Bir, iki, bizimki tələbə
teatr studiyasının təqdimatında
Teatr hər
bir ölkənin mədəniyyət göstəriciləri
içərisində çox
mühüm statusa malikdir. Necə deyərlər, teatr sənəti inkişaf edən dövlətdə
mədəni sərbəstlik
də olar. Xüsusən də gənclərin teatrlara cəlb olunması ilə bu daha
güclü faktora çevrilir. Dünən Azərbaycan Dillər Universitetinin (ADU) tələbələrdən
ibarət teatr klubunun göstərdiyi tamaşa bunu bir daha sübut
etdi. "Bir, iki, bizimki" adlanan və beş dildə (Azərbaycan, rus, ingilis, fransız, alman) oynanılan tamaşa yazıçı-dramaturq Kamal Abdullanın eyniadlı əsəri əsasında
hazırlanıb. Bir pərdəli, beş hissəli, yarımistik-yarıreal həyat lövhələri ilə
zəngin tragikomediyaya
"Yuğ" Teatrının
rejissoru Rasim Aşın quruluş verib.
Bir neçə
dəfə tələbələrə
göstərilən, buna
baxmayaraq, hələ də maraqla qarşılanan tamaşada
istifadə olunan musiqi parçaları, seçilmiş geyim və dekorasiya onu daha da
canlı edir. Tamaşaya quruluş verən rejissor "Bir, iki, bizimki"nin ölkə sərhədlərindən kənarda
da nümayiş olunacağını dedi. Rasim Aşın bu tələbə teatr qrupunun Türkiyəyə dəvət
aldığını və
həmin səfərin
22-30 aprel tarixində gerçəkləşdiriləcəyini açıqladı: "Bu
səfər ADU-nun rektoru professor Səməd Seyidovun dəstəyi ilə baş tutacaq. Səfər çərçivəsində
biz 24-27 apreldə Samsun şəhərinin
19 Mayıs Universitetində
və 28-30 aprel tarixində isə Orta Doğu Teknik Universitesində bu tamaşanı oynayacağıq".
"Tamaşaya nə üçün məhz bu əsəri
qoymağı qərara
aldınız" sualına
cavabında Rasim Aşın belə bir təklifin rektor Səməd Seyidovdan gəldiyini bildirdi: "Bu həm cənab rektorun təklifi idi, həm də
mən beş il öncə həmin əsəri "Yuğ" Teatrında tamaşaya qoymuşdum. Özümə də maraqlı idi ki, bir neçə
ildən sonra bu əsər necə alınacaq. Onu da qeyd edim ki, bu
bizim son işimiz deyil. I, II və
III kurs tələbələrinin
oynadığı bu tamaşa ilə ölkəmizi may-iyun aylarında Almaniya və Hollandiyada baş tutacaq "Avropa Universitetləri festivalı"nda təmsil
etmək fikrindəyik".
Sonda bunu da qeyd edək ki, "Bir, iki, bizimki" pyesi əsasında qoyulmuş tamaşa bu yaxınlarda Estoniyada da uğurla
səhnələşdirilib.
525-ci qəzet.- 2008.- 18 aprel.- S. 7.