Axundova Z.

 

“Körpəm”in uğurları

 

İnsanı səciyyələndirən başlıca cəhət onun məsləki, inamıdır. Belə insanlar öz fəaliyyətləri ilə zamanın fövqündə durur, məhsuldar əməkləri ilə çoxlarından fərqlənirlər. Dənizkənarı Milli Park ərazisində yerləşən Azərbaycanda ilk professional Uşaq teatrının yaradıcısı İntiqam Soltan oğlu Həsənov məhz belə insanlardandır. Teatr adlı mürəkkəb bir orqanizmin hər bir üzvünün sirrinə dərindən bələd olan İntiqam Soltanın rəhbərlik etdiyi Uşaq teatrı onun təşkilatçılıq və fəaliyyət prinsiplərinin yaradıcı sintezidir. Məkan nöqteyi-nəzərindən gizlədilməyə cəhd edilsə belə bu teatr bədii yaradıcılığın, inzibati-iqtisadi sistemin kəsişmə nöqtəsində yerləşir. Müxtəlif əyləncə və istirahət obyektlərindən "sipər çəkilmiş" teatrın afişalarındakı teatr embleminə bələnmiş körpə təsviri xüsusilə diqqəti cəlb edir. Uşaq və gəncləri teatr sənəti vasitələri ilə tərbiyə etmək arzusuyla İntiqam Soltan teatra "Körpə ilk olaraq teatra bələnməlidir" devizini seçmişdir.

1989-cu ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının nəzdində yaradılan "Körpəm" adlı Eksperimental Uşaq Teatrına 1990-cu ildə çox böyük zəhmət hesabına truppa yığılır. Müsabiqə yolu ilə qəbul edilmiş 5 yaşından 17 yaşına qədər uşaqlardan ibarət olan truppa üzvləri xüsusi proqramla öyrədilir. Yarandığı gündən gənc nəslin mənəvi aləminin, dünyagörüşünün zənginləşməsinə, zövqünün formalaşmasına, maariflənməsinə və peşəkar teatr sənətkarlığına yiyələnməsinə xidmət edir. 1990-cı ilin yanvarında kollektivin birgə məhsulu olan "Uşaq olmaq istəmirəm" adlı teatrlaşdırılmış tədbirlə çıxış edir. Bu tamaşa kitabxanada, Sarabski adına Mədəniyyət Evində bir neçə dəfə nümayiş etdirilir. Xalqımız üçün taleyüklü məsələlərin həll olunduğu bir zamanda uşaqların bu prosesə şüurlu münasibəti xüsusilə diqqətəlayiqdir. Çox maraqlı bir məqam o idi ki, iştirakçılar səhnədən tamaşa salonuna ittihamla müraciət edir: "Estafeti bizə ötürmək istəyən nəsil, elə bilirsiniz biz onu sizdən qəbul edəcəyik?!"

"Körpəm" adlandırılmasına baxmayaraq teatrın tamaşaları səviyyəsinə görə tamamilə mükəmməldir. Teatr 2000-ci ilin avqust ayında Rusiyanın Kuznetsk şəhərində keçirilən MDB və Baltikyanı ölkələrin Beynəlxalq meydan teatrı festivalında uğurla çıxış edir. Qədim el bayramı Novruza həsr olunmuş, Azərbaycanın xalq ənənələri əsasında, meydan tamaşası janrında hazırlanan "Kosa-kosa" tamaşası tonqal ətrafında nümayiş etdirilir.

Hazırlanan tamaşaların arasında sosial və maarifləndirmə problemlərinə həsr olunmuş quruluşlar xüsusi yer tutur. Teatrın repertuarına müxtəlif ölkələrin uşaq ədəbiyyatı klassiklərinin əsərləri daxil edilir. Teatr müxtəlif sosial-mədəni, o cümlədən, QİÇS, narkomaniya və vərəmə qarşı mübarizə ilə bağlı layihələrdə çıxış edir.

