Brüsseldə ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş poçt markaları çap edilib

 

Belçika-Azərbaycan Evi "Euro Xəbər" qəzeti ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi münasibətilə Brüsseldə poçt markaları çap etdirmişdir.
Belçikada dövriyyəyə buraxılmış markaların birinin üzərində Azərbaycanın Dövlət bayrağının fonunda ümummilli lider Heydər Əliyevin şəkli verilmiş, "1923-2008" "85 Year" (85 il) sözləri, digərinin üzərində isə ulu öndərin onun siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin şəkilləri və "85 Year" sözləri çap olunmuşdur.
Bu markalardan dünyanın bütün ölkələrinə göndərilən məktublarda istifadə oluna bilər.
Qeyd edək ki, 2004-cü ildə Belçika-Azərbaycan Evi üzərində ümummilli liderimizin Azərbaycan Prezidenti İlham Əliyevin şəkilləri olan poçt markaları çap edərək dövriyyəyə buraxmışdı. Bu poçt markaları əhali arasında məmnunluqla qarşılanmış geniş istifadə edilmişdir.
Belçika-Azərbaycan Evindən bildirmişlər ki, markaların Avropanın mərkəzi hesab edilən Brüsseldə çap olunması avropalıların Azərbaycanı yaxından tanıması istiqamətində yeni bir addım olacaqdır. Markaların Belçika Poçt İdarəsi tərəfindən təsdiqi isə onların dünyanın istənilən ölkəsinə göndərilməsinə imkan yaratmışdır.
Yeni poçt markalarını Belçika-Azərbaycan Evinin Bakı ofisindən əldə etmək olar.

 

Azərbaycan.- 2008.- 26 aprel.- S. 3.