Göyyallı X.
Gələcəyə gedən ozan
Bu günlərdə
kütləvi informasiya vasitələrində belə
məlumat vcrildi: "Aşıq Ələsgər
günləri: saz və söz bayramı" keçiriləcək."
Başqalarını deya bilmərəm, mən bu
məlumatı təbii və səmimi qəbul etdim. Ona
görə ki, Dədə Ələsgər təqvimdən-təqvimə
və yaxud mövsümdən-mövsümə yada
düşən, xatırlanan sənətkar deyil. Dədə
Ələsgər - bu isim həqiqi şeirin, əsl
ədəbiyyatın adı çəkilən yerdə
həmişə yada düşür. Onun adı Qaracaoğlan,
Yunis İmrə, Sarı Aşıq, Qurbani və Aşıq
Veysəlin adı çəkilən məqamlarda həmişə
xatırlanır. Özü də hörmət-izzətlə.
Hər bir sənətin daxili zirvələri var. Yuxarıda
adlarını çəkdiyim isimlərin hər birinin
ayrıca sənət zirvələri bəllidir. Aşıq
sənətinin uzaqlardan görünən
zirvələrindən biri də Aşıq
Ələsgərdir. Ustadlar ustadı Dədə
Ələsgər. Bəli, aşıqlar atası, ustadlar
ustası Dədə Ələsgər.
Könlü-gözü-ruhu haqdan verilən bir haqq
aşığı. Dədə Ələsgər haqdan
gələn nidanı dilə gətirib deyirdi:
Əgər haqq aşiqsən,
meydana gəl de!
Əgər
əhli-ruhsan sözün gözəl de!
Dədə
Ələsgər sadəcə sözü-sözə calayan,
qafiyə uyduran sıradan bir aşıq deyil. Sözü
özünə-könlünə-ruhuna mehrab bilən ulu bir
ozandır. Onun mehrabı haqq-həqiqət olub, Bu
mehrabı-haqqı-həqiqəti min illik aşıq
sənətinin yazılı nizamnaməsinə Dədə
Ələsgər çevirdi.
...Xəlqə
həqiqətdən mətləb qandıra, Şeytanı
öldürə, nəfsin yandıra. El içində pak
otura, pak dura, Dalısınca xoş sədalı
gərəkdir.
... Arif ola, eyhamınan
söz qana,
Naməhrəmdən
şərm eyləyə, utana
Saat kimi meyli haqqa dolana
Doğru qəlbi,
doğru yolu gərəkdir.
Bu məqsəd,
məram haqq aşığının mənəvi
düsturudur. Bütün yaradıcılığı boyu bu
mənəvi düstura sidqi ürəkdən sadiq qalıb,
işində, əməlində önəm verib.
Bəzən bir
çoxumuz aşığa qeyri-ciddi münasibət bəsiəyirik.
Bu qeyri-ciddi münasibətin özü bəzi müasir
aşıqların bayağı ifa və
davranışlarından su içir. Dədə
Ələsgər ozanlığın-şairliyin uca
məqamına yüksəlmiş bir el
sənətkarıdır. Ələsgər dərsini el-obadan
almış, xalq universitetini əla qiymətlərlə bitirmiş
bir ozandır. Özü də sinəsi dolu,
sinədəftər bir ozan, Ələsgər masa arxasında
əlində qələm oturub,
düşünüb-daşınıb, yazmayıb. Bizlər
üçün nə əmanət qoyub gedibsə, hamısını
fikirləşmədən - bədahətən
düzüb-qoşub.
Ulu ozan onu ilhama
gətirən hər nə varsa, dağ-daşı,
göl-çəməni, qız-qadını məharətlə
nəzmə çəkib - sözün sehrində rəsm edib.
Könlünə-ruhuna yazdığını ilhama gəlib,
dilinə gətirib, bədahətən deyib.
Dədə
Ələsgər könülləri oxşayan sözlə
camalın rəsmini sənətkarlıqla
mükəmməlcəsinə yaradan bir haqq
aşığıdır:
Nazik barmaqlıdı,
şümşad əllidi, Ayna qabaqlıdı, səyyah
tellidi
Şəkər söhbətlidi,
şirin dillidi, Tuti kimi xoş zəbanın geyibdi.
... İş
sənə agahdı, qadir İlahi, Eşq əlindən
itirmişəm izahı. Ələsgərəm, budu
sözün kütahı, Yar gedəndən din-imanım gedibdi.
Bu misralar böyük
istedaddan, dərin zəkadan xəbər verir. Böyük
ozanın ustadnamələri, qıfılbəndləri,
dodaqdəyməzləri, dildönməzləri onun
erudusiyasından, bilik və bacarığından xəbər
verir. Belə bir fikir səslənirdi ki, Ələsgər
savadsız olub, hərf belə tanımayıb...
Əslində bu fikir sahiblərinin özləri də
bilmədən ciddi səhvə yol veriblər. Yadımda qalan
faktları sadalasam, Ələsgərin
elmli-zəkalı-savadlı bir şəxs olduğu aydın
olar. Ələsgər Qurani-Kərimi oxumamış
olsaydı, onun surə və ayələrinin şərhini
verə bilməzdi. Ərəb mədəniyyətinə
bələd olmasa idi, əbcəd hesabına baş
vurmazdı. Danışıq səslərinin
xüsusiyyətlərindən xəbərdar olmasaydı,
dodaqdəyməz, dildönməz kimi mürəkkəb
şeir formalarına müraciət etməzdi.
Saz-söz
adamlarının hamısı mənimlə razılaşarlar
ki, Dədə Ələsgərin
yaradıcılığı nöqsanlardan,
kəm-kəsirdən, əyər-əskiklərdən
çox-çox uzaqdır. Onun
yaradıcılığına bir çox xarakterik keyfiyyətlər
məxsusdur. Dil sadəliyi və fikir yükü isə
aşığın hər misrasına xasdır.
Nümunə üçün aşağıdakı misralara
diqqət yetirək:
Əzrayılı
qanlı tutmasın anam, Məni bir kirpiyi peykan
öldürür.
Bu misraların
şərhə ehtiyacı yoxdur. Sadə və aydın,
hamının başa düşdüyü dil və fikir.
Dədə Ələsgərin
adı çəkilən yerdə qeyri-iradi hamının
yadına "Düşdü" qoşması
düşür:
...İşarət eylədim
dərdimi bildi, Gördüm həm gözəldı, həm
əhli-dildi. Başını buladı, gözündən
güldü, Güləndə qadası canıma
düşdü.
Bu sözlərdən
sonra nə deyəsən, nə yazasan?! Bircə onu demək
lazımdır ki, nə yaxşı Dədə Ələsgər
varmış. Bir də onu deyə bilərik ki, Dədə
Ələsgərə Tanrı uğurlu bir sənət taleyi
bəxş edib. Yaşadığı dövrdən
üzü bəri həmişə zamanın
fövqündə dayanıb. Sözü və özü
dillər əzbəri olub. Ulu ozan həmişə
anılıb. Bu gün də belədir. Yəqin,
gələcəkdə də belə olacaq. Dədə
Ələsgər dünənin və bu günün olduğu
kimi, həm də gələcəyin ozanıdır. Onu
söz və könül mehrabı gələcəyə
aparır.
Mədəniyyət.- 2008.- 12 aprel.- S. 12.