Uşaq teatrı dünyasının özünəməxsus aurası vardır. Teatrın yaradıcı kollektivi yanaşma tərzinin yeniliyi ilə tamaşaçını maraqlandıra biləcək detallar içinə girir və onları kiçik yaşlılara sevdirə bilir. Tarixboyu Azərbaycanın milli sərvətlərinin qəsbkarlar tərəfindən talanmasına qarşı Azərbaycan xalqının mübarizəsini əks etdirən Aygün Həsənoğlunun eyni adlı pyesi əsasında hazırlanmış "Qara sandıq" tamaşası dinamik səhnələrlə və rəngarəng musiqi tərtibatı ilə uşaqlarda maraq doğurur. Rus xalq nağılının motivləri əsasında səhnələşdirilmiş "Turp" nağıl-tamaşası musiqili, əyləncəli olmaqla yanaşı, həm də eksperimentaldır. Belə ki, hələ 40 il bundan əvvəl rejissor Yeji Qratovski tamaşaçıları oyuna qoşmaq üçün onu tamaşanın aktiv komponentinə çevirməyə çalışırdı. Və şübhəsiz ki, elə onun da öz tamaşaçıları vardı. Bizdəsə bunlardan danışmaq bir az tez idi. "Turp" nağıl-tamaşasında tamaşaçı uşaqlar seyrçilikdən uzaqlaşaraq tamaşada yaxından iştirak edir və rol bölgüsünü özləri müəyyənləşdirir. Tamaşaçı zalı ilə tamaşa salonunun vəhdəti vahid bir məqsədə - uşaqları həm əyləndirməyə, həm də düzgün tərbiyə etməyə yönəlir. Şən klounların iştirakı ilə improvizə üzərində qurulmuş "Əyləncəli oyun-tamaşa" da şən oyunlar, rəqslər, müxtəlif müsabiqələrlə dolu eksperimental bir layihədir. Tamaşa zamanı tamaşaçı uşaqlar səhnə ilə birbaşa təmasda olur. Onların intellektual oyunlarda iştirakı, müxtəlif yarışlarda qələbə uğrunda mübarizəsi uşaqların fıziki və zehni inkişafına kömək edir. "Şən klounlar" tamaşası isə respublika eksperimental teatr festivalının diplomuna layiq görülüb.

Uşaq teatrının kiçicik teatr səhnəsi okeanlar qədər geniş bir ümmana çevrilir, demək olar ki, bir onillik məkansız, lakin inadla fəaliyyət göstərir.

2001-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə Dənizkənarı Milli Park ərazisində Uşaq Teatrı yaradılır. Öz istedad və yaradıcı qabiliyyətini uzun illər teatra həsr edən İntiqam Soltan teatrın potensialını dəqiqləşdirərək inkişaf etdirmək və teatrın taleyinə daha dərindən işıq salmaq üçün yeni bir imkan tapır.

Məlumdur ki, teatr sənətinin intəhasız problemləri ilə yanaşı, hər gün üzləşdiyi tamaşaçı problemi də mövcuddur. Uşaq teatrında bu problem öz müsbət həllini tapmışdır. Belə ki, şəhər məktəblilərinin hər şənbə günü Uşaq Teatrında "Qripə "yox" deyək - immunitetimizi gücləndirək!" layihəsi çərçivəsində əyləncəli şou proqramına pulsuz baxmaq imkanı vardır. Bu imkandan yararlanan kiçiklər (böyüklər də istisna edilmir) öz sevimli nağıl qəhrəmanları ilə görüşür, böyüklər isə yeni tərbiyə ünvanını məmnunluqla yaddaşına köçürür. Axı etiraf etməliyik ki, XXI əsr insanının tərbiyəsində düzgün istiqamət seçmək o qədər də asan deyil. Şübhəsiz ki, minlərlə valideyn hər gün övladlarının onlara ünvanladığı "Vətən nədir?", "Onu qorumaq nə üçün vacibdir?", "Vətəni qorumaq mənim də borcumdur?" suallarına cavab verməkdə çətinlik çəkir. Əslində bu sualların şablon cavabları uşaqların "bəs nə üçün..."lərlə başlanan real arqumentlərilə toqquşur. Uşaq teatrının hazırladığı hər tamaşanın mayası vətən sevgisi ilə yoğrulmuşdur.

