Məhərrəmova T.

 

Həyatı bütün istiqamətlər üzrə sevirəm

 

Cənnət Səlimova, reyissor: "Diriyorlara böyük həsədim var"

 

"Mən həmişə axtarış tərəfdarı olmuşam. Amma bir gün özümdən də tələb edə bilərəm: "Axtardığını tapdınmı?" Yenilik axtarışına çıxmaq sənin işindir, amma bəhrəsini də görmək lazımdır. Tamaşaçı sənin axtarışlarının fərqində deyil, ona nəticə lazımdır. O, tamaşadan heç bir eneryi almadan getsə, vaxtını boş yerə sərf edəcəyini düşünəcək. Bu isə bizim işdə yolverilməzdir". Bu sözlər Bakı Kamera Teatrının rəhbəri, Xalq artisti Cənnət Səlimovanın yaradıcılıq epiqrafıdır. Ancaq təəssüflər olsun ki, 17 ildir ki, rəhbərlik etdiyi teatra bina tapmayan Cənnət xanım vaxtının çoxunu teatrın problemlərinə sərf etməli olub.

 

- Rəhbərlik etdiyiniz teatr hal-hazırda binasızlıq problemi yaşayır. Belə vəziyyətdə yeni tamaşa hazırlaya və yaxud köhnə repertuarı təqdim edə bilirsinizmi?

- Hazırda səfərə hazırlaşırıq. Şəmkir, Tovuz, Ağstafa, Samux rayonlarında tamaşalar oynayacağıq. Həmin rayonların tamaşaçılarına "Aydın", "Şeyx Sənan", "Otello" və "Albalı bağı" tamaşalarını göstərəcəyik. Mayın-9-da Trabzonda keçirilən Qara dəniz ölkələrinin IX Beynəlxalq Teatr festivalında iştirak edəcəyik. Festivala Oqtay Kazımi və İlqar Fəhminin "İtlər" tamaşası ilə qatılacağıq. Onu da deyim ki, buna qədər Ankarada keçirilən festivallarda iştirak etmişik. Ancaq bu nüfuzlu festivalda ilk dəfədir ki, iştirak edəcəyik. Həmin festivala dünyanın bir çox ölkəsi qatılacaq.

- Bəs məşqlərinizi harada keçirsiniz?

- Məşqlərimizi Əbilov adına Mədəniyyət evində keçirik. Hazırda Bernard Şounun "Sezar və Kleopatra" və uşaqlar üçün "Yatmış gözəl" tamaşaları üzərində məşqlər gedir. Tamaşaları Aktyorlar evinin səhnəsində oynayacağıq.

- Teatra bina ayrılması ilə bağlı müraciətlərinizə müvafiq instansiyaların cavabı necədir?

- Bu, çox uzun məsələdir. Dəqiq heç nə deyə bilmərəm. Hələ ki, gözləyirik... Mənə deyirlər ki, "xanım, səbr elə, əsəbiləşmə, gözlə, həll edəcəyik". Mən də ümid edirəm ki, oktyabr-noyabr ayları üçün bina problemimiz həllini tapacaq.

- İki il bundan əvvəl mənə müsahibənizdə: "Burda çalışan aktyorlar fanatdırlar" demisiniz. Əgər teatrınızın bina problemi 17 ildə həll olunmayıbsa, özünü fəda etməyə dəyərmi?

- Bu bizim yaralı yerimizdir. Mənim üçün bina məsələsi çox ağır məsələdir. Belə böyük və varlı bir respublikada, az qala hər addımbaşı binalar, restoranlar tikilən şəhərimizdə bizə doğrudanmı yer tapılmır? Biz dəfələrlə xahiş etmişik ki, heç olmasa həmin binalardan birinin birinci mərtəbəsində teatra yer versinlər. Əgər həmin binanın qarşısında böyük hərflərlə "Mirzə Fətəli Axundovun "Hekayəti xırs quldurbasan", "Sərgüzəşti-vəziri xani Lənkəran", "Şeyx Sənan" tamaşalarının adı yazılsa, bu, ölkə üçün ayıbmı olar? Bu, artıq mədəniyyətin mənbəyidir. Nə üçün Moskvada Fomenkonun yaradıcılıq emalatxanasına Kutuzov sahilində, ən yaxşı yerdə bina veriblər? Hələ dedilər ki, bu, onlara layiq deyil. Onlar üçün yeni bina tikdilər. Onlara belə şəraitdə işləmək lazımdır. Hansı ki, Moskvada çoxlu gözəl və böyük teatrlar var. Məgər yeni bir teatrın da olması pisdirmi? Məgər pisdirmi Lev Tolstoyun "Hərb və sülh"ü, Puşkinin "Misir gecələri" yenidən həmin teatrların repertuarında oynanılsın? Bu, ruslar üçün onların mədəniyyətidir. Bəs bizim üçün? Bu bizim üçün biabırçılıqdır.

