Aliyə

 

Hicr və Bəlayi-eşq

 

Yuğ Teatrında Füzuliyə ithaf

 

Aprelin 8-də Yuğ Teatrı Məhəmməd Füzuliyə həsr etdiyi tamaşalarından daha ikisini təqdim etdi. "Hicr" (rej. və sinopsis müəllifi Gümrah Ömər) və "Bəlayi-eşq" (rejissor və sinopsis müəllifi İradə Sayya) tamaşaları "Mən, Məhəmməd Füzuli..." səhnə divanı layihəsindəndir. Hər iki tamaşa dövlət sifarişi əsasında hazırlanıb. Sözügedən layihədə səkkiz tamaşa hazırlanması nəzərdə tutulur. Qeyd edək ki, bu layihə çərçivəsində hazırlanmış "Vəsl" tamaşası (rej. Vaqif İbrahimoğlu) mart ayında tamaşaçılara təqdim olunmuşdu.

 

"Mən, Məhəmməd Füzuli..."

 

Məhəmməd Füzuli Azərbaycan xalqının, ümumiyyətlə, türk dünyasının ən məşhur və dahi sənətkarı hesab olunan yeganə şairidir, Burada yalnızca bir iradın yeri var: "Bəs Səməd Vurğun? "Əlüstü cavab yerinə yalnız bunu demək olar: "Səməd Vurğun bu xalqın ən sevimli şairidir". Hərçənd ilk baxışda Füzuli dünyasının əsas qütbləri sevgi və əzabla assosiasiya olunur. Bu məqamda ona kənardan "mazoxist" kimi yanaşanlar da tapılar. Bu yanaşmanı da Füzulidən əsrlər sonra da "Bülbülə, gülə dair min bir yalan fırladan" şairlər formalaşdırıb. Elə üzüntü assosiasiyanın həmmüəllifləri də onlardır. Odur ki, tamaşadan əvvəl qara günümü qablaşdırıb, guya məni xirtləkləyəcək kədərə qarşı immunitetimi artırmaq istəyirdim ki, göz yaşlarımın parıltısında teatrşünas imicimi korlamayım. Amma sən saydığını say, gör yuğçu rejissorlar nə sayır. Tamaşaların ikisi də dinamik ab-havada başladı və hər ikisində enerji boydan idi. Odur ki, bəndəniz bu abzasda "Mən, Məhəmməd Füzuli..." divanına qatılmaq cəhdlərini faş edir.

 

"Hicr"

 

Bu, ilk təqdim olunan tamaşanın adıdır. "Yandı canım hicr ilə, vəsli ruxiyar istərəm..." Hərdən əzbər bildiyin bəzi misraları zümzümə etmək zövq verir. Amma "Hicr" tamaşasının iştirakçıları hələ ki bu beyti zümzümə etmirlər. Bir-birinə zəncirlənmiş iki kişi və bir qadın (zatən hər sevgidə bir üçüncü şəxs var) çırpınır, əzab çəkir, deyinir, söyüş söyür. Onları bir-birinə bağlayan bu zəncirlərdən, bağlardan yaxa qurtarmaq istəyirlər. "Hicr" ayrılıq deməkdir. Ayrılıq arzuolunmazdır. Ölüm kimi bir şeydir. Yoxsa niyə "bir ayrılıq, bir ölüm, heç biri olmayaydı" deyilib? Amma heç demə, ayrılıq hamını ayırarkən, bizi bütövləşdirmiş oldu. Tamaşanın ideya-konseptual xətti elə bu cümlədə əks olunub. Fiziki ağrılarını mənəvi iztirabla kompensasiya edən qəhrəmanlar anbaan azadlığa - bütövləşməyə yaxınlaşırlar. Əllərini kəsirlər, qandalları düşür, yandırırlar, daha bir zəncir yerə düşüb cingildəyir. İntim münasibətləri məhrəm qatlarınadək duyur, dərk edrrlər. Və bu intim münasibətlərin ən pik məqamında onların birinin dilindən Füzulinin bir misrası düşür və hər şey anlaşılır: bu həzz məqamı həm də ruhsal bir ucalıq vəziyyətidir. Tam bir sevgi fəlsəfəsi. Zəncirlərdən tam azad olmuş iştirakçılar Füzuli kantatasının melodiyasını rəqs edərək Füzuli qəzəllərinə illüstrasiya olacaq bir poza alırlar. Sanki "Hicr" ayrılıq yox, bütövlük deməkmiş.

 

"Bəlayi-eşq"

 

Soruşun "Nə bəladır ki, ona böylə giriftar" olublar, yuğçular da göstərsin. Dördkünc bir məkan. Ortaya qoyulmuş dibçəkdə al rəngli bir gül. iki killer. Yəni muzdlu qatil - qadın və kişi. Vestern filmlərində tez-tez eşidilən ritmik musiqi. Bütün killerlər kimi özündənrazı qəhrəmanlar gülü üzmək istərlər - "Aşiq oldum necə bir tazə güli-rənayə ki, salır al ilə hər dəm məni yüz qovğayə..." Amma gülə toxunmaq mümkün deyil. Gülün sehrli sferası mane olur (zatən sevgi özü də bir sferadır - ora düşürlər. Yoxsa niyə desinlər ki, filankəs eşqə düşdü?) Məkandan çıxmaq mümkün deyil. Bütün əşyalarını ortaya töküb killerlərə xas şəkildə səmimi olarlar. Ortadakı gülü yalnız bir-birini sevdikdən sonra əldə edirlər. Yəni adi bir gül yalnız sevgiyə boyun əyir. Tamaşa ən xoş arzularla bitir - "Yarəbb! Bəlayi-eşq ilə qıl aşina məni..."

"Bəlayi-eşq" - ən müasir həyat ritmindən Füzuli dünyasına giriş. Biletlər teatrın kassalarında.

 

Mədəniyyət.- 2008.- 19 aprel.- S. 12.