Daşları yığmağın vaxtıdır

 

Tamaşanın premyerası İncəsənət Gimnaziyasında keçirildi

 

Mədəniyyət Fondunun "Sönməyən ulduzlar" Teatrının kollektivi Hafis Fətullayevin quruluş verdiyi "Daşları yığmağın vaxtıdır" tamaşası ilə Bakı İncəsənət Gimnaziyası kollektivinin qonağı oldu.

Tamaşadan öncə Mədəniyyət Fondunun sədr müavini Rafiq Kaşanlı gimnaziyanın müəllim şagird heyətini rəhbərlik etdiyi kollektivin fəaliyyəti ilə qısaca tanış edib bildirdi ki, "Sönməyən ulduzlar" Teatrını yaratmaqda məqsəd burada çalışan aktyorların ulduzunun hələ parlamaqda olduğunu sübut etməkdir: ""Sönməyən ulduzlar" Teatrı 1998-ci ildə yaranıb. 1992-ci ildə teatrlarımızın durğunluq keçirdiyi bir dövrdə Sofya Bəsirzadə, Muxtar Avşarov, Gülxar Həsənova kimi bir çox qocaman aktyorlar işsiz qalmışdılar. Balıq susuz yaşaya bilmədiyi kimi, onlar da səhnəsiz yaşaya bilmirdilər. Bu teatrı yaratmaqla onları bir yerə yığdıq".

R.Kaşanlı teatrın tamaşaçılara "Vaqif", "Solğun çiçəklər, "Sənsiz" s. klassik tamaşalar təqdim etdiyini bildirdi.

Kollektivin növbəti dəfə hazırladığı "Daşları yığmağın vaxtıdır" tamaşası "Azdrama"dakı premyerasından sonra gimnaziyanın kollektivi qarşısında oynandı. Hafis Fətullayevin həm reyissoru, həm ssenari müəllifi olduğu, həm aktyor kimi çıxış etdiyi tamaşa Qarabağ hadisələrindən bəhs edir. Daha doğrusu, tamaşada erməni ordusunda təlim keçən azərbaycanlı əsgərlərin vətəninə qarşı düşmən ruhunda tərbiyə edilməsindən, manqurtlaşdırılmasından danışılır. Şahin Cəfərov, Rəna Məlikova, Esmira Şahbazova, Firuz Xudaverdiyev, Zakir Məmmədov kimi aktyorlar bir əsr ərzində mərhələ-mərhələ düşmən gülləsinə tuş gələn xalqımızın faciəsini tamaşa boyunca məharətlə canlandıra bildilər. Əsərin əsas ideyası gəncləri vətənə məhəbbət ruhunda tərbiyə etmək, düşmən tapdağında olan torpaqlarımızın xilası üçün səfərbərliyə almaq, zaman-zaman xalqımıza qarşı atılan daşları yığmağın vaxtının çatdığını təlqin etməkdir.

 

Kaspi.- 2008.- 4 aprel.- S. 15.