- Bəs bu diqqətsizlik kollektivin əhval-ruhiyyəsinə necə təsir edir?

- Kollektiv həvəsdən düşmür. Çünki onlar doğrudan da fanatdırlar. Onlar gəncdir, ümidlə yaşayırlar, onların ümidlərini qırmaq olmaz. Bununla belə, işimizi görürük. Çünki bu bizim işimizdir.

- Teatr binaları təmirə dayanan ərəfədə gərək ki, sizin kollektivə "Nərimanov" kinoteatrının binası təklif olundu. Ora niyə getmədiniz?

- Doğru deyil, bizə heç bir yeri təklif etməyiblər. Ona görə də biz rayonlara qastrola çıxmağa üstünlük vermişik. Bu, həm də bizim xalq qarşısında borcumuzdur. Rayonlarda yaşayanların çoxu Mirzə Fətəli Axundovun, Hüseyn Cavidin və ya Cəfər Cabbarlının adını bilmirlər. Biz böyük klassiklərin yazdıqlarını canlı surətdə onlara göstərmək istəyirik. Ümumiyyətlə, tamaşaçı ilə görüşmək mənim üçün ən böyük bayramdır. Əgər tamaşaçı bizimlə bir yerdə ağlayır, gülümsəyir, həyəcan keçirirsə, bu mənim üçün xoşbəxtlikdir. Bizim ixtisasımızın ən böyük mükafatı ancaq tamaşaçı sevinci və alqışlarıdır. Bundan başqa, bizim üçün dünyada yüksək olan bir şey yoxdur. Nə pul, nə fəxri ad, nə mənzil - bunların heç biri deyil. Ən böyük xoşbəxtlik o vaxt olur ki, tamaşaçı səni sevir, səninlə bir yerdə kədərlənir, sevinir. Nə zaman ki, sənin işin zalda sakitliklə qarşılanır, bu, böyük xoşbəxtlikdir.

- Siz tamaşaçı tərəfindən qəbul olunmağı yalnız onların reaksiyaları, alqışları ilə qiymətləndirirsiniz?

- Yox, alqışlar ən axırıncı işdir. Sükut... tamaşaçının diqqətlə qulaq asması. Onlar aktyorlarla bir yerdə tamaşanı hiss edirlər, həyəcanlanırlar, ağlayırlar, gülümsəyirlər. Bu, ən böyük mükafatdır. Əlbəttə, axırda alqışlayırlar - bu, onun davamıdır.

- Bu hissləri tamaşaçıda yaratmaq üçün aktyorlar dəridən-qabıqdan çıxırlar. Heç şübhəsiz, məşq prosesində həmin hissləri onlara reyissorlar aşılayır, sonra da onlar tamaşaçılara ötürürlər. Hər dəfə eyni emosional hissləri yaşamaq sizin üçün çətin deyilmi?

- Bu, məşğuliyyətdir, ixtisasdır. Bu bizim işimizdir. Müəllim hər dəfə eyni dərsi keçir. Elə şagirdlər var ki, onlara yüz dəfə təkrar eləmək lazımdır. Elə şagirdlər var ki, bir dəfə. Bundan asılı olmayaraq, mən bu işimi sevirəm. Bu, həyatımın mənasıdır.

- Hardasa oxumuşam ki, reyissorluq da diriyorluq kimi bir sənətdir. Siz bunların fərqli və oxşar cəhətlərini görürsünüzmü?

- Mən diriyorlara çox paxıllıq edirəm. Reyissor tamaşanı təhvil verir, diriyor isə həmişə musiqiçilərlə olur. Diriyor danışa, ilhamlandıra, ifa zamanı camaatı yığa bilər. O, tamaşaçı və orkestrlə bir yerdə yaradır. Ancaq reyissorun belə ixtiyarı yoxdur. O, tamaşanı təhvil verir, hər şey də bununla qurtarır. Bundan sonra mən artıq hər şeyi pərdə arxasından seyr edirəm, əsəbiləşirəm, sevinirəm... Bu hisslər artıq aktyora kömək etmir. Bu, böyük fərqdir. Bu baxımdan diriyorlara böyük həsədim var.

