Ağaoğlu T.
Unudulmaz teatr və kino aktyorları
Xalq artisti Lütfəli
Abdullayevin ifa bacarığı, səhnədə
yaratdığı obrazlar ehtiramla xatırlanır, ekran
əsərlərində oynadığı rollara
həvəslə baxılır. Azərbaycan
Dövlət Film Fondu sevimli aktyorun
46 il əvvəl çəkildiyi qısametrajlı
filmin təqdimatına
hazırlaşır. Bu
münasibətlə fondun
direktoru, əməkdar
incəsənət xadimi
Cəmil Quliyevlə görüşdük. O dedi:
- Lütfəli Abdullayev Şəkidə
dünyaya göz açmışdı. Onu
ehtiyac, zamanın sərt mühiti sıxmışdı. Amma
arzularını dondura
bilməmişdi. 14 yaşında
Bakıya gəlmiş,
Azərbaycan Dövlət
Konservatoriyasında təhsil
almışdı. Bir
müddət Opera və Balet Teatrının
xor truppasında fəaliyyət göstərmişdi. Görkəmli
səhnə xadimləri
Mirzağa Əliyev, Sidqi Ruhulla, Ələsgər Ələkbərov,
Hacağa Abbasov, Əhməd Anatollu gələcək gülüş
ustasının xeyirxah
məsləhətçiləri, qayğıkeş dostları
olmuşdular. O, 1938-ci ildən
yeni yaranan Musiqili Komediya Teatrında çalışmış,
bir-birindən baxımlı rollar oynamışdı. L.Abdullayev
səhnədə heç
kəsi təkrar etmir, ifa bacarığı,
oyun tərzi, estetik meyarı ilə seçilirdi. Yaratdığı obraz üçün
yeni və orijinal çalarlar tapırdı. Həmin illərdə "Ər və arvad", "O olmasın bu olsun", "Arşın
mal alan" və başqa operettalarda oynadığı
rollar ona böyük nüfuz qazandırmışdı. İfasında
əsas diqqətçəkən
cəhət isə satirik gülüşünü
rüşvətxorlara, nadan
və mənsəbpərəstlərə
qarşı çevirməsi
olmuşdu. Ömrünün
sonuna qədər gördüyü yaxşılıqlara
görə Şəmsi
Bədəlbəyliyə və
Süleyman Ələsgərova
minnətdarlıq etmişdi.
Lütfəli Abdullayev teatr
uğurlarından daha
çox kino sənətində - oynadığı
beş filmdə tanınmış, sevilmişdi.
1945-ci ildə "Arşın
mal alan"ın ekrana çıxması ilə
yeni sənət karyerası başlamışdı.
Yaratdığı Vəli
obrazı dünyanın
55-dən çox ölkəsini gəzmiş,
aktyora şöhrət
qazandırmışdı. Filmin digər ifaçıları ilə
birlikdə o da SSRİ Dövlət mükafatına layiq görülmüşdü.
Unudulmaz aktyor "O olmasın bu olsun" filmində qoçu Əsgərin əlaltısı rolunu oynayır. Həcmcə kiçik olan ifasını xarakter dərəcəsinə yüksəldə
bilmişdi. Daha sonra "Əhməd haradadır?" filminə
çəkilir. Nərgiz
xalanın Zülümovun
otağına girib oğlu Əhmədi axtardığını bildirdiyi
səhnəni xatırlayın.
Bu epizodu yalnız o, şirin, dadlı-duzlu oynaya bilərdi.
"Aparatda Zülümovdur",
"Buna bir quş" ifadələri
bəlkə də ssenaridən gəlməyib,
elə onun öz deyimləridir. "Ulduz" bədii filmində oynadığı
Məhəmməd rolunda
danışığı, yerişi, ümumiyyətlə,
ifasında nə görünürsə, hamısı
təbiidir.
Yaxın günlərdə
respublika Mədəniyyət
və Turizm Nazirliyinin köməyi ilə rejissor Rəşid Atamalıbəyovun
1962-ci ildə çəkdiyi
"Payız konserti"
qısametrajlı filmini
uzun illərdən sonra axır ki, Fonda gətirə
bilmişik. Onu diqqətlə, qayğı
ilə bərpa etmişik. Tezliklə kinosevərlərə göstərəcəyik.
Lütfəli Abdullayev
orada aparıcı rolunu oynayır. İştirakçılar isə
Şövkət Ələkbərova,
Əminə Dilbazi, Rauf Atakişiyev, Müslüm Maqomayev və başqalarıdır.
EZarafatcıl, daim şən ovqatlı, bənzərsiz səhnə
və kino aktyoru L.Abdullayev qırx ilə yaxındır ki, dünyasını dəyişib.
Lakin o, dönə-dönə yad edilir. Ondan
qalan yadigarları isə qorumaq, gələcək nəsillərə
ərməğan etmək
bizim mənəvi borcumuzdur.
Azərbaycan.- 2008.- 22 aprel.- S. 7.