük xalq şairinin, el
aşığının ruhuna salam oslun!
Zəlimxan YAQUB
Xalq şairi
21.III.2008
Zəlimxan Yaqubla deyişmə
Zəlimxan Yaqub:
Məclis əhli yer göstərər,
Başa çəkər pir adamı.
Yüz min alçaq endirəmməz,
El qaldırsa bir adamı.
Mikayıl Azaflı:
Adam gərək qanan olsun,
Adam sayma hər adamı.
El halına yanan oslun,
Hamı istər ər adamı.
Zəlimxan Yaqub:
Qəlbi qayadan mətindi,
Sözü neçə söhbətindi.
Tülkü görmək çox çətindi,
Zəhmətində şir adamı.
Mikayıl Azaflı:
Haqq var olsun, odur arzum,
Müdəm çörək, sudur arzum.
Təbiətdən budur arzum,
Şərə düşsün şər adamı.
Zəlimxan Yaqub:
Başı uca gəzər insan,
Təmizdirsə onda vicdan.
Ləkələməz, ay Zəlimxan,
Paltardakı kir adamı.
Mikayıl Azaflı:
Azaflıyam, üzüm haqda,
Dünya ola kef-damaqda.
Min sultana, tacı-taxtda,
Dəyişmərəm zər adamı.
Yavaş yeri
Zəlimxan Yaqub:
Ay bulaq başına tələsən gözəl,
Könlümü əlimdən al, yavaş yeri.
Tərpənər yerindən dağların mehi,
Sürüşər başından şal, yavaş yeri.
Mikayıl Azaflı:
Gözəllər eşqilə çağlayan şair,
Qocanı da yada sal, yavaş yeri.
Qəlbimi qəlbinə bağlayan şair,
Ay qara saç, qaldı çal, yavaş yeri.
Zəlimxan Yaqub:
Ötməsin, aylara, illərə yalvar,
Gəzməyə nə qədər çiçəkli yal
var.
Laləyə bənzəmə, bağrında xal var,
Düşməsin qəlbinə xal, yavaş yeri.
Mikayıl Azaflı:
Hər görünən dağdan səfa gözləmə,
Hər həkim əlindən şəfa gözləmə,
Hər yetən gözəldən vəfa gözləmə,
Sayma hər şirini bal, yavaş yeri.
Zəlimxan Yaqub:
Sənin şöhrətini aləmə yayır,
Zəlimxan özünü bəxtəvər sayır.
Qara saçlarından üçcə tel ayır,
Sevdiyim havanı çal, yavaş yeri.
Mikayıl Azaflı:
Aşiq var ki, bülbül, gül aşiqidir,
Aşiq var ki, şirin dil aşiqidir.
Azaflı Mikayıl el aşiqidir,
Gəl onun həmdəmi ol, yavaş yeri.
Yandı
Zəlimxan Yaqub:
Dünyanın dərdini çəkdi duyanlar,
Belində zamanın şələsi yandı.
Əridi, töküldü, əsdi, titrədi,
Yananda həmişə beləsi yandı.
Mikayıl Azaflı:
Əsrlər, tarixlər, zamanlar keçdi,
Neçə dövranların şöləsi yandı.
Şahların, xanların sarayı uçdu,
Qulların fəryadı, naləsi yandı.
Zəlimxan Yaqub:
Ağardı ahımdan dağların başı,
Yandırdı naləsi torpağı, daşı.
Axdı sinəsinə Əslinin yaşı,
Qara gözlərinin giləsi yandı.
Mikayıl Azaflı:
Dünya qumarbazdı, oynama pəki,
Əzəl-axır udur cüt ilə təki.
Qanmazlar beş aldı, qananlar iki,
Neçə dahilərin kəlləsi yandı.
Zəlimxan Yaqub:
Zəlimxan, meydanı genişdir qəmin,
Çalış azalmasın söhbətin, dəmin.
Özü yad ellərdə yanan Kərəmin,
Ərzurum dağında lələsi yandı.
Mikayıl Azaflı:
Azaflı, sahibi yaddır ləlimin,
Xəstəsi olmuşam itən dilimin.
Sahibsiz xalqımın, əsir elimin,
Mənim kimi neçə köləsi yandı.
Ədəbiyyat qəzeti.- 2008.- 18 aprel.- S. 8.