- Bir dəfə demisiniz ki, teatra tamaşaçının az gəlməsi teatrın səviyyəsi ilə bağlıdır. Çoxları isə deyir ki, tamaşaçının teatra az getməsi sosial vəziyyətləri ilə əlaqədardır. Hansı fikir düzdür?

- Sosial vəziyyət burda qətiyyən rol oynamır. Bu, insanların mədəniyyət səviyyəsindən asılıdır. Əgər uşaqlıqda sizin ailənizdə belə adət olubsa, yəni nənənizlə, ata-ananızla tamaşalara getmisinizsə, yenə də evinizdə 10 manat olsa, onun beşini mütləq tamaşaya verəcəksiniz. Bəzən bizim tamaşalara elə tamaşaçılar gəlir ki, onlar ilk dəfədir ki, teatrda olurlar. Sevindirici haldır ki, onlar yenidən gəlmək istəyirlər. Zəng vurub "Teatrınızda hansı tamaşa var?" - deyə maraqlanırlar. Bu bizim üçün böyük mükafat və hörmətdir.

- Siz çox ölkə gəzmisiniz. Eşitdiyimə görə, hər il Nyu-Yorkun böyük teatrlarındakı tamaşalara baxırsınız. Elə səhnələrdəki teatrlara baxanda xəyalınızda bir anlıq da olsa rəhbərlik etdiyiniz teatrın kasıb, binasız vəziyyətinə acıyırsınızmı?

- Amerika çox zəngin ölkədir, zəngin də teatrları var. Onlar səhnədə necə istəyirlərsə, onu o cür də etməyə imkanları var. Bunlar adama möcüzə təsiri bağışlayır. Fikirləşirsən ki, belə şey ola bilməz. Texniki təchizat o qədər yüksəkdir ki, heç bir çətinlikləri olmur. Bu da onlara sərhədsiz imkanlar yaradır. Onlarda təkcə 100 min dollar tamaşanın reklamına gedir. Yurnalda, afişalarda, radioda, televiziyada reklam olunurlar. Onlar üçün reklam ən vacib olan şeydir. Sonra aktyorları dəvət edir, lazım olanını seçir və tamaşanı hazırlayırlar. Tamaşa 16 dəfə oynanılır. Sonra bu tamaşanı bağlayırlar və yalnız plyonkada qalır. Daha həmin tamaşanı xatırlamırlar. Orda belə qanundur. Çünki bu layihə kommersiya xarakterli deyil. 16 tamaşa üçün arendaya görə pul ödənir və oynanılır. Aktyora isə pul verilmir. Çünki ona pulu həmkarlar ödəyir. Sabah reyissor həmin aktyora küçədə rast gələndə salam verməyə də bilər. Çünki tamaşa bitəndən sonra hər şey qurtardı. Amerikada repertuar teatrı mövcud deyil. Ümumiyyətlə, orda belə bir anlayış yoxdur. Ancaq belə model teatrda mən ömrümdə işləmək istəməmişəm.

- Tutaq ki, teatrdan çıxıb evə gedirsiniz. Hər şey - aktyorlar da burada qalır, tamaşanın məşqləri də. Siz bu aləmdən tamam ayrıla bilirsinizmi?

- Hər zaman yalnız tamaşa haqqında düşünmək mümkün deyil. Meyrxoldun gözəl bir aforizmi var: "Aktyor işləməyəndə də işləyir". Tamaşa qurtarandan sonra gedib gəzirəm, istirahət edirəm, kitab oxuyuram. Bütün bunlar məndə proqramlaşdırılmış şəkildə həyata keçir. Təbii ki, bazara, mağazaya gedirəm, insanlarla görüşürəm. Amma proqram öz işini görür. Əgər mümkün olsa, ümumiyyətlə, bu aləmdən ayrılmaq lazımdır. Ancaq olmur... Mən o insanlardanam ki, həyatı bütün istiqamətlər üzrə sevirəm. Təkcə teatrı istəmirəm. Bu, mümkün də deyil. Səyahət etməyi, insanlarla ünsiyyət qurmağı, doğma adamların əhatəsində oturub söhbət etməyi çox sevirəm. Mənim üçün ən böyük ləzzət kitab oxumaqdır. Gözəl tamaşalara baxmağı sevirəm, bundan heç vaxt imtina edə bilmərəm. Amma bütün bunlara baxmayaraq, yenə də əsas işim teatrdır.

 

Kaspi.- 2008.- 8 aprel.- S. 12.