S.M.Qənizadənin "Dursunəli ballıbadı" əsəri əsasında yuxarı sinif şagirdləri üçün hərbi vətənpərvərlik mövzusunda hazırlanmış bir hissəli komediya və "Vətən" tamaşasında vətən məhəbbəti, bu məhəbbətdən doğan qüdsiyyət və gözəllik qabardılır ki, bu da tamaşanın vətənpərvərlik ruhunun bütün dolğunluğu ilə əks olunmasına imkan verir.

Ayşad Məmmədovun quruluşunda səhnələşdirilən, dinamik səhnələr, şux nəğmələr, qəribə məcaralarla müşayiət olunan "Vətən" tamaşasında Azərbaycan bayrağını inamla dalğalandıran (Yaşıl rəng - Samir Həşimi, Qırmızı rəng - Zaur Şirməmmədli, Göy rəng - Namiq Adiloğlu) iştirakçılar vətən anlamını yüksəklərə qaldırır.

Uşaq Teatrının səhnəsində tamaşaya qoyulan əsərlər arasında tərbiyə və təlqin dəyəri yüksək olan, həyati və ibrətamiz pyeslər xüsusi yer tutur. Belə pyeslərdən biri də A.Soltanın "Şapalaqsız gün" pyesidir. Eyni adlı tamaşa Avropa Şurasının sifarişi ilə hazırlanıb. İntiqam Soltanın quruluş verdiyi bu tamaşanın ideyasının əsasında uşaqların hüquqlarının tapdanmasına, onların zorakılığa məruz qalmasına qarşı mübarizəyə çağırış durur. Tamaşada dövr və zaman amili ilə yanaşı, həmin məkandakıların münasibətləri və həyata baxışları da açıqlanır. Zaman və məkanın qarşılaşması, bu kəsimlərdə uşaqların azadlıq arzuları, xoşbəxtlik axtarışları, öz hüquqlarının müdafiəsinə qalxması, haqqın qələbəsi öz müsbət həllini tapır. Əlbəttə, yalnız mənəvi dəyərlər həyata uzun ömürlü, əbədi bir sənət vəsiqəsi ala bilər. Tamaşada Raufun (Əliağa Əliyev) qəlbindəki Qarabağ naləsi ilə ifa etdiyi "Qarabağ şikəstəsi" tamaşaçıların sürəkli alqışları ilə müşayiət olunur. Bəşəri dəyərlərə söykənən, zəngin köklərdən, folklordan bəhrələnərək boy atan teatrın gənc nəsli milli ruhda tərbiyə etmək üçün atdığı hər addım işğal altında inləyən torpaqlarımızın xilasına çağırışdır.

Teatrın fəaliyyətində teatr və cəmiyyət paralelinin aparılması və onların birinin digərinə təsir gücü diqqətəlayiq məqamlardan biridir. Azadlıqda gəzib, sinə dolusu nəfəs aldıqca taleyin hökmü ilə qapalı həyat yaşayanlara diqqət göstərilməsi, onlara mənəvi dəstək olmaq teatrın humanist missiyasıdır. Teatrın repertuarında olan Azu Soltanın eyni adlı əsəri əsasında hazırlanan "Qalan ömrün ilk günü" tamaşası əsasən cəzaçəkmə müəssisələrində nümayiş üçün nəzərdə tutulub. Cəzaçəkmə müəssisəsində vərəm xəstəliyinə tutulmuş şəxsin öz ailəsinə gətirdiyi faciədən bəhs olunan tamaşa vərəm xəstəliyi və onunla mübarizə ilə bağlı maarifləndirmə məqsədi daşıyır.

Dənizkənarı Milli Park ərazisində yerləşən Azərbaycanda ilk professional Uşaq Teatrı həm kiçiklərin, həm də böyüklərin həyat məktəbidir. Teatr adlı bu məktəbi sevmək və onu qorumaq lazımdır. Çünki, Azərbaycanımıza vətəninə və xalqına namusla xidmət edən əsl vətəndaş lazımdır. Uşaq Teatrının rəhbəri İntiqam Soltana və yaradıcı kollektivə teatra bələdiyi körpələrimizin əsl vətəndaş kimi tərbiyə olunması uğrunda fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq.

 

Mədəni-maarif.- 2008.- ¹ 3.- S. 